Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:22

Ağ qərənfil üçün təziyə


Həmid Piriyev
Həmid Piriyev

-

Sənannan eyni küçədə yaşayırdılar. Küçənin yuxarı başında Sənangilin eviydi, aşağı başında Hilalgilin. Məktəbdə də eyni sinifdə oxumuşdular. Bir yerdə az qoyun otarmamışdılar. Hilalgilin qoyunu az idi, cəmisi yeddi dənə. Amma Sənangildə altmışa yaxın vardı.

Həmid Piriyev

Ölüm və başqa xoşbəxtliklər

“Ağ qərənfil üçün təziyə” miniatür romanının neçə epizodundan biri

Bələkönbəgül1 vaxtıydı..

Günəş uzaqdakı evlərin damından qalxdıqcan şüaları pəncərədən otağa süzülüb rəngi tala-tala qopub tökülən, nəmişlikdən kif atan divarda oynaşırdı.

Hilal oyansa da yerindən durmamışdı. Uzanıb üzbəüz divardakı köhnə kəfkirli saata baxırdı. Saat Çeşminin cehizliyiydi, haçandı işləmirdi, amma saxlamışdılar.

Hilal gözlədi gün tamam qalxanacan, sonra güllü yorğanı üstündən atıb yerinin içində oturdu, Çeşmi yorğanın ağını yumağa çıxartmışdı, güllü olan astarıydı. Otağın soyuqluğu canını gizildətdi. Dünən gecə peçi yandırmamışdılar, hiss olunurdu. Geyinib şüşəbəndə çıxdı. Pişiklər onu görən kimi divanın üstündən tullanıb yanına gəldilər, ayaqlarına dolaşmağa başladılar. Bir cüt pişik saxlayırdı evdə, biri qaraydı, biri ala. Çeşminin zəhləsi gedirdi pişikdən, taza-taza tutub atmışdı həyətə, amma Hilal yenə salmışdı evə. Çeşminin ulduzu pişiklərlə barışmasa da, day bir söz deməmişdi.

Çeşmi özü indi mitbaxdaydı, çay dəmləyirdi. O həmişə ertədən durub Hilal oyananacan namazını qılırdı, sonra çay tədarükünə başlayırdı.

Hilal stulun söykənəcəyindəki köhnə pencəyi çiyninə atıb həyətə çıxdı. Əvvəlcə səkinin üstündəki dəmir vannadan bir ovuc dən götürüb hinə girdi, toyuqlara səpdi. Beş-altı dənə toyuq idi, bir dənə xoruz, hamısı da Hilal kimi qoca. Sonra çıxıb subaşına girdi. Çıxıb həyətdəki krantda əl-üzünü yudu. Çeşmi süfrəni hazır eləmişdi, Hilal içəri girən kimi çay da süzüb gətirdi. Çayına şirin salıb pendir-çörəkdən noxarış elədi.

Yeyib qurtarandan sonra həyətə çıxdı, hinin qapısını açıb toyuqları həyətə buraxdı, səkinin üstündə oturub siqaret yandırdı. Xoruz həyətə çıxıb qanadlarını çırpdı, boynundakı lələklər qabardı, quruldayıb toyuqların arasında gəzməyə başladı, gəzdikcən uzun məhmizləri bir-birinə sürtünürdü.

Hilal gözlərini dikmişdi göyüzünə. Günçıxan tərəfdə tünd buludlar görünürdü, amma hələ uzaqda idilər. Çeşmi şüşəbəndin qapısını açıb pişikləri həyətə buraxdı, bayaqdan qapını cırmaqlayıb özlərini öldürürdülər. Qara pişik gəlib oturdu Hilalın yanında, başladı ona sürtüşməyə. Ala pişiksə tullanıb hasarın üstünə çıxdı, toyuqları marıtdadı.

Hasar sərağ daşdan tikilmişdi, illərin qarı-yağışı döymüşdü üstünü, bəzi yerləri yeyilmişdi, bəzi yerləri sökülmüşdü. Balaca taxta həyət qapısı da çürüyüb əyilmişdi, çərçivəyə oturmurdu. Elə köhnə ev də sərağ daşdan tikilmişdi. İkigözlü balaca evdi. Sonralar Hilal evlənəndə qabağına şüşəbənd artırmışdılar, şüşəbəndin də kəlləsində mitbax ayırmışdılar.

Hilal siqareti tullayıb ayağa durdu, evin qapısını açanda səs eşitdi. Molla Cəfər səlat çəkirdi. Özü də lap yaxında. Küçəyə çıxdı, gördü məhlə cavanlarından biri dükandan qayıdır, əlində çörək var. Adını bilmirdi, heç kim olduğunu da. Hilal kənd cavanlarını tanımırdı.

“Ay bala” - oğlanı səslədi, “kim ölüb?”

“Sənan əmi. Gecə keçinib.”

Hilal qayıdıb evə girdi.

“Çay istirsən?” Çeşmi soruşdu.

“Yox” - dedi. “Sənan gecə keçinib.”

“Aa, Allah rəhmət eləsin. Bu gün basdıracaqlar?”

“Bilmirəm. Yəqin ki.”

“Haçan gedəcəksən?”

“Bir-iki saata gedərəm.”

Sonra divanda uzandı.

Həə, demək Sənan da getdi. Sənan Hilalın həmtayıydı. Hilalgili bura sürgün olunandan sonra birinci Sənanla tanışıb yoldaş olmuşdu. Əslində buna sürgün də demək olmazdı. Bir növ yerdəyişmə.

Hilalgili özləri Pirşağıdan idilər. Atası Soltanın kənddə dəyirmanı vardı. Otuz yeddinci ildə Soltanı tutub apardılar. Sonra ondan xəbər-ətər çıxmadı. Biri dedi sürgünə göndəriblər, biri dedi güllələyiblər... Ailəsini isə Məhəmmədi kəndinə köçürtdülər. Hilaldı, özündən iki yaş böyük qardaşıydı, balaca bacısıydı, bir də anası. Onda Hilalın altı yaşı vardı. Gəlib burda binə saldılar, güc-bəla ev-eşik tikdilər. Hilalın əmisi Nuru da kömək eləyirdi. Amma onun da ailəsi böyükdü, çox şey edə bilmirdi. Nəsə, birtəhər yaşadılar.

Əlli altıncı ildi, ya da əlli yeddinci. Soltanın bəraət kağızı gəldi. Onda kolxoz sədri Hilalın anasına dedi ki, tazadan Pirşağıya köçə bilərsiz. Onda Hilalnan qardaşı hələ subaydı, bacıları isə elə Məhəmmədidə ərə getmişdi. Anası oğlanları da götürüb gəldi Pirşağıya. Gördü burda əfərdigarlıq qalmayıb. Həyətdə doyunca ağladı. Girəvəyə salıb bütün qohumlar görüşməyə gəldilər.

Əvvəllər qohum-qardaş onlarla görüşməyə qorxurdu, nə də olmasa, xalq düşməninin ailəsiydilər. İndisə bilirdilər ki, Soltan bəraət alıb, ona görə canrahatlıqla evlərinə çağırdılar, qonaq elədilər. Axşam Məhəmmədiyə qayıdanda anası dedi ki, day ora qayıtmayacaq. Bayaq həyətin ortasında ağlayanda başa düşmüşdü ki, bura qayıtsa ürəyi dayanmaz. Onda böyük oğlu dedi ki, icazə ver mən gedim atamın ocağını yandırım. Anasının könlü olmasa da razılaşdı. Hilalsa burda anasıynan qaldı.

Hilalın yuxusu gəlmirdi, ürəyi hələ də sıxılırdı. Ürəyinə dammışdı ki, yeddinci özü olacaq...

Sənannan eyni küçədə yaşayırdılar. Küçənin yuxarı başında Sənangilin eviydi, aşağı başında Hilalgilin.

Məktəbdə də eyni sinifdə oxumuşdular. Bir yerdə az qoyun otarmamışdılar. Hilalgilin qoyunu az idi, cəmisi yeddi dənə. Amma Sənangildə altmışa yaxın vardı.

Dərsdən qayıdıb bir tikə nəsə yeyəndən sonra qoyunları qabaqlarına qatıb gedirdilər çölə. Hərdən girəvəyə salıb kolxozun əkin-biçininə də salırdılar qoyunları. Bir də onda ayılırdılar ki, çolaq Oqtay kəsdirib başlarının üstünü. Çolaq Oqtay kolxozun qoruqçusuydu.

Əl ağacını qapıb düşürdü bunların dalınca. Qaça bilmirdi, bir az söyə-söyə gəlib ağacı tolazlayırdı. Heç vaxt da tutuzdura bilmirdi. Gedəndə hərəsi cibinə bir-iki fal çörək qoyurdu. Acıyanda elə ayaqüstü gəvələyirdilər. Şər qarışan vaxt da qayıdırdılar evə.

Söz vaxtına çəkər. Bələkönbəgül vaxtlarında şər qarışan kimi şəbpərələr2 uçmağa başlayırdı. Az qalırdı adamın ağzına girsinlər. Çomaqnan döşənirdilər şəbpərələrə. Səhər yenə çölə gedəndə görürdülər leşlər elə yerində qalıb, itlər də yemirdi onları...

Hilal günortaüstü durub bir az yemək yedi, əynini dəyişdi, xurmeyi papağını qoyub yasa getdi. Qara buludlar göyüzünü tamam tutmuşdu. Küçəyə çıxanda gördü Tofiq də yasa gedir. Görüşüb hal-əhval tutdular. Tofiq göyə baxdı.

“Yağar bu,” dedi.

“Hə,” Hilal dedi, “görünür, yağacaq.”

“Heç olmasa dəfni yola versin, sonra yağsın.”

Yas həyətində adam çoxdu. Xəbər tutan gəlmişdi. Hilalnan Tofiqi içəri ötürdülər. Qocalar içəri otaqda oturmuşdular. Molla Cəfər Quran oxuyurdu. Bir saat sonra molla dedi, “Vaxtdı.”

Yaxın qohumlar meyiti üç dəfə qaldırıb qoydular, sonra tabutu çıxartıb mafəyə yerləşdirdilər. Beş-altı nəfər mafənin altına girdi. Həyətdən çıxanda çiskinləməyə başladı.

Yavaş-yavaş gedirdilər. Molla qabaqda Yasin oxuyurdu. Yolda da xeylağ adam dəstəyə qoşuldu. Bəziləri gecikmişdilər, bəziləri isə elə indi xəbər tuturdular. Hilal başını aşağı dikmişdi, keçən günləri xatırlayırdı. Tofiq nəsə dedi, amma Hilal eşitmədi. Başını qaldırıb Tofiqə baxdı.

“Ay Hilal, toyuqların yumurtlayır?”

“Hə.”

“Mənimkilər kəsilib yumurtadan.”

“Yaz suyu içsinlər, tazadan başdıyacaqlar.”

Daha danışmadılar. Asfalt yoldan dəharlığa3 çıxdılar. Kəndin ancaq əsas yolları asfaltlanmışdı, ara küçələrnən dalanlar dəhar qalmışdı. Qəbiristanlığa çataçatda yağış narın-narın yağmağa başladı. Getdikcə gücləndi. Tez-tələsik meyiti basdırdılar, üstünü torpaqlayıb qayıtdılar. Qəbiristanlığın gil torpağı palçığa dönmüşdü, getdikcən ayaqqabılarına yapışırdı. Elə dəharlıq da islanmışdı, amma qəbiristanlıq kimi palçıq deyildi hələ. Qapının ağzında molla üçnən qırxın tarixini elan elədi. Camaat başsağlığı verib dağılışdı. Yaxın qohumlardan başqa heç kim qalmadı. Hilal da Sənanın oğluna başsağlığı verib evə qayıtdı. Yarı yolda Tofiq gəlib ona çatdı.

“Hilal, aptekə gedirəm. Dərman-zad lazımındısa bir yerdə gedək.”

“Yox” dedi, “Mən dərman içmirəm... Lazım olandan da çox yaşamışam, indi də dərmannan ömrümü uzadım?”

Tofiq heç nə demədi, çiyinlərini çəkdi, Hilalgilin qapılarına çatanda salamatlaşıb getdi.

El inancına görə, açıq qəbrə yağış düşdüsə, yeddi nəfər ölməliydi. Bir dəfə cavan vaxtı Hilal belə şey görmüşdü, onda da açıq qəbrə yağış düşmüşdü, amma onda altı nəfər ölmüşdü. Görəsən sıradakılar kimlərdi? Hilal yatanacan bunu fikirləşdi.

Növbəti gün Sənanın üçünü verdilər. Hilal səhər də getdi, axşam da. Amma çox oturmadı. Yasda oturmaq ona pis təsir edirdi.

Bu biri gün səhər eşitdi ki, dörd nəfər cavan oğlan ölüb. Gecəynən Kürdəxanı yolunda, Məhəmmədi ağzında maşınnan qəzaya düşüblər. Ora pis yer idi. Kənd yoluna dönəndə daşdan lövhə tikib üstünə Məhəmmədi yazmışdılar. Deyirdilər ki, hansısa məsçiddən sökülən daşlarnan tikiblər lövhəni, ona görə orda tez-tez qəza olur. Maşındakılar elə yerlərində qalmışdılar. Özü də elə bil seçib yığmışdılar uşaqları. Hamısı cavan idi, heç biri otuzunu keçməmişdi, dördü də evin tək oğlu, dördü də evli, dördünün də bir uşağı. Kənd dəymişdi bir-birinə. Əvvəl məsləhət elədilər ki, yası məsçiddə versinlər, dördüyçün də bir yerdə. Amma mərhumların qohum-əqrəbaları razı olmadılar.

Abşeron
Abşeron

Günorta meyitləri basdırdılar. Axşamüstü Hilal kənddə eşitdi ki, cavanlardan birinin atası özünü öldürmək istəyib, nematod4 dərmanı içib, aparıblar xəstəxanaya. Gücnən qurtara biliblər.

Hilal bunu eşidəndə başını yellədi.

“Day neynəsin bədbəxt oğlu bədbəxt? Çəkilməli dərd deyil ki...”

Övlad acısını Hilal özü də çəkmişdi, bilirdi nə deyən şeydi. Ona görə o kişini də başa düşürdü, o biri uşaqların ata-analarını da. Hilalın iki qızı balaca vaxtı ölmüşdü, gözü görə-görə əlindən çıxmışdılar, heç nə də eləyə bilməmişdi...

Bu biri günün səhərini də ağır xəbərnən açdılar. Dərman içən kişi səhərəyaxın xəstəxanada keçinmişdi. Deyirdilər ki, birdən-birə vəziyyəti ağırlaşıb, iki dəqiqənin içində ölüb gedib. Heç həkim özünü çatdıra bilməyib.

Axşama yaxın meyiti morqdan çıxartıb gətirdilər, yuyub kəfənlədilər. Elə axşamnan basdıracaqdılar. Amma Hilal dəfnə getmədi. Üç günün içində altıncı dəfn idi. Bu həddindən çoxdu.

Hilal axşam yerinə girəndə ürəyi sıxılırdı. Yeddinci adamı fikirləşirdi. Atalar bir şey bilib ki, deyib də. Nahaqdan deməzlər ki. Nolsun cavanlığında gördüyü vaxt altı nəfər ölmüşdü? Bəlkə Hilal düz saya bilməyib? Heç o vaxt kimlərin öldüyü də yadında deyildi. Bircə onu bilirdi ki, altısı da bir-birinin dalınca getmişdi. Elə bil bir-birinin ağzına tüpürmüşdülər.

Hilalın yuxusu gəlmirdi, ürəyi hələ də sıxılırdı. Ürəyinə dammışdı ki, yeddinci özü olacaq...

Səhər durandan sonra toyuqlardan ikisini tutub kəsdi. Gətirib Çeşmiyə verdi.

“Sən bunnarı üt, mən gedim düyüynən yağ alım gəlim. Aş bişir. Günorta gedək qızgilə. Darıxmışam uşaqlarçün.”

Çeşmi heç nə demədi. Başını razılıq mənasında tərpətdi.

Hilalın bircə bu qızı salamat qalmışdı. Bu ortancılıydı. O vaxt üçü də birdən xəstələnmişdilər. Qarınları şişirdi. Həkimə apardılar, dava-dərman elədilər. Böyük qıznan kiçiyi sağalmadı, bircə bu qız özünə gəldi. Bunu da Digahdakı türkəçarəçi arvad sağaltdı. Qızların ikisi öləndən sonra kənddə yaşlı arvadlardan biri Hilala dedi ki, get Digaha, orda filankəs var, nəsə çarə eləyər.

Gedib arvadı tapdı, dərdini dedi. Arvad heç onnan evə də gəlmədi. Əlamətləri eşidib dedi ki, bu xəstəliyin çarəsi üzümdü. Hər gün səhər üzümün suyunu sıx, acqarına içirt uşağa. Yayın axırıydı, üzümün çox olan vaxtıydı. Nəsə, qızı üzümnən sağaltdılar.

Qız indi Fatmayıda ərdəydi. Onu da oğul-uşaq basmışdı. İkinci oğlunun toyuna hazırlaşırdılar. Baş qarışıq idi deyə haçandı atasıgilə gələ bilmirdi.

Hilal bazarlıq edib qayıtdı. Çeşmi toyuqları ütmüşdü. Bir-iki saata aş hazır oldu. Hilal hasardan qonşunu səslədi. Haçan maşınlıq işi olsa onu çağırırdı. Qazanları süfrəyə büküb baqaja qoydular. Hilal nikolaydanqalma girvənkəlik qıfılla qapını bağlayıb maşına oturdu, yola düşdülər.

Qızgilin qapısında düşəndə Hilal əlini cibinə saldı, bir dənə beşlik çıxartıb bardaçoka atdı.

“Hilal əmi, vallah lazım deyil.”

“Yox-yox, benzin tökərsən.”

“Çox sağ ol. Axşam gəlim dalınızca?”

“Yox, uşaqlar gətirərlər, zəhmət çəkmə.”

Çatan kimi isti-isti aşı yedilər. Nəvəsi samavar qaynatdı. Xeylağ söhbət elədilər. Bir də gördülər hava qaralıb. Ayağa duranda qızı dedi ki, bu gün qalın, sabah gedərsiz.

“Ayda-ildə bir dəfə gəlirsiz, qalın da.”

“Yox” dedi. “Getsək yaxşıdı.”

Kürəkəni onları maşınnan gətirib düşürtdü. Həyətə girən kimi Çeşmi dəstəmaz almağa getdi. Hilal evə girib əynini dəyişdi. Çıxıb səkidə oturdu. Siqaret yandırdı. Birinci qullabı vuran kimi öskürək tutdu onu, gözündən yaş gələnəcən öskürdü. Axır vaxtlar tez-tez belə olurdu, hay olmamış siqaret boğurdu onu. Siqareti tulladı. Pişiklər də gəlib yanında oturmuşdular, quyruqlarıyla onu sığallayırdılar elə bil. Hilal onları bir az tumarladı.

Yaxşı heyvandı pişik. Nə yaxşı, bunlar vardı. Bu pişiklər Hilalın balaca xoşbəxtliklərindən biriydi. Sonra fikrə getdi. Gözləri yol çəkirdi. Çeşmi namazını qılandan sonra qapını açıb bayıra boylandı.

“Gəl yat da” dedi. “Gecdi. Nə gözləyirsən?”

İstədi desin ki, ölümü gözləyirəm. Amma sözü boğazından qaytardı.

“Sən get,” dedi, “mən də indi gəlirəm...”

İzahlar:

1Bələkönbəgül vaxtı – qanqaynayan vaxta (mart-aprel ayları) deyilər.

2 Şəbpərə - yarasa.

3 Dəhar – daşlı-kəsəkli, nahamar yol.

4 Nematod – torpaq xəstəliyi, dərmanı tünd olur.

XS
SM
MD
LG