Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:46

Yanan binanın işi məhkəmədədir


Binada yanğın
Binada yanğın

-

Ötən il mayın 19-da Binəqədi rayonundakı yaşayış binasında kütləvi ölümə səbəb olan yanğın ilə bağlı cinayət işi yekunlaşıb. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, istintaq binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən «Global Stone» MMC və «Global Construction» MMC rəhbərliyini təqsirli bilib.

Bundan başqa, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəhbərliyi də təqsirləndirilir.

Bu iş üzrə günahlandırılanlara CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittihamlar elan edilib.

Prokurorluğun məlumatında qeyd edilir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da bu işə görə günahlandırılır. Poliuretan məmulatlarına dair texniki şərtlərin onunla razılaşdırıldığı qeyd edilir. A.Əlibəyov CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilir.

Prokurorluq bildirir ki, bu cinayət işi üzrə istintaq tamamlanaraq mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ötən il mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada yanğın baş vermişdi. Yanğında 15 nəfər ölmüş, 50-dən artıq sakin xəsarət almışdı.

Həlak olanların ailələrinə 15 min manat, xəsarət alanların ailələrinə 5 min manat, əmlaka dəyən ziyana görə isə 20 min manat kompensasiya ödənilib.

Bundan başqa, yanğından sonra Bakıda poliuretan materiallarla örtülən binalardan həmin üzlüklərin kütləvi söküntüsü həyata keçirilib.
Ölkə mətbuatında bu mövzuda dərc edilən yazılarda qeyd edilir ki, istintaq bu məsələdə əsl günahkarları kənarda saxlayıb, yalnız kiçik məmurlarla kifayətlənib. Həmin yazılarda bildirilir ki, poliuretan buraxan müəssisələrin açılışında şəxsən prezident özü iştirak edib. Həmin yazıların müəlliflərinə görə, bu işə ən yüksək səviyyədə xeyir-dua verilməsəydi Bakıdakı əksər binalara poliuretan üzlüklər çəkilə bilməzdi.

XS
SM
MD
LG