Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:47

Arabadakı əlil bir gün bordürları qırdı


Vladimir Zhurat
Vladimir Zhurat

-

Krasnoyarskda ayaqları iflic olmuş təqaüdçü bir neçə saat əziyyət çəkərək küçədəki beton bordürları çəkiclə qırıb dağıdıb. Bu şəxs Rusiya vətəndaşı Vladimir Zhurat-dır. Məqsəd əlil arabası üçün yolu açmaq olub. Onun sözlərinə görə, artıq bir neçə ildir şəhər icra hakimiyyətindən xəstəxana yolunun üstündə panduslar quraşdırılmasını xahiş edir. Ancaq təqaüdçü hələ də bu müraciətinə məmurlardan müsbət cavab almayıb.

«BU BİZİ ƏLƏ SALMAQDIR»

Həmin təqaüdçü iyunun 2-də dizlərini yerə qoyub və az qala bütün gün Krasnoyarskda Totmin küçəsində çəkiclə bordürları sındırıb. O bununla beton səkidə əlil arabasına cığır yaratmağa çalışıb. Bu haqda məlumatı Krasnoyarskın televiziyaları TVK və «Prim» xəbər yayıb.

V.Zhurat-ın 20 ildən çoxdur ki, ayaqları və sağ əlinin yuxarı hissəsi iflic olub. O hər gün Totmin küçəsində yerləşən xəstəxanaya baş çəkməlidir. Ancaq əlil arabası ilə xəstəxanaya getmək təqaüdçü üçün müşkülə çevrilib. O, araba ilə səhiyyə müəssisəsi çevrəsindəki hündür bordürlara qalxa bilmir.

«Vəssalam da, mən heç yerdən keçib Totmin küçəsinə gedə bilmirəm. Orda dayanacaqlar, yolayrıcıları, piyada keçidləri, səkilər var və oradan birbaşa keçib gedə bilmirsən, hər evin qarşısında bordür var. Belə olmaz axı. Bu bizi ələ salmaqdır!», – V.Zhurat deyir.

«ƏLİLSƏNSƏ YIXIL EVİNDƏ ÖL!»

Təqaüdçünün təkbaşına keçirdiyi bu aksiya sosial şəbəkələrdə qızğın müzakirələrə yol açıb.

Məsələn, Tatyana Kikioy yazır ki, hələ dağıdılmalı nə qədər bordür var. «Bordürlar əlil arabasında gəzən və onları müşayiət edənlərdən ötrü məşəqqətdir. Qəhrəman krasnoyarsklını anlayıram», - deyir Tatyana.

V.Zhurat-a dəstək məqsədilə Anastasia Pokusova yazır: «Dövlət əlilləri düşünmürsə, bu dəhşətdir, adamlar çarəsiz qalanda, gərəkli olan işi özləri görməyə məcbur qalırlar». O daha sonra fikrini belə davam etdirir: «Bir çox evlərdə panduslar yoxdur, qohumun, ya özün əlilsənsə, bir yol qalır: yıxıl evində öl».

Olga Borisova daha qısa münasibət bildirib: «Heyf ki, bizim ölkəmizdə əlillər üçün heç bir şərait yoxdur».

ŞƏHƏR RƏSMİLƏRİ İDDİA QALDIRMAYACAQLAR

Şəhər təsərrüfatı departamentindən yaşlı adama qarşı Krasnoyarskın əmlakına vurduğu ziyana görə hər hansı iddia irəli sürməyəcəklərini bildirirlər. Hətta məmurlar söz verirlər ki, improvizə şəklində düzəldilmiş pandusu başa çatdıracaq və bir az da yaxşılaşdıracaqlar.

Rusiyanın başqa şəhərlərində də əlillər üçün şəraitin yaxşı olduğunu söyləmək olmaz.

CurrentTime TV Rostov-Donda yaşayan əngəlli Maria Volkova-nın üzləşdiyi çətinliklərə də toxunub. O da ilk növbədə pandusların azlığından gileylənir. Bundan başqa, dayanacaqlardakı səkilərdə arabaların enişi üçün yer qoyulmadığını bildirir.

ROSTOVDA ƏLİLLƏRƏ FUTBOLA GÖRƏ KÖMƏK EDİRLƏR

Amma maraqlısı başqa məsələdir. Rostov-Donda üç yeraltı keçiddə əlil arabaları üçün qaldırıcı-endirici qurğular quraşdırılıb. Bunu görən şəhər əhalisi yaxşı mənada təəccüblənib və Rostov-Donun Avropa şəhərinə çevrildiyini düşünüb. Ancaq sevinc qısa çəkib.

Həmin qurğunun yerləşdirildiyi dəmir qutu üzərində yazılıb ki, istifadə üçün dispetçer düyməsinə basılmalıdır, yalnız onun yardımı ilə aşağı enmək olar. Dispetçeri isə «gördüm» deyən yoxdur. CurrentTime TV-nin əməkdaşı əlil arabasındakı Maria Volkova ilə onu yarım saatdan çox gözləsə də, gəlib çıxmayıb.

Sözügedən qurğular 2018-ci ildə Rusiyada keçiriləcək dünya futbol çempionatına görə quraşdırılıb. Həmin vaxt oyunların keçirildiyi şəhərlərdən biri də Rostov-Dondur. Şəhər rəhbərliyi turistlərin ölkə hakimiyyətinin əngəlli insanlara yaratdığı şəraiti öz gözləri ilə görməsini istəyir. Ancaq oyunlara iki il qaldığından, qurğuların sıradan çıxmaması, korlanmaması üçün dəmir qutularda zəncirlənərək qorunmaqdadır. Şəhər camaatı üçün əlçatmaz qalmaqdadır.

Maria Volkova-nın fikrincə, qaldırıcı-endirici qurğuları istifadəsiz saxlamaqdansa, əlil insanların yaşadığı binalarda quraşdırmaq olardı. Onlar da başqalarına möhtac qalmazdı.

XS
SM
MD
LG