Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:45

Rəis: 'Sizi kim maliyyələşdirir, tapşırığı kimdən almısınız?..'


Gənc fəal Tapdıq Məmmədov. Gəncə. 7dek2016
Gənc fəal Tapdıq Məmmədov. Gəncə. 7dek2016

Gəncədə divara şüar yazan və rəsmi açıqlamaya görə, polisə tabe olmadığından, 30 gün inzibati həbs cəzası alan ikinci gənc - Tapdıq Məmmədov da azadlığa çıxıb.

Heç bir siyasi qurumun üzvü olmayan, Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsi, 20 yaşlı Tapdıq AzadlıqRadiosu-na müsahibə verib:

– O gün şüarları yazıb qayıdırdıq. Yeni Gəncə qəsəbəsində saxlandıq və polis şöbəsinə gətirildik. İzahat alınarkən, Elmirə şiddət göstərildi. Növbətçi hissədə telefonumda şəkillər tapdıqlarına görə, sonradan mən də şiddətə məruz qaldım.

Buna da bax:​ Rəis: 'Bu dəfə 30 sutkayla qurtardınız, gələn dəfə başqa şeylər olar'

– Telefonunuzda tapılan nə şəkillər idi?

– Yazdığımız şüarların şəkillərini çəkmişdim. Bu şüarları Yeni Gəncə qəsəbəsində, “Gülüstan” və Xan Bağında yazmışdıq. Şüarlarımız beləydi: “Oyanın, gənclər! Etiraz edin sistemə!”, “Free Byaram”, “Free Qiyas”, “İlham, rədd ol”...

– Sizi şüarların fotolarını görəndə incitdilər?

– Bəli. Elmiri daha əvvəl döymüşdülər. O, izahata qol çəkmirdi. Elmirin iradəsindən xaric sözlər yazılmışdı izahata. O da imzalamaqdan imtina edirdi.

– Nə yazmışdılar izahata?

– Yazmışdılar ki, guya bu tapşırığı NİDA Vətəndaş Hərəkatının rəhbərliyindən alıb. O da qol çəkmədiyi üçün döydülər.

Buna da bax: 'Bizə dedilər ki, dövlət əleyhinə şüarlar yazdıqları üçün tutublar'

– Elmir Məmmədov sizi də döydüklərini söyləmişdi...

– Məni izahat alanadək döymüşdülər, amma izahatımda dediklərimdən başqa heç nə yazılmamışdı. Aşağıda, növbətçi hissədə - fotoları tapanda döydülər... Dedilər: “Siz kimsiniz, nəçisiniz? Nəyə görə belə şüarlar yazırsınız”. Təhqir etdilər. Elmir, hardasa, yarım saat, mən də təxminən 15 dəqiqə döyüldüm. Sonra da səhərədək şöbədə saxladılar. Rəis gələndə bizi qəbul etdi. Onun otağında da yenidən təhqirə və şiddətə məruz qaldıq. Yalnız bundan sonra məhkəməyə aparıldıq.

– Rəis də sizi döydü?

– Bəli. Soruşurdu: “Sizi kim maliyyələşdirir, tapşırığı kimdən almısınız? Rəhbəriniz kimdir? Neyləmək istəyirsiniz? Məqsədiniz nədir...”.

– Sizə belə bir tapşırıq verən vardı?

– Xeyr! Biz Bayramla Qiyasın başlatdığı gənclər dalğasının bir ləpəsi olaraq etirazımızı çatdırmaq istədik. Fikirləşirəm ki, məqsədimizə də çatdıq.

Bizdən sonra da Bakıda “Free Bayram”, “Free Qiyas” yazanlar oldu. Ümid edirik məqsədimizə çatmışıq.

Buna da bax:​ Qiyas İbrahimovun anası: 'Bu, çox utancvericidir'

– Hərdən gənc fəalları qınayanlar olur ki, belə mübarizə səmərəsizdir, bir az təmkinli şəkildə mübarizə aparmaq, bir az da şüarçılıqdan qaçmaq lazımdır...

– Hər kəsin fikrinə hörmətim var. Biz də özümüzü düşünmədik. Öz xalqımızı, dostlarımızı fikirləşdik, bu yola çıxdıq. Nəticəsi də budur.

– Universitet tələbəsisiniz. Sizə və ya valideynlərinizə təzyiq oldu? Elmir Məmmədov müsahibəsində anasına işdə, bacısına oxuduğu universitetdə təzyiqlər olduğunu demişdi...

– Xeyr, heç bir təzyiqlə üzləşməmişəm. Əksinə, xoş rəftarla üzləşdim. Dünən azadlığa çıxmışam, bu gün universitetə dərsə getdim. Nə müəllimlər, nə də dekan tərəfindən təzyiqlə üzləşmişəm. Eləcə də tələbə yoldaşlarım normal qarşıladılar.

– Azadlığa çıxanda sizə bir xəbərdarlıq edildi?

– Dekabrın 6-da artıq bizə verilən cəza müddəti bitmişdi. Amma bizi buraxmaq əvəzinə Nizami rayon polis şöbəsinə apardılar. Növbətçi hissədə iki-üç saat gözləməli olduq. Sonra rəis bizi qəbul etdi, yenə suallar verdi və çıxanda xəbərdarlıq etdi: “Bu dəfə yaxşı qurtardınız, gələn səfər başqa cür ola bilər. Ağlınızı başınıza yığın”.

Buna da bax:​ Gənc fəallar polisə tabe olmamaqda günahlandırılıb

– Bu xəbərdarlığı nəzərə alacaqsınız?

– Xəbərdarlıq edildi, düzdür, amma... Universiteti bitirməyimə 5-6 ay qalıb. Təhsilim başa vuranadək çalışacağam ki, belə addım atmayım. Ancaq əqidəm dəyişməz qalır.

Xatırlatma

Rəsmi məlumata görə, Gəncə şəhərində saxlanan gənc siyasi fəallar - Tapdıq MəmmədovElmir Məmmədov (Təhmin) polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirləndirilərək, inzibati həbs cəzası alıblar. Polis əməkdaşları onları noyabrın 6-da boya ilə divarları yazarkən saxlayıblar. Gəncləri Nizami rayon Polis Şöbəsinə dəvət ediblər. Ancaq bundan boyun qaçırıb, polisin qanuni tələblərinə əməl etməyiblər. Məhkəmə onlara 30 gün inzibati həbs cəzası kəsib.

Buna da bax:

"Heykələ şüar yazmaq həyatımın ən böyük uğurudur"
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

XS
SM
MD
LG