Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:39

'Nardaran işi' üzrə şahidlər polisə aparılıb


Nardaran məhbusları
Nardaran məhbusları

«Nardaran işi» üzrə oktyabrın 26-da keçirilən məhkəmə iclasında dindirilən iki nəfər - Valeh Abbasov və Samir Babayev də daxil olmaqla, bu işdə şahid olan daha 10 nəfər Nardaran və Maştağa sakini Sabunçu rayon Polis İdarəsinə aparılıb. Adları çəkilən iki şahidi çıxmaqla, digər 10 nəfər bir qədər sonra buraxılıb. Bu barədə AzadlıqRadiosuna «Nardaran işi» üzrə təqsirləndirilən bir neçə nəfərin, o cümlədən «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırovun vəkili Yalçın İmanov məlumat verib.

«ŞAHİDLƏRƏ TƏZYİQ EDİRLƏR»

Oktyabrın 26-da Valeh Abbasov və Samir Babayev məhkəmədə dindirilərkən istintaqdakı ifadələrini təsdiq etmədilər. Abbasov bildirdi ki, o, latın qrafikası ilə yazıb-oxumağı bacarmır. İfadədə müstəntiqin nə yazdığını bilmədən onu imzalayıb.

Samir Babayev «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımovun həbsdən buraxılması tələbi ilə ötən il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşısında keçirilən aksiya və ondan sonra saxlanılanlarla bağlı danışarkən, özünün və bir sıra başqa şəxslərin idarədə işgəncələrə məruz qaldığını, hətta saxlanılanlardan birinin cinsiyyət orqanına cərəyan verildiyini bildirdi. Həmçinin qeyd etdi ki, onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İslam Ağabəyov dindirib. «Nardaran işi» üzrə təqsirləndirilən şəxslər onlara BMCMİ-də ən çox işgəncə verən şəxslərdən biri kimi, Ağabəyovun adını çəkirlər.

«Bugünkü məhkəmədə məlum oldu ki, Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsinin əməkdaşları mülki geyimdə zaldadırlar. Həm təqsirləndirilən şəxslər onları tanıdı, həm də biz vəkillərin etirazından sonra onlar zaldan çıxarıldı. Hesab edirik ki, onlar dindirilən şahidlərin nə ifadə verəcəyini bilmək üçün məhkəməyə göndərilmişdilər. Dindirilən şəxslərin dərhal sonra idarəyə aparılıb saxlanılması şahidlərə təzyiq məqsədi daşıyır. Eyni zamanda bu işin qurama, saxta olduğuna dəlalət edir», – Yalçın İmanov bildirib.

XATIRLATMA

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda ikisi polis olmaqla, altı şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Onların daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Ancaq məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

XS
SM
MD
LG