Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:29

Milyonçu şairi belə aldadıblar


Gülağa Tənha
Gülağa Tənha

Müğənni Manaf Ağayev oktyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, keçmiş MTN-in Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin rəisi, həbsdə olan general Akif Çovdarovun zərərçəkmişi olan İlham Qasımovun işində şahiddir.

PULU ÖDƏYİB, EVİ ALA BİLMƏYİBLƏR

«Real» Mənzil-Tikinti Kooperativinin rəhbəri olan İlham Qasımov özü də həbsdədir. O, Rusiyada yaşayan azərbaycanlı milyonçu, «Tənha» ləqəbli şair Gülağa Qəmbərovu aldadıb 19 milyon 500 min dollarını ələ keçirməkdə suçlanır. Hərçənd, Qasımovun işində Gülağa Tənha yeganə zərərçəkmiş deyil. Onun rəhbərlik etdiyi şirkətdən ev almaq istəyən bir xeyli adam da zərərçəkmiş qismində tanınıb. Onların bir neçəsi pulunu ödəsə də, evini ala bilməyib. Və ya aldığı mənzilin bir neçə nəfərə satıldığı ortaya çıxıb.

Manaf Ağayev məhkəmədə deyib ki, «Real» MTK-nın bina tikməyə aldığı ərazidə onun iki qarajı olub. Qarajları almaq üçün də onun yanına İlham Qasımovun bacısı oğlu gəlib. Amma müğənni qarajları satmaq istəməyib: «Dayısını tanıyırdım. Dedim, ona çatdırsın ki, ev, ya da obyektlə dəyişə bilərəm. Ancaq sonradan alqı-satqı olmadı».

Dindirmə zamanı bəlli olub ki, Manaf Ağayevin qarajlarının mülkiyyət sənədləri yoxdur.
Digər şahidlər dindirilərkən Gülağa Tənhanın necə aldadıldığı da üzə çıxıb.

Məsələn, şahid Reyhan Xəlilova məhkəmədə deyib ki, yerində bina tikməkdən ötrü onun evini 141 min manata alsalar da, müqavilədə məbləğ 762 min manat olaraq göstərilib.

«GÖRDÜM Kİ, MƏBLƏĞLƏR ŞİŞİRDİLİB»

Gülağa Tənhanın hüquqşünası Ağalar Quliyev isə deyir ki, şairin tapşırığı ilə İlham Qasımova verilmiş pulların təyinatı üzrə xərclənib-xərclənmədiyini araşdırıb: «Mən şirkətin ofisinə bir neçə dəfə getdim. Mühasiblə görüşüb, bəzi sənədləri istədim. O da dedi ki, İlham Qasımovun razılığı ilə verə bilər. Sonra bəzi sənədləri aldım. 3-4 müqaviləyə nəzər yetirəndə gördüm ki, məbləğlər şişirdilib. Bunu Gülağa müəllimə dedim».

Hüquqşünas bildirir ki, araşdırma zamanı Gülağa Tənhanın İlham Qasımova verdiyi pulun 10 milyona yaxınının təyinatı üzrə xərclənmədiyi üzə çıxıb. Bina tikintisi üçün alınan evlərin sahiblərinə verilən məbləğlər şişirdilib, tikilmiş binada satılan mənzillərin qiyməti isə əksinə, müqavilədə satıldığından xeyli aşağı göstərilib.

Məhkəmə prosesi davam edir.

XS
SM
MD
LG