Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:49

Tale Bağırov: 'Qurana and içirik ki...'


Taleh Bağırov
Taleh Bağırov

►Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə məhkəmə istintaqı başlanıb

"Biz Qurana and içirik ki, bu maddələrin heç birinin bizə aidiyyəti yoxdur. Əgər varsa, Quran bizə qənim olsun. Əks halda, bu ssenarini quranlara, günahsız adamları qətlə yetirən, işgəncə verənlərə qənim olsun. Qoy gəlsinlər, burada Qurana and içsinlər ki, bizdən silah çıxıb. Əlimi Qurana basaram ki, o iki polisin ölümü Daxili İşlər Nazirliyinin üzərindədir".

Özünü "Müsəlman Birliyi Hərəkatı" adlandıran təşkilatın sədri, ilahiyyatçı Tale Bağırov avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə başlanan məhkəmə istintaqında belə deyib.

Dövlət ittihamçısı Nəsib Bayramov ittiham aktını elan edib.

İttihamda yazılıb ki, Tale Bağırov tərəfdarlarını toplayaraq, mütəşəkkil dəstə yaradıb, hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusion quruluşunu dəyişməyə yönəlik çağırışlar səsləndirib, dəstə üzvlərinə terror aktları törətmək göstərişləri verib.

Buna da bax: Nardaran qarşıdurması (3-cü hissə) - jurnalist araşdırmasının nəticələri

İttihamlar çoxdur

Məhkəmə önünə çıxarılan 18 nəfərdən biri - AXCP sədrinin müavini Fuad Qəhrəmanlı istisna olmaqla, digərlərinə qarşı CM-in 20-dən çox maddəsi üzrə ittihamlar irəli sürülüb. Onların arasında qəsdən adamöldürmə, kütləvi iğtişaşların təşkili, terrorçuluq və s. ittihamlar var. İş materiallarında yazılıb ki, bu şəxslər həbs olunarkən, hər birinin üzərindən əl qumbarası, avtomat, tapança, patronlar götürülüb.

Fuad Qəhrəmanlı isə dövlət əleyhinə açıq çağırışlar səsləndirməkdə, milli, irqi, dini nifrət və düşmənçik salınmasında ittiham olunur. Qeyd edilib ki, Fuad Qəhrəmanlı ötən ilin sentyabrından dekabrınadək "facebook" səhifəsində yazdığı statuslarda Azərbaycan hakimiyyətini Yezidə, günahkar gücə bənzədib, xalqı və müxalifəti nardaranlılara, o cümlədən Tale Bağırov və onun tərəfdarlarına dəstək verməyə, İmam Hüseyn kimi şəhid olmağa çağırıb.

Nardaran qarşıdurması (2-ci hissə) - jurnalist araşdırmasının nəticələri

“Məlikməmmədin nağılı daha maraqlıdır”

Hakim Əlövsət Abbasov təqsirləndirilən şəxslərdən ittihamı qəbul-etmədiklərini soruşarkən onlar "ittiham aktında yazılanlar ssenaridir", "Məlikməmmədin nağılı bundan daha maraqlıdır", "ittiham aktı dövlət adından hazırlanmış siyasi repressiya aktıdır", "polisləri də özləri öldürüblər, imkan verin, sübut eləyək" kimi cavablar veriblər.

Daha sonra Tale Bağırov məhkəmədə ifadə verib. O bildirib ki, noyabrın 26-da Nardaranda, əslində, nəyin baş verdiyini anlamaqdan ötrü ondan əvvəlki hadisələri nəzərdən keçirmək lazımdır. İlahiyyatçı noyabrın 2-də Yasamal Rayon

Polis İdarəsinə çağrılıb orada təzyiqlərə məruz qalmasından danışıb: "Daha əvvəl də MTN-ə çağırmışdılar. MTN-də məni sonradan Kürdəxanı türməsində özünü asan, Antiterror Mərkəzi rəisinin müavini İlqar Əliyev qəbul eləmişdi. İlqar mənə dedi ki, "onsuz da ölkədə vəziyyət pisdi, devalvasiya-filan, siz də adamları qaldırmayın". Nardaran əməliyyatını MTN hazırlamalıydı, sonra məlum hadisələr baş verdi və bu işi Daxili İşlər Nazirliyi görəsi oldu".

“Bildirdi ki, Əli Həsənov deyir, bütün bunlar Allahşükür Paşazadənin işləridir”

Tale Bağırov deyir ki, Müsəlman Birliyi Hərəkatı yalnız dinc mübarizənin tərəfdarı olub:

"Yasamal rayonu polisinin rəisi, Səttar Mehbalıyevin oğlu İsfəndiyar mənə zorakılıq edəndən sonra onlar gözləyirdilər ki, bizi təxribata çəkə biləcəklər. Amma mən ona hüquqi müstəvidə etirazımı bildirdim, prokurorluğa müraciət etdim. Gördülər biz tərəfdən heç kim ayağa qalxmır, 3 gün sonra - noyabrın 5-də Sabunçu təxribatını törətdilər. Müavinim Elçin Qasımovu evindən oğurlayıb apardılar, "toka" verdilər. Noyabrın 7-də telekanallarda, xüsusən Fətullah Gülənin kanalı olan "Xəzər TV"də bizi İŞİD və digər terror təşkilatı, onların liderləri ilə müqayisə edirdilər. Bundan sonra Əli Həsənov və Kamal Abdullaya yaxın olan bir QHT rəhbəri yanıma gəldi. Bildirdi ki, Əli Həsənov deyir, bütün bunlar Allahşükür Paşazadənin işləridir. Həmin adama dedim ki, Azərbaycanda televiziya məkanına Əli Həsənov özü başçılıq edir. Mənə qarşı zorakılıq edən İsfəndiyar Mehbalıyev Əli Həsənovun qudasının oğludur".

Buna da bax: Nardaran qarşıdurması (1-ci hissə) - jurnalist araşdırmasının nəticələri

“Mən bunu “dəvəquşu əməliyyatı” adlandırıram”

Tale Bağırov deyir ki, Hardaran əməliyyatı Prezident Aparatının mətbəxində hazırlanıb: "Mən bunu "dəvəquşu əməliyyatı" adlandırıram. Başlarını quma salıblar, bədənlərindən xəbərləri yoxdur. Bütün ictimaiyyət, beynəlxalq təşkilatlar gördü ki, nə qədər primitiv hazırlamışdılar".

Nardarana getməsinin səbəblərinə toxunan ilahiyyatçı bildirib ki, Milli Qəhrəman Mübariz İbrahimovun ölümünün ildönümü mərasimində özünə təxribat hazırlandığı barədə məlumat alıb. Ona görə də mərasimə qatılmamaq və ümumiyyətlə, bir müddət şəhərdən uzaqlaşmaq qərarı verib: "Biz təxribata getmirdik, çünki mübarizəmiz dinc, sivil olub. Heç bir xarici qurumla bağlılığımız olmayıb. Bunları da təlaşlandıran elə bu idi. Bizi ömürlük həbsə atmaq istəyirlər. Amma onu unutmasınlar ki, özləri də ömürlük orada qalası deyillər. Seçib iki dindar polisi, dinc adamları öldürdülər. Əgər günahımız varsa, biz, yoxdursa o zaman bu hadisələri törədənlər, bu maddələri bizə verənlər şərəfsiz, alçaqdılar.

Tale Bağırov: "Polis əməkdaşları hakimiyyətin əli ilə öldürülüb"
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

“Demişəm ki, Azərbaycanda islam dövləti qurmaq mümkün deyil”

Mən həbsdən çıxandan sonra verdiyim müsahibələrdə, çıxışlarımda bildirmişəm ki, Azərbaycanda islam dövləti qurmaq qeyri-mümkündür. Hə qədər həyasız olmalısan ki, bunun əksini yazasan".

Tale Bağırov həbs olunarkən maşında, ondan sonra Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində özünün və digər yoldaşlarının işgəncəyə məruz qalmasına da toxunub: "Bütün ifadələr işgəncə altında alınıb. Məni "bandotdel"də döyəndə deyirdilər ki, deyirdin, arxanda Allahın var, bəs nə oldu? Mən də ona cavab verdim ki, məni saxlayan Allah var ki sənin kimisinin qarşısında sınmıram. Noyabrın 26-da biz namaz üstündə idik. Küçədən silah səsləri gəldi. Qara maskalılar güllə ata-ata içəri hücum elədilər. Mebel maşınları ilə gəlmişdilər. Məni qandallayıb mebel maşınına mindirəndə, dəhşətə gəldim - cəsədləri, üzü-gözü qanlı adamları tapdalayırdılar. Hacı Fərahim qardaşımız tam sağlam idi, onu maşında döyə-döyə öldürdülər. Məni maşına atandan sonra əllərindəki silahların arxası ilə başıma, üzümə-gözümə vururdular, elə orada burnumu sındırdılar. Aparıb bizi "bandotdel"də yerə atıb təpiklədilər. Üç gün özümdə olmadım. Hətta prokurorluğun müstəntiqi gəlib məni görəndə onlara dedi ki, "daha bu qədər də eləməyin də...".

“Axırda dedilər ki, imkanlı adamların adlarını de bizə”

Tale Bağırov vurğulayıb ki, onların heç birində silah olmayıb:

"İşgəncə verib yalan ifadə almaqla deyil, ortaya çübut qoysunlar. Hanı əməliyyatın çəkilişi? Bizim üstümüzə qoyduqları silahlarla Qarabağı almaq olardı. Əgər biz o evdə dövlət çevrilişi hazırlayırdıqsa, orada qadın, körpə uşaqlar nə gəzirdi? Hə qədər vicdansızdılar ki, hücum zamanı avtomatı uşaqlara da tuşlayıblar. Əvvəl başladılar ki, İrana işləyirsiniz, sonra Milli Şuraya keçdilər, axırda da dedilər ki, imkanlı adamların adlarını de bizə".

İlahiyyatçının sözlərinə görə, Müsəlman Birliyi Hərəkatının yaranma məqsədi milli iradənin ifadəsi olub. Təşkilatın dövlət qeydiyyatına alınması üçün üç dəfə sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, hər dəfə geri qaytarılıb.

Bir başqa təqsirləndirilən - Abbas Hüseynov da ifadəsində ittihamların qondarma olduğunu bildirib, işgəncəyə məruz qalmasından danışıb. Əməliyyat zamanı yaralandığını deyən Abbas Hüseynov qeyd edib ki, uzun müddət hətta yaxınları belə, onun sağ olduğunu bilməyib. Çünki onun öldüyü barədə yalan məlumat yayılıbmış.

“Beynəlxalq Bankın rəhbərini dindirin”

Abbas Hüseynov ona verilən işgəncələrlə əlaqədar Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin şahid qismində məhkəmədə dindirilməsini istəyib: "Çünki o, mənə verilən işgəncələri, bədənimdəki xəsarət izlərini görüb. Başıma torba keçirib döyürdülər.

Taleh Bağırov bunu təsdiqləyib:

““Bandotdel"də qardaşlarımızın işgəncədən bağırtıları məni narahat edirdi. Abbasın da səsini eşitdim, müstəntiqə dedim ki, Abbası çağırın, ona deyəcəyəm ki, tələb olunan ifadəyə qol çəksin. İnsanları öldürmək olmaz, gecə səhərə qədər qışqırıq səsləri gəlirdi".

Məhkəmə avqustun 4-də davam edəcək.

XS
SM
MD
LG