Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:56

"Bizdə həkim səhvlərindən nəticə çıxarılmır"


Sağlam ayağı kəsilən Tərlan Məmmədova
Sağlam ayağı kəsilən Tərlan Məmmədova

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb. Xəstənin ölümünə gətirən əməliyyatı edən 81 yaşlı həkim müalicə və əməliyyat işlərindən uzaqlaşdırılıb.

Həkimin həmin ölümdə təqsirkar olmasını komissiya araşdıracaq. Hələlik onu ittiham edən xəstənin yaxınlarıdır. Burda həkimin günahkar olub-olmaması hələ şübhəlidirsə, bundan bir neçə gün əvvəl başqa bir “həkim” səhvən xəstənin sağlam ayağını amputasiya etdi....

Həkim səhvləri niyə belə çoxdur? Bunun qarşısını necə almalı?

Həkim ekspert Adil Qeybulla deyir ki, həkim səhvlərinə yanaşma düzgün deyil.

Adil Qeybulla
Adil Qeybulla

“Təbii ki, heç bir səhv cəzasız qalmamalıdır. Araşdırılmalıdır. Bunun aradan qaldırılması yolları, müəyyən edilməlidir. Amma buna yanaşmalar fərqli olmalıdır. Yəni təsəvvür edin ki, həkimin səhvini, səhlənkarlığını, peşəkarlığını dəyərləndirmə müxtəlifdir. Bunun da bir təsnifatı var. Bəzən olur ki, həkimin peşəkarlığı çatmır bu işi görməyə. Bu o qədər incə və peşəkar bir məsələdir ki, bunun ümumi dəyərləndirməsi yalnız, yüksək dərəcəli tibbi komissiyanın, ekspertizanın hesabına həyata keçirilə bilər. Hüquq mühafizə orqanları bunun hüquqi tərəfinə qiymət verir. Bizdə isə bu məsələləri hüquq mühafizə orqanları araşdırır. Bu qətiyyən nəticə vermir. Çünki bu onların sahəsində olan məsələ deyil. Burda tibbi məsələdən söhbət gedir.

Ona görə bu məsələyə yanaşma bizdə bir az fərqlidir. Ona görə də bizdə bu cür səhvlərdən nəticə çıxarılmır. Və yaxud da bu problemin profilaktikası, qarşısını alınması yolları araşdırılmır. Bu məsələlər daha çox mətbuatda müzakirə olunur. Bu müzakirələr mətbuatda peşəkar aparıla bilməz. Ümumiyyətlə həkim səhvlərinin bu cür mtbuatda müzakirə olunması ümumi səhiyyəyə güvəni azaldır. Neqativ tendensiya yaradır. Bunun aradan qaldırılması üçün dünya hansı yolla gedirsə biz də o yolla getməliyik”.

SİSTEM DÜZGÜN OLMALIDIR

Həkimlər Asossiasiyasının sədri Qalib Əliyev isə bildirir ki, həkim səhvlərinin qarşısını ala bilmək üçün doğru sistem qurulmalıdır.

“Həkim səhvlərinin qarşısını 100 faiz almaq qeyri-mümkündür. İkincisi həkim səhvlərinin qarşısını ala biləcək saat mexanizmi kimi işləyən səhiyyə lazımdır. Bunun qarşısını ala biləcək sistem, qanunvericilik lazımdır. 2008-ci ildən Həkimlik məcəlləsi haqqında qanunu təklif etmişik. Orda elə mexanizm nəzərdə tutulub. Heç vaxt həkimlərin buraxdıqları səhvləri heç bir səhiyyə nazirliyi aşkar edə bilməz. Bunun gərək həkim kollektivləri özləri etməlidir. Xəstəxanalar gərək ölüm bataqlığına çevrilməsin. Həkim səhvlərinin qarşısını almaq üçün təhsil, təcrübə lazımdır”.

MƏSULİYYƏTİ ARTIRMAQ

Digər bir həkim Loğman Əliyev isə qeyd edir ki, hər bir əməliyyata görə həkim və onun personalı cavabdehlik daşımalıdır. Buna görə də məsuliyyəti artırmaq lazımdır.

Loğman Əliyev: "Şöbə müdiri, baş həkim cavabdehlik daşımalıdır..."
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00
Direct-ə keçid

“Bunun olmaması üçün həkim öz məsuliyyətini ciddi başa düşməlidir. Konsultasiya etməkdən çəkinməməlidir. Həkim əməliyyata girəndə hər bir xırda detalı nəzərə alıb, müzakirə etməlidir. Həkim hər bir işə cavabdehdir. Xəstə ən xırda əməliyyatdan tutmuş bütün hallarda tam müayinədən keçirilməlidir. Həkim kollektivimilə müzakirə etməlidir. Həkim nə qədər cavabdehlik daşıyırsa, o dərəcədə də köməkçiləri cavabdehlik daşımalıdır. Şöbə müdiri, baş həkim cavabdehlik daşımalıdır. Belə hallara yol verməmək üçün məsuliyyəti artırmaq lazımdır”.

XS
SM
MD
LG