Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:36

Aysel Əlizadə. İki "narkobaron" gəncin etirazı...


Aysel Əlizadə
Aysel Əlizadə

-

"Bütün bunları edənlərin elə Məmməd kişi ağılda olmasına sübutdu. Yoxsa, Məmməd kişi öz balaca dünyası ilə bir hakimiyyətin hansı situasiyada necə davranacağını hardan bilir? Bilməməlidi. Təəssüf ki, bilir."

"Ağ evin önündə gündə aksiya keçirilir..."

Aysel Əlizadə

BİR SİYASƏTÇİNİN HEYKƏLİ

Dünyanın heç bir tanınmış şəxsiyyətinə münasibət birmənalı olmayıb.

Hitler kimi qəddar siyasətçini də sevənlər var.

Atatürk kimi milliyyətçini – millətsevəri də sevməyənlər var. Uğrunda savaşdığı milləti içindən onu qəbul etməyənlər çıxır.

Əslində, hər ikisi millətçi idi. Sadəcə, birinin millətçiliyi başqa xalqlara nifrət üzərində dayanır, digərinin millətçiliyi başqa millətlərin mədəniyyətinin öz xalqının inkişafında istifadəsinə söykənirdi... Öz soyuna, kültürünə sahiblənməklə yanaşı, dünyəvi dəyərləri vətəninə daşımaq anlamı daşıyırdı Ziya Goyalpdan faydalanan Atatürk millətçiliyi.

Siyasətçi birrəngli adam deyil.

George W Bush-a bir oğlan ayaqqabı atmışdı. Bu nəyi dəyişdi ABŞ dövlət quruluşunda... siyasətində?

Etiraz edən adama işgəncə vermək?

Yazdıqlarının, düşündüklərinin təsdiqindən başqa nəyi ifadə edir etiraz edən adama işgəncə vermək?

Stalin II Dünya Savaşını udmuş adamdı, amma repressiya, sürgün və işgəncələrə görə lənətlənir həmişə. Qəddarlığı uğurunu kölgədə qoydu.

Rəsulzadənin doğum gününü çoxları əzbərdən bilmir. Eləcə də Üzeyir Hacıbəyovun, Hüseyn Cavidin, Əlimərdan bəy Topçubaşovun, Həsib bəy Yusifbəylinin... Heç mən də bilmirəm, çoxunun doğum gününü. Nə olsun? Bu, onlara münasibətə təsir edirmi? Tanıyan tanıyır, sevən sevir, sevməyən sevmir, vecinə olmayanın da, - vecinə deyil.

Bizi uşaq olanda hər il Lenin babanın doğum gününü qeyd etmək üçün əlimizdə gül məktəbin həyətinə düzərdilər. Nə olsun, nə oldu?

Lenin babanın da heykəlinə heç nə yazmaq olmazdı.

Fikirləşirsiniz ki, boş versək, sabah başqası da yazacaq, o biri gün bir başqası? Beləcə, bir gün millət ayağa qalxıb bizə etiraz edəcək?!

Tutaq ki, düz fikirləşirsiniz...

Amma bu, “milləti sıxsaq, döysək, qorxutsaq, heç vaxt etiraz etməyəcək” qarantı da deyil.

Fikirləşirsiniz ki, millətə önəm vermək lazım deyil, biz yeni ölkə yaradırıq. Nə bilmək olar, bəlkə yüz il sonra deyəcəklər “sağ olsunlar, bizə Yeni Azərbaycan qoyub getdilər”. Ola bilər. Amma bunu Abbas Mirzə Şərifzadənin evini sökmədən də etmək olar.

Stalin sürgün edir, cəzalandırır, asıb- kəsir... düşünürdü ki, 15 respublikanı ancaq belə idarə etmək olar və ayrı-ayrı xalqları bir imperiya altında saxlamaq üçün kiçik bir boşluq buraxmadan dövlətini qorumalıdı. O, başqa idarə forması bilmirdi. Dünyada demokratiyanın real örnəyi yox idi. Savaşla, itkilərlə, 17 illik mübarizə ilə bir kürsü qazanmışdı, itirməkdən qorxurdu. Hakimiyyətdən düşməyinin ölümünə səbəb olacağını, nəslinin məhrumiyyət çəkəcəyini düşünürdü.

İndi özünü təsdiqləmiş humanist idarəçilik metodları var, axı...

Bu qədər yaxşı örnək olduğu halda Stalindən qalma ənənəylə balaca bir ölkəni yönləndirmək ağıla sığacaq şey deyil.

Xalqdı, etiraz edir, - etsin, aksiya keçirir,- keçirsin. Bu, ölkə qurmağa, təhsili, iqtisadiyyatı inkişaf etdirməyə mane olmur. Ağ evin önündə gündə aksiya keçirilir. Obama iş dalınca gedəndə aksiyaya mane olduğu üçün üzr istəyib, uçağına minir, yoluna davam edir. Aksiyaçılarsa eşidildikləri üçün, sayqı gördükləri üçün dövləti daha çox sevirlər. Bəzən də belə humanist başqana etiraz etdiklərinə görə utanırlar.

Biz bir neçə gün əvvəl efirdə “uşaqların cinsi tərbiyəsi” mövzusunda danışırdıq.

Seksual tərbiyədən, cinsi yetişkənlikdən söz açdığımız üçün verilişin poçtuna o qədər söyüş, təhqir yazan oldu ki. Halbuki onlar üçün danışırdıq, övladlarının tərbiyəsinə kömək etmək istəyirdik. Nə etmək olar?

Susdurulsa, qorxudulsa, incidilsə, başqa cürmü düşünəcək?

Düşüncə dəyişsin deyə çalışmaq gərəkdi. Bunun üçün də dinləmək gərəkdi. Bəlkə bizə elə gəlir, mütləq həqiqəti yalnız özümüz bilirik. Bəlkə bizi söyən adamları dinləsək, içindən başqa bir həqiqət çıxacaq.

Xalqın etirazından qorxmaq qorxu üzərinə qorxu, qəzəb üzərinə qəzəb gətirər. Hər iki tərəf vahiməli bomba yerləşdirir cəmiyyətin ortasına. O bomda nə zamansa partlayacaq.

Ziyalı, lider cəmiyyətdən qorxmasın gərək.

Elçibəyə deyirlər, camaat səni qınayır, günahlandırır. Cavabında “mənim xalqım prezidentə etiraz edəcək qədər cəsarətlənib” deyib, sevinir.

Dünya savaşından sonra seçkidə uduzan Churchill “xalqım azad seçim edə bilsin deyə ömrümü xərclədim” söyləyir. Bütün dövlət gücü əlində olan Çörçil istəsə Stalin kimi saxta seçki keçirib ölkə başına keçə bilməzdimi?!

İndi Stalinin ölkəsinin gəlib çıxdığı yerə baxaq, Churchill'in ölkəsinə baxaq.

Sadə, adi gerçəklikdi.

Heydər Əliyevin heykəlinə onun doğum günü (gül bayramında) iki gəncin “qul bayramınız mübarək” yazması da heç nəyi dəyişməz.

Məsələ bir az zarafatla qarşılansaydı...

Bu, gənclərin haqsız, ədalətsiz hesab etdikləri sistemə iki hərfi dəyişməklə, söz oynatmaqla etirazıdı.

Əgər məsələ bir az zarafatla qarşılansaydı, “gəncdilər, çılğındılar, ola bilər belə şeylər, cərimə edin getsinlər” mesajı verilsəydi, təkcə gənclər özləri deyil, əvvəlcədən ssenarini təxmin edib “narkotik ittihamı ilə tutacaqlar” deyənlər uduzardı.

Buna da bax: Qiyasın anası: Gətirdiklərini mənim yatağıma qoydular

Arada gözlənilməz olmaq nə çətin işdi, axı. Gözlənilən reaksiyanı verməmək, bu qədər əlçatan addımlar atmamaq nə çətin işdi?! Savadı olmayan Məmməd kişinin ehtimalı boyda bir sistem bütün bunları edənlərin elə Məmməd kişi ağılda olmasına sübutdu. Yoxsa, Məmməd kişi öz balaca dünyası ilə bir hakimiyyətin hansı situasiyada necə davranacağını hardan bilir? Bilməməlidi. Təəssüf ki, bilir.

Buna da bax: Qiyas: Şalvarımı çıxarıb dəyənəklə yaxınlaşdılar

İki çəlimsiz gənci narkobaron çıxarıb...

Söhbət intellektual, savadlı, bilik yarışmalarında parlaq zəka sərgiləyən gənclərdən gedir. Onların qiyamı da intellektualdı, yaradıcıdı, qaragüruh deyil. Belə gəncləri işə, yaradıcılığa, ölkə üçün gərəkli sahələrə cəlb etmək yerinə, “hırla zırı” qanmayan adamların əlinə verərlərmi? İki çəlimsiz gənci narkobaron çıxarıb dövləti bütün ağıllı adamlara güldürərlərmi? Qoluyoğunlara, natamam kimlikli adamlara, ac canavar kimi öz mövqesizliyinin, xaraktersizliyinin, savadsızlığının, bədbəxtliyinin şəxsiyyətində yaratdığı aclığı əlinə keçən adamlara işgəncə verməklə doyduran adamlara “cəza” verməyi tapşırarlarmı? Sidiyindən qan gələnəcən, huşunu itirənəcən döydürərlərmi, şalvarını çıxartdırıb təhqir etdirərlərmi azad, üsyankar, savadlı gəncliyi? Ölkəndə belə üsyankar, azad, savadlı gənclərinin olmasına sevinməzlərmi?

İnanmıram ki, o gənclərə olunan “pis rəftar” – işgəncə, qeyri-insani davranış

(sağlamlığa vurulan zərbə), aşağılama haqda xəbərləri hakimiyyət nümayəndələrinin, məmurların hamısı soyuqqanlılıqla oxuyur.

Bir kişi necə başqa bir kişini yalnız siyasi mesajına görə, fərdi qiyamına görə aşağılamağı, döyməyi, təhqir etməyi özünə yaraşdırar?

Bəlkə o cümlədəki “qul” sözündə özünü gördüyü üçün qisas alır?

Vətəndaşda dövlətinə qarşı nifrət oyatmaq nəyə və kimə xidmət edir?

Millət quldusa quldu, qul deyilsə, qul deyil. Fakt dəyişməz. Faktı dəyişməyən sözdən qorxarlarmı?!

Sevgini sevgiylə qazanarlar. Hətta bu böyük qazanc üçün bəzən özünü sevməyə zorlamalı olsan belə... Çünki özünə sevməyi öyrətmək özünə çatacaq qədər gücünün olması deməkdi.

Sevgi elmdi. Öyrənmədən olmaz.

Qorxulu örnəklərlə nə kiminsə gözü qorxar, nə ümumi vəziyyət dəyişər.

Qorxaq onsuz da qorxaqdı. Yaltaq yaltaq. Axmaq da axmaq.

Qorxmayan da yenə qorxmazdı, qürurlu qürurludu, ağıllı da ağıllı. Biz, sadəcə, humanizm, müdriklik gözləyirik, umuruq. O gənclərə olunan işgəncədən hər xəbər canımızı yandırır. Dəhşətə gəlirik.

Bəlkə zamanla fikirləri dəyişəcək, hər şeyə başqa gözlə baxacaqdılar.

Təəssüf ki, belə olmadı.

Sonucda bir heykəldi, daşdan yonulmuş bir heykəl...

Və bəlkə o özü belə etməzdi. Çünki “ədaləti ədalətsizliklə əldə etmək olmaz!” - deyib.

Azərbaycanda Rəsulzadənin heykəli heç vaxt olmayıb. Balaca bir baş düzəldib indi-indi harasa qoyurlar, ona da arada torba keçirirlər.

Mən indi anlayıram bizimçün adiləşən “əsas ürəklərdə heykəlin olsun” xalq misalının böyüklüyünü. Bir az evdə ata-ananın düşüncəsini qəbul etməyən, onlara üsyan edən balanız kimi yanaşın. Bir az Mir Cəlalın “Bir gəncin manifesti” əsərindəki üsyankar gənc Bahar kimi...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG