Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:28

'150 dən çox xurma, nar, heyva ağacı qurudu'


Foto arxiv
Foto arxiv

«Apreldən bu tərəfə su görmürük. Həyətimdə 150-dən çox xurma, nar, heyva ağacı qurudu. Halbuki o ağacların diblərini açdırmağa, budanmasına, dərmanlanmasına xeyli pul xərcləmişdim».

Ucarın Müsüslü kəndinin sakini Elman Süleymanov bu il də həvəslə qulluq etdiyi ağacların barını görə bilməyib. Səbəb susuzluqdur. 5 aydan çoxdur ki, Ucarın kəndləri suya həsrət qalıb.

AYA 160 MANAT SUYA GEDİR?

Lək kəndinin sakinləri həftədə bir dəfə kəndə gələn su maşınından içməli su alırlar – özü də 40 manata. Sima Quliyeva hər həftə su aldığını deyir və hesablayır – ay ərzində 160 manat...

«Elə həftə olur ki, iki dəfə alırıq. Tələbatdan asılıdır. Nəvələrim şəhərdən gələndə daha çox su işlənir. Mən hələ içməli sudan danışıram. Məişətdə istifadəyə isə qrunt suyunu süzüb işlədirik. Bilirsiniz də, xəstəlik mənbəyidir...».

Sima xanım sadalayır: Qulabənd, Alpout, Qazyan, Xalac... Bu kəndlərdə də oxşar vəziyyətdir: «Təsərrüfatlar tamamilə məhv olub. Əziyyətlə əkib becərdiyimiz sahələr, qoruqlar susuzluqdan cadar-cadardır. Heyvandarlıqdansa danışmağa dəyməz».

«XALQ YADDAN ÇIXIB»

Sakinlər susuzluğun təsərrüfata və insanlara vurduğu zərərlə yanaşı, bu problemin kökünü də izah etməyə çalışırlar. Onların fikrincə, böyük bir rayonun susuzluqdan yanmasının səbəbkarları elə həmin rayon məmurlarıdır. Kənd sakini Nəriman Məmmədov: «Başları dövlət vəsaitini talan etməyə qarışdığından, xalq yaddan çıxıb. Məmurlar problemlə maraqlansaydı, bu qədər zülm çəkməzdik. Susuzluq nədən yaranır? Texnikaların sıradan çıxmasından. Su nasosları işləmir. Nasosların yenilənməsinə, təmirinə büdcədən ayrılan pullar sağa-sola dağıdılır, mənimsənilir. Lildən təmizləmə, torpaq bərkitmə, qazma, beton kanallarının, nasos stansiyalarının, hidrotexniki qurğuların əsaslı təmiri adı altında il ərzində kifayət qədər vəsait ayrılır. Görüntü üçün bir-iki su kanalını üzdən təmizləyib pulları qatlayırlar. Pulu olan içməyə maşınla su alır, pulu olmayan məcburdur ki, lilli suyu süzüb içsin. Ona görə də hansı qapını döysən, görərsən ki, o evdə ağır xəstə var».

«KANALLARIN SUYU BUXARLANIR»

Ucar rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, kəndlərdəki su qıtlığının əsas səbəbini təbiətdə axtarmaq lazımdır: «Sakinlərin dediklərində həqiqət yoxdur. Ayrılan vəsaitlər təyinatı üzrə xərclənir. Buna nəzarət var. Sadəcə, yayda su problemi həmişə mövcuddur. Kanalların suyu buxarlanır, yeraltı süxurlarda buxarlanma olur. Yəni başadüşüləndir. Bununla belə, rayonun uyğun qurumları kəndlərdəki su çatışmazlığının qarşısını almağa çalışır. Yəqin ki, növbəti aylarda havalar sərinlənəndə, su qıtlığı da tədricən aradan qalxacaq».

İndi ucarlılara oturub səbirsizliklə payızın gəlişini gözləmək qalır. Payız gəlincə kanal suları da buxarlanmayacaq...

XS
SM
MD
LG