Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:30

Sabir Rüstəmxanlı: 'Həmin gün parlament əhatəyə alınmışdı...'


18 oktyabr 1991-ci il. Azərbaycan parlamentində.
18 oktyabr 1991-ci il. Azərbaycan parlamentində.

AzadlıqRadiosunun arxivindən (2016)

"Səs verildi. Bir anlıq sükut çökdü. Sonra ağlayan kim, qucaqlaşan kim. Bizim bir şəklimiz var, ayağa qalxmışıq, başımızın üstündə yumruqlarımız düyünlənib... Hamı qışqırırdı: “Qəbul edildi!”. Uşaq kimi atılıb-düşürdük. Salon dağılırdı. Biri ağlayırdı, biri gülürdü... Belə qeyri-adi bir əhval-ruhiyyə vardı".

Keçmiş deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 25 il əvvəl – oktyabrın 18-də Milli Məclisdə Müstəqillik Aktının qəbul olunduğu günü belə xatırlayır.

“Birdən salona Azərbaycanın üçrəngli bayrağı gətirildi. Sonradan bildik ki, bunu hökumətin öz adamları təşkil edib, DTK əməkdaşıdır bayrağı gətirən də...”

– Müstəqilliyə gedən yol hardan başladı?

– “18 oktyabr”a gedən yol Mixail Qorbaçovun hakimiyyətə gəlişindən, “yenidənqurma və aşkarlıq” adlandırılan dövrdən başlandı. Ondan sonra bütün SSRİ-də mərkəzdənqaçma hərəkatı gücləndi, milli hərəkatlar yarandı. Azərbaycanda buna təkan verən Dağlıq Qarabağda baş verənlər, ermənilərin torpaq iddiaları oldu. Nəhayət, 1988-ci ilin payızında Bakıda 18 günlük aramsız mitinq keçirildi. İndi çoxları deyir ki, onsuz da SSRİ dağılacaq, Azərbaycan da başqaları kimi ayrılacaqdı. Əslində, SSRİ-nin dağılması elə Azərbaycandakı meydan hərəkatından sonra başlandı. Moskva Azərbaycanın qopmaq istəməməsi üçün təzyiqi artırırdı. Buna görə də 1990-cı ilin yanvarında Bakıya qoşun yeridildi. Bəhanə də bu oldu ki, Xalq Cəbhəsi SSRİ sərhədlərini dağıtmaq istəyir, silahlanır... Bundan sonra fövqəladə vəziyyət elan edildi - yanvardan 1991-ci ilin avqustunadək - 18 ay davam etdi.

Buna da bax:​ “Müstəqilliyin cəfasını biz, səfasını onlar çəkdi”

– Yəni “QKÇP” hadisələrinə qədər?

– 1991-ci ilin avqustunda “QKÇP” deyilən qurum Qorbaçovu bir neçə günlüyə hakimiyyətdən uzaqlaşdırdı. Bizim respublikanın hakimiyyət orqanları “QKÇP”ni dəstəkləyən bəyanatla çıxış etdi. Amma biz Xalq Cəbhəsi olaraq, bunun dövlət çevrilişi olduğunu bildirdik. Bundan sonra bizim qərargaha polis hücumu oldu. İdarə Heyətinin iclası keçirilirdi. Binaya qaz buraxdılar. Hamını ordan çıxardılar. Bircə rəhmətlik Elçibəylə məni ölümümüzə döydülər. Sonra hər ikimizin başına 7 tikiş qoydular. Həkim dedi ki, zərbə bir az o yan bu yana dəysəydi, ölə bilərdiniz. Bu tapşırıq da Azərbaycan rəhbərliyindən gəlmişdi birbaşa. Əbülfəz Elçibəyi dostları maşına qoyub qaçırsalar da, məni qan içində ovaxtkı Oktyabr rayon milis idarəsinə apardılar. Sonra deputat olduğumu bilib buraxdılar, amma mən qaldım, 50 nəfərədək cəbhəçi uşaqları döymüşdülər, paltarları cırılmışdı, qan içindəydilər. Mənlə İsa Qəmbər səhərədək - uşaqların hamısı buraxılanadək orda oturduq. Ertəsi gün Elçibəyin ismarışı əsasında Azadlıq Meydanında mitinq keçirdik. Meydanın ətrafı hərbi maşınlarla əhatə edilmişdi, İsa Qəmbərlə mən onları aşıb meydana girdik. Beləliklə, neçə aydan sonra Azadlıq Meydanında ilk mitinq keçirildi. Bundan sonra məcbur qalıb fövqəladə vəziyyəti də ləğv etdilər. Qorbaçovun qayıtmasından sonra respublika rəhbərliyi ilə Moskva hakimiyyətinin münasibətləri pozulmuşdu. Bunun da təsiri altında avqustun 30-da Müstəqillik Bəyannaməsi qəbul edildi.

Tarixi görüntülər - Müstəqillik Aktı belə qəbul edildi
Gözlə

No media source currently available

0:00 0:16:13 0:00

– Münasibətlər niyə pozulmuşdu? Respublika rəhbərliyi “QKÇP”ni dəstəklədiyinə görə? Axı həmin günlərdə rəsmi mətbuatda İranda olan Ayaz Mütəllibovun adından dəstək məktubu çap edilmişdi...

– Özünün razılığı olmuşdu, ya yox, - bilmirəm. Məlum oldu ki, AXC “QKÇP”ni dəstəkləmir, respublika rəhbərliyi isə dəstəkləyir. Sentyabrın 1-də Moskvada SSRİ Ali Sovetinin sessiyası çağrıldı. Təklif olundu ki, oraya respublikaların bir neçə deputatı da qatılsın. Başım sarıqlı olsa da, mən də getdim. O sarğını uzun saçlarımın altında gizlətdilər. Tofiq Qasımov, Araz Əlizadə, mən, bəlkə başqaları da vardı... Orda bizə bəlli oldu ki, bu artıq SSRİ-nin sonudur. Bəzi respublikalar müstəqillik bəyannaməsini qəbul etmişdilər. Ordan yüngülləşmiş qayıtdıq. Bundan sonra müstəqilliyimizin bərpası haqqında Konstitusiya Aktını hazırlamağa başladıq. Bu, xeyli vaxt apardı. Nəhayət, 1991-ci ilin 18 oktyabrında o sənəd qəbul edildi.

Buna da bax:​ Heydər Əliyev «QKÇP» haqqında

– Amma o hadisədən cəmi bir neçə ay öncə Azərbaycanda Sovet İttifaqının saxlanılmasına səs verilmişdi...

– Martın 17-də referendum keçirildi və Azərbaycan hakimiyyəti bütün respublikanı SSRİ-nin tərkibində qalmağa səs verməyə məcbur etdi. Referendum məsələsi müzakirəyə çıxarılanda cəmi 42 nəfər buna etiraz etdi. Bunun 25 nəfəri mənim həmsədr olduğum “Müstəqil Azərbaycan” deputat blokunun üzvü idi, 17 nəfər bizə kənardan qoşulmuşdu. Yerdə qalanı SSRİ-nin qalmasına səs verdi. Bu gün həmin şəxslər vəzifədədirlər və yekə-yekə müstəqillikdən danışırlar. Amma qısa müddətdə vəziyyət dəyişdi, 18 oktyabrda Müstəqillik Aktı səsə qoyulanda, referenduma “hə” deyənlər məcbur qalıb lehinə səs verdilər.

Müstəqillik Aktının müəlliflərindən biri danışır
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

– Nə baş verdi ki?

– Həmin gün parlament əhatəyə alınmışdı. Etirazçıların bir hissəsi içəridə arxa cərgədə oturmuşdu. Bəyan olunmuşdu ki, bu gün Müstəqillik Aktı qəbul edilməlidir, əks halda burdan heç kim çölə çıxmayacaq. Bir az da təzyiq vardı, bəli. Başqa yol qalmamışdı, çünki. Səsə qoyuldu və 260 nəfər lehinə səs verdi.

Buna da bax:​ "O millət yaxşı yaşayır ki, hökuməti özbaşına buraxmır"

– Müstəqillik Aktı qəbul edildi... O an nə düşündüyünüzü, nə hiss etdiyinizi necə xatırlayırsınız?

– Səs verildi... Bir anlıq sükut yarandı. Sonra ağlayan kim, qucaqlaşan kim. Bizim bir şəklimiz var, ayağa qalxmışıq, başımızın üstündə yumruqlarımız düyünlənib... Hamı qışqırırdı: “Qəbul edildi!”. Uşaq kimi atılıb-düşürdük. Salon dağılırdı. Biri ağlayır, biri gülürdü... Belə qeyri-adi bir əhval-ruhiyyə vardı.

– Bəs siz?

– Mən ağlayırdım. Firudin Ağasıoğlu ilə yanaşı oturmuşduq. Bir-birimizə baxıb ağladıq, sonra qucaqlaşdıq...

– Və bu arada iclas keçirilən zala bayraq gəldi...

– Bayraq gələndə düşündüm ki, gözün aydın, Vətən, gözün aydın, Azərbaycan! Biz indi rahatca ölə bilərik, mənim davam bura qədərdi. Daha arxayınlaşa bilərik. Belə düşünürdük o vaxt. Sonra yazmışdım ki, qalx, bayraq gəlir! Üçrəngli, ay-ulduzlu bayraq gəlir, qalx, yoldaş kommunist, dünən bunu tanımayan, həqarət edən, o bayrağı cıran, ayaq altına atan, qalx! Qəzəbdən əssən də, ürəyin partlasa da qalx... Həmin gün ömrümün ən xoşbəxt günü idi.

Buna da bax:​ Tarixin böyük anları…

– Amma problemlər silsiləsi də başlanırdı. Torpaqların işğalı, dövlət çevrilişləri, itkilər, yarımçıq qalan islahatlar...

– Hə, amma müstəqilliyimizi qazandıq. Bu, hər şeydən qiymətlidir. Müstəqilliyimiz varsa, bu sadalanan problemlər bir gün həllini tapacaq.

– Sabir bəy, o zaman çıxışlarınızın birində demişdiniz ki, neftdən gələn gəlirlə Azərbaycanın torpaqlarını bir neçə millimetr qızıla bürümək olar...

Sabir Rüstəmxanlı: 'Neftdən gələn gəlirlə Azərbaycanın torpaqlarını bir neçə millimetr qızıla bürümək olar...'
Gözlə

No media source currently available

0:00 0:11:41 0:00
Direct-ə keçid

– Bunu demişdim, amma xarici mətbu orqana istinadla.

– Amma torpaqlar qızıla bürünmədi. Artıq postneft dövrü başlanıb...

– Bəlkə də bu eniş yaşanmalıydı ki, başqa bir yüksəliş başlasın...

XS
SM
MD
LG