Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:01

Ayın satılan əraziləri oksigenlə təmin olunub...


Şərif Ağayar
Şərif Ağayar

-

Şərif Ağayar

AY VƏTƏNDAŞI

Seymur Baycana ithaf edirəm

Yas çadırının sağ və sol tərəfində uzununa qoyulmuş stolların arxasında sakitcə oturan doğma və yad adamlara, baş tərəfdəki araqçınlı mollaya salam verib içəri keçəndə dodaqaltı qımışdı: bu dəfə sürprizi vardı onlara. İllah da bahalı maşınlarının açarını nümayiş etdirən tay-tuşlarına.

Neçə vaxt idi kəndə gəlmirdi.

Söz vermişdi ki, gəlməsin də!

Bezdirirdilər onu. Sağdan-soldan üstünə sual yağırdı: “Niyə evlənmədin?”, “Niyə bir binəgüzarlıq qurmadın?”, “Hər şey cəhənnəm, iki-üç sot torpaq da ala bilməzdin?”, “Şəhərə gedənlərimizin içində ən savadlısı səndin, qohum-əqrəba cəhənnəm, özünə də gün ağlamadın.”

Keçmiş zamanda danışırdılar artıq. Yəni, indi gecdi, vaxtında edə bilərdin. Vəziyyət o həddə çatmışdı ki, qohumlarına nifrət etməyə başlamışdı. Sanki imkanı oldu da, eləmədi! İmkandan da danışa bilmirdi. “Burdaca saxla” – deyib barmaqlarını qatlayırdılar: filankəs elə, bəhmənkəs belə, onlardan nəyin əskik idi?

Hamı qınayırdı onu, gerçəkliyi heç kimə başa sala bilmirdi.

Deyə bilmirdi ki, hamıdan qoçaq mən idim, öz gücümə ali məktəbə girdim, oxudum, magistraturanı bitirdim, hətta universitetdə qaldım, dövlət qulluğuna girdim, görmədiyim iş qalmadı, müəllim də oldum, jurnalist də, məmur da, heç birində halal yaşamaq imkanı yox idi, olsaydı bacarardım, o qədər aciz deyiləm.

Deyə bilmirdi ki, universitetdən niyə getdim - maaş çox az idi, hər kəs kimi tələbələrdən rüşvət alıb dolanmağı özümə sığışdırmadım; orta məktəbdə iş üçün məndən şirinlik istədilər, vermədim, versəm sinfə necə girərdim, uşaqların üzünə necə baxardım, onlara nə öyrədərdim; işlədiyim qeyri-hökumət təşkilatı kimsəsiz uşaqların adından ianə toplayırdı, məni də işə qoşdular, əvvəl-əvvəl göz yumdum xeyli, ancaq adına milyonlar toplanan yetimlərin həm də əməyinin istismarını görəndə dözmədim, mənə tapşırılan layihə sənədlərini hazırlamaqdan imtina etdim; sayt redaktorluğundan özləri qovdular - məşhur siyasi liderlərdən birinin qara piarına qoşulmaqdan imtina etmişdim!

Məmurluq da eləcə. Özüm hazırlaşdım, özüm qəbul olundum, on il işlədim. Özü də quru maaşa! Türkiyədə, İranda mənim vəzifəmdə çalışanlar ayda iki min yevro alır. Nəyimə bəs eləməzdi? Nə edim ki, bu maaşı vermədilər mənə, aldığım yeməyimə, geyimimə güclə çatdı. Qazanc üçün qoyulan şərtlərsə o qədər alçaldıcı idi ki, ondansa gedib dilənərdim.

Ay
Ay

Deyə bilmirdi ki, insana yaraşmayan heç bir əməli özümə yaraşdırmadım. Sizə yaraşdırmadım! Boynumda haqqı-sayı olan uca dağlarımıza, yaşıl çəmənlərimizə, duru bulaqlarımıza, nurlu ağsaqqallarımıza, həyalı ağbirçəklərimizə qıymadım bunu.

Əzabı özümə verdim, sizə deyil. Buna görə mənə təşəkkür düşür, tənbeh yox. Sən demə, mənasızın yekəsi elə siz imişsiz! Dağlarımızın ucalığı da, çəmənliyimizin yaşıllığı da, bulaqlarımızın duruluğu da, üzümüzdəki abır-həya da yalnız görüntüymüş. Cəhənnəm olun başımdan!

Deyə bilmirdi, desəydi, özünü duruluğa çıxarmağa çalışdığını düşünüb qah-qah gülərdilər. Çünki bu kənd binnət olalı inandığı doğrulardan ötrü kiminsə nədənsə imtina etdiyini görməmişdi.

Deyə bilmirdi... Təntənəli monoloqu palçıq vulkanı kimi içindəcə qaynayıb-qaynayıb sakitləşirdi.

“Neyləsin, zamana pis gəldi” – ömür-həyatında bircə dəfə yaşlı tarix müəllimi təsəlli vermişdi ona və bəlkə bu günəcən elə o təsəllidən yapışıb yaşamışdı.

Heç şəhərdə də anlayan yoxudu onu.

“Səmimi deyim, sənin otuz səkkiz yaşa gəlib çatacağını gözləmirdim, deyirdim, vərəmləyib öləssən” – içki məclislərinin birində dövlət müfəttişliyində işləyən varlı-hallı dostu düz gözlərinin içinə baxıb söyləmişdi. Tükləri biz-biz olmuşdu:

“Kobudluq edirsən, adam adamın üzünə belə söz deməz.”

“Yox, incimə, deməyim odur ki, güclü adamsan” – könlünü almışdı guya.

Kitabxana müdiri işləyən dostuyla da tutaşmışdı. O yandan qayıdasan ki, müdir öz işçisinin maaşından kəsməlidir də, burda qeyri-adi nə var! Başına beton düşdü elə bil. Bilmədi nə desin. Handan-hana dilə gəldi:

“Hüqonun kitabından utanmırsan?”

Dostu təəccübləndi:

“Hüqonun bura nə dəxli?”

Hövlləndi:

“Necə yəni nə dəxli? “Səfillər” ən çox sevdiyim kitabdı deyirsən, kitabxanada elə yerə qoymusan uzaqdan sənə baxır, o kitabın gözü qarşısında haqsızlıq eləməkdən utanmırsan?”

“Kitabın gözü” ifadəsinə dostu şaqqanaq çəkib gülmüşdü. Zarafat elədiyini düşünmüşdü. Bundan sonra kitabxanada bircə dəqiqə də qala bilməzdi. Kitablarla sehrlənmiş bu balaca məkandan qaçdı və elə o andaca bu balaca məkanın da sehri öldü onun üçün. Guya bura dincəlməyə gəlirdi. Allah qoymasa, dostlarının arasında bir balaca ələ gələni bu idi; bir-iki babat kitab oxumuşdu, onu az-maz anlayırdı, rahatca söhbətləşirdilər.

Bircə əlini cibinə salıb dəniz qırağında gəzəndə rahatlayırdı. Nəmişlik qarışan mazut qoxusu, dalğaların xışıltısı, qumun yumşaqlığı, üfüqün sonsuza açılan genişliyi canına hopub yaşamaq eşqini artırırdı. Bir də kitab oxuyanda dincəlirdi. Özünü elə qapdırırdı, yemək də yadına düşmürdü. Bu kimdi O.Henri, bu kimdi Steynbek, bu kimdi Selincer. Üzü bəri gəlsən, Moem, Dino Butsati, Hamsun...

Adamın içində al-əlvan işıqlar kimi titrəşən duyğuları necə də dəqiq görürdülər. Kitab oxuduqca hamı insan xarakterinin çoxluğuna, rəngarəngliyinə heyran qalırdısa, o, əksinə, fərqli zamanlarda - fərqli məkanlarda yaşayanların oxşarlığına şaşırırdı. Sevinc, kədər, ədalət duyğusu hər yerdə eyni idi. Əvvəl sanırdı ki, ədəbiyyat insanın bədbəxtliyi haqqındadır və işi-gücü dönüb-dönüb bu dəhşətli məntiqin üstünə basmaqdır. Sonra kitabların həm də böyük təsəlli olduğunu anladı.

Ciddi əsərlərdə insanın hər şeydən ucada dayandığının təsdiqini tapanda sevincdən gözləri yaşardı. Çünki ağlı kəsəndən belə düşünürdü və heç vaxt özünə səmimi həmfikir tapmamışdı. Kitab səhifələrində əriyib getdikcə bütün böyük adamlarla eyni fikirdə olduğunu görüb təskinlik tapdı və həyat gerçəklərini kitab gerçəklərinin ayağına verməyə başladı. Dünya cifəsindən ötəri yüz oyundan çıxan dost-tanışını böyük yazarlara dəyişə-dəyişə tənhalığın girdabına yuvarlandı.

Eşq-məşq məsələlərində də bəxti gətirmirdi. Onu unudanlardan şəhər olmasa da, qəsəbə salmaq mümkün idi.

Yas çadırında oturan kimi birdən-birə iki gözü qədər sevdiyi qohumların dönüb yeddi köynək yad olduğunu hiss elədi. Əvvəlki mehribanlıqdan, qılıqdan, doğma təbəssümlərdən əsər-əlamət qalmamışdı. Sifətlərdən istilik, məhrəmlik yerinə, qəzəb, kin və küskünlük tökülürdü. O, kənddən soyuduğu kimi, kənd də ondan soyumuşdu. Ona bəslənən ümidlər tamam öləzimişdi. Böyük xəyallara qarşı həyat öz kiçik reallıqlarını təqdim eləmişdi. Əvvəllər barışa bilməsələr də yavaş-yavaş öyrəşirdilər. Yaş irəlilədikcə özü də dərk edirdi bunu. Doğma kəndinin onu qırx yaşa dəfn edəcəyini və bundan sonra tamamilə unudacağını bilirdi.

Qəfil qorxunc bir boşluğun içinə girdi, üstünə yağan kinayəli suallardan ötrü darıxdı. Belə dəhşətli soyuqluqdan o alçaldıcı suallar şükürlüymüş! Yaxşı ki, molla fatihə verdi, yoxsa qulaqlarında uğuldayan sükuta tab gətirə bilməyəcəkdi.

“Vələzzalin...”

Əllərini qarşısında kitab kimi açıb dua oxudu, fatihə bitən kimi heç kəsin gözləmədiyi yüksək səslə “Axırı, mən də torpaq aldım!” söylədi. Çadırdakılar çevrilib maraqla ona baxdılar. Ağsaqqal qohumlarından biri üzünün tükünü qaşıya-qaşıya soruşdu:

“Hardan?”

Cavab məclisi şoka saldı:

“Aydan.”

Dəli olduğunu düşündülər. Ancaq cibindən 10 sot ərazinin möhürlü sənədini çıxarıb yanındakı mırıq kişiyə uzadanda hamının gözü kəlləsinə çıxdı. Sənəd əl-əl gəzib təsdiqini tapandan sonra ölü də yaddan çıxdı, molla da. Kimsə uca səslə soruşdu:

“Orda yaşayış var ki?”

“Əlbəttə. İndiyədək ev-eşik almamağımın səbəbi bu idi. Pul yığırdım!”

Adamlar biri-birinə baxdılar, bilmədilər xeyir-dua versinlər, yoxsa verməsinlər.

“Özüm də ay vətəndaşlığını qəbul edəcəm. Vaxtında mənimlə fəxr eləməkdə yanılmadığınızı görəcəksiniz. Ora hər adamı buraxmırlar. Həm pullu, həm savadlı, həm dürüst olmalısan. Bizim ölkədən bircə mənəm.”

Məclisdə xoş əhval ifadə edən uğultu dolaşdı.

Sənədi ehtiyatla qoltuq cibinə qoyanda bahalı maşınlarının açarını nümayiş etdirən tay-tuşlarına saymazyana göz atmağı da unutmadı. Heyrətdən ağızları açıla qalmışdı.

“Axı orda oksigen yoxdur” – kəndin gənc coğrafiya müəllimi idi deyəsən. Üzünə diqqətlə baxsa da tanımadı. Suyumundan hansı nəslə mənsub olduğunu təxmin etməyə çalışdı:

“Sən o məlumatı kiflənmiş kitablardan oxumusan. Ayın satılan əraziləri oksigenlə təmin olunub. Bu işlə yaponlar məşğuldur.”

“Yaponlar bacarar!” – yerbəyerdən razılıq nidaları ucaldı.

Molla qarışıq hər kəs gözünü döyə-döyə ona tamaşa edirdi. O isə əmin idi ki, yas çadırında oturanlar bu sənədin 1980-ci ildə ABŞ-da yaradılan qanuni “Ay səfirliyi” şirkətindən cəmi-cümlətanı 20 dollara alındığını heç vaxt bilməyəcəklər.

Məclisi tamam inandırmaq üçün son sözləri daha ötkəm səslə söylədi: “Gecə düşsün, torpağımı sizə göstərəcəm! Ayın bəriki üzündədir. Dağların arasında...”

Aprel-may 2016

XS
SM
MD
LG