Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:41

Keşkə görüşsəydik bir gecə qapı tinində


İran Azərbaycanından olan şairə Məsum Cabbarpur
İran Azərbaycanından olan şairə Məsum Cabbarpur

-

Keşkə görüşəydik bir gecə qapı tinində

Keyfini alsan, ya acı çəksən

önəmli deyil

Dırnaqlarının naxışıdı

sırtında

Boşalan an

al bakirəlik yamağını.

Qopar neçə illik meyvəni

köhnə ağacdan,

Unut ürəyindəki üşüntünü.

Bir nəfəs mənə pıçılda

Bıçağın almaya pıçıldadığı kimi.

Baxsana,

dodaqlarım qovuq-qovuq quruyub,

günahın könüllüyündə,

Erkəkliyinə əllərim tamarzı

Cəhənnəmlə qorxutmayın,

Bu istəklərimlə qoyun cəhənnəmdə yatım

bitməmiş arzularımla...

Sizin cəhənnəminiz anmanın axışıdır

Yeni cəhənnəm yaratmışam gecələrimdə

Gecənin cib saatını 25-ə qurmuşam

Yuxum ağırdı diləklərimin damarını vur get

Bir də

Ayın 14-üncü gecəsi boynumun

Şah damarın sümür...

Yorğun divarın damar atışlarında

kölgəmlə seviş

Qoy itlər hürsün

Get

Çiban tək qəhrimi gözlərimdən

qaytardığım zaman

Bax yenə Qızıl üzülən çayı çağlayacaq

Get

Amma

Sözlərimin iznini kimə tapşırım

Ki

Əllərim səndən başqa yazmağa öyrətməyirlər

Anacaq bir ədalətə umuram

yurdunu buraxıb mənlə avara

Yurdsuz qalman

Denən kim yiyəliklənir o qanlı yurda?

Yoxluğunda!

Bir söz söyləmədən

Çeynənmiş sözləri uduram

Çıx bir şaircəsinə

Abartmadan

Səni tanrılardan çox səcdə etmişəm

Getsənə!

Doldurub gözümü şeh bir xatirə

Ağlamaq boyuma biçilib sanki

Dönmüşəm arxama baxıram bir an

Məncil ürəyin gülür anbaan

Bilirsən?

Möhtəşəm taxıldı sevgi oxları

Nisgilli gülüşlər deşildi böylə

Keşkə görüşsəydik bir gecə qapı tinində

Anamın gözündən iraq -

Karıxıb

Qonşunun sözündən xəbərsiz qalaq

Həsrət dolu dodaqları soraqlaşaydın

...

Getmisən illərdi acı xatirə

Dolaşır damarlarımda

qan həkimi şaşır sonucu incələyən an

Hələ də gecələr çıraq əlimdə

Uşaq tək olmayan şeyi axtarıb tapa bilmirəm

Ağlayıb hönkürüb ağlaya bilmirəm

Doldurub gözümü şeh bir xatirə

***

Yenə qarğınmış cuma axşamı

Sənsizlik qabarır içimdə yenə

Bəlkə,

bəlkə bir Cuma qurban getdim

bir acı günə

Yasaları pozuram

Yasaları pozuram

Sınırlar ötəsi bir qısa yazıda

Gözlərini -

Sonsuz bir həbsə dustaqlayıb

Gecə

Yasaq yollarını keçmə sən deyə

Vizaları yandırır dəli şair

Yenə

Gecə sayıqlamaları

Kim şair adlandırdı məni?

Bilirsənmi?

Xəyanət acısının sonucuyam

Xəyanət -

Çantamda

Kağızlarımda,

Monitor şüşəsində

Ürəyimdə yaşayan kiçicik qızcığaz

***

Menopozu yaşayır

Aybaşı acısını çəkəmədən!

Sil ortaq dilimizi yazılardan

Gülməyi haçan itirdiyimi bilmədim

Yalnızca bir səs vardır boğazımda

Bir boğulmuş hıçqırlq!

İnanclarımda,

Sürgünlər yurdunda

Bir qadın

Acı dolu çantası ilə

Söz satır!

Yalnız qəhər dolusu sözcüklər

Buralarda

Sözcüklərdə kimlərin əlində bilmədim

Nifrət dolusu bir ürək sevgidən yazır

Sevgi dolusu bir ürək

Necədə yana-yana kağızın bağrını deşir

Baxsana

Söz, ağzımdan düşür

Birə kimi canıma daraşır kəlmələr

Gecələr birisi

Şeir dilənir yanıq ürəyimdən

Menopozu yaşayan bir otuz neçə yaşlı qız

Erkən qarıma yaşayır

Sevgi dadmadan

Baxsana

Qələm əl-ayağa düşür

Səndən yazmağa

Qutsuz bir qadın sözləri ayaqlayacaq

Yalnız sənin üçün!

***

Aman aman ərincək dodaqlarından

İçimdəki sənin

Əsirgəmə tozlu aynadan

Bir dodaq gülüşünü, nə olur?

Sındırsana qayğılı axşamçağıların duruşunu

Sən gülən ayın simgəsi

Tala lüt ağacların tumurcuq bayraqlarını

Yelin əl-ayağına

Sən

Sən inanclarımda Tanrını dizə çökdürdün

Millət

Yeni bir savcı gətirsənə

Bir yeni ecazla

Əritsin parçalanmış dənizlə

Duzların tarlalarını

Duzlu gəlinin...

Bəlkə yırtdı qara ətəyini

Tikildi ağapbaq gəlinliyi

Ləpələndi qaşqabaqlı yumuruğuna

Güldü mavi gözləri!

Yoxsa

İçimdə quylayacağam səni

Adın qaranlıq qaynağı olacaq

Günlərim kimi!

Gəl

İkicə işdən birini et

Ya iç qaranlığımda ağ qal

Ya

Quyruqlu ulduzları dər

Səpələ üstümə...

Ya içimə ulduzların istisini cala

Ya da

Köksümdəki dağlara yakamozun düşən

Hər çeşidindən yax

İçimdə olmayan bir rəngi boşalt

Göbəyimə,

Qarın dərilərimə buğlayan rənglərinə

Hər boyutundan tök

Tök,

Bəlkə

Şans bu gecə qapımı çaldı

Rənglər üzümə yeridi

İncilər dənizsiz incilir!

Heç bilirmisən?

Gəl

İkicə işdən birini et

Yoxsa

Sil

Ortaq dilimizi yazılardan!

XS
SM
MD
LG