Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:49

Son vergi dəyişiklikləri və rüsumları nəyi dəyişib?


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul

Son vaxtlar vergi sistemində və gömrük rüsumlarında müxtəlif dəyişikliklər aparılır. Hökumət bunu sahibkarlıq mühitinin yaxşılaşdırılması, daxili bazarın qorunması, investisiya imkanlarının artırılması kimi amillərlə əsaslandırır.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul AzadlıqRadiosu-na bu dəyişikliklərin mahiyyətini açıqlayır:

– Vergidə 21 istiqamət üzrə dəyişiklik aparılıb. Onların bəzisi xarici təcrübənin Azərbaycanda tətbiqi ilə bağlıdır, bəzisi sırf yerli tələbatdan doğub. Sənədlərdə də belə göstərilir ki, söhbət sahibkarlıq mühitinin təşviqindən, investisiya imkanlarının yaxşılaşdırılmasından, vergi yükünün azaldılmasından və s.-dən gedir. Mən sahibkarlığa birbaşa təsir edəcək bir neçə vacib vergi dəyişikliyini misal çəkim. Bu dəyişikliklər həm kiçik, həm iri biznesi əhatə edir. Biri budur ki, pərakəndə və topdansatış ticarət müəssisələri əlavə dəyər vergisini (ƏDV-ni) məhsulun tam dəyərinə münasibətdə yox, ticarət münasibətinə görə ödəsin. Xatırlayırsınızsa, supermarket rəhbərləri kənd təsərrüfatı məhsullarına ƏDV tətbiqi ilə bağlı məsələ qaldırmışdılar, çünki kənd təsərrüfatı məhsulları bütün vergilərdən azaddır. İndi ticarətçilər məhsula ƏDV-ni onun bütün dəyərinə görə yox, satıldığı dəyərə əsasən ödəyəcəklər.

Buna da bax:​ Qanunsuz sahibkarlığın cəzası kəskin azaldı

– Bunun nə demək olduğunu, mümkünsə, bir az xırdalayın...

– Deyək ki, bir malı 20 manata alıblar, satırlar 21 manata. Əvvəllər ƏDV 21 manata tətbiq edilirdi, ancaq indi 1 manata tətbiq olunacaq. Düşünürəm ki, bu dəyişiklik indiki inflyasiya getdiyi bir vaxtda ilkin tələbat məhsullarının bahalaşmasının qarşısını almağa yardım göstərəcək.

Qalib Toğrul: 'Vergidə 21 istiqamət üzrə dəyişiklik aparılıb'
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00
Direct-ə keçid

– ƏDV-nin diferensiallaşdırılmasını misallarla necə izah etmək olar?

– ƏDV ilə bağlı bir dəyişiklik də onun diferensiallaşdırılması ilə bağlıdır. Bu məsələ də zaman-zaman qaldırılıb. Dünyanın əksər ölkəsində istifadə olunan təcrübədir. Burda sabit dərəcə olur, yəni əsas dərəcə və bir də iki-üç diferensiallaşdırılmış dərəcə olur. Bu da imkan verir ki, bəzi məhsullara, məsələn, uşaq qidalarına, nəşriyyat məhsullarına, dərman preparatlarına ən aşağı ƏDV tətbiq edilsin və onların qiyməti çox yüksək olmasın. ƏDV dolayı vergi olduğundan, bunu sahibkar yox, istehlakçı ödəyir. Bir dəfə gömrükdə ödənilir, bir dəfə topdansatışdan pərakəndə satış zamanı, bir dəfə də pərakəndə satışda. Yəni əslində, bu satış prosesinin iştirakçıları malı satarkən ödədikləri ƏDV-ni malın dəyərinin üzərinə gəlməklə bu pulu geri qaytarır, sonuncu istehlakçıdır ki, ƏDV onun cibindən çıxır və geri qayıtmır. ƏDV malların qiymətini yüksək saxlamağa məcbur edən vasitədir. Düzdür, hələ ki, Vergilər Nazirliyi diferensiallaşdırılmış vergi dərəcələrinin hansı məhsullara tətbiq ediləcəyini müəyyənləşdirməyib, ancaq çox güman, bu, əsas istehlak mallarına tətbiq ediləcək. Dünya təcrübəsində diferensiallaşdırılmış ƏDV dərəcəsi, bayaq dediyim kimi, uşaq qidalarına, nəşriyyat məhsullarına, dərman preparatları kimi məhsullara tətbiq olunur.

Buna da bax:​ Əmanət gəlirlərindən 3 il vergi tutulmayacaq

– Diferensiallaşdırılmış ƏDV tətbiq edildiyi məhsulları ucuzlaşdıracaq, yoxsa indiki şəraitdə, manatın dollara nisbətən dəyərsizləşdiyi bir vaxtda bahalaşmadan qoruyacaq?

– Azərbaycanda bazara kompleks yanaşmaq lazımdır. İndi manatın ucuzlaşması prosesi gedir, ölkədə bank-maliyyə sistemi dayanıqlı deyil, çox böyük problemlər var, ona görə inanmıram ki, ucuzlaşma yaratsın, mümkün qədər bahalaşmasının qarşısını almağa yönəlib. Ancaq bu da o demək deyil ki, diferensiallaşdırılmış ƏDV tətbiq ediləcək məhsullar bahalaşmayacaq. Bahalaşa bilər.

– Vergi dəyişikliklərində sabit vergidən söz açılır. Bu nə deməkdir?

– Bizdə müxtəlif peşə sahibləri var ki, indiyədək vergi ödəmirlər. Məsələn, repetitorlar, ev təmir edən ustalar. Onları vergiyə cəlb etmək istəyirlər. Bir də kassa aparatı tətbiq edilməyən sahələr var. Nəzərdə tutulub ku, bu sahələrin siyahısına yenidən baxılsın və bu şəxslərə sabit vergi dərəcələri tətbiq edilsin. Tutalım, repetitorluqla məşğul olan müəllimlərə bir vergi dərəcəsi müəyyənləşəcək. Məsələn, onlar hər ay 20, ya 30 manat vergi ödəyəcəklər. Məbləğ hələ bəlli deyil, vergi işçiləri müəllimlərin repetitorluqdan nə qazandığını araşdırıb, yəqin ki, orta bir rəqəm çıxaracaqlar. Məsələn, deyək ki, müəllim ayda 100 manat repetitorluqdan qazanır. Onun bu qazancına 4 faiz tətbiq olunacaq, yəni qazancının 4 manatını vergi kimi ödəyəcək. Fikrimcə, bu sabit vergi dərəcəsi bir çox kiçik müəssisələrə də tətbiq olunmalıdır. Məsələn, kiçik kafelərə və ya məhəllə marketlərinə. Belə bir qayda qoyula bilər ki, 50 kvadratmetrlik sahəsi olan kafe sabit vergi ödəyəcək.

Buna da bax:​ Gömrük Komitəsinin üzü güləcək

– Bəs kameral yoxlamanın sahibkarlara nə faydası dəyəcək?

– Vergi yoxlaması üç cürdür: səyyar, operativ və kameral yoxlama. Kameral o deməkdir ki, vergi müfəttişi obyektə getmir, ancaq sahibkarın verdiyi bəyannamələri, hesabatı, ödədiyi vergiləri və digər məlumatları araşdırır ki, uyğunsuzluq var, ya yox. Uyğunsuzluq çıxarsa, bu zaman sahibkara yazıb bunu bildirir və uyğun tədbirlər görülür. Sahibkarlar vergi müfəttişlərinin onların obyektinə girib-çıxmasından çox narazı idi. Kameral yoxlama səyyar yoxlamaların sayını kəskin azaldacaq.

Qalib Toğrul: 'Bizdə müxtəlif peşə sahibləri var ki, indiyədək vergi ödəmirlər'
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00
Direct-ə keçid

– Bəzi ərzaq məhsullarının idxalına əlavə rüsumun tətbiqini necə şərh etmək olar? Söhbət 1 kq ev toyuğunun ətinə - 1 dollar, min ədəd toyuq yumurtasına - 100 dollar, 1 kq soğana 0,2 dollar və s. rüsumlardan gedir. Bu, daxili bazara necə təsir göstərəcək?

– Rəsmilər bu rüsumların tətbiqini daxili bazarın qorunması, yerli istehsalın dəstəklənməsi ilə əsaslandırırlar. Bəzi ərzaq məhsulları üzrə, məsələn, daxildə istehsal edilən ət məhsulları, ya yumurta ölkə əhalisinin tam tələbatını ödəmir. Bu qərar inhisarçı şirkətlərin mövqeyini daha da möhkəmləndirəcək, kiçik bazar oyunçuları da rəqabətə tam gətirməyib sıradan çıxacaqlar. İnhisarçı şirkətlərsə qiyməti bahalaşdıracaq və artıq bahalanma başlayıb. Bunun bir zərəri də biz istehlakçılara dəyir. Bu rüsumun tətbiqi Ümumdünya Ticarət Təşkilatının ticarətdə maneələrə qadağa sənədinə də ziddir.

Buna da bax: "Əslinə qalsa, vergi sistemi formalaşa bilmədi"

– Bu rüsumlar daxili bazarda yerli istehsalı necə bahalaşdıra bilər?

– Toyuq əti üzrə bunu izah edim. Azərbaycan toyuq ətinə tələbatını daxili istehsalla tam ödəyir. Deyək ki, bir sahibkar toyuq ətini istehsal, digəri idxal edirdi. Yerli sahibkar məcbur olurdu ki, idxal ucuz başa gəldiyindən, qiyməti buna uyğunlaşdırsın Beləcə, bazarda rəqabət mühiti yaranırdı. İndi rəqabət yerli toyuq əti istehsalçıları arasında gedəcək. Bu istehsalçılarsa bir neçə şirkətdir. Deməli, qiymət bahalanması müşahidə edilə bilər. İkincisi, Azərbaycana un və şəkər idxal edilir və ondan məhsul hazırlanaraq, yerli mal kimi təqdim olunur. Əslində, bu, yerli mal deyil, çünki xammalı idxal olunur. İndi bu rüsumlar da belə bir mənzərə yaradır: istehsalçı şirkət xaricdən xammalı əlavə rüsumsuz gətirir, amma bir sahibkar bu xammaldan hazırlanmış məhsulun idxalına əlavə rüsum ödəməli olacaq. Bu qərar yalnız ölkədəki inhisarçı şirkətlərin mövqeyini gücləndirməyə və rəqabətin ortadan qalxmasına xidmət edəcək. Bazarda rəqibsiz qalan inhisarçı şirkət istədiyi qiyməti qoyacaq.

XS
SM
MD
LG