Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:41

'Suraxanının icra başçısı əlilləri işsiz qoyub'


Illüstrasiya
Illüstrasiya

►İcra hakimiyyəti isə əlilləri tələblərində haqsız hesab edir

“Həmin avtoyuma yerində Qarabağ müharibəsində birinci qrup əlilə çevrilmiş beş nəfər işləyirdi. Onlardan biri haqsızlıqlara dözməyərək bu yaxınlarda dünyasını dəyişdi”.

Qarabağ əlili Məğrub Bədəlsoy AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 31 saylı binanın yaxınlığında əlillərin uzun illərdir çörək yeri olan avtoyuma yeri varmış.

Həmin binada yaşayan beş Qarabağ əlili ailəsinin çörəyi, dərman pulu həmin avtoyuma yerindən çıxırmış.

Ancaq bu yaxınlarda icra hakimiyyətinin razılığı ilə kimsə avtoyuma yerinin düz yanında daha müasirini açıb, nəticədə əlillərin gündəlik qazancı əllərindən çıxıb:

“ÇÖRƏYİMİZƏ BAİS OLMASIN”

“Bu əlillər cüzi pensiya ilə ailə dolanandırırlar. Başçı gətirib bunlara şərik qoşandan işsiz, çörəksiz, dərmansız qalıblar. Hökumətə müraciətləri isə cavabsız qalıb. Qurumlara göndərdikləri bütün məktubları Suraxanı rayon icra hakimiyyətinə qayıdır. İcra hakimiyyətinin işçiləri həmin sexi əlil sexinin qonşuluğundan məhkəmə yolu ilə çıxaracaqlarına söz versələr də, artıq vədlərə inanmırıq”.

Buna da bax: Polisdə burnumu sındırdılar

Məğrub Bədəlsoyun deməsinə görə, iyulun 9-da əlillər Suraxanı rayon icra hakimiyyətinin qarşısına toplaşıb etirazlarını bildirmək istəyiblər. Aksiyaya bir az qalmış əraziyə nəzarət edən polis işçiləri hər iki sexin sahiblərini çağıraraq barışmalarını təklif edib:

“Biz həmin sexin sahibinə başa salmağa çalışdıq ki, onun başqa yerdə sex açıb işlətməsinə hər cür imkanı var. Bizsə xəstə, köməksiz insanlarıq. Çörəyimizə bais olmasın. O isə razılığa gəlmədi, dedi, “lazım olsa, ikinci sexi də açacağam”.

“BELƏ QADAĞA YOXDUR”

Əlillər bildirirlər ki, “Əlillərin sosial müdafiəsi haqqında” qanunun tələbinə görə, onların məşğulluğu mütləq təmin edilməlidir və müəyyən çeşiddə məhsulların, xidmətin əlillərdən başqa digər şəxslərin istehsal etməsinə, xidmət göstərməsinə yol verilmir.

Suraxanı rayon icra hakimiyyəti isə əlilləri tələblərində haqsız hesab edir. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, qanun heç kəsə eyni cərgədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan etmir:

“Sahibkarın qanunla bütün sənədləri qaydasındadırsa, vaxtlı-vaxtında sosial və vergi ödənişlərini edirsə, istədiyi yerdə sex də aça bilər, zavod da… Biz sahibkara deyə bilmərik ki, orada əlillər sex işlədir, sən işlətmə. Buna səlahiyyətimiz də çatmır. Qonşuluqdakı sexin işçilərinin narazılığı varsa, məhkəməyə müraciət etsinlər”.

VİCDANA BAĞLI MƏSƏLƏ

Hüquqşünas Vaqif Alıyevsə məsələnin məhkəmə perspektivini görmür:

“Azərbaycan qanunları bərabər ticarət, bərabər sahibkarlıq fəaliyyətini tənzimləyir. Əgər obyekt ərazidə yaşayanların kütləvi rahatlığını pozmursa və buna oxşar səbəblər yoxdursa, kimliyindən asılı olmayaraq, heç kəs qonşuluğundakı ticarət obyektinin fəaliyyətinin dayandırılmasını tələb edə bilməz”.

Hüquqşünas bildirir ki, qanun əlilləri bu məsələdə dəstəkləməsə də, əlillərin göz dikdikləri son qazanc yerinin əllərindən çıxması artıq həmin ərazidə sahibkarlıq fəaliyyəti quranın vicdanına bağlı məsələdir.

XS
SM
MD
LG