Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:42

Azərbaycan rəsmiləri - kimlər kimlərlə qohum olub?


Arxiv fotosu. Mənbə - shutterstock.com
Arxiv fotosu. Mənbə - shutterstock.com

Azərbaycan müstəqillik qazanandan sonra hakimiyyət nümayəndələri arasında yayılan və gözə çarpan qohumluq, çox güman, illərdir hakimiyyətdə olan Əliyevlərdən də qaynaqlanır.

Atalar, oğullar

Keçmiş prezident Heydər Əliyev yenidən hakimiyyət olimpinə qayıdandan sonra oğlu İlham Əliyev Dövlət Neft Şirkətinin vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti, qardaşı Cəlal Əliyev parlamentin deputatıydı. Heydər Əliyevin ölümündən sonra İlham Əliyev onun yerinə prezident, xanımı Mehriban Əliyeva millət vəkili oldu.

Buna da bax: İlham Əliyev «atasından qalma mirasın girovudur»

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev Dövlət Miqrasiya Xidmətinin rəisinin birinci müavinidir. O bunadək mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb. Teymur Mehdiyev Nazirlər Kabineti Aparatının humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqovun qızı ilə evlidir.

Ramiz Mehdiyevin kürəkəni - prezidentin adaşı olan İlham Əliyevsə Milli Məclisin deputatıdır.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov uzun illərdir Milli Məclisin deputatıdır. Nazirin kiçik oğlu Nicat Heydərov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızı ilə ailə qurub.

Buna da bax:​ Milli Məclis, ya Hakimiyyət Məclisi?

Qardaşlar, qudalar

Baş nazirin müavini Elçin Əfəndiyevin qardaşı Timurçin Əfəndiyev 2014-cü ilə qədər Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub. Hazırda Bakı Xoreoqrafiya Akademiyasının rektorudur.

Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva diplomatdır. YUNESKO Azərbaycan Milli Komitəsinin birinci katibi olan xanım diplomat paralel olaraq, Türk Mədəniyyəti və İrsi Fonduna da rəhbərlik edir.

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

Hərbi prokuror Xanlar Vəliyev Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin qardaşıdır.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun da qardaşı icra başçısıdır. Tofiq Zeynalov Tovuz rayonunun icra başçısıdır.

“Yol” qohumluğu

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı ilə ailəlidir.

Nazirin qardaşı Elton Məmmədov Milli Məclisin iki çağırışı boyunca deputat olub. Bacısı Məhbubə Məmmədova “Tərəqqi” liseyinin (əvvəlki 66 saylı orta məktəb) direktorudur.

Buna da bax:​ Anar Məmmədov keçmiş konqresmenin pulunu kəsib

Ziya Məmmədovun bacısı oğlu Mənsur Məmmədov 2007-ci ilədək Zərdabın, 2007-ci ildən 2015-ci ilədək isə Göyçayın icra başçısı olub.

Nəqliyyat nazirinin qardaşı oğlu Fuad Məmmədov əvvəl Salyan rayon polis idarəsinin rəisi, ardından Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini olub.

Ziya Məmmədovun bir qudası da Salyanın keçmiş icra başçısı, deputat Əliağa Hüseynovdur. Deputatın oğlu nazirin qızı ilə evlidir.

Nazirin digər qardaşı İldırım Məmmədovun oğlu Sabir Rüstəmxanlı deputat olarkən, onun qızı ilə ailə qurub.

Qol-budaqlı qohumluq

Daxili işlər naziri Ramil Usubov Xətai rayonunun prokuroru Yusif İldırımzadə ilə qudadır. Nazirin oğlu Emil Usubov prokurorun qızı ilə ailə qurub.

Mərkəzi Bankın sədri Elman Rüstəmovla “Melorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadəni də belə qohumluq bağları birləşdirir. Baş bankirin qızı “su naziri”nin oğlu ilə ailəlidir.

Buna da bax:​ Ramil Usubov Türkiyədə ANS-in qapadılmasından danışıb

Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə isə əvvəl Qax, 2009-cu ildənsə Zaqatala rayonu İcra Hakimiyyətinin başçısıdır.

Xəzər rayonunun prokuroru Fəxri Ələsgərov Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qardaşdır. Onların ataları Murtuz Ələsgərov deputat və Milli Məclisin spikeri olub.

Müdafiə Sənayesi Naziri Yavər Camalovun oğlu baş prokurorun birinci müavini Rüstəm Usubovun qızı ilə evlidir.

Nazirin qardaşı Mərdan Camalov Şirvan rayonunun icra başçısıdır.

Buna da bax: «Əliyev məmurlarına ofşor şirkət yaratmağı öyrədib»

İctimai-siyasi qohumluq

Prezidentin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevlə qudadır. Əli Həsənovun qızı deputatın oğlu ilə ailəlidir. Əli Həsənovun qardaşı Qəzənfər Həsənov Sumqayıt şəhəri icra başçısının müavinidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı Tariyel Qurbanov Hacıqabul rayonunun prokuroru, oğlu isə Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin məsul əməkdaşıdır.

Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri İnam Kərimovun qardaşı Mətin Kərimli əmək və əhalinin sosial müdafiısi nazirinin müavinidir.

Buna da bax:​ “Sumqayıtda söküntü işi aparılmır”

Deputat Adil Əliyev Prezident Administrasiyasının şöbə müdiri Məhərrəm Əliyevin qardaşıdır. Daha çox Bakı şəhər Baş Polis İdarəsinin rəisi olduğu dövrdə tanınan Məhərrəm Əliyev keçmiş səhiyyə naziri Əli İnsanovla onun nazirlik dönəmində qohum olublar.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov da Milli Məclisin deputatıdır.

İşıldayan qohumluq

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı Nazim Fərəcov bir çağırış Milli Məclisin deputatı olub.

Salyan rayonunun keçmiş icra başçısı, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirov Xəzər Dəniz Gəmiçiliyinin keçmiş rəisi Aydın Bəşirovun qardaşıdır.

Buna da bax: 185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?

Zəngilanın icra başçısı Ramiz Həsənov Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qardaşıdır.

Tovuzun icra başçısı və Dövlət Statistika Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmış Həmid Bağırov Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovun qaynıdır.

Deputat Xanhüseyn Kazımovun oğlu Fəxri Kazımov İpoteka Fondunun icraçı direktorudur.

Sabiqlərin qohumluğu

Hazırda SOCAR-ın tabeçiliyinə verilmiş “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikovun özü də, qardaşı da sabiqlərdəndir. Əlixan Məlikov vəzifədə olanda qardaşı Fəxrəddin Məlikov Kürdəmir rayon icra hakimiyyətinin başçısı olub.

Keçmiş deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanovun adı nurçularla əlaqədə hallandırılandan sonra o, Prezident Administrasiyasının şöbə müdiri vəzifəsindən uzaqlaşdırılıb. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron idarəçiliyin inkişafı şöbəsinin müdiridir.

Buna da bax:​ Əli Həsənov BMT məruzəçisini 'topa tutdu'

Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun qızı ilə evli olub.

Əli Abbasovun oğlu isə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin qızı ilə ailə qurub.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin qızı ilə ailə qurub. Cahangir Hacıyev işdən çıxarılandan və həbs olunandan sonra bacanağı - biznesmen İsmayıl Hidayətzadə də həbs edilib.

Keçmiş təhsil naziri Misir Mərdanovla Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi olmuş mərhum Mənsur İbayev quda olub.

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı idi.

Paytaxtdan uzanan qohumluq

Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə qudadır. Spiker qızını icra başçısının oğluna verib.

Başqa bir quda qohumluğu gənclər və idman naziri Azad Rəhimovla Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı arasındadır. Nazirin oğlu icra başçısının qızı ilə evlidir.

Buna da bax:​ Cahangir Hacıyevin bacanağı 7 il azadlıqdan məhrum edildi

Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vergilər naziri Fazil Məmmədovun bacısının əridir.

Baş nazirin müavini Abid Şərifovun oğlu daxili işlər nazirinin keçmiş müavini Rövşən Cavadovun qızı ilə ailə qurub.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qızı deputat Qalib Salahzadənin oğlu ilə ailə qurub.

Prezident Administrasiyasının işlər müdiri Oqtay Şahbazovun qardaşı Emin Şahbazov uzun illər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti rəisinin müavini vəzifəsində çalışıb. Onun oğlu Pərviz Şahbazovsa 2005-ci ildən bu ilin sentyabrınadək 11 il Almaniyada səfir olub.

Buna da bax:​ Abel Məhərrəmovun oğlu səfir oldu

Yenə var

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun qardaşı Məhərrəm Məhərrəmov Prezident Administrasiyasının məsul əməkdaşıdır.

1996-cı ildən 2013-cü ilədək 17 il Naxçıvan Dövlət Universitetinə rektorluq etmiş, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olan İsa Həbibbəylinin oğlu Ərəstü Həbibbəyli Prezident Administrasiyası xarici əlaqələr şöbəsi müdirinin müavinidir.

Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Emin Yaqubov Azərbaycanın Avropa Şurası yanında diplomatik missiyasına rəhbərlik edir.

Bunlar iqtidar qohumluqlarının yalnız az, geniş çevrəyə nisbətən bəlli qismidir.

XS
SM
MD
LG