Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:32

"İndiki yazıçının öz dünyası yoxdur, başqasının mebelindən istifadə edir"


Vladimir Sorokin
Vladimir Sorokin

-

"Rusiyada insanlar yaxşı gələcək gözləmirlər. Elə hey cavanlardan eşidirəm: “Gələcəyimi burda görmürəm”. Emiqrasiya söhbətləri geniş yayılıb..."

Müasir Rusiya yazıçısı Vladimir Sorokinin yeni müsahibəsi

Vladimir Sorokin
Vladimir Sorokin

- Vladimir Sorokinin yaşını eşidənlər heyrətlənirlər: Nə? 60? Siz özünüz təəccüblənmirsiz yaşınıza?

- Yox. Açıq desəm, nə qədər əttökən səslənsə də, daxilən tələbəlik illərimdə ilişmişəm. Daxilən əbədi tələbəyəm. Nə edə bilərəm?! Yəni “bütün bu yaşanmış illərin yükünü” hiss etmirəm. Böyüməmişəm.

- Niyə məhz tələbəlik illərində?

- Bəlkə ona görə ki, dəhşətli sovet məktəbindən sonra ("3" ala-ala oxuyurdum) tələbəlik əsl azadlıq illəri idi. Moskvanın yaxşı vaxtları idi, açıq, ürəkdən, erotik, narkotik, ədəbiyyat, rəsmli, musiqili – hard rok, sonra canım sizə desin, sürrealizm. Samizdat həmin vaxt artıq norma olmuşdu. Bir sözlə, tələbəlik – həmişə azadlıqdır. Çoxları üçün qızıl illərdir.

Anderqraund ədəbiyyata da tələbəlik illərimdə düşdüm. İlk ciddi yazılarımı 1979-80-ci illərdə yazdım. Ona qədər qeyri-ciddi yazılar yazmışdım, asan yazıldığı üçün ciddi münasibət doğurmurdu. Yazmağa qədər mən ciddi rəsm çəkməklə məşğul olurdum.

- Siz bugünə qədər Rusiyanın son 30 ildəki əsas ədəbi hadisəsi hesab edilirsiniz. Bu, kompliment deyil, problemdir. Belə çıxır ki, rus ədəbiyyatında bu müddətdə Prinsipial Yeni heç bir şey yaranmayıb. Belə olmamalıdır axı.

- Nə deyim. Müxtəlif Avropa ölkələrində yaşayan tanışlarımdan soruşuram ki, müasir rus ədəbiyyatından nə oxuyursuz. German slavyanşünası var, İqor Smirnov, peşəkar adamdır. O, bu sualıma qısa bir cavab verdi: “Post-sovet nəsrini oxuya bilmirəm. Sanki bu ədəbyyat keçmiş nailiyyətlərin qalıqlarından yığılıb."

Problemdir. Mən də yeni romanları açanda beş səhifə oxuyub bağlayıram. Heç biri təəccübləndirmir. Elə çıxır ki, yazıçı yoxdur? Amma insanlar yazırlar, çap olunurlar, oxuyurlar.

Eyni sualı böyük naşir Saşa İvanova da verdim, dedim, yeni ədəbiyyat ulduzlarımız varmı? O dedi: “Bilirsən, Volodya, məsələ ulduzlarda deyil, məsələ səmanın özündədir”. O, tamamilə haqlıdır. Ədəbiyyatdan daha ekzistensial kəşflər, silkələnmələr gözləmirlər. Ondan ya komfort gözləyirlər, ya da eyforiya. Elə ikisi də eyni şeydir.

- Demək istəyirsiz, bu, prinsipcə ədəbiyyatın sonudur? Yəni ədəbiyyatın yaranması üçün obyektiv şərait yoxdur? Yoxsa zəmanə belədir?

- Yox, "sonudur" deyə bilmərəm, bir oxucu qalanadək ədəbiyyat ölməyəcək. İstərdim düşünüm ki, bu, bir qara zolaqdır.

Rəqəmli, vizual texnologiyalar dövrünün insanı daim özünü güvəndə hiss edir. İnsan isə plastik varlıqdır, o, sınmır, əyilir, uyğunlaşır. Bəlkə yenə nə vaxtsa insan vizual aləmdən sıxılanda sözlü təxəyyülə ehtiyac hiss edəcək. İnsan özünə qayıtmaq istəyəndə. Çoxmu utopik səslənir?

- 40-50 il bundan əvvəl bir ədəbi istiqamət olan konseptualizm indi ümumi qaydaya çevrilib. Görünür, yazıçının işi bütövlükdə dəyişilib. Yazıçı isə əvvəlki kimi alma ağacının altında oturub düşünür ki, Turgenev kimi yazsın, yaxud Şukşin kimi.

- Haqlısınız. Amma hər halda mənim fikrimcə, müasir yazıçıların əksəriyyətində bilirsinizmi nə çatmır? Öz dünyaları. Onlar bir növ başqa yazıçıların mebelindən istifadə edirlər, özləri yaratmaq ixtira etmək, onu cilalamaq, onun ustası olmaq istəmirlər.

Zakhar Prilepin
Zakhar Prilepin

Prilepinin kitabını açıb başa düşürsən ki, bu palıd stulları artıq sovet prozasında oxumusan, sadəcə o, bu stulları parlaq lakla boyayıb.

Bizsə ədəbiyyatda axı təkrarsızlıq axtarırıq. Platonov, Harms, Bulqakov, Şalamov, Saşa Sokolov, Mamleyev hər biri təkrarsız idi.

Bu, artıq ədəbi fitnesdir.

Hərçənd, elə adamlar var ki, bir-birinə oxşayan romanları oxumaqdan xoşları gəlir. Bu, artıq ədəbi fitnesdir. Budur, yazıçılar hər il konveyerdən qabaqcadan gözlənilən romanlarını çıxarırlar. Pop-ədəbiyyat konveyeri fasiləsiz işləyir. Yox, mən ədəbiyyatda “ştuçnı” istehsal tərəfdarıyam.

Amma etiraf edim ki, məni son zamanlar iki əsər sevindirib. Ellisin "Glamorama”sı və Littellin "Xeyriyyəçilər”i. Yeri gəlmişkən, siz özünüz kimləri oxuyursusz, kimlər sizi çəkir?

- Dmitri Danilov. Baxışlarına görə tam mühafizəkar yazıçıdır. Avtomatik yazı üsulunda – danışaraq yazır.

- Mütləq oxuyacam.

- Sizin nəsrinizi əvvəllər insan daha çox maraqlandırırdı. O, iyrənc də olsa insan idi və siz onunla işləməyə çalışırdınız. Sonra isə insanın daşını atdınız. Sanki "Ледяная трилогия"-nı yazandan sonra insana görə məyus oldunuz... Daha sonra qayıtdınız, amma yenə də insanı tərk etdiniz.

- ...Özümə görünmür. Mən intuitiv işləyirəm, iş vaxtı öz-özümü analiz etmirəm. Yalnız konstruktiv məsələləri həll edirəm. Ədəbi prosesin sırf özünə gələndə, belə kateqoriyalarla düşünmürəm ki, bax, mən insandan uzaqlaşıram, indi isə yenə yaxınlaşım. Yox. Bu, mürəkkəb prosesdir, onu izah etmək çətindir.

Post-sovet insanı nəinki sovet irsini özündən çıxarmaq istəmir, əksinə, onu özünə yeni qan sayır. O, öz ətrafında normal sosium qura bilmir, absurd teatrı qurur.

Bilmirik ədəbiyyat necə yaranır, hansı zibildən çıxır. Freud nə isə izah edib, hərçənd, düşünmürəm ki, o, hər şeydə haqlıdır... Amma əgər soruşursuzsa, mən post-sovet insanında daha çox məyus oldum, nəinki sovet insanında.

Sovet insanına yenə ümid var idi ki, o, gec, ya tez o özündəki “sovetliyi, həddən artıq sovetliliyi” atacaq, quruluş bitən kimi o da bitəcək.

Amma indi aydın oldu ki, kütləvi terrorla müşayiət olunan mutasiya baş verdi, bu dəhşətli seleksiyanın genetik qurbanı olan post-sovet insanı nəinki sovet irsini özündən çıxarmaq istəmir, əksinə, onu özünə yeni qan sayır. Bu qan onu zombiyə çevirir. O, öz ətrafında normal sosium qura bilmir, absurd teatrı qurur.

Kitab
Kitab

- Hamı deyir ki, biz son illərdə sizin “Telluriyalar” romanınızdakı məkanda yaşayırıq. Siz özünüz bunları qabaqcadan uydurduğunuz üçün dəhşətə gəlmirsiz ki?

- Bu sual artıq banallaşıb, Andrey, bağışla. Yox, dəhşətə gəlmirəm. Həyat ədəbiyyatdan daha sərtdir. Bəli, telluriya xüsusiyyətləri aydın grünür.

Məndə elə bir hiss var ki, biz nəhəng gəmidəyik, o gəmi artıq ilişib, qəzaya uğrayacaq. Təkcə Rusiyaya deyil, həm də Avropaya aiddir bu. "Avropa" gəmisində də mebellər yerlərindən tərpənib artıq, amma insanların xəbəri yoxdur, göyərtədə gəzirlər, rəqs meydançasında rəqs edirlər, barda içirlər.

- Sizin kitablarınız qəddarlıq haqdadır. Bu gün cəmiyyətdə olan qəddarlıq fiziki deyil, həm də mənəvi qəddarlıqdır.

Rus qəddarlığının uzun, çoxəsrlik tarixi var... İnsanların özünü küçədə, metroda, sükan arxasında necə aparmasından da söhbət gedir.

- Ontolojidir. Rus qəddarlığının uzun, çoxəsrlik tarixi var. İndiki post-sovet qəddarlığı da həmin mövzunun davamıdır.

Biz hamımız o qəddarlığı energetik səviyyədə hiss edirik, söhbət yalnız televizordan, siyasətdən, hərbi əməliyyatlardan getmir. İnsanların özünü küçədə, metroda, sükan arxasında necə aparmasından da söhbət gedir.

Fikrimcə, bu da insanların yalnız stabilliyi deyil, həm də gələcəyə inamı itirməsinin əlamətlərindən biridir. Bu, yeni imperiya ideyasıyla ("biz ən bərkgedənik", "ətrafımız bütün düşmənlərdir") bağlı deyil, daha dərin məsələdir. Gəmidədir problem. Zələlə olanda bütün heyvanlar təlaş keçirirlər, amma bəziləri öz qınına çəkilir, bəziləri çaxnaşıb hücuma keçir. Yəni cəmiyyətdə nəsə pis bir şeyin yaınlaşması hiss var. O hiss təkcə məndə deyil.

İnsanlar irəlidə yaxşı dünya olacağını gözləmirlər. Krım məsələsində Rusiyanın düşdüyü vəziyyətin ciddiliyini hiss etməyən ancaq idiotdur.

Elə hey cavanlardan eşidirəm: “Gələcəyimi burda görmürəm”. Emiqrasiya söhbətləri geniş yayılıb.

Post-sovet insanı özünə niyə nifrət edir? Ona görə ki, o heç vəchlə azad ola bilmədi, hakimiyət prinispini dəyişdirə bilmədi. Hakimiyyət necə qaniçən idisə, elə də qalır.

- Yaxşı, bəs bu şərin qarşısını nə ala bilər? Bizdə sülh etikası yoxdur, sülh ənənələri yoxdur, sülh şəraiti konsepti yoxdur. Bizdə üstündə göyərçin şəkilləri olan, nüvə silahı əleyhinə çoxlu şüarlar vardı, sonra məlum oldu ki, bu sülh çağırışları hamısı əbəs imiş, puç imiş.

- ...Kommunal mənzildə dostluq hər zaman məcburidir. Bizim cəmiyyətimiz dünyada ən atomar cəmiyyətdir, fərdlər bir-birindən ayrılmış vəziyyətdədir. Sovet dövründən nə qədər uzalqaşıramsa, bir o qədər eybəcər görünür. Əsl Şər İmperiyası idi. “Dostluğa dostluq” deyirdilər, amma hakimiyyət xalqla fasiləsiz müharibə aparırdı. Gizlənməyə də yer yox idi, ha çalış.

Sovet keçmişi 1990-cı illərdə basdırılmalı idi. Onu basdırmadılar, mutantlaşdırdılar. İndi bu mutant eybəcərlə yaşamağa məhkumuq. Onun fiziologiyasını, əsəb mərkəzlərini tanıyanlar ustalılqa oyatdılar onu. Bu eksperimentin fəsadları ölümcül olacaq.

- İndi ölkədə yeni nifərt dili var. Bu haqda nə deyə bilərsiz, axı bu sizin stixiyanızdır.

- Nəydə olmasa da, nifrət dili sarıdan bizim ölkəmiz çox zəngindir. Sovet avtobusunda "ças pik" vaxtı bircə saat getmək bəs idi ki, o nifrət dilini eşidəsən. Zəngin material!

İndiki yeni imperiya, rəsmi nifrət dili isə bütün parlaqlığı və vulqarlığı ilə isterik zəiflikdir. İnsanlarda belə hiss var ki, indi fikrimdəkini bağırmalıyam, yoxsa sabah imkan olmaz və bəlkə ola bilsin, sabah üstünə bağırmağa adam da olmaz.

Bunu köhnə totalitar rejimlərin ritorikası ilə müqayisə etsək, görərik ki, o zaman bu nifrət böyük əminliklə püskürülürdü. Onlar başa düşürdülər ki, dəmir pərdə durduqca sabahkı günə inam var, gələcək onlarındır. “Pravda”nın hər cümləsində hiss edilirdi bu. İndi isə teleaparıcı deyəndə ki, “biz Amerikanı nüvə külünə çevirə bilərik”, mən buna inanmıram. Heç aparıcı özü də öz sözünə inanmır. Sadəcə “ifa edir”. Bir sözlə, çox maraqlı dövrdə yaşayırıq.

Söhbət insandan getmir ki, o özü anlayaraq özünü düzəltsin, söhbət böyük bir ölkədən gedir. Ölkə də özünü kənardan görə və günahlarını etiraf edə bilər, amma yalnız gəmidə böyük bir fəlakət, silkələnmə olandan sonra.

"Kommersant" qəzeti

XS
SM
MD
LG