Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:50

'AzadlıqRadiosunun Azərbaycan dövləti ilə problemi yoxdur'


Adil İsmayılov
Adil İsmayılov

AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyi Vergilər Nazirliyini məhkəməyə verib. İddiaya iyunun 23-də 1 saylı İnzibati-İqtisadi Məhkəmədə baxılacaq. Radio 2015-ci ilin yanvarından 2016-cı ilin martınadək aparılan yoxlama nəticəsində vergi orqanının tərtib etdiyi «Akt»ın ləğvini və həmin «Akt» əsasındakı qərarın etibarsız sayılmasını istəyir. Məhkəmədə AzadlıqRadiosunun hüquqlarını qoruyan vəkil Adil İsmayılov məsələnin mahiyyətini açıqlayır:

– Vergilər Nazirliyi AzadlıqRadiosuna mənfəət vergisi hesablayıb. Halbuki, AzadlıqRadiosu qeyri-kommersiya təşkilatıdır və heç bir mənfəətdən söhbət gedə bilməz. Bunu Vergilər Nazirliyinin əməkdaşları da anlayırdılar. Üstəlik, mənfəət vergisini hesablamaq üçün bunlar, ümumiyyətlə, AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyinə daxil olan bütün məbləğləri götürüb, ondan 20 faizlik rentabelliklə vergi hesablayıblar. Faktiki, AzadlıqRadiosu heç bir gəlir əldə etməyib, nə reklamı, nə də başqa yerdən qazancı var, daxil olan bütün məbləğlər də radionun baş ofisindən gələn pullardır, heç bir mənfəətdən söhbət gedə bilməz. AzadlıqRadiosu mənfəət vergisinin ödəyicisi olmadığına görə də bu «Akt» qanunsuz və əsassızdır. Bu azmış kimi, daxil olan bütün pullara mənfəət hesablayıblar. Ən azı, özləri də bilir və bunu təsdiqləyən sənədlər də təqdim olunub ki, daxil olan məbləğin əsas hissəsi əmək haqlarına gedib, müəyyən hissəsi avadanlıq alınmasına, ofis icarəsinə xərclənib. Heç olmasa, bunları çıxıb qalanına mənfəət vergisi hesablasaydılar, yenə anlamaq olardı. «Bəzi xərclənən mənbələr məlum deyil» yazıb məbləğin hamısına mənfəət vergisi hesablamaq gülüncdür.

Yeri gəlmişkən, AzadlıqRadiosunda daha əvvəl də yoxlama keçirilib və 2010-cu il iyunun 7-də də «Akt» tərtib olunub. O vaxt Vergilər Nazirliyinin nümayəndəsi «Akt»da yazıb ki, AzadlıqRadiosu mənfəət vergisinin ödəyicisi deyil. Yəni radio Bakıda fəaliyyət göstərdiyi dövrdə – 2010-cu ilədək və ondan sonra da mənfəət vergisi ödəməyib. Azərbaycanla ABŞ arasındakı sazişə görə, bu vergini ödəməkdən azaddır. Həmin sazişi də vergi orqanına təqdim etmişdik. Təəssüf ki, onlar bunu nəzərə almadılar.

– «Akt»da həm də qeyd olunur ki, AzadlıqRadiosu 2008-ci il yanvarın 1-dən 2009-cu il yanvarın 1-nədək lisenziyasız yayımlanıb. Həmin dövr 2010-cu il yoxlamasından əvvəlki dövrə təsadüf edir. O «Akt»da bu barədə nəsə olub?

– Bu məsələ 2010-cu ildə tərtib olunmuş «Akt»da öz əksini tapmayıb, çünki radionun lisenziyasız fəaliyyətindən söhbət gedə bilməzdi. Biz yoxlamanın gedişində sənədlər də təqdim etdik və həmin sənədlərdən görünür ki, lisenziyanın müddəti 2008-ci il sentyabrın 7-də başa çatıb. Amma bundan sonra AzadlıqRadiosu ilə Teleradio Şurası arasında danışıqlar gedib və nəticədə, razılıq əsasında radio yayımını davam etdirib. Lisenziyanın müddəti bitəndən sonra icazə olmasa, AzadlıqRadiosu heç cür dalğaya çıxa bilməzdi. Bundan ötrü Teleradio Şurasının razılığı bir yana, həm də o tezliyə çıxışı təmin edən qurumların da icazəsi olmalıdır. Lisenziyanın ləğvi barədə qərar 2008-ci il dekabrın 30-da verilib. Orada da göstərilib ki, dekabrın 31-dən sonra lisenziyanın müddəti uzadılmasın. O səbəbdən lisenziyasız fəaliyyət barədə yazılanlar absurddur. Bununla əlaqədar başqa məqamlar da var ki, iddia ərizəsində göstərmişik. Məhkəmədə də sübut olunacaq ki, lisenziyasız fəaliyyət, ümumiyyətlə, mümkün deyil.

«Akt»dakı başqa bir məqam işçilərlə bağlanmış müqavilələrlə əlaqədardır. Guya radio işçilərlə əmək müqaviləsi bağlamalıydı, amma mülki – xidməti müqavilə bağlayıb. Bu hissə ilə də razı deyilik. Bu, həm radionun, həm də əməkdaşlıq edən şəxslərin özünün istək və seçiminə bağlı məsələdir. Yeri gəlmişkən, həmin məsələylə əlaqədar AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri olmuş, sonra radioyla xidməti mülki müqaviləylə əməkdaşlıq edən Xədicə İsmayılovaya da ittiham verilmişdi. Ona bu ittihamı vermək üçün 2015-ci il yanvarın 19-da «Aralıq Aktı» tərtib olunmuşdu. O «Akt»da mülki müqavilə əsasında çalışan 9 nəfərin adı vardı və onların hər birinə nə qədər pul verildiyi də öz əksini tapmışdı. «Aralıq Aktı»nda göstərilən bu məsələni sonradan əsas «Vergi Aktı»na da daxil ediblər. Məlum olub ki, «Aralıq Aktı»nda göstərilən ad və məbləğlərlə əsas «Akt»da göstərilənlər arasında fərq var. Bununla bağlı öz iradlarımızı bildirdik, şikayətimizdən sonra «Akt» ləğv olundu. Ardından – bir ay ötəndən sonra yeni «Akt» tərtib edildi. Bu dəfə həm adamların sayında, həm adlarında, həm də aldıqları məbləğlərdə fərqlər vardı. Maraqlısı budur ki, adlar və say dəyişilsə də, onlara verilən məbləğlər sabit qalmışdı. Bu, vergi əməkdaşlarının qeyri-peşəkarlığından xəbər verir, həm də onu göstərirdi ki, əvvəlcədən «Aralıq Aktı»nda çıxardıqları və Xədicə İsmayılovaya ittiham verilən ümumi məbləği dəyişmək istəmirdilər.

«Akt»da bir bənd də akkreditasiya ilə bağlı idi ki, xarici KİV-in əməkdaşı burada akkreditasiyadan keçməlidir. Bu da Xədicə İsmayılovaya verilən ittihamlardan biri idi. Bunun özü də qanunsuzdur. Çünki bu «Vergi Aktı» tərtib olunan zaman və yoxlamanın əhatə etdiyi dövrdə akkreditasiya qaydaları müəyyən olunmamışdı. Qaydaları 2015-ci ilin aprelində Xarici İşlər Nazirliyi müəyyənləşdirib. Qaydalar olmadığı halda, necə akkreditasiya oluna bilərdi? Bu, gülünc deyil? Digər tərəfdən, akkreditasiya özü-özlüyündə məsuliyyət yaratmır. Sadəcə, hansısa KİV nümayəndəsinin haradasa qeydiyyata alınmasından söhbət gedə bilər, məsuliyyətdən yox.

– 131 min 540 manat vergi cəriməsi hesablanıb. Ödənilib?

– Ödənilməyib və bunun bir neçə səbəbi var. Səbəblərdən biri budur ki, AzadlıqRadiosunun ofisi istintaq orqanı tərəfindən qanunsuz olaraq möhürlənmişdi, nələrin götürüldüyü ayrı-ayrılıqda sənədləşdirilmədən bir protokolla bütün sənədləri yığıb aparmışdılar. Sənədlərlə yanaşı, AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyinin möhürünü, ştampını da götürmüşdülər. Faktiki, radionun işini iflic etmişdilər və bu gün də AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyi fəaliyyət göstərə bilmir. Nə möhürü var, nəştampı. Ofisin qapısını 2014-cü ilin dekabrından 2015-ci ilin mayınadək möhürləyib bağlı saxladılar, açandan sonra da icarədar təşkilatdan tələb etdilər ki, AzadlıqRadiosunu oradan çıxarsınlar. AzadlıqRadiosunun nəinki öz hesabları, hətta əməkdaşlıq edən şəxslərin hesabları da dondurulub. Bu gün cəriməni ödəmək istəsək belə, buna imkan yoxdur. Möhür yox, ştamp yox, hesablar dondurulub. Əgər 131 min 540 manatlıq cərimə ödənilsə, bunların məntiqiylə belə çıxır ki, daxil olan bu məbləğə görə də mənfəət vergisi verməliyik.

– AzadlıqRadiosuyla bağlı istintaq nə yerdədir?

– Bildiyimə görə, Xədicə İsmayılova barəsində cinayət işi ümumi işdən ayrılıb göndərilmişdi. O cinayət işi də təkcə AzadlıqRadiosunun yox, ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərin xaricdən aldığı maliyyənin guya qanuniliyini araşdırmaq məqsədilə başlanmış iş idi. Həmin iş qalır hələ də. Dəfələrlə prokurorluqla əlaqə saxlayıb, istintaqın yekunlaşıb-yekunlaşmadığını soruşmuşuq. Hər dəfə də «bu gün-sabah» deyirlər. Bugünlərdə bir daha Baş prokurora müraciət olundu. Bildirdik ki, AzadlıqRadiosu bu məsələnin sülhlə, danışıqlarla həll olunmasını istəyir. Yəni AzadlıqRadiosunun Azərbaycan dövlətiylə heç bir problemi yoxdur. Eyni zamanda, dövlətin də AzadlıqRadiosuyla hər hansı probleminin olmadığını düşünürük. Əgər məhkəmə obyektiv, qanuni olacaqsa, «Vergi Aktı» ləğv ediləcək və onun əsasında çıxarılmış qərar da etibarsız sayılacaq. Əgər olmasa, AzadlıqRadiosu öz haqlarını beynəlxalq müstəvidə qorumaq məcburiyyətində qalacaq.

XS
SM
MD
LG