Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:57

İndi Marsda qışdır göydən bəlkə də karbon qazının qarı yağır başına


Mərakeşli alim yeni ixtira etdiyi Aouda X Mars geyimini geyinərək Mərakeş səhrasında Marsa uçacaq kosmonavtı təqlid edir.
Mərakeşli alim yeni ixtira etdiyi Aouda X Mars geyimini geyinərək Mərakeş səhrasında Marsa uçacaq kosmonavtı təqlid edir.

-

Azər Əhmədov

Şeirlər

Yağış*

Amerikada yaşayan Azərbaycanlı alim və şair Azər Əhmədov.
Amerikada yaşayan Azərbaycanlı alim və şair Azər Əhmədov.

adam gəlir vağzal açılır quşlar uçuşur

uşaqlar qaçır işıqlar sayrışır qəzetlər baxışır

qatar görünür vağzal çığırır adam ləngiyir

pillələr dırmaşır quşlar uçuşur vağzal yaraşır

qatar qışqırır uşaqlar qışqırır qaçır qışqırır

çətirlər açılır çiçəklər gülüşür qəzetlər soruşur

quşlar sevinir adam yeriyir yollar kəsişir

vağzal baxışır işıqlar sayrışır qadınlar keçir

adam tələsir vağzal soruşur yağış danışır

çətirlər görüşür çətirlər görüşür çətirlər görüşür

yağış danışır pəncərələr boşdur quşlar yarışır

çiçəklər gülüşür adam tələsir pərdələr susur

yollar kəsişir uşaqlar baxışır qəzetlər qarışır

pillələr sevinir vağzal yaraşır yağış danışır

ata vağzal niyə vağzal uşaq soruşur

quşlar gülüşür adam düşünür qadın keçir

saçları yaraşır pillələr yarışır dəniz görüşür

işıqlar sayrışır çiçəklər susur vağzal qarışır

qatar baxır adam dönür gözləri alışır

gözləri alışır qadın düşür saçları yaraşır

gözləri alışır saçları yaraşır saçları yaraşır

qadın düşür ətəyi yellənir pillələr sevinir

adam qarışır vağzal soruşur dəniz susur

ətəyi yellənir dənizi yellədir dalğalar oynaşır

damcılar yarışır küçələr axışır işıqlar sayrışır

ata vağzal niyə vağzal uşaq soruşur

damcılar gülüşür maşınlar baxışır sətirlər qarışır

adam soruşur saçları yaraşır saçları yaraşır

ətəyi yellənir dənizi yellədir dənizi yellədir

küçələr axışır dəniz darıxır çətirlər görüşür

yollar kəsişir yollar kəsişir yollar kəsişir

adam dönür vağzal baxır dəniz darıxır

adam susur adam susur adam susur

yağış barışır

.

.

Buna da bax: İçim axıb çölə dolmağa yer axtarır, sənin də için yoxdur ki…

Günəş

.

1

Bu səhər

qara-bənövşəyi rəngdə doğub günəş

(doğdu günəş badımcan can gülüm can can)

.

dağların arxasında

meşə yanğınları başlayıbmış demə

mənsə bundan xəbərsiz

vahimələnib

uzaq ştatdakı qardaşıma

zəng vururam

günəşiniz necədir soruşmağa utanıb

gününüz necədir soruşuram

.

2

Bayırda 20 dərəcə şaxta

və yarım metr qar

deyinərək bərkimiş qarı təmizlərkən

başımı qaldırıb

göydə bir deyil

iki günəşin doğduğunu görürəm

.

çimib-hazırlanıb

səhər yeməyi yeyib

işə gedəndə də

günəşlər hələ ordadır

hansının həqiqi

hansının xəyali olduğunu belə

ayırd edəmmirəm

.

mənə baxıb-baxıb sanki

gününü qızdırammadıq

amma daha parlaq etdik

gülümsə

deyirlər

.

Şimali Dakotada hər il müşahidə olunan günəş halələnməsi.
Şimali Dakotada hər il müşahidə olunan günəş halələnməsi.

3

Bu gün üç günəş doğub

ortadakı həqiqi günəşdir

yanındakılar da

havadakı buz kristallarından

əks olunan halələri

(ingiliscə halo’ları)

.

işdən evə dönəndə

günəş artıq birdir

iridir

qıpqırmızıdır

havada süzə-süzə

batmağa doğru gedir

.

arabanı

yolun kənarında əyləyib

beş milyardlıq yaşı olan

bu möcüzə ulduzu

üfüqdə tam batana qədər

diqqətlə izləyirəm

.

beş milyard il sonra

günəş sönəcək

mənim kimi o da

ömrünün düz ortasındadır

nə gözəldir düşünmək bunu

və günəşə güvənmək

orta yaşın gətirdiyi

qorxuları, təşvişləri

dəf etməyə çarpışırkən

vaxtı ortadan düz bölüb

yarısını keçmişi anmağa

yarısını

gələcəyi düşünməyə

sərf etməyə çalışırkən

.

4

Yerdə səma mavi

günəş batanda qırmızıdır

Marsdasa səma qırmızı

günəş batanda mavi

.

orda da günəş halələnir

amma əks olunduğu

buz kristalları

H2O yox CO2 -dir.

.

soyuqda karbon qazı

mayeləşmədən donur

atmosferin təzyiqi də

fəsillərə görə dəyişir

.

indi Marsda qışdır

sən ordasansa

göydən bəlkə də

karbon qazının

qarı yağır başına

.

yayacan gözlə

(Yerdəkindən iki dəfə çox gözləyəcəksən)

temperatur bəzən

məxsusi səninçün

0 Celcius’dan yuxarı qalxır

yaxşı axtarsan maye su da taparsan

.

ovcunu suyla doldur

gözlərinin önündə tutub diqqətlə bax

o suyu əridib maye edən

bizim günəşdir

qorxma, iç!

.

Buna da bax: Azər Əhmədov: Los Angeles-dən Fargoya qədər səyahət

5

Yupiterin qaz səthində dayana bilsən

43 dəqiqəlik məsafədən baxacaqsan

maviş səmada

ölçüsü 5 dəfə

parıltısı 27 dəfə az olan günəşə

bilirəm qüssə dolacaq ürəyinə

əvəzində günəş tez-tez halələnir burda

havadakı donmuş ammonia qazından əks olunaraq

sayı 4-ə də çatır asanlıqla

.

axşamlar da 4 ay çıxacaq əzizim

gələcəklər qarşına

(günün də uzunluğu 10 saat, bəxtəvər başına)

Robert Frost belə sənə həsəd aparardı

nələr keçəcək ağlından nələr

Qalileyimi xatırlayacaqsan Hesiodumu

Kallistoya Yupiterin gözü ilə baxa biləcəksən

.

bəlkə günəşi unudub aylara salacaqsan mehrini

.

6

Plutoda

atmosfer olmadığından

hava kömür kimi qapqaradır günün günorta çağı

(bizim Ay da belədir)

günəşsə bu qaranlıq dünyada balaca bir nöqtə

səmada

bəzən günəşi axtarıb tapmayanda

qanrılıb arxada olduğunu görürsən

.

burda hamının ulduzu birdir

hamının ulduzu barışıb

.

ey sən

arxasını günəşə çevirən

bax

hoppanıb

önündəki boşluğa atıla bilərsən

irəli irəli gedərsən

istədiyin bu deyildimi

bəs niyə durmusan

niyə qopa bilmirsən

.

Buna da bax: Müasir Amerika şeirində qafiyələr, sənsiz və mənsiz şeirlər (Məqalə)

7

Səhər oyanıram

pəncərəm

dunyanın bir hissəsini

çərçivələyib

divardan asıb

bu düzbucaqlı dünyada

çəmənlik məktəb uşaqlar

arabalar quşlar itlər var

bir də gün işığı

.

belə rəsmlər çox görmüşəm

biri elə aşağıda

mətbəxdəki divarımdan asılıb

yarıqaranlıq kafeteriya var rəsmdə

velosiped masalar var

bir də tağlı açıq qapının

görünən hissəsindən

gün işığı düşür

adam başını rəsmin içinə soxub

o işığı saçan günəşi görmək istəyir

.

başımı rəsm-pəncərənin içinə soxub

boynumu ha uzatsam da günəşi görəmmirəm

.

indi geyinib evdən çıxacam

günəşi tapıb doyunca baxacam

.

fikrimdəki nə Nazim Hikmətin

suda sureti çıkan sıcaq günəşidir

nə Mary Oliver’in

axşam top kimi süzə-süzə gedib

üfüqdə batan

və səhər

dünyanın o biri başından çıxan günəşi

nə Rasim Qaracanın ölüm haqqında günəşidir

nə Billy Collins’in ölümdən sonrakı günəşi

.

adi ağımtıl-sarımtıl bir günəş düşünürəm

Plutodan dünən gecə qayıtmış

bərk-bərk özləyən birisi

necə görmək istəyərsə

o cür bir günəş

*“Yağış” şeiri ilk dəfə www.literaz.com səhifəsində çap olunub.

XS
SM
MD
LG