Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:45

Məhkəmədə sual: “Cins şalvarın arxa cibinə qumbara yerləşə bilər?”


Nardaran işi məhbusu: "Əliyevin aqibəti Qaddafi-dən betər olacaq"
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Nardaran işi məhbusu: "Əliyevin aqibəti Qaddafi-dən betər olacaq"

"Bu rejim nə qədər azğınlaşsa da, bizi əqidəmizdən, haqq yolumuzdan döndərə bilməz. Xalqa zülm edənlərin aqibəti Qəddafidən betər olacaq".

Bunu oktyabrın 7-də Nardaran işi üzrə məhkəmədə təqsirləndirilən şəxslərdən Abbas Hüseynov qardaşlarının həbsi ilə bağlı hakimlərə müraciətində deyib.

O bildirib ki, özünün hökumətin ünvanına tənqidlərinə görə üç qardaşını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ-nin) əməkdaşları həbs ediblər. Məqsədləri onu susdurmaqdır. Abbas Hüseynov bir müddət əvvəl xəstə anasının da saxlandığını deyib:

"Bizim həbsimizin səbəbi fikirlərimizi dilə gətirməyimiz, ölkədəki haqsızlığa, zülmə etiraz etməyimizdir. Qardaşlarımın üçünü də həbs eləyiblər, "bandotdel" heç bir açıqlama da vermir. Bu rejim anlasın ki, nə qədər qəddarlıq eləsə də, bizi haqq bildiyimiz yoldan döndərmək mümkün deyil. "Bandotdel"də döydülər, ömürlük həbsə göndərirlər, amma yenə də istədiklərinə nail ola bilməyəcəklər. Görün nə qədər cılızlaşıblar ki, Rusiyadan müalicədən qayıdan xəstə anamı aeroportda saxlayıblar".

A. Hüseynov bir dahaqardaşlarının ona görə həbs olunduğunu vurğulayaraq, hakimlərdən onların həbsi ilə bağlı BMCMİ-yə müraciət göndərməsini xahiş edib.

Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, bu məsələnin baxılan işə aidiyyəti yoxdur:

"Məhkəmə ancaq icraatına qəbul etdiyi iş çərçivəsində sorğular göndərə bilər".

Daha sonra məhkəmədə BMCMİ əməkdaşı Həmzə Zahidov dindirilib. O bildirib ki, əməliyyat zamanı təqsirləndirilən şəxslərdən Ramin Yarıyevi saxlayıb:

"Əlindəki bıçağı sağa-sola oynadırdı. Zərərsizləşdiriləndən sonra üstünə baxış zamanı əynindəki qara cins şalvarın arxa cibindən qumbara çıxdı".

Ramin Yarıyevin vəkili Gülşən Salmanovanın "cins şalvarın cibinə qumbara yerləşər?" sualına polis "tapdım da" cavabını verib.

“Nardaran əməliyyatında ölənləri kim güllələyib?”

Həmzə Zahidovun dediyinə görə, əməliyyatda ölən iki polisdən başqa heç kimdə rezin güllə atan silah olmayıb. Onlar da həyətə daxil olan kimi yaralandıqlarından, əməliyyatın davamında iştirak edə bilməyiblər. Təqsirləndirilən şəxslərin əksəriyyətinə, o cümlədən Ramin Yarıyevə çoxsaylı rezin güllələr dəyib. Vəkillərin bu barədə suallarına polis əməkdaşı cavab verə bilməyib.

Polis öz ifadəsində onu da qeyd edib ki, onların hamısında yalnız tabel silahları – “Zəfər” tapançaları olub. Amma Nardaran əməliyyatında dünyasını dəyişən qəsəbə sakinləri, o cümlədən polislərdən biri avtomat güllələrindən ölüb. Əməliyyat nəticəsində yaralanmış, hazırda təqsirləndirilən şəxslər sırasında olanların da bədənində avtomat güllələrinin izi varmış. Həmzə Zahidov bu ziddiyyətlə bağlı vəkil Yalçın İmanovun sualına “deyə bilmərəm” cavabını verib.

Taleh Bağırov da BMCMİ əməkdaşına sual ünvanlayıb:

“Ramil Usubov şəxsən Nardaran əməliyyatı barədə danışanda belə bir cümlə işlətmişdi ki, “beş nəfəri məhv elədik”. Yəni etiraf edir ki, adamlar polislərin açdığı atəş nəticəsində qətlə yetirilib. Siz də deyirsiniz ki, heç kimdə avtomat olmayıb, hamıda “Zəfər” olub. İndi sual yaranır, o adamları, o cümlədən elə ölən polisləri kim qətlə yetirib?”.

“Mən bu suala cavab verə bilmərəm”, - Həmzə Zahidovun cavabı belə olub.

“Ora bostan becərməyə getmişdiniz?”

Həmzə Zahidov Nardaranda əməliyyat zamanı - həyətdə olarkən, əlində qumbara tutan bir adamın qaçıb hasardan tullandığını gördüyünü və sonradan bu adamın Fərhad Balayev olduğunun müəyyənləşdirildiyini deyib. Bu məsələ təqsirləndirilən şəxslərdən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə polis arasında mübahisə doğurub:

- Deyirsiniz ki, Raminin əlində bıçaq vardı, onu zərərsizləşdirməyə getdiniz. Necə olur, əlində qumbara olan adam dediyinə görə, beş metrliyinizdən qaçır, onu tutmursunuz, amma əlibıçaqlının üstünə gedirsiniz? Əlində qumbara qaçanda, niyə onu zərərsizləşdirmədiniz?

- Qaçıb gedirdi də...

- Dediyinizə görə, əlində gül dəstəsi yox idi, qumbara vardı və hər an ata bilərdi. Siz niyə arxasınca atəş açıb dayandırmadınız?

- Bizim heç kimi öldürmək fikrimiz yox idi.

- Bəs onda ora bostan becərməyə getmişdiniz?

- Mən heç kimi öldürmək istəmirdim.

- Siz o əməliyyatda özünüzdəki silahdan atəş açmısınız?

- İki dəfə xəbərdarlıq atəşi açmışam.

Qandallarını itirən zərərçəkənlər?

Daha sonra Sabunçu Rayon Polis İdarəsinin çavuş rütbəli əməkdaşları Elmir Ələsgərov, Xaqani Davudov, Yunis Məmmədov, Şahin AbdullayevXətai Məmmədov dindiriliblər. Onlar Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımovun həbsinə etiraz olaraq, ötən il noyabrın 5-də idarənin qarşısında onun azadlığa buraxılması tələbiylə keçirilən aksiyadan danışıblar. Bildiriblər ki, həmin gün "Qarabağ"-"Monako" futbol qarşılaşması keçirilirdi, onlar da stadionda xidmət edirdilər. Həmin vaxt onları aksiya ilə əlaqədar idarəyə çağırıblar. Aksiya iştirakçılarının daş, taxta atdığını deyən polislər özləri heç bir xəsarət almadıqlrını bildirərək, qeyd ediblər ki, hazırda Nardaran işi üzrə təqsirləndirilən şəxslərdən heç kimi tanımırlar. “Niyə zərərçəkmiş kimi tanınmısınız” suala cavab olaraq, aksiyanı dağıdarkən əllərində olan qandalların və bir dəyənəyinitdiyini, bir dəbilqənin də əyildiyini əsas gətiriblər.

Məhkəmə iclasında təqsirləndirilən şəxslərin həbs günüBMCMİ-nin həyətində dəhşətli işgəncələrə məruz qalmaları barədəsöylədiklərinin araşdırılması məqsədilə həmin idarəyə göndərilən sorğuya cavab gəldiyi də məlum olub. Cavabda BMCMİ-nin həyətində müşahidə kameralarının olmaması bildirilir.

Məhkəmə oktyabrın 10-da davam edəcək.

Xatırlatma

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlanıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 ayadək həbs cəzası kəsilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilirlər. Təqsirləndirilənlər bu ittihamları rədd edərək, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

XS
SM
MD
LG