Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:52

Dollar satışı kəskin azalıb


Dollar
Dollar

-

Azərbaycanda 2016-cı ilin I rübündə valyuta bazarının həcminin ötən ilin analoji dövrünə nisbətən kəskin azaldığı bildirilir.

Mərkəzi Bankdan «Report»a verilən məlumata görə, I rübdə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2.8 dəfə, avro ilə isə 2.7 dəfə azalıb.

Bu vəziyyətin nağd xarici valyuta bazarı seqmentində də müşahidə edildiyi bildirilir. 2016-cı ilin yanvar-mart aylarında bankların satdığı xalis nağd ABŞ dollarının ötən ilin eyni dövrü ilə müqayisədə 55 dəfə azalaraq 79 milyona düşdüyü söylənir. Avro ilə əməliyyatların isə 3.5 dəfə - 69 milyona qədər azaldığı qeyd edilir.

Mərkəzi Bank hesabat dövrü ərzində valyuta bazarının həcminin azalmasını həm tələb, həm də təklif amilləri ilə izah edir.

Dövlət Neft Fondunun xarici valyuta satışının ötən ilin analoji dövrü ilə müqayisədə 41 faiz azaldığı bildirilir.

Məlumata əsasən, I rüb ərzində ümumilikdə 33 hərrac keçirilib. Tələb 12 hərracda təklifi üstələyib. 21 hərracda isə tam qarşılanıb. Hərraclarda orta günlük tələbin 132 milyon, təklifin isə 148 milyon dollar olduğu açıqlanır.
Mərkəzi Bankın təşkil etdiyi valyuta hərracları çərçivəsində Neft Fondunun ümumilikdə 1 mlrd. 253 mln. ABŞ dolları satdığı bildirilir.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Müstəqil iqtisadçılar deyir ki, hökumətin valyuta ehtiyatı tükəndiyindən, dolların süni yollarla qarşısı alınmağa başlanıb. Müstəqil iqtisadçılar ölkədə manat qıtlığını da bu amillə izah edirlər. Onların fikirlərinə görə, bu addımlar dollara tələbi azaltsa da, ölkə iqtisadiyyatına da mənfi təsirlər göstərib.

Hazırda Mərkəzi bankın 4.2 milyard dollar ehtiyatının olduğu açıqlanıb. Bu ilin əvvəli ilə müqayisədə Mərkəzi Bankın ehtiyatlarında cüzi artım olduğu bildirilir. Son valyuta hərraclarında Mərkəzi Bank da ABŞ dolları alıb. Halbuki, 2014-cü ilin ortalarında Mərkəzi Bankın 15 milyard dollardan çox ehtiyatı var idi.

XS
SM
MD
LG