Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:25

«...Əsgərlərin kürəyində ayaqqabı ilə gəzməmişəm»


Tapdıq Babaşov, ölən əsgər
Tapdıq Babaşov, ölən əsgər

-

«Biz hərbi hissəyə gələndən belə görmüşük. Bizdən qabaq bu qanun qoyulub, bizə qarşı da belə ediblər. Biz ora gəlirdik, döyürdülər, deyirdilər, «heç kimə demək olmaz». Mənim hələ vurub başımı partlatmışdılar...»

Youtube Kanalımıza abunə ol - yeni videoları izlə

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləcəridəki N saylı hərbi hissəsində manqa komandiri olmuş Cəmil Ağayev mayın 6-da Bakı Hərbi Məhkəməsində ifadə verərkən deyib. Söhbət ötən ilin mayında həmin hərbi hissədə baş vermiş ölüm hadisəsi, eləcə də orada 50-dən artıq əsgərin döyülməsi, təhqir olunması ilə bağlı məhkəmə prosesindən gedir. Cəmil Ağayev bu cinayət işi üzrə təqsirləndirilən üç nəfərdən biridir.

«AYAQQABI İLƏ GƏZMƏMİŞƏM»

O deyib ki, Tapdıq Babaşovun ölümündə özünü təqsirli bilmir, əsgərlərə də xəsarət yetirməyib, yalnız intizam qaydalarını pozanlara intizamlı olmaları üçün irad bildirib.

Məhkəmədə dindirilən 50 əsgərin əksəriyyəti Cəmil Ağayevin onları üzü üstə «jim» vəziyyətində yerə uzadıb kürəklərində gəzdiyini bildirmişdi. Bu ittihama isə Cəmil Ağayev belə cavab verib: «Onlardan biri deyir «şəpit»lə gəzmişəm, digərləri deyir «botinka» ilə. Əgər bilmirlərsə, onların kürəyində nə ilə gəzilib, onda necə deyə bilərlər ki, ayaqqabı ilə gəzmişəm? Mən ayaqqabı ilə gəzməmişəm...»

Bununla belə, o, bəzi əsgərləri sinəsindən itələdiyini təsdiqləyib. Cəmil Ağayev sualları cavablandırarkən bildirib ki, əsgərlərə qarşı belə hərəkətlərə yol vermək hüququ olmadığını anlayır, amma özü də hərbi hissəyə gələndən belə görmüşdü.

KAMERALAR İŞLƏMİR?

Digər təqsirləndirilən, cinayət işinin materiallarına görə, mərhum Tapdıq Babaşov dünyasını dəyişməmişdən öncə ayaqyoluda ona qarşı zorakılıq etməkdə suçlanan manqa komandiri Ruslan Cavadov ittihamı rədd edib. Bildirib ki, bircə əsgər Seymur Kərimlini vurub, Tapdıq Babaşova qarşı hər hansı kobud hərəkətlərə yol verməyib. Ayaqyoluya isə yalnız hadisədən sonra gedib ki, pəncərədən baxsın: «Dəhlizdə 2 kamera var, baxsınlar ki, mən həmin vaxt ayaqyoluna getmişəm, yoxsa birinci otağa? Kameralar işləyir, komandirin otağında görünür. Çöldən kamera da çəkir. «Karoul» növbəsinə çıxanda özüm görmüşəm kamera çəkilişini».

Mərhum Tapdıq Babaşovun anasının nümayəndəsi Hüseyn Həsənov məhkəmənin nəzərinə çatdırıb ki, onlara kameraların işləmədiyi bildirilib.

Ruslan Cavadov isə kameraların işləmədiyi barədə deyilənlərin yalan olduğunu bildirib. Onun vəkili Şəfiqə Nağıyeva da əlavə edib: «Görünür, kiməsə sərf edir kameraların sıradan çıxması. Deməli, kimsə başqa şəxsdir günahkar, arxalıdır deyə, yayına bilib. Əvəzində də bunlar etmədikləri əmələ görə təqsirləndirilirlər. Günahkar rəhbərlikdir, bunlar yox. Bunların yerində rəhbərlik olmalıydı».

«DEDİ Kİ, YAZ GUYA SƏNİNLƏ ARASINDA NƏSƏ OLUB»

Dövlət ittihamçısı Ruslan Cavadovun ifadələri arasında ziddiyyət olduğunu deyəndə təqsirləndirilən səbəbi belə izah edib: «Onların hamısını prokurorluqda müstəntiq Raul yazıb. Dedi ki, «yaz, guya səninlə Tapdıq Babaşovun arasında nəsə olub, yoxsa səni MTN-in zirzəmisinə aparacağıq. Mən onların dediklərini etmişəm. Etməsəydim, gərək mən də özümü pəncərədən ataydım. Mən şəhəri tanımıram, apardılar bir binanın yanına ki, bura MTN-dir. Daha sonra kiməsə zəng elədilər və dedilər ki, sonraya qaldı».

Əsgərlərdən Seymur Kərimli məhkəmədə ifadəsində bildirmişdi ki, Tapdıq Babaşovun ölümündən əvvəl Ruslan Cavadovun ayaqyoluda onu döyməsinin şahidi olub. Amma Ruslan Cavadov onun söylədiklərinin yalan olduğunu deyir: «O heç Nərimanov rayon Polis İdarəsində özünün döyülməsini demir. Onu orada neçə gün saxlayıblar, döyüb, şillələyiblər. Prokurorluqda da müstəntiq Raul Seymur Kərimlini 3 dəfə arxası üstə çırpıb yerə. Bu hələ mənim gördüyümdür».

Cavadovun vəkili Şəfiqə Nağıyeva da istintaqda şahidlərə, zərərçəkmişlərə və təqsirləndirilən şəxslərə təzyiq edildiyini deyib.

«HEÇ VAXT ONU VURMAZDIM»

Ruslan Cavadov onu da qeyd edib ki, Tapdıq Babaşovu ona mərhumun qrup yoldaşı Tofiq Qazıyev tapşırmışdı: «Mən heç vaxt onu vurmazdım. Onu kim vurubsa, Allah onun bəlasını versin. O, ən alçaq adamdır».

Digər təqsirləndirilən Elməddin Babayev də ittihamı qəbul etməyib. Əsgərləri vurması barədə deyilənlərin yalan olduğunu bildirib.

Məhkəmə prosesi mayın 11-də davam edəcək.

Evin yeganə oğlu və BDU-nun tarix fakültəsinin qırmızı diplomla məzunu olan Tapdıq Babaşov 2015-ci il mayın 22-də hərbi hissədə dünyasını dəyişib. Rəsmi məlumatlara görə, o, özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Lakin Tapdıq Babaşovun yaxınları buna inanmır. Onlar əsgərin qətlə yetirildikdən sonra pəncərədən atıldığını iddia edirlər.

Bu iş üzrə məhkəmə qarşısına çıxarılan üç nəfər keçmiş manqa komandirlərinə qarşı CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə ittiham elan olunub.

Həmçinin baxın - Youtube Kanalımızda yeni videoları izləyin:

XS
SM
MD
LG