Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:33

'Bir yol qalır, məktubları Gürcüstandan yola salmaq' [araşdırma]


"Həbsxanadan məktub". Karikatura. Gündüz Ağayev.
"Həbsxanadan məktub". Karikatura. Gündüz Ağayev.

Avropa İnsan Hüquqları Məhkəməsinin noyabrın 24-də Azərbaycanla bağlı açıqladığı qərara görə, mitinqdə qanunsuz saxlanan müxalifətçi fəalların şikayəti təmin edilib. Hökumət 91 min avro cərimələnib.

Sözügedən şikayətlər bir neçə il öncəki mitinqlərlə bağlıdır. Amma vəkillər son zamanlar Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərməkdə çətinlik çəkdiklərini, “Azərpoçt”la göndərilən sənədlərin ya it-bata düşdüyünü deyirlər, ya da...

Buna da bax:​ Avropa Məhkəməsinə gedən daha bir məktub itib

Yeni tendensiya: “Ərizənin son səhifəsi yoxa çıxır”

Vəkil Əsabəli Mustafayev iddia edir ki, hakimiyyət son zamanlar yeni üsula əl atıb. Avropa İnsan Haqları Məhkəməsinə ünvanlanan ərizə blankının sonuncu səhifəsi - imza atılan səhifə “yoxa çıxır”. Vəkil AİHM-in belə məktubları etibarsız sayıb qəbul etmədiyini, yerindəcə ləğv etdiyini deyir.

Əsabəli Mustafayev: 'Hakimiyyət yeni üsula əl atıb, ərizə blankının sonuncu - imza atılan səhifəsi yoxa çıxır'
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00
Direct-ə keçid

“13 səhifəlik ərizə blankının son vərəqi guya imzalanmır. Mənə elə gəlir ki, onun imza atılmış vərəqi götürülür, ora boş vərəq qoyulur. Konkret Rəsul İsmayılovun işində belə bir hal başıma gəlib”.

Əsabəli Mustafayev bunu “yeni tendensiya” adlandırır və başqa həmkarlarının da başına gəldiyini bildirir. Onun sözlərinə görə, “Azərpoçt”la göndərilən məktublar “it-bata” düşəndə dərhal şikayət edilir, buna rəsmi qaydada cavab verilirdisə, yeni variantda, yəni imza atılan səhifənin itirilməsi “gözə görünmür”:

“Hər şey yıxılır nümayəndənin boynuna. Guya səhlənkar yanaşıb, imza qoymağı yaddan çıxarıb. Eyni ərizə ikinci dəfə göndərildikdə isə Avropa Məhkəməsinə qanunla şikayət etmək üçün ayrılan müddət başa çatmış ola bilər. Bununla da şikayət qəbul edilmir. Üstəlik, məktubun göndərilməsi əlavə xərcdir, vaxt itkisidir”.

Buna da bax:​ Avropa Məhkəməsinə gedən daha bir şikayət itib

“Gələn sənədlər də açılır”

Avropa İnsan Haqları Məhkəməsinə göndərilən məktubların it-bata düşməsi yeni söhbət deyil.

Hüquqşünas İntiqam Əliyev AİHM-ə ünvanladığı ərizə və şikayətlərin bəzən itdiyini, bəzən də ordan onun adına Azərbaycana yollanan sənədlərin burda açıldığını deyir.

Vəkil Yalçın İmanov danışır ki, hüquqlarını müdafiə etdiyi şəxslərin - AXCP sədrinin müavini Fuad Qəhrəmanlının və bu partiyanın digər fəalı Murad Ədilovun məktubları da “it-bata düşüb”:

Yalçın İmanov: 'Bir yol qalır, Gürcüstana gedərək məktubu ordan Avropa Məhkəməsinə yola salmaq'
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00
Direct-ə keçid

“Fuad Qəhrəmanlının işini neçə aydır göndərə bilmirik. Dəfələrlə göndəririk, hər dəfə də, verilən kodla izlədikdə, məktubun məhkəməyə çatmadığına şahid oluruq. Murad Ədilovla bağlı sentyabrda yolladığım məktub da çatmayıb”.

Buna da bax:​ Fuad Qəhrəmanlının şikayət məktubları itib - ikinci dəfə...

Məktub tapılmayıb, təzminat ödənir

Yalçın İmanovun bir həftə öncə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətə müraciətindən sonra qurumdan Ədilovun məktubu ilə bağlı ona “kompensasiya” cavabı verilib:

“Bu gün mənə zəng ediblər ki, məktubun itməsi ilə bağlı cavab hazırdır. Şifahi dediklərinə görə, məktubun niyə və necə itməsini müəyyən edə bilməyiblər. Sadəcə, kompensasiya təklif edirlər. Bu məktub bizə işə əlavə etmək üçün lazımdır, çünki Murad Ədilovun işindən şikayətvermə müddəti oktyabrın 23-də başa çatıb. Təkrar müraciət edə bilməyimiz üçün şikayətvermə müddətinin bizim günahımız ucbatından ötürülmədiyini sübut etməliyik”.

Başqa vəkillər - Elçin Sadıqov, Nemət Kərimli, Əsabəli Mustafayev, Xalid Bağırov, İntiqam Əliyev də belə hallarla üzləşiblər.

«“Azərpoçt” RR0028283316AZ saylı məktubu “itirib”. Belə ki, elektron izləmə zamanı müəyyən etdik ki, eyni gündə göndərilən başqa bir məktub Avropa İnsan Hüquqları Məhkəməsinə çatdırılsa da, Bayram Məmmədovun şikayəti qəsdən göndərilməyib və sistemdə görünmür. Azərbaycan hökuməti bunu artıq tez-tez edir», - vəkil Elçin Sadıqovun sözləridir.

Buna da bax:​ «Azərpoçt» əmanət qəbul edəcəkdi...

Məqsəd nədir?

Avropa İnsan Haqları Məhkəməsi hazırda həbsdə olan REAL-ın sədri İlqar Məmmədovun dərhal azadlığa buraxılması haqda qərar çıxarıb, Avropa Şurası Nazirlər Kabineti bununla bağlı bir neçə dəfə bəyanatla çıxış edib, amma... Amma hökumət bu çağırışlara məhəl qoymur.

Bəzi müşahidəçilər gələcəkdə belə halların təkrarlanmaması üçün şikayətlərin və ərizələrin “Biləcəridən qırağa çıxmasını” hökumətin əngəllədiyini deyirsə, bəziləri bunu maliyyə problemləri ilə izah edirlər.

Vəkillərin ehtimalına görə, hökumət bəzi şikayətlərin, xüsusən siyasi məhbuslarla bağlı şikayətlərin Avropa İnsan Haqları Məhkəməsinə çatmasına, orda icraata götürülməsinə mane olmaq istəyir. “Məqsəd nümayəndəni, şikayətçini bezdirməkdir. Bu cür hallar getdikcə çoxalacaq yəqin. Əvvəl büdcədə pul vardı, cərimələri rahat ödəyə bilirdilər. İndi ödəmirlər, deyirlər ki, maliyyə problemi var”, - Yalçın İmanov deyir.

Buna da bax: Avropa Məhkəməsinə gedən məktublar qeybə çəkilir

“Azərpoçt” MMC: “İstənilən ölkədə məktub itə bilər”

Azərpoçt: 'Bu hal Amerikada da olur, Fransada da olur. Görünməmiş iş deyil'
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00
Direct-ə keçid

Azərpoçt” MMC-nin əməkdaşı Mübariz Cəlilov AzadlıqRadiosu-na təmsil etdiyi qurumun məktubları it-bata salması haqda deyilənləri “əsassız iddialar” adlandırır və bu halda şikayətçi tərəfin onlara rəsmi müraciətini vacib sayır:

- Hansısa poçt göndərişi, hara göndərilməsindən asılı olmadan, təyinatına çatmayıbsa, sorğu vərəqəsini doldurmaq lazımdır. Onun əsasında qəbul məntəqəsindən ta çatdırma məntəqəsinədək araşdırma aparılır və rəsmi qaydada cavab verilir. Bizdə bir müraciət də cavabsız qalmır.

- Necə olur ki, məktublar itir?

- İstənilən ölkədə itki ola bilər. Bağlama da itə bilər, məktub da itə bilər. Bu hal Amerikada da olur, Fransada da olur. Görünməmiş iş deyil.

Buna da bax:​ «Azərpoçt»un 18 əməkdaşı işdən çıxarılıb

- Bəs necə olur ki, Avropa Məhkəməsinə gedən məktublar itir?

- Mən onu dəqiq deyə bilmərəm. Kim deyirsə ki məktubum itib, ya bağlamam itib, - rəsmi qaydada müraciət etsin, araşdırma aparılaraq ona itib-itməməsi haqda cavab verilsin.

“Gəl indi Novruzəli olma”

Məktubların itməsini və ya sonuncu imza vərəqinin götürülməsini necə əngəlləmək olar? Vəkil Yalçın İmanov gülərək deyir ki, bir yol qalır, Gürcüstana gedərək məktubu ordan Avropa Məhkəməsinə yola salmaq. Əsabəli Mustafayev məsələni ictimailəşdirməklə bu praktikaya son qoyula biləcəyini düşünür. O, artıq həm “məktub oğurluğu”, həm də “imza blankının itməsiylə bağlı” AİHM-ə məlumat verdiyini və Strasburq Məhkəməsinin hökumətə xəbərdarlıq etdiyini bildirir.

XS
SM
MD
LG