Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:46

Gürcü kinosunda Şah Abbas qəddar və qaniçəndir


Shah Abbas I and his court
Shah Abbas I and his court

"Georgi Saakadze" filmində Şah Abbas qəddar və intiqamçı hökmdar kimi təqdim olunur

►Filmdə azərbaycanca sözlər var...

Çoxları bilmir ki, Gürcüstanda sovet dövründə çəkilmiş "Georgi Saakadze" filmində Şah Abbasın obrazı yaradılmışdı.

İkinci dünya müharibəsi zamanı Sovet lideri İosif Stalin öz həmyerliləri olan gürcülərə müharibə və döyüş ruhunu aşılamaq üçün tarixi gürcü qəhrəmanı Georgi Saakadzenin adını tez-tez işlətməyə başlamışdı.

Ümumiyyətlə sovet dövründə II dünya müharibəsi başlayar-başlamaz mərkəzi hökümət tərəfindən bütün sovet respublikalarında milli-vətənpərvərlik mövzusunda filmlər çəkmək əmr edilmişdi.

Düzdür Azərbaycanda bu dövrə aid parlaq müharibə filmləri yoxdur, təkcə rejissor A. Quliyevin çəkdiyi "Vətən oğlu" (1941) və "Bəxtiyar" (1942), dənizçilərin igidliklərindən bəhs edən "Sualtı qayıq T-9” (1943, rejissor A.İvanov) saymaq olar ki, onlar da Azərbaycan tamaşaçısı tərəfindən o qədər də bilinmir.

"Georgi Saakadze" (1942) filminn posteri
"Georgi Saakadze" (1942) filminn posteri

Həmin dövrdə Stalinin ana vətəni olan Gürcüstanda Georgi Saakadze (1570-1629) haqda film çəkilirdi.

Filmin ssenarisini miliyyətcə gürcü olmayan, amma Gürcüstandan doğulub böyümüş sovet yazıçısı Anna Antonovskaya yazmışdı.

Ümumiyyətlə, onun Georgi Saakadze haqda 5-cildlik “Böyük Mouravi” adlı tarixi-qəhrəmanlıq romanı var.

Qeyd etmək lazımıdr ki, Saakadzeni tarixi şəxsiyyət kimi yenidən dirildən də məhz Anna Antonovskaya və onun romanı əsasında 1942-ci ildə rejissor Mixayil Chiaureli tərəfindən çəkilmiş “Georgi Saakadze” filmi olub.

Maraqlı fakt odur ki, bəzi mənbələrdə filmin ikinci bəstəkarı kimi Üzeyir Hacıbəyov göstərilir.

​Əlbəttə deyə bilərik ki, Georgi Saakadze bir tarixi qəhrəman kimi azərbaycanlıları niyə maraqlandırmalıdır və azərbaycan tamaşaçısı onun haqda filmə niyə baxmalıdır?

Məsələ ondadır ki, Georgi Saakadze Azərbaycan və hətta Türkiyə tarixində rolu olmuş bir şəxsiyyətdir. Saakadzedən danışarkən onun çox ziddiyyətli olması ilə bərabər, bütün ziddiyyətlərinin vətəni Gürcüstanın ayaqda qalması uğrunda ortaya çıxdığını qeyd etməliyik.

Tarixin müxtəlif dövrlərində onu gürcü çarı II Laursabın, Səfəvi şahı I Şah Abbasın, Osmanlı Sultanı I İbrahimin və yenidən gürcü çarı I Teymurazın xidmətində görmək olardı. Həmçinin o bir zamanlar xidmət etdiyi bütün şahlara, çarlara qarşı da vuruşub. Sonda Osmanlı Sədrəzəmi Hüsrev Paşa onu satqınlıqda günahlandıraraq edam etdirir.

Georgi Saakadze
Georgi Saakadze

​Georgi Saakadze haqda çəkilən film gürcü torpaqlarına osmanlıların hücumu ilə başlayır, filmdən belə məlum olur ki, o dövr gürcü çarının sarayında rusmeylli, osmanlımeylli, səfəvimeylli əyanlar var.

Çarın vəziri Şadiman Barataşvili özü Osmanlılarla gizli ittifaqdadır və çalışır çarı Osmanlı ilə vassallıq müqaviləsinə razı salsın, o həm də I Şah Abbasla yazışır.

Filmdə İran (əslində Şah Abbas dövrü İranı Səfəvilər kimi təqdim olunmalıdır, amma filmdə səfəvilərlə bağlı heç nə yoxdur) isə çox güclü, qorxunc, qarşısında tir-tir əsilən bir dövlət kimi təqdim edilir.

Belə anlaşılır ki, sovet hakimiyyəti bu filmlə Gürcüstanın İran (həm də Türkiyə) ortaq tarixi bağları qopartmağa çalışıb. Sonradan çəkiləcək Azərbaycan, gürcü, erməni tarixi filmlərinin əksəriyyətində də bu siyasət açıq görünür.​​

Şah Abbas
Şah Abbas

Filmdə I Şah Abbas səfəvi deyil fars hökmdarıdır

Həmçinin “Georgi Saakadze” filmində tarixi yanıltma faktı olaraq hakimiyyət başında olan Şah Abbasın fars kimi təqdim edilməsi, səfəviliyindən bəhs olunmaması da qeyd edilməlidir.

Məsəlçün, Şah Abbasın öz sarayındakı monoloqu zamanı o deyir ki, “Xəzər və Qara dənizin suyu məğlubedilməz farsı salamlayacaq”.

Və yaxud Georgi Saakadze Gürcüstanda Səfəvi qoşunları ilə vuruşarkən “İkiüzlü fars sən mənim ölkəmi bölə bilməzsən” deyimini işlədir.

Ancaq bunun əksinə film boyu İran ordusunun yürüş səhnələrində arxa fonda Azərbaycan dilində “Heyratı” muğamı və müxtəlif muğamlardan parçalar səslənir, Qorcu xanın Gürcüstan yürüşü zamanı Verdibəy xana şahın fərmanını verib vəzir Şadiman Barataşviliyə çatdırmasını əmr etdiyi süjetdə, Verdibəy təmiz azərbaycanca “Baş üstə” cavabını verir.

Bunu filmin 1:34-cü dəqiqəsinə görmək olar. Yeri gəlmişkən filmdə Şah Abbasın rolunu oynayan Akaki Vasadze Gürcüstanın ən tanınmış aktyorlarından biri, həm də xalq artistidir və sovet dövründə üç dəfə Stalin mükafatı alıb.

Akaki Vasadze (1899-1978)
Akaki Vasadze (1899-1978)

​Azərbaycan-səfəvi tarixində bizə təqdim olunan ədalətli, təğyiri-libas olub xalqın içinə çıxaraq xalqın dərdiylə maraqlanan Şah Abbas Georgi Saakadze filmində əksində olduqca qəddar, hiyləgər, intiqam və qan tökmək arzusu ilə yanan bir obraz kimi təsvir olunur. O düşmənlərini şəxsən özü öldürür, başqasına əmr etmir.

Orta rütbəli gürcü dövlət məmuru olan (mouravi gürcü dilində çarın əmrlərini yerinə yetirən şəxsə deyilir - red) Georgi Saakadzenin gedib Səfəvi sarayına düşməsi də uzun bir hadisələr zəncirinin nəticəsi idi, o Gürcüstana hücum etmiş Osmanlı ordusu ilə vuruşan zaman fərqlənir və onları ölkədən qovur, Saakadzenin bu hərbi uğuru böyük nüfuza malik gürcü əyanlarının gözünü qorxudur və Saakadzeni ölkədən didərgin salırlar, nəticədə Saakadze ölkədən qaçıb Şah Abbasa sığınır, o Şah Abbasın ordu cəngavərlərindən biri kimi, Hindistan, Əfqanıstan, İraqa, Orta Asiyaya yürüşlər edir, Osmanlılarla müharibədə mühüm qələblər qazanır.

Ancaq Şah Abbas Saakadzeni səfəvi ordusunun başında Gürcüstana göndərərkən düşünülməmiş addım atır, Saakadze Gürcüstana gəlib səfəvilərin özü ilə vuruşur və dağlara çəkilib partizan müharibəsinə başlayır.

Film Saakadzenin vətəninə sadiq olaraq dayanmadan yadelli düşmənlərə qarşı mübarizəsinin təsviri ilə bitir. Tarixdə isə Saakadze bir neçə il sonra Osmanlıya sığınır və hətta qısa müddətliyinə Konya valisi də olur. Osmanlılar tərəfindən oğlu Avtandillə birgə Hələbdə edam edilir.

XS
SM
MD
LG