Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:39

«Yerevanın köməyinə gələn olmayacaq»


Serzh Sarkisian və Vladimir Putin Gümrüdəki hərbi bazada.
Serzh Sarkisian və Vladimir Putin Gümrüdəki hərbi bazada.

-

«Bu yara 20 ildir irinləyir və bu tezliklə də sağalan deyil»; Türkiyənin rolu barədə deyilənlər diqqəti yayındıran arqumentdir; Böyük dövlətlər Minskdə sülh konfransı keçirməlidir – 11 aprel Qərb mediasının icmalı.

«Stratfor» Analitika Mərkəzi Eugene Chausovsky-nin Yerevanda gördüklərinə əsasən hazırladığı təhlili dərc edib.

Müəllif söhbətləşdiyi ermənilərin Rusiya ilə bağlı düşüncələrini bölüşür:

«Bəzilərinin fikrincə, Moskva Dağlıq Qarabağda münaqişəni ona görə qızışdırır ki, sonradan müdaxilə etsin və həm Ermənistan, həm də Azərbaycana təsiri gücləndirsin. Onlar inanırlar ki, Rusiyanın Ermənistanda hərbi iştirakının məqsədi təhlükəsizlik təminatından çox, Türkiyə, Qərbin gücünə balans yaratmaqdır. Bəziləri Rusiyaya daha müsbət yanaşsa da, etiraf edir ki, Moskvanın Suriya uğrunda Türkiyə, Ukrayna uğrunda Qərblə mübarizəsi Qafqazda özünü göstərir və bu da Ermənistanın ziyanınadır».

«Son əməliyyatlar Ermənistanın geosiyasi mövqeyinin həsəd doğurmadığını üzə çıxardı. Rusiya ilə dəyərli ittifaqı son günlər köməyinə çatmadı. Ancaq Yerevanın üz tutacağı kimsə də yoxdur. Türkiyə Azərbaycanla birlikdədir. Qərb də Rusiyayla qarşıdurmaya meylli deyil. Gürcüstanda da oxşar passiv mövqe seçib. İranla ticari və siyasi əlaqələr rol oynaya bilər, ancaq hazırda Tehran Qafqazda Rusiyaya meydan oxumaq gücündə deyil».

Müəllif, Ermənistanın Dağlıq Qarabağ məsələsində ancaq özünə güvənməli olduğunu vurğulayır. Münaqişə 1988-1994-cü illərdəki kimi müharibə miqyasına keçməsə, regional oyunçular mövqeyi dəyişməyəcək: «Atəşkəs kövrəkdir, zorakılıq istənilən an qızışa bilər. Bu baş verərsə, Yerevana müttəfiqlərindən elə bir kömək gəlməyəcək».

«Bu yara 20 ildir irinləyir və bu tezliklə də sağalan deyil». Bunu rusiyalı təhlilçi Oleg Voloshin «The Sunday Times» qəzetinə deyib. «Münaqişənin aydın həll variantı yoxdur. Ermənilər rəsmən Azərbaycana aid bir regionda yaşayırlar. Tərəflər bir-birinə o dərəcədə nifrət edir ki, erməni soyadlı kiminsə Bakıya uçması da çətin məsələdir. Bu münaqişədən çıxış yolu görmürəm».

Ermənilər səngərdə.
Ermənilər səngərdə.

DONDURULMUŞ MÜNAQİŞƏNİN PARTLAMAĞI

«The Economist» dərgisi dünyada bu qədər münaqişələrlə bir arada Dağlıq Qarabağa diqqətin az olmasından söz açır. Ancaq son toqquşmalar bunun əksinin vacibliyini üzə çıxarmış oldu.

Anar Vəliyev adlı təhlilçi deyir ki, qısa müharibə «qələbə eyforiyası» yaradıb. Xalq qələbəyə susayıb. Yazıda vurğulanır ki, bu durum prezident İlham Əliyevin iqtisadi ağrılarına məlhəm ola bilər. Neftin ucuzlaşmasından, manatın dəyərsizləşməsindən sonra kiçik şəhərlərdəki etirazlar Əliyevin hakimiyyəti dövründə görünməmiş hadisə idi.

Ermənistan tərəfdən bəziləri zorakılığı Türkiyənin qızışdırması barədə fikirlər səsləndirdi. «Chatham House» təşkilatından Laurence Broers düşünür ki, Türkiyənin rolu barədə deyilənlər diqqəti yayındıran arqumentdir: «Motivlər yerli əsaslara söykənir və böyük güclərin rəqabətiylə bağlı deyil».

«The Economist» yazır ki, sülhyaratma işi Rusiya kimi ölkələrin təzyiqindən asılı olacaq: «İstənilən sülh planının reallaşmasından ötrü xarici təzyiq yerli müqaviməti üstələməlidir. Diplomatiyanın iflas riski özünü bundan aydın göstərə bilməzdi: son toqquşmaların təkrarlanmasını önləyəcək çox az təsir vasitəsi qalıb. Təhlilçi Thomas de Waal-ın fikrincə, indi daha kənar güclər deyə bilməyəcəklər ki, münaqişə idarə olunacaq durumdadır».

Thomas de Waal
Thomas de Waal

MÜNAQİŞƏ PARTLAMAMIŞDAN HƏLL EDİN

Karneqi Fondunun aparıcı əməkdaşı Thomas de Waal «The New York Times» qəzetində yazır ki, Ermənistan və Azərbaycan liderləri illər boyu səsləndirdikləri ritorikanın tələsinə düşdülər. Onlar əhaliyə heç vaxt əldə olunmayacaq total qələbə vəd etdilər. Status-kvodan öz hakimiyyətlərinin qanuniliyini pərdələmək, camaatın diqqətini sosial-iqtisadi problemlərdən yayındırmaq üçün yararlandılar.

Rusiyanı əsl səbəbkar kimi göstərmək meylləri güclüdür. Ancaq Rusiyanın Dağlıq Qarabağ münaqişəsində rolu Gürcüstan, yaxud Ukrayna münaqişələrində olduğundan daha zəifdir. Müəllifin fikrincə, yeganə ümid sülh planınadır:

«2005-ci ildə hazırlanmış sülh planı tərəflərə istədiklərinin çoxunu vəd edir: azərbaycanlı köçkünlər torpaqlarına qayıdır, Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyi təmin olunur. Onlara özünüidarəetmə vəd olunur ki, bu da sonucda, yəqin ki, müstəqilliyə aparacaq».

Thomas de Waal yazır ki, Cənubi Qafqazda çatışmayan siyasi iradədir. Beynəlxalq miqyasda da anlamalıdırlar ki, bu münaqişənin həlli ucuz başa gələn deyil. Kompleks çoxmillətli sülhyaratma əməliyyatı lazımdır. Birləşmiş Ştatlar, Rusiya və Fransa sülh sazişinin təminatçısına çevrilməlidir:

«Böyük dövlətlər Belarusun paytaxtı Minskdə sülh konfransı keçirməlidir. 1992-ci ildə belə bir konfrans çağırıldı, ancaq gələn olmadı. Belə bir konfrans dünyanın bu münaqişəyə ciddi yanaşdığını göstərər – nə qədər ki, gec deyil, buna getmək lazımdır».

Ağdamda dağılmış evlər.
Ağdamda dağılmış evlər.

QARABAĞDAKI SON TOQQUŞMALARIN ARXASINDA NƏ DURUR?

«Dağlıq Qarabağ münaqişəsi uzun zaman Cənubi Qafqazın ürəyində yatan çaxmaqdaşı hesab olunurdu. Bu qaynar nöqtənin Rusiya, Türkiyə, İrana ciddi təsirindən danışılırdı. Hər bahar kiçikmiqyaslı zorakılıqlar baş verincə, siyasilər insidentlərin nəzarətdən çıxacağından narahat olmağa başlayırdılar... Ancaq beynəlxalq ictimaiyyət aprelin 1-də başlanan, onlarla hərbçinin ölümüylə sonuclanan ağır döyüşlərə hazır deyildi». «Newsweek» dərgisi Beynəlxalq Böhran Qrupunun Avropa və Orta Asiya üzrə Proqram direktoru Magdalena Grono-nun məqaləsini dərc edib. Müəllif bu münaqişənin Avropa Birliyinin şərq qonşuluğundakı digər münaqişələrlə sıx bağlılığından söz açır.

Azərbaycan itirilmiş ərazilərini geri qaytarmağa çalışır. Ermənistana isə hazırkı status-kvo sərfəlidir. Son aylar beynəlxalq vasitəçilər səyləri güclədirmişdi. Ancaq ABŞ-ın başı digər yerlərə, Suriyaya qarışıb. Türkiyə də Suriya müharibəsi, qaçqın böhranı, PKK ilə münaqişədən göz açmır. İranın region siyasətinə qayıdışı dəyişiklikdən xəbər verir, amma nəticə bilinmir. Rusiya daha çox nüfuza malikdir, Moskva prosesə daha çox qatılıb və yəqin ki, regionda mövqeyini gücləndirməyə çalışacaq:

«Yeni atəşkəs razılaşmasından sonra ilk iş zorakılığı dayandırmaq olmalıdır. Məlumatlara görə, zorakılıqlar tam kəsilməyib. Ən vacibi, ziyanın azaldılması məntiqindən çıxmaq gərəkdir. Son illər risklər azalmayıb, əksinə, artıb. Risklərə rəğmən, arxayınlaşmaqdansa, güclü siyasi iradə sərgiləmək, Dağlıq Qarabağda münaqişənin gələcək eskalasiyasını önləyəcək mexanizmlər hazırlanmalıdır. Bu, Avropa və Rusiyanın qonşuluğundakı digər münaqişələrə də aiddir».

Abunə ol
Abunə ol

XS
SM
MD
LG