Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:50

Voleybol 'ölüm ayağındadı'


İllüstrasiya
İllüstrasiya

►Maaş yox, forma yox, çempionat yox...

“Milli komanda olaraq bizə diqqət yoxdur, yoxa bərabərdir”

Azərbaycanın kişi voleybol komandası çətin günlərdən keçir. Komandanın üzvlərindən Pərviz Səmədov AzadlıqRadiosuna deyir ki, kişi voleybolu tənəzzüllə uğrayır, ölkədə bu idman növü üzrə çempionat keçirilmir. Bundan başqa, aylardır maaş almırlar, onlara sonuncu dəfə 2014-2015-ci illərdə yeni forma verilib.

“Biz şikayət edəndə cavab verirlər ki, “forma verilib, gömrük sənədi də əlimizdədir”. Şikayətimiz çoxdur. Milli komanda olaraq bizə diqqət yoxdur, yoxa bərabərdir. 10 ildir yığmadayam, can yandırılmır, qızlara (qadın voleybol yığması nəzərdə tutulur-red.) göstərilən diqqətin, dəstəyin, ayrılan maliyyənin onda biri bizə göstərilmir”, – bildirir Pərviz Səmədov.

Voleybolçu milli yığmanın dağılmasına çox təəssüflənir, ancaq ümidini də itirmir. O, Federasiyanın ciddi addım atacağını gözləyir.

Yeri gəlmişkən, komanda üzvləri hələ bir ay öncə ölkə başçısına müraciət edərək kömək istəyiblər. Hələ də cavab yoxdur.

Buna da bax: Baş məşqçi: “Pulu olmayan necə dolanar?”

BAŞ KATİB AYRI-SEÇKİLİK EDİR?

Adının çəkilməsini istəməyən voleybolçulardan biri AzadlıqRadiosuna deyib ki, Federasiyanın baş katibi Elşən İsmayılov bir gün öncə, avqustun 8-də yığma üzvlərini bir yerə toplayıb, ancaq verilən cavablar komanda üzvlərini qane etmədiyindən iclas narazılıqla bitib. Hətta baş katibə sərt cavab verən bir neçə komanda üzvünün “cəzalandırıldığını”, yəni komanda yoldaşlarından fərqli olaraq onlara maaş verilmədiyini söyləyirlər. Bunu görən yığma üzvlərinin hamılıqla maaşdan imtina etdikləri bildirilir.

VOLEYBOL FEDERASİYASINDA KİMSƏ YOXDUR

Gün ərzində Voleybol Federasiyasına dəfələrlə zəng etsək də, konkret cavab ala bilmədik. Ofisin telefonlarını qaldıran yoxdur, mobil telefonlar söndürülüb. Federasiyanın vitse-prezidenti Faiq Qarayevin və başqa səlahiyyətli şəxslərin Rio-de-Janeyroda Olimpiya Oyunlarında iştirak etməyə yollandıqları bildirilir. Yığmanın məşqçisi Fərid Cəlalov “atası xəstə olduğu üçün danışa bilmədiyini” söyləyir.

Baş katib Elşən İsmayılovla isə heç cür əlaqə yaratmaq mümkün olmadı. İdmançılar özləri də onunla köməkçiləri vasitəsilə əlaqə saxladıqlarını deyirlər...

Buna da bax: "Leyla Əliyevanın adamları dedi, krizisdi"

“VOLEYBOL ÖLMƏKDƏDİR”

İdman şərhçisi Sərxan Musalı da qadın voleyboluna daha çox diqqət ayrıldığını söyləyir. O bunu vitse-prezident Faiq Qaryevin qadın voleybolu üzrə mütəxəssis olmasıyla izah edir.

“Kişi voleybol komandaları arasında 1990-cı illərdə “Metro” vardı, daha sonra “Azərneftyağ” vardı, bu klubun oyunçuları yığmanın əsasını təşkil edirdi, avrokuboklara qatılırdı. Amma bir mərhələ adlaya bilirdi. Bu da diqqətsizliklə bağlı idi. Düz-əməlli çempionat keçirilmirdi deyə irəli gedə bilmədilər, bir ara ölkə çempionatı da keçirilmədi. Son 2-3 ildə keçirilən çempionatsa yola verməyə bənzəyir, səviyyə yoxdur. Kişi voleybolu ölməkdə idi, Avropa Oyunları ərəfəsində Türkiyədən baş məşqçi gətirildi. Pis təsir bağışlamadı. Maliyyə lazımdır, ardıcıllıq lazımdır. Azərbaycanda kişi voleybolunun perspektivi daha güclüdür. Qadın voleyboluna qoyulan pullar kişi voleyboluna qoyulsa daha yüksək nəticə əldə etmək olar”, – Sərxan Musalı deyir.

İdman şərhçisi sonda qeyd edir ki, artıq qadın voleybolu da bəzi problemlərlə üzləşib, bir sıra klublar dağılmaqdadır.

XS
SM
MD
LG