Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:34

Ş.Ağayarın romanı 'Daha belə yaşamaq mümkün deyil!' mesajını verir


Ədəbi tənqidçi İradə Musayeva
Ədəbi tənqidçi İradə Musayeva

-

İradə Musayeva

Yeni dövrün yeni insanlarının yeni ədəbiyyatının sorağında...

(Şərif Ağayarın “Gülüstan” romanı haqqında)

Roman janrının ədəbi gəncliyin yaradıcılığında təcəssümü, yenidən doğuşu, ədəbi gəncliyin isə romanda özünüifadəsi və özünütəsdiqi çağdaş ədəbi prosesdə xüsusi əks-səda doğura bilmədi... 90-cılar 60-cılardan, 2000-cilər 90-cılardan, 2020-cilər isə 2000-cilərdən sadəcə mətn məzmununun fərqliliklərinə görə seçiləcəksə, təbii ki, intibahi inkişafdan söz gedə bilməz...

60- 70-ci illər nəsrinin qəhrəmanı 30-40-cı illərin ağrısından, qorxusundan doğulmuşdu. İ. Şıxlı, S. Əhmədli, İ. Hüseynov, Anar, Elçin, F. Kərimzadə, S. Azəri, M. Süleymanlı, S. Səxavət nəsrində narahat, “sovet insanı” yükü ilə ictimai mənafe naminə şəxsini və “mən”ini unutmuş, kolxoz, zavod qəhrəmanlarına çevrilmiş insanlar ideoloji çərçivələrə, sədlərə, sərhədlərə etiraz edərək özünə, İnsan kimi azad iradi mövcudluğuna üz tutdu, fərd kimi cəmiyyət ümumiliyindən sivrilib çıxdı. Bu qəhrəmanlar S. Rəhimov, M. İbrahimov, Ə. Vəliyev, M. Hüseyn nəsrindəki tendensiyalı ideologiyanın diktəsindən uzaq idi... 50-ci illərin ikinci yarısında S. Əhmədlinin əmək qəhrəmanı Yaqub (“Aran” romanı) onun haqqında tərifli məqalələr yazan

“Müstəqillik dövrü” kimi səciyyələndirdiyimiz xaoslu, təlatümlü, müharibəli, şoulu, sensasiyalarla dolu zamanın başıbəlalı, müstəqil İnsanından danışmalı idi şeirimiz, nəsrimiz, dramaturgiyamız...

qəzet jurnalistinə əsəbi və istehzalı intonasiya ilə deyir: “Sizə qəhrəman lazımdır?” Bu sual həmin dövrün ideoloji şöbələrinə və ədəbiyyat senzurasına verilmiş kimi səsləndi o zamanlar ... S. Əhmədli və ümumiyyətlə, 60-70-ci illər yazarlarının yaradıcılığında belə suallar çox idi... Sonrakı romançılara bu sualları təkrarlamaq, ya da davam etdirmək nəsib olmadı. SSRİ məkanında, eləcə də Azərbaycanda sosial-siyasi və ictimai mənzərə az qala 180 dərəcə dəyişdi... Yeni zamanın yeni ədəbiyyatı yaranmalı idi, əslində... “Müstəqillik dövrü” kimi səciyyələndirdiyimiz xaoslu, təlatümlü, müharibəli, şoulu, sensasiyalarla dolu zamanın başıbəlalı, müstəqil İnsanından danışmalı idi şeirimiz, nəsrimiz, dramaturgiyamız... Əslində İnsanın içində doğulan ağrılardan daha çox, ağrıların doğduğu İnsandan getməliydi söhbət. “Yeni” – bizim təxəyyülümüzdə “ancaq yaxşı olan” anlamında canlanır adətən. Amma həmişə belə olmur, təbii ki... Zərərli, qəbul edilməyən, fəqət tətbiq olunan, ictimai həyata sirayət edən, fərqli bir toplum, kütlə, cəmiyyət yaradan “yeni”lər və “yenilik”lər də olur müəyyən zamanlarda. Lap indi olduğu kimi... Problem ondadır ki, çağdaş nəsrimizdə həmin o müstəqillik dövrünün insanını - “Yeni İnsan”ı, bizim tanıdığımız, hər gün yanından ötüb keçdiyimiz, həmsöhbətimiz olan insanı tam şəkildə, zamanın siması kimi əks etdirmək məsələsi həllini gözləməkdədir. Bəzi əsərlərdə bəzi xarekterik əlamətlər olsa da, nəzərdə tutduğumuz zamanın görmək istədiyimiz insanı yoxdur bu nəsrdə. Halbuki, o qəhrəmanlar bütün günü o yazıçıların yan-yövrəsində, gözlərinin qarşısında dolaşır. Liftdə, metroda, televiziya ekranlarında, restoranlarda, qəzet-jurnal səhifələrində, həbsxanada, xəstəxanada, siyasi partiyaların iclaslarında, dəniz kənarında-hər yerdə öz yazıçılarına məlul-məlul boylanır - "Məni gör!" -deyə... Bu “Yeni insan” kimdir? O, qaçqın da ola bilər, milli qəhrəman da, fərari, satqın da, çörəkpulu dalınca ölkəsini, kəndini tərk edib qəriblik həyatı yaşayan əzilmiş bir azərbaycanlı, ya “zəmanə adamı” fərasətliliyi ilə millətin, yetim-yesirin cibinə girib milyonlar qazanan harın bir məmur, qorxaqlaşmış, yazıqlaşmış, danışanda və az qala susanda belə qorxan bir ziyalı da, millətin gözünün içinə hər gün yalanlar oxuyan tribunlaşmış siyasətçi, ya insanların başını qatmaq üçün ölkədə şou tempinin ahəngini daima təzələyən, tənzimləyən və ayaqda saxlayan bir millət, milli düşüncə “qatili” ideoloq da... Bəlkə də bunların hamısından daha mühüm olan, “Yeni insan”ı yaratmaq işində memar olacaq, bizi tərbiyələndirən və sözün bütün mənalarında bizə həyat dərsi verən birinin – müəllim, təhsil işçisi, elm, düşüncə və ideal əxlaq sahibi olan birinin obrazı çatmır? Elə bir obraz ki bu gün bütün bu saydığım müəllim keyfiyyətlərinin əksini cəmləyib simasında... Yalan, rüşvət, hiyləgərlik, işbazlıq, qarşısındakını sevgi, rəğbətlə yox, qorxu və hədələrilə susduran məmurlaşmış bir “müəllim” obrazı?.. Mən “Yeni ədəbiyyat”ımızın qəhrəmanları ola biləcək yüzlərlə insan çeşidlərindən yalnız bir neçəsini saydım...

Buna da bax: Şərif Ağayarın yeni romanı "Gülüstan"dan bir parçanı OXU

Şərif Ağayar nəsrində bu insanlardan neçəsi var? Və ümumiyyətlə, varmı?..

Şərif Ağayarın 2011-ci ildə çıxmış "Haramı" romanı.
Şərif Ağayarın 2011-ci ildə çıxmış "Haramı" romanı.

4 il öncə oxuduğum və haqqında məqalə yazdığım “Haramı” romanını xatırladım. Kasıb, qürurlu, zamanın əzib suyunu çıxardığı Rüstəmi, Səməndəri, sirli, qorxulu, amansız Haramı çöllüyünü... Çox real və təbii prosesin doğuşu idi həmin obrazlar. Bu əsər Qarabağdan sürgün olunan insanların sürgünlük həyatı və səhra kimi sığınacaqsızlıq assosiasiyası yaradan çöllükdən də (Haramıdan) çöldə qalmış insanlarının sanki , başı, ayağı bilinməyən, sahibsiz taleyinin yazısı idi...

“Gülüstan”dakı Gülüstan Haramı çöllüyü deyil, Adəm isə Rüstəmin bənzəridir, çox məqamlarda... Şərif Ağayarın romanlarındakı obrazlaşmış məkanların insanlarına təsir enerjisi var... Haramı Səməndərin, Səməndər isə Haramının bətnindən doğulmuş kimi görünürdü. “Gülüstan” romanında isə Adəm və Gülüstan qəsəbəsi münasibətində səssiz bir dialoq oxuyuruq. Sanki bir-birinin üzünə baxa-baxa sakitcə hərəsi öz taleyini, nağılını anladır...

“Adəm Gülüstan qəsəbəsinə göndərilir. Qəsəbədə onun işğal edilmiş kəndinin sakinləri yaşayır. Lakin yeni olan təkcə qəsəbə deyil, sevgilisi, dostu və hər kəs çox dəyişib. Adəm yaddaşında səyahət edə-edə bu çevrilmənin sirrini axtarır. Lakin bu axtarış onu daxili ziddiyyətlərə, burulğanlara, təlatümlərə sürükləyəcək. Və əbədi həqiqət bir daha təkrarlanacaq: xatirələr əzab verir”.

Bu fikir kitabın annotasiyasında verilib. Daha sonra müəllif Gülüstan adlı bir qəsəbənin yer üzündə olmadığını, sadəcə təxəyyül məhsulu olduğunu deyir...

William Folknerin 1946-cı ildə özünün çəkdiyi əsərlərində hadisələrin baş verdiyi Yoknapatawpha qraflığının xəritəsi.
William Folknerin 1946-cı ildə özünün çəkdiyi əsərlərində hadisələrin baş verdiyi Yoknapatawpha qraflığının xəritəsi.

U. Folknerin Yoknapatofa qraflığını xatırladım. Cəmiyyətin bütün sosial təbəqələrinin nümayəndəsini əhatə edən bir qraflıq... Əslində bu qraflıq bir ölkənin və cəmiyyətin deyil, həm də ümumilikdə dünyanın və onun ədəbiyyatının gerçək mənzərəsini yaratmışdı. Yer üzündə olmayan, Folkner təxəyyülünün məhsulu olan Yaknapatofa məkanı və onun insanları, həqiqətdə isə həyatın və dünyanın obrazına parodiya kimi yaradılmışdır. Bu qraflığın sahibi yazıçı özü idi. Onun yer üzündə olmayan torpaqlarında, yer üzündə olmayan tipləri (həqiqətdə isə hamımıza doğma, tanış insanları) yaşayır. Bunların içərisində qullar və quldarlar, məmurlar, müəllimlər, oğrular, dustaqlar, qubernatorlar, dindarlar, hüquqşünaslar və daha başqa məslək sahibləri var.

Şərifin Gülüstanına qayıdaq. Yeni salınmış qəsəbədir. Məqalənin əvvəlində mənasına “kölgə” saldığım bir ifadənin qaranlıq çalarlarını da işıqlandırmaq istəyirəm - “Yeni” kəlməsinin... Diqqət edin: “Yeni dövr”( “20 yanvar” gecəsindən keçən, Qarabağı işğal olmuş, “yeni-yeni” şəhidistanlar salan, dəyərləri, meyarları dəyişilmiş, “qulu quldar edən”, hansı ictimai-iqtisadi formasiyanı yaşadığını bilməyən, “bazar iqtisadiyyatı” adlı münasibətlərdə yaşayışını iqtisadi qanunlarla deyil, bacardığı kimi tənzimləyən bir “yeni” cəmiyyətin erası, zamanı, dövrü! Yəqin ki son 25 il), “Yeni İnsan” (Sələflərindən əli üzülmüş, xələflərinə nümunə ola bilməyəcək, düşüncə mayası xaoslardan, xəyanət və fərariliklərdən, “işbazlıq fəlsəfəsi və məntiqindən” yoğurulmuş, bütün haqq-ədalət mücadiləçilərinə istehzalı təbəssümlə gülümsəyən, ya da, əksinə, belələrindən əziyyətlər görən başqa qrup insanlar!) və nəhayət, “Yeni qəsəbə”...

Bəli, nə kədərli “yeni”lər və “yeniliklər”... Yeni qəsəbə olan Gülüstanda isə bütün ağrılar və dözülməzliklər köhnədən qalmadır- xatirələr kimi...

Romanın mətninə “Həyəcan siqnalı” ilə daxil oluruq. Polis və təcili yardım maşınlarının sirenaları, qəsəbə əhlinin hay-küyü isə bu diksindirici başlanğıcda müşayətçimiz olur. Qəsəbədə qaçqınlar üçün tikilən evlərin hamısı eyni quruluşda və eyni rəngdədir. Hətta dəmir hasarlı həyətlərinin sahəsi və qurumuş qan rəngli boya ilə nömrələnmiş boz divarları da eynidir. Camaatın qarşısına toplaşıb hay-küy saldığı 51 nömrəli ev də bu qəsəbədədir.

Şərif Ağayarın ən son romanı "Gülüstan". Romanda hadisələr eyni adlı xəyali qəsəbədə baş verir.
Şərif Ağayarın ən son romanı "Gülüstan". Romanda hadisələr eyni adlı xəyali qəsəbədə baş verir.

Mətnin məzmunu çoxşaxəli hadisələrlə ümumiləşir. Adəm və Ehtiram həkim mübahisələri nə qədər sosial-siyasi məzmunlu olsa da, onların “dostluq səddi”ni aşmır. İdeya, əqidə antimövqeliyi çox zaman subyektiv xarakter daşıyır. Romanda Adəmin müşahidələri, xatirələri, başına gələnlər danışılır daha çox. Müəllif öz ideyasını, axtardığı həqiqəti anlatmaq üçün mübahisə, deyişmə, məzmunlu söhbətlərə üstünlük vermişdir. Mətnin girişində Ucaboylu- Balacaboylu, sonrakı hissələrdə Adəmlə - Ehtiram, Əmrulla müəllim və Fərman, Adəm –Xudayarov... mübahisələri buna misal ola bilər.

Hərdən mənə elə gəlir ki, Ş. Ağayarı yazıçı edən və yazmağa nəcbur edən hiss müharibənin öz vətənində qaçqın etdiyi, qaçqınlıq kimi qəribliyi əzilə-əzilə yaşayan, qürurunu, ləyaqətini elə yenə “əzilə-əzilə” itirməyə məcbur olan İnsanın ağrılarını qələmilə ovundurmaqdır.

Şərif Ağayarın nəsrində təqdirəlayiq və uğurlu yanaşma ondan ibarətdir ki, Şərif də bizim axtardığımız ədəbi qəhrəmanın (Yeni insanın) “ovçusu” kimi izləmədədir. Hərdən mənə elə gəlir ki, onu yazıçı edən və yazmağa nəcbur edən hiss müharibənin öz vətənində qaçqın etdiyi, qaçqınlıq kimi qəribliyi əzilə-əzilə yaşayan, qürurunu, ləyaqətini elə yenə “əzilə-əzilə” itirməyə məcbur olan İnsanın ağrılarını qələmilə ovundurmaq, bu gözəgörünməz itkilərə sanki matəm marşlı romanlar yazmaq istəyidir. Şərifin qəhrəmanları uydurma deyil, içindən, sızıldayan xatirələrindən, top-tüfəng gurultuları altından salamat çıxardığı yaddaşından çəkib çıxardığı insanlardır. Təkrar-təkrar ölən insanlar... Müharibədən salamat çıxıb, didərgin kimi ölən, çöllüklərdə, bozluqlarda səhərlər yardım maşınlarının səsinə sevinib, itirdikləri doğma evlərinin, torpaqlarının nisgilinə gecələr ağlayan bu insanların ədəbiyyatda obrazını axtarsaq, daha çox Şərif Ağayarın nəsri yadımıza düşəcək... Çoxdan oxusam da, “Haramı” romanında haqqında danışdığım qəhrəmanlardan birinin acı-acı etiraflarını, sıxıntısını unuda bilmirəm. “Təzə evlənmişdim, di gəl kasıbçılıqdan həyatın dadını çıxara bilmirdim. Sərəngül uzaq qohumumuzdu. Onlar da varlı sayılmazdılar, ancaq biz lap kasıb idik. Üstəlik iki min dollara qədər dorcumuz vardı… Sərəngül dodağıəyri gəzirdi məndən. Qüsura baxmayın, bizim intim münasibətlərimiz də yerbəyer deyildi. Bu gözəl-göyçək qadın mənim kimi kasıb və abdal birisi ilə öpüşmək belə istəmir, incik-incik başını yana çevirirdi. Hər toxunduğumda bumbuz bədəni ilə qarşılaşırdım və bütün təbii istəklərim öz ülviyyətindən yuvarlanırdı. Əslinə baxsan günahı yox idi Sərəngülün. Nə qədər soğan-çörək yeyib günəşin yandırdığı düzlərdə həvəssiz gecələr, ümüdsiz sabahlar yaşamaq olardı?”

Buna da bax: Şərif Ağayardan gənc yazıçılara 10 məsləhət

Bu səhnədə təkcə qaçqın gənclərin yox, ümumiyyətlə, yoxsul və əlacsız durumda olan gəncliyimizin, əslində, ciddi, amma fərqinə varmadığımız qayğıları əks olunub...

“Gülüstan” romanında ideya yükünün daşıyıcısı ilk növbədə Adəmdir. Zaman və onun göz önündə olan hadisələri Adəmin baxışlarından keçib gedir... (Əsil adı , soyadı - Adil Əmirovdur). Süjetdən şaxələnən bütün hadisələrdə bu obraz bu və ya digər şəkildə iştirak edir. Onun böyük arzuları, böyük-böyük işlər görmək üçün sevgisi, iradəsi, fiziki və mənəvi təpəri, əqidəsi və aşiq olduğu uzun hörüklü, Həyat adlı bir doğması, əzizi vardı. Amma mövcud vəziyyət, dramatik situasiyalar mühiti bu insani güclərin hamısını içindəcə boğdu, öldürdü, məftunu olduğu qızı isə əlindən aldı... Əsərin əvvəlindəki qalmaqallı səhnədə ürəkparçalayan bir təsvir var. Camaat 51 nömrəli evin qabağına toplaşıb. Evdə nə baş verdiyini dəqiq bilən yoxdur. Deyirlər nəsə, şəkil asmaq məsələsi olub, polis və təcili yardım maşını da ona görə gəlib qəsəbəyə. Amma insanlar bu səbəbə inanmaq istəmir və maraqla işin

Zənnimiz doğru çıxır, romanın sonunacan qəsəbə əhli dəyənək altında gözlərini nifrət və həyəcanla döyüb məlul-məlul baxan qorxudulmuş bir müəmma obrazı, heykəli assosasiyası yaradır.

sonunu gözləyir. (“Əcaba bu Umutvar əmi kim idi ki, nəvəsi Qulu kişinin gəlini onun fotosunu 51 nömrəli evin divarına asan kimi Gülüstan qəsəbəsində belə bir çaxnaşma düşdü”) Polis bu toplaşmanı siyasi çaxnaşma kimi qəbul edir və günahsız həmvətənərinə rezin dəyənəklərlə hücum çəkir. “Beş dəqiqəyə kapitan yenidən göründü, qan sağılmış gözlərini qələbəliyin üstündə gəzdirib əliylə polislərə qəribə bir işarə verdi. Adəmin gördüyü ilk güclü zərbəni həmin polis yaşlı kişinin düz başının ortasına endirdi. Kişi əllərini başına atıb yerə şöngüdü. Adəm qanı barmaqlarının arasından şoralanıb bığlarına və ağ saqqalına yayılan kişini adamların ayağı altından sürüyüb kənara çəkmək istəsə də ikinci zərbə onun özünün boynunun kökünə endi, o da huşunu itirib üzüqoylu yerə yıxıldı”. Elə bu təsvirdəncə anlayırıq ki, haqqında danışdığımız və reallaşmasına ümid etdiyimiz qəhrəmanlıqların, pisliklərlə mübarizə əzminin, humanizm mücadiləsinin, ləyaqət və şərəf uğrunda böyük-böyük işlərə, əməllərə imza atmaq istəyinin, bir sözlə, İnsan kimi var olmaq, İnsan kimi yaşamaq arzusunun başına və boynunun ardına güclü bir dəyənək ilişdirilib artıq... Və bu istəklərin yarasından qan şoralanıb axdıqca axır... Zənnimiz doğru çıxır, romanın sonunacan qəsəbə əhli dəyənək altında gözlərini nifrət və həyəcanla döyüb məlul-məlul baxan qorxudulmuş bir müəmma obrazı, heykəli assosasiyası yaradır. Bu əsərdə nə qədər incidilmiş, alçaldılmış, qorxudulmuş, təhqir olunmuş hisslər, duyğular, ləyaqətlər və bunları varlığında cəmləyən – İnsan var - Yeni insan!..

Sosial ədalətsizliklərin çeşidi , deyəsən, nə həyatda, nə də ədəbiyyatda dəyişmir. Bu romanda da klassik “yeyinti”, “dağıntı” söhbətləri təkrarlanır. Ehtiram həkimlə Adəmin dialoqundan: “Gülüstanda pullar xəzəl kimi aşağıdan yuxarı sovrulur. Bunun rüşvəti var, biznesi var, sələmi var. Hələ büdcə pullarından danışmıram. Bilirsən, bu qəsəbəyə ildə nə qədər pul ayrılır?”

“Yox, bilmirəm”.

“O qədərdir ki, ilin sonunacan dağıdıb qurtara bilmirlər. Elə bil bir dəstə donuzu kartof damına buraxmısan...”

“Bəs onda camaat niyə it günündə yaşayır?”

“Yadda saxla, bizimkilər bölüşməyi bacarmır. Sən, mən də olsaq, belə edəcəyik. Bizdə bircə prinsip var: Mənə hər şey, sənə heç nə! İnan, ruslar olsaydı, camaata daha yaxşı dolanışıq verərdilər.

“Ehh, sənin bu rus-erməni sevgin məni çərlətdi lap”-bu dəfə Adəm qızışırdı.

“Təhsil şöbəsinə nə qədər pul verdin işə düzələndə?”-Ehtiram soruşurdu.

“...”

“Bəs neçə saat yalançı dərsə qol çəkib direktora verirsən?”

“...”

“Sus, sus, elə susmağın üçün söylədim bunları”.

“Guya siz yaxşı işləyirsiniz? Camaat adi xəstəlikdən zəlil günündə İran sərhədlərinə tökülüb.”.

“Bizdən danışma. Səmimi deyirəm, məndən olsa Gülüstan xəstəxanasını bağlayaram”.

“Obba! Kəbirlinin ağsaqqalı çıxış yolunu tapdı!”-Adəm gülürdü.

“Gülmə, gülmə!” Ehtiram həkim boğazını arıtlayırdı – “Ciddi sözümdü. Bizim laboratoriya müdirini işdən bilirsən niyə qovdular?”

“Hardan bilim?”

“Adamlara yalandan onkoloji diaqnoz qoymadığı üçün!” s48-49

Və ya: “Rəngi saralmış, gözlərinin altı göyərmiş üzgün bir kişi: “Sağlamlıq kağızına gedəndə xəstə çıxıram, pensiyəyə düşmək istəyəndə sağlam. Nə qədər yalvarıram, əlillik ala bilmirəm. Amma o gün buğa kimi bir qohumuma birinci qrup verdilər. Guya kimsə qolundan tuta-tuta gəzdirir”. S51

Şərif Ağayar Azadlıq Radiosunda.
Şərif Ağayar Azadlıq Radiosunda.

Bu bədii mətn mənzərələri günün adi yaşantısıdır, əslində. Böyük-böyük faciələrimiz, haqsızlıqlar, insanı mənəvi orbitindən çıxmağa vadar edən zülm və sitəmlər hamıya artıq “doğmalaşıb”... Həyatda “boş-boş deyintilər”, ədəbiyatda isə “klassik problem” kimi izah olunur... Bu “pensiya növbələri”, “həkim qəbulları”, “icra qulaqasmaları” prosesində də müəllif tipikləşdirilmiş söhbət mövzuları seçib. Cəlil Məmmədquluzadənin xoruz döyüşdürən, fala baxan, cin çıxardan, hamamda yatan həmvətənləri, “danabaşlıları” kimi lağlağı, əyləncəli və qeyri-ciddi mətləblərdən “gap eləyirlər”... Şərifin tipləri nələrdən danışır? Muğam yarışından, at qaçışından, mehmanxana əxlaqsızlıqlarının məzənnəsindən və s.

“Muğam yarışına baxdın?”

“Əlbəttə... Bizimkilər əla oxuyurdu”.

“A kişi, o nazik bığlı gədə hər zəngulə vurduqca təsbehlə sayırdım. Mahur-hindinin mayesində düz beş boğaz artıq vurdu”.

“Hə.Hə... Öhhö! Öhhö! Mən də tutdum onu. İmamsönaqqı, buaykı pensiyamdan düz 20 manat ayırjəm o gədəyə. Qoy xalı çox olsun”.

“Mən at yarışlarına verirəm. Bizim gədə bələdiyyədə işləyir. Məcbur eliyirlər, mən də ona verirəm”.

Başqa stolda cavanlar söhbət edirdi:

“Quşxanaya bomba şeylər gəlib”.

“Bizə nə! Onların hamısının yiyəsi var”.

“Atamın itkin yollarına and olsun puluna minnətdi. Varsa, səni aparım”. S51

Şərif Ağayar bir çox səhifələrdə təsvirdən uzun-uzadı təfərrüatlara keçir. Yorucu, təkrarlanan fikir və düşüncələr selində biz lazım olan məqamları ayıra bilərik, amma oxucu üçün bu bir az “uzunçuluq” kimi görünür və düşünürəm ki bir çox məqamlarda oxucu haqlıdır.

Ancaq bütün bunlarla yanaşı, qeyd etmək istəyirəm ki, “Gülüstan” romanında ciddi, ictimai-siyasi, sosial və mənəvi problemlər qoyulsa da, mövzunun bədii həllində elə məsələlərin özü qədər ciddi qüsurlar var...

Şərif Ağayar bir çox səhifələrdə təsvirdən uzun-uzadı təfərrüatlara keçir. Yorucu, təkrarlanan fikir və düşüncələr selində biz lazım olan məqamları ayıra bilərik, amma oxucu üçün bu bir az “uzunçuluq” kimi görünür və düşünürəm ki bir çox məqamlarda oxucu haqlıdır. Məsələn, “Babbu quşunun nağılı”, “Cücülər, həşəratlar”, “Yardım”, “Vüsalla ilanın əhvalatı”. “Usta Qənbərin dəfni”, “Molla Xəyanət”, “Arıların səsi, Gülüstanın kürdləri və s. parçalarda ümumiləşdirmələr zəifdir. Yəni o mətləbi ki detallaşdırmaq, konkretləşdirib epizodik bir nüansda təqdim etmək olardı, müəllif onu etməyib, mətləbi mənasız şəkildə uzatdıqca uzadıb. İnqilab Dadaşov qəhrəmanlığı, Həyat eşqi və s. bu kimi səciyyələndirmələrdə isə “klassik pafos” aludəliyi açıqca görünür. Müəllif belə səhnələrin təsvirində az qala 30-cu illər nəsrinin şablonlarından olduğu kimi istifadə edir. Məsələn, “iri qara gözləri”, “kürəyinə şəlalə kimi səpələnən saçları”, “Babək qəhrəmanlığı”, ənənəvi sevgi macaraları və saysız-hesabsız bu çeşidli bədiiləşdirmə, obrazlaşdırma detalları əsərin bədiilik dəyərinə xələl gətirir. Bundan əlavə, “Haramı” romanından fərqli olaraq bu əsərin təhkiyə dilindəki “suyun çoxluğu” da diqqətdən qaçmadı. Publisistik informativlik və rəsmi üslub uyğunsuzluğu mətnin ümumi intonasiyasını korlayır. Müəllif çox hallarda, bəlkə hər səhifədə nasir qələmini qoyur, publisist qələmini götürür... sanki həyatın, gündəmin, yaşayış və vaqeələrin bədii simasını, obrazını deyil, sadəcə xəbərlərini, informasiyasını çatdırmaq istəyir. Müəllif təhkiyəsindəki üslub pozuntusu, özünəməxsus ifadə tərzi ahəngini sonacan gözləyə bilməmək səbirsizliyi romanın ideyası ilə əlaqəli mühüm detalları mənasız kimi göstərir. Məsələn, Həyatın taleyi, aqibəti baş qəhrəman Adəmin həyat süjetindən dönə-dönə və bütün macaraları ilə, özü də qeyri-bədii dil nəqletmələri ilə keçir: “Həyat yenicə ali məktəbə qəbul olunmuşdu: uzun çək-çevirin, məşəqqətli yalvarışların ardınca atası onun testlə imtahan vermək üçün paytaxta gəlməsinə razı olmuş, Həyat öz gücünə Pedoqoji universitetin filologiya fakültəsinə girmişdi. Dərslərin başlanmasına az qalırdı”. s.143 Yaxud: "Qız qaçırmaq İşıqlı kəndində adət idi. Adəmin də, Həyatın da ataları öz arvadlarını qaçırmışdılar. Qız qaçırma buralarda bir ayin idi, hətta. 18-19 yaşına çatan gözəl bir qız 20-yə adlaya bilməzdi. Həmin vaxt ona elçi çıxmasa, qaçıran olmasa adamlar pıçapıça başlayardılar". s.144. Bu cümlələr romanı oxumağa başladığım ilk səhifələrdə qarşıma çıxsaydı, sözsüz ki, kitabı qatlayıb kənara qoyardım... Və ya: “Qəfil italyanların məşhur “Malena” filmini xatırladı. Həyatın yerişi də Monika Belluççinin qənirsiz qəhrəmanlarına bənzəyirdi. Filmdə də hadisələr balaca bir qəsəbədə baş verir. Malena məhrumiyyətlərə tab gətirməyərək sınır”. s 147. Bu məqamda bir az təfərrüata varıb sənətkarlıq məsələləri ilə bağlı böyük bir nöqsanın üstünə getmək istəyirəm. “məhrumiyyətlərə tab gətirməyərək sınır” ifadəsinin timsalında müəllifin nəzərinə çatdırmaq istəyirəm ki, sənətdə, obrazlı, bədii, həyatı, dünyanı, insanı, fərqi yoxdur, lap əşyaları və s. - məcazlılıq səviyyəsində ifadə edən sənətdə yazıçı “Həyat adlı azərbaycanlı qız da italyalı Malena kimi məhrumiyyətlərə tab gətirməyərək sındı” mesajını belə açıq libasda, bayağı və birbaşa, məişət söhbəti adiliyində verməməlidir. Bu qənaətə oxucu özü gəlməlidir. Yazıçı bu bənzərliyi bədii mətn qanunları ilə elə rəsm etməlidir ki, özünün subyektiv qənaəti diktəedici eqoizmdən uzaq olsun. Bütün əsər boyu “Adəmin ürəyui ağrıyırdı”, “Adəmin vicdanı sızladı”, “Adəm insafa gəldi” və s bu kimi qənaətlər, hökmlər Ş. Ağayar üslubunun spesifikasına xələl gətirir. Yazar qəhrəmanın məsələn, ürəyinin ağrıdığını və niyə ağrıdığını göstərməlidir, sənət dili ilə, hadisələrin, obrazlı fikir və mülahizələrin bətnində. Mən bu halı, bu dəyişməni özüm hiss etməliyəm. Bu ağrının səbəbi, izahı və s. yüz cür əmması artıq bizim yazıçı ilə oxucunun bir-birini duyduğu məqamda əsil ədəbiyyat söhbəti, ünsiyyəti məqamında açılmalıdır... Mətn müxtəlif başlıqlar altında çoxsaylı hissələrə bölünüb. Fraqmentallıq xüsusi bir texniki və ya metodiki məqsədə, üslubi yeniliyə xidmət etmir burda. Hissələrdən oxucunun çıxaracağı nəticə başlıqda və başlıqdan da kiçik, xırdalanmış tezisvari yarımbaşlıqda bəyan edilir. Məsələn: “Məktəbdə” (Nelson Mendelanı tanıyırsız?); ”İlk maaş” (Açıq danışmalıyıq); “Tənha ulduz altında” (Göydən hər şeyi görür); “Mədətin dikdiri” hanı?” (Su qiyamı); “Üsyana səsləyən vərəqlər” (Ey bu vərəqi əlində tutan insan); “Adəm içib ağlayır” (3 nömrəli evin xəyalları); “Adəmin qapısı iki dəfə döyülür” (Həyat gəlir, dalınca başqa bir qonaq) və s.

Romanda həddindən çox “artıqlıq”lar var. Müəllif əsərini çapa göndərməzdən əvvəl, belə demək mümkünsə. “sıxıb suyunu çıxarmalı” idi...

Təlqin olunan ideya, düşüncə məsələsinə gəldikdə isə, demək olar ki, yazıçı mülahizələrini birtərəfli hökm, subyektiv yanaşma metodu əsasında səciyyələndirməkdən qaçmağa çalışıb. 90-cı illər ictimai düşüncəsindəki pərakəndəliyi, aldanış və yanılmaları, xaotik tərzdə özünüifadə hallarını romanında yenidən xatırladır bizə. XX əsrin əvvəllərində olduğu kimi yenə ruspərəstlər, iranpərəstlər, tükpərəstlər yetişməkdə idi. (“Anamın kitabı” tragikomediyasındakı siyasi düşüncə qalmaqalı yenilənirdi həmin illərdə) Rus əsarətindən qəflətən azad olmuş millət öz səadətini küçələrdə, meydanlarda axtarır, hikkə ilə 70 illik aqressiyasını sanki “qusmaq” istəyirdi... Amma bu insanlar nəyə etiraz etdiklərinin fərqində deyildi... sadəcə qəhrəman olmaq istəyirdi... Onun silahı soyuq siyasi məntiq və Vətəni həqiqətən sevən isti ürək olmadı o illərdə, qışqırıq, bayraq, mitinq şüarları oldu... Bütün bu olaylara isə Ş. Ağayar demiş, bayraq dalğalanmaq əvəzinə narazı-narazı başını bulayırdı...

Adəm, Ehtiram, Ənvər Qarapapaq, İnqilab Dadaşov... Bunların hamısı bircə həqiqəti anlatmaq üçün danışdırılır əsərdə - “Daha belə yaşamaq mümkün deyil!”... Eyni cəbhənin adamları olsalar da, düşmən mövqedə dayansalar da...

Səhvlərdən və aldanışlardan doğulmuşdu Yeni-müstəqillik dövrünün İnsanı! Ş. Ağayar bunu deməyə çalışır əsərində. Adəm, Ehtiram, Ənvər Qarapapaq, İnqilab Dadaşov... Bunların hamısı bircə həqiqəti anlatmaq üçün danışdırılır əsərdə - “Daha belə yaşamaq mümkün deyil!”... Eyni cəbhənin adamları olsalar da, düşmən mövqedə dayansalar da... Müəllif günümüzün qüsurlu insanını, onun acı həyatını göstərmək istəyir bizə. Mütaliə prosesində aydınca görünür ki, müəllif adların simvolikasından ( burda dünya ədəbiyyatı nümunələrindən çoxlu təqlidlər, yamsılamalar da gördük - Səadət xiyabanı, Əxlaq polisi, Kralbank, Abadxeyir dərəsi, Gülüstan qəsəbəsi, Azadlıq küçəsi, Çilçıraq oteli, İşıqlı kəndi, Adəm, Həyat, Molla Xəyanət, İnqilab Dadaşov və s.) tutmuş, düşüncə və mübarizələrin fəlsəfəsinə, ideyasına qədər hər məsələdə zamanın problemlərini qabartmağa çalışıb. İcra Hakimiyyətinin binasına “Qəsr” deyir. “Qəsr”də baş verənlərin, görülən və görülməyən işlərin isə Gülüstan qəsəbəsində, bəlkə də çöllüyündə əks-sədası olduğu kimi təqdim olunur. Molla da siyasətin içindədir, dəllək də, veteran da, müəllim də, əkinçi, həkim, jurnalist də... sanki hamı bu “Qəsr”in mənafeyi üçün fədaidir...

Buna da bax: Şərif Ağayar Çingiz Abdullayevə: "Özünüz yüksək çinli məmurlara yalvarırsız"

“Fələk Allah deyilmi?-Kəyanı xəbər alan səs idi, deyəsən.

“Yox! Yox! Nə danışırsan?- Molla Dəyanət həyəcanlandı – “Fələk göyün çərxidir”.

“Fələyi söymək olar, molla?- bivec bir səs də eşidildi. Molla cavab vermədi, başqa bir səs sükutu uzun sürməyə qoymadı.

“Mən gündə beş dəfə söyürəm!”

Ara sakitləşən kimi Molla Dəyanət köhnə mövzusuna qayıtdı: Hörmətli Başçının qəsəbə əhalisinə, möminlərə böyük qayğısından danışdı. Kimsə hamının eşidəcəyi təmkinli səslə onun sözünü kəsdi:

“Mən Yezidi tərifləsəm sənə xoş gələr?”

Molla Dəyanətin gözlərində qorxu peyda oldu:

“Əstəğfürullah de, bala, bu nə sözdü?”

“Elədisə, sən bu boyda qəsəbəni suya həsrət qoyan bir adamı necə tərifləyirsən?” s 116 (S. Əhmədlinin romanlarının hansındansa yadımda təxmini qalan cümləni –“Əjdaha kəsdirib bulağın başını, qoymur ki, camaatın da ağzına bir qətrə su düşsün” -yenidən xatırladım... İ. M)

Əsərin sonunda bütün tərəddüd və təbəddülatlar qiyamət səhnəsində təsvir olunduğu kimi qarışıq və sarsıdıcıdır. Hamı dönüb, hamı tükənib, hamı ayaqdadır. Yanğın, üsyan, etiraz, bezginlik və s... İnqilab Dadaşov müəmması, Ehtiram doktorun və Adəmin üsyan səhnəsindəki davranışları-hər şey barışmazlıq notu üzərində nöqtələnirdi. Adəm sanki hamının sifətində İnqilab Dadaşov simasını, şəklini görürdü... İnqilab Dadşovun tabut qalmaqalı (İnqilabın ölümünə inanmırlar, amma tabutu açdırıb yəqinləyəndən sonra yenidən yuyub kəfənləyirlər) və s. Müəllif bütün fikirlərində sətiraltı mənalardan, simvollardan istifadə etməyə çalışıb. Lap əsərin sonunadək bu yanaşma davam edir. “Qışqırıb söyüş söyməkdən səsi batmış Adəm də yerindən tərpəndi. Lakin heç beş addım atmamış sol qabırğasından indiyədək gördüyündən daha dəhşətli bir ağrı tutdu. Əlini ağrıya apardı və barmaqlarının qana bulaşdığını gördü”... s.318.

Əsərin əvvəlində səsə, hay-küyə, haraya doğru gedən Adəmin boynunun ardına bir dəyənək dəymişdi 51 nömrəli evin qarşısında. Sonda isə yenə həmin hay-haraylı səhnələrin birində yaralanır və qan içində göylərə baxır. Faciə filmi kimi yaşadığı həyat ekranda poetik ahənglə tamamlanır: “Ekran yavaş-yavaş söndü... Dünya qaraldı. Qətran kimi qatı qaranlığın içində bircə ulduz qaldı. Bu, Abadxeyir göylərindəki həmin işığı bol olan parlaq ulduz idi. Bayaq gözüylə gördüyü bütün insanlar o ulduzdan tökülüb gəlmişdilər. Yəqin ora da qayıdacaqdılar. Ulduz o qədər yaxın idi ki, Adəm əlini uzadıb tutmaq istədi, ancaq qaranlıqda əlini tapa bilmədi” s.320.

Ş.Ağayar zamanımızın bütün problemlərinə toxunmağa, insanın mənəvi-psixoloji tənəzzülünün səbəblərini çeşidləməyə cəhd edib, ən əsası, axtardığımız o “Yeni insanlar”dan bir neçəsi haqqında yazıb və böyük zəhmət çəkib. Ancaq bu əsərində onun nasir istedadından umduğumuz uğurlu nəticəni qazana bilməyib...

10.09.2016

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG