Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:40

Köçkünlər: 'Tualetdə çimirik'


►Köçkünlər prezidentin ayırdığı 2,5 milyon manatdan yararlanmaq istəyirlər

“Zəng vurduq icra nümayəndəliyinə, dedik, “axşam prezident köçkünlərə 2,5 milyon ayırıb, bu puldan bizə də ev tikiləcəkmi?””

İyulun 20-də Prezident İlham Əliyev məcburi köçkün ailələrinə 2,5 milyon manat ayırıb.

Sərəncama görə, bu vəsait Bakı ərazisində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin edilməsinə sərf olunacaq.

Bu xəbər Mərdəkandakı keçmiş “Bakılı” sanatoriyasında məskunlaşmış Ağdam köçkünlərini sevindirib. AzadlıqRadiosuna müraciət edən köçkünlərin deməsinə görə, Xəzər rayon icra hakimiyyətinin ərazi üzrə icra nümayəndəsi onlara sevinməyin hələ tez olduğunu deyəndə, ovqatları pozulub. Bu barədə bir az sonra... Hələliksə köçkün Teymur Hacıyev 23 ildir ki, azı 25 ailənin məskunlaşdığı yataqxanada sürdükləri həyatın dözülməzliyindən danışır:

“İkimərtəbəli binada kanalizasiya sistemi tamamilə sıradan çıxıb. Binanın çirkab suları zirzəmiyə axdığına görə bina qəzalı vəziyyətə düşüb. Divarlarda çatlar əmələ gəlib, tavan başımıza uçur. Bax, indi yayın istisində üfunət iyi ətrafı bürüyüb”.

Vaxtilə sanatoriyanın çirkab anbarında nasos işləyirmiş, bütün çirkab sular ümumi kollektora nasos vasitəsilə axıdılırmış. 6 il əvvəl nasos yanıb, çirkab sularının axdığı daxili və xarici xətlər sıradan çıxıb.

Köçkünlər binadakı vəziyyətlə bağlı dəfələrlə Xəzər rayon İcra Hakimiyyətinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdikdən sonra, nəhayət, nasos təmir olunub. Ancaq istismar müddətini çoxdan başa vurmuş xətlər yenilənməyib. Köçkünlərin deməsinə görə, nəticədə bina tamamilə yararsız vəziyyətə düşüb.

Buna da bax: 'Bıçaq sümüyə dirənib'

“TUALETDƏ ÇİMİRİK”

Binada içməli və məişətdə istifadə olunmalı su da yoxdur. Köçkünlər içməli suyu maşınla alırlar. Məişətdə istifadə etdikləri suyu isə özlərinin sanatoriyanın qarşısında qazdırdıqları əl quyusundan götürürlər.

Teymur Hacıyev:

“Quyudan binadakı tualetə şlanqla su çəkmişik. Tualetdə çimirik. Duzlu sudur. Nə xəstəlik desən, tapmaq mümkündür. Bu cür şəraitdə binada uşaqdan qocaya qədər bir sağlam insan qalmayıb”.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

VƏRƏMLİ UŞAQLAR

Köçkün Təbibə Quliyeva:

“Binada təmir işləri aparmırlar ki, “bu bina təmirlik deyil”. İstismar müddəti başa çatıb, qəzalıdır. Ötən il şəxsən özüm sakinlərin adından hazırladığımız məktubu prezidentə, fövqəladə hallar nazirinə, Sosial İnkişaf Fonduna göndərmişəm. Nümayəndələr gəliblər, baxıblar, yenə deyiblər ki, binanın təmirlik halı yoxdur. Binanın bir tərəfində hətta bir dəfə uçqun da olub. Gedib vərəm dispanserindən araşdıra da bilərsiniz, görün nə qədər uşağımız orda vərəmli kimi qeydiyyatdadır. Hamısı rütubətdən, kanalizasiya sularının üfunətindən, aldığımız suları “kapron” qablarda saxlamağımızdandır. Xəstəlik baş alıb gedir”.

“KÖÇKÜNLƏR BİR-BİRİNƏ DƏYİB”

Beləliklə, köçkünlər iyulun 20-də prezidentin sərəncamını eşidər-eşitməz Xəzər rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsinə müraciət ediblər. Teymur Hacıyev deyir, nümayəndə onlara heç də ürəkaçan xəbər verməyib:

“Deyir, “bu bina gərək Fövqəladə Hallar Nazirliyinin siyahısına düşə. Əlinizdə kağız olmalıdır ki, bina qəzalıdır. Nazirlik belə rəy verməyib. Ona görə də sizin köçürülməyiniz mümkün deyil”. Səhər açılandan binadakı köçkünlər bir-birinə dəyib. Belə çıxır ki, burada doğulan uşaqlar da elə bu şəraitdə həyatlarını başa vuracaqlar...”

Buna da bax: Yayın cəhənnəmində at-eşşəyin ümidinə qalanlar

“QƏZALI BİNA DEYİL”

Xəzər rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, ayrılan vəsait qəzalı binalarda məskunlaşmış köçkünlərin köçürülməsi üçün nəzərdə tutulub. “Bakılı” sanatoriyasında məskunlaşan köçkünlərə gəlincə, bu bina Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı bina kimi qeydiyyata alınmayıb. Bundan ötrü nazirliyin və icra hakimiyyətinin nümayəndələrindən ibarət xüsusi komissiya yaradılacaq, binaya baxış keçiriləcək. Əgər binadan təcili köçürülməyə zərurət varsa, o zaman “Qaçqınkom”la yerli icra hakimiyyəti birgə tədbirlər görəcək.

Bakı və ölkənin bəzi şəhərlərində bir çox məcburi köçkünlər, hələ də, yataqxanalarda və keçmiş sanatoriya binalarında yaşayırlar. Onlardan bəzilərinin qəzalı vəziyyətdə olduğu bildirilir.

Elə ötən ayın 29-da Bakının Dərnəgül qəsəbəsində N.Tusi adına Azərbaycan Pedoqoji Universitetin 1 saylı yataqxanasında məskunlaşan köçkünlər yolu bağlamışdılar. Onlar yaşadıqları yataqxananın qəzalı olmasından şikayətlənirdilər.

Müstəqil iqtisadçılar 2,5 milyon manatın bütün qəzalı binalarda yaşayan köçkün ailələrinin yeni mənzillərlə təmin edilməsindən ötrü çox kiçik məbləğ olduğunu düşünürlər.

Buna da bax: Söküləsi yataqxananın sakinləri etiraz edir

Söküləsi yataqxananın sakinləri etiraz edir
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

XS
SM
MD
LG