Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:40

Köçkünlər aksiya keçirdi, həbs olunanlar var [video] [yenilənir]


Foto arxiv
Foto arxiv

Dekabrın 22-si axşam saatlarında Cəbrayıl rayon köçkünlərinin Biləsuvar rayonunda məskunlaşdığı qəsəbələrdə etiraz aksiyaları keçirildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosu-na məlumat verən yerli sakinlərin deməsinə görə, köçkünlər İmişli-Biləsuvar yolunu bağlamaq istəyiblər.

Buna da bax:​ 588-mənzilli şəhərcik sulara qərq olub

Məcburi köçkünlərin qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz etdikləri deyilir. Hadisə şahidlərinin məlumatına görə, əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında hətta qarşıdurma baş verdiyi, həbs edilənlərin olduğu deyilir.

Ancaq Biləsuvar rayon Polis Şöbəsindən «Turan» agentliyinə bu deyilənləri nə təsdiq, nə də inkar ediblər. Növbətçi polis qeyd edib ki, mətbuata heç nə deyə bilməz.

Modern.az saytının bildirməsinə görə isə, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının I müavini Arif Fərzəliyev etiraz aksiyasının keçirildiyini təsdiq edib. O, hazırda köçkünlərin yaşadığı həmin 11 qəsəbədə vəziyyətin stabil olduğunu bildirib:

«Axşam saatlarından etibarən məcburi köçkünlərə elektrik enerjisi verilməsi bərpa olunub. Məcburi köçkünlərin borcu çoxdur. Vətəndaşlar onlara verilən limiti aşıb. Buna görə də İmişli Regional İşıq Şəbəkəsi abonentlərə verilən işıqları kəsmişdi. Amma danışıqlar aparıldıqdan sonra hər şey normallaşıb. Hazırda tam sakitlikdir, heç bir iğtişaş yoxdur».

Buna da bax:​ Köçkünlərə verilən güzəştlərdə dəyişiklik gözlənilir

BORC HİSSƏ-HİSSƏ ÖDƏNİLƏCƏK

A.Fərzəliyev bildirib ki, polislə məcburi köçkünlər arasında baş verən iğtişaşlarda saxlanılanlar olub: «Mən Bakı nümayəndəliyinin rəhbəri və I müavin olduğumdan çox vaxt paytaxtda oluram. Telefon əlaqəsi vasitəsilə mənə məlumat verilib. Bildirilib ki, polisə müqavimət göstərdiklərinə görə iğtişaş törədənlərin müəyyən hissəsi saxlanıb. Ümumilikdə, Biləsuvar ərazisində 11 qəsəbə üzrə 18 min məcbur köçkünümüz yaşayır. Amma onlardan neçəsinin borclu olması ilə bağlı məlumatım yoxdur».

Rayon rəsmisinin deməsinə görə, bundan sonra abonentlər borclarını hissə-hissə ödəyəcəklər. «Gəlinən razılığa görə, məcburi köçkünlər borcu hissə-hissə ödəyəcəklər. Təbii ki, vətəndaşlar borcun hamısını birdən ödəmək iqtidarında deyillər. İdarə də borcun hamısının birdən ödənilməsini tələb etmir. Ərazidə qazlaşma getməyib deyə, əhali yalnız elektrik enerjisindən istifadə edir. Ona görə də, elektrik enerjisinə böyük həcmdə borcları yaranıb. Hansı köçkün qəsəbələrində ki, qazlaşma gedib, orada belə problemlər yoxdur. Amma Biləsuvardakı 11 qəsəbənin heç biri qazlaşdırılmayıb», - deyə I müavin bildirib.

Buna da bax:​ Prezidentlərə müraciət: 'Xalqlar münaqişədən yorulub'

Biləsuvardakı aksiyada 3 nəfər saxlanıb, cinayət işi açılıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar rayonunda məcburi köçkünlərin keçirdiyi etiraz aksiyasında baş verənlərlə bağlı birgə məlumat yayıb.

DİN-in yaydığı məlumatda aksiya zamanı polisə müqavimət göstərildiyi, buna görə cinayət işi açıldığı bildirilir:

“Dekabrın 22-si Biləsuvar rayonunu ərazisində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş vətəndaşlar üçün tikilmiş qəsəbələrin sakinlərin bir qrupu istifadə etdikləri elektrik enerjisi haqqının ödənilməməsi tələbi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin binasına doğru yürüş ediblər. Bununla əlaqədar ictimai qaydanın kobud şəkildə pozulmasının qarşısının alınması məqsədilə həmin əraziyə cəlb olunmuş asayişi mühafizə qüvvələri razılaşdırılmamış aksiyanın iştirakçılarını intizama dəvət ediblər” - məlumatda qeyd edilir.

Buna da bax:​ 'Siz hər dəfə toplaşanda başçıya söz gəlir'

Birgə məlumatda bildirilir ki, aksiya iştirakçıları polisə tabeçilik göstərməyiblər. Xidməti vəzifələrini yerinə yetirən 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyi, 1 xidməti avtomobilin şüşələrinin sındırıldığı bildirilir.

Məlumatda xəbər verilir ki, aksiyada fəallıq edən şəxslər saxlanıblar.

“Cəlal Quliyev, İlkin İsgəndərov və Gülağa Alməmmədov saxlanıblar. Xəsarət almış 9 polisdən 6-na ilkin tibbi yardım göstərilib, 3-ü isə xəstəxanalara yerləşdirilib”, – deyə məlumatda vurğulanır.

Baş verənlərə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb.

Buna da bax:​ Laçın köçkünlərinin cəhənnəm əzabı

Birgə məlumata görə, cinayət işi Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında açılıb.

Saxlanan şəxslərin yaxınları və ya vəkillərindən birgə məlumatda qeyd edilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb. almaq mümkün olmayıb.

Köçkünlər səksəkə içindədir

Dekabrın 22-də Biləsuvarda etiraz aksiyası keçirən məcburi köçkün qəsəbələrində hazırda sakitlik hökm sürür. Ancaq sakinlərin narahat olduğu müşahidə edilir.

Buna da bax:​ Pulu bəlkə köçkünün özünə versinlər?

Məcburi köçkün qəsəbələrində olub sakinlərlə söhbətləşən AzadlıqRadiosu-nun müxbiri xəbər verir ki, xeyli vaxtdır, elektrik problemi yaşanıb:

“Son günlərdə elektrik enerjisinin verilməsində tez-tez problemlər yaranırdı. Saatlarla işıqlar sönürdü. Qəsəbələr qazlaşdırılmadığından. Havalar da sərt keçdiyindən həm də istilik problemimiz yaranmışdı. Buna görə də 3 gün əvvəl toplaşıb icra hakimiyyətinə getdik”, sakinlər bildiriblər.

Əvvəl İcra Hakimiyyətinə gediblər

Cəbrayıl rayon İcra Hakimiyyətinin qərargahı 3 saylı məcburi köçkün qəsəbəsində yerləşir. Verilən xəbərə görə, 30-dan artıq sakin icra hakiminə şikayətləniblər, problemin həll edilməsinə yardım istəyiblər. İcra hakimi tezliklə çözüm sözü versə də, bir neçə gün keçməsinə baxmayaraq problem həllini tapmayıb.

Buna da bax: Bakıda məcburi köçkünlər yolu bağlayıblar

Dekabrın 22-də axşam saatlarında baş verən olayları nəql edən sakinlər deyib ki, daha sıx problemlərlə 3 və 4 saylı qəsəbələrdə yaşanıb. Əsas aksiya iştirakçıları da orada yaşayanlar olub. Onlar dekabrın 22-də axşam saatlarında yenidən icra hakimi ilə görüşmək istəyiblər. Ancaq icra hakimi onları qəbul etməyib.

İcra Hakimiyyətində qəbul edilmədiklərini deyirlər...

Sakinlərin deməsinə görə, insidentin fitilini də elə icra başçısının onları qəbul etməməsi alışdırıb. Köçkünlər buna etiraz etdiklərində, əraziyə polis çağırılıb. Ancaq sakinlərin sayı onlarla müqayisədə qat-qat çox olduğundan aksiyanı sakitləşdirmək mümkün olmayıb.

Ardınca qonşu rayonlardan - Saatlı, İmişli və Beyləqandan kömək çağırılıb. Təkcə İmişlidən cəlb edilən polislərin sayının 60-dan çox olduğu bildirilir. Yaranmış qarışıqlıq əlbəyaxa davaya qədər uzanıb. Sakinlərin deməsinə görə, polis qüvvələri ərazinin işıqlandırılmasından ötrü xüsusi projektorlardan istifadə ediblər.

Buna da bax:​ 'Ana bir də xəbər tutub ki, siçovul uşağın barmağını gəmirib'

9 yox, bir polisin yaralandığı deyilir

Onların deməsinə görə, olaylar zamanı rəsmi açıqlamada deyildiyi kimi 9 yox, 1 polis nəfəri xəsarət alıb. Atılan daş parçası İmişlidən gətirilmiş polis nəfərlərindən 25 yaşlı Elvin Əsədlinin dəbilqəsinə dəyib. Dəbilqənin qırılmış şüşəsinin onun gözünə xəsarət yetirdiyi deyilir. Polis nəfərinin gecə ikən Bakıya aparıldığı, xəstəxanaya yerləşdirildiyi bildirilir.

Aksiya iştirakçılardan da xəsarət alanlar olub

Məcburi köçkünlərin deməsinə görə, mülki şəxslərdən də xəsarət alanlar olub. Bundan başqa mülki əhalinin avtomobillərinə də zərər dəydiyi deyilir.

Buna da bax:​ Daha bir 'evə qaçqın girdi' presedenti haqqında

Sakinlər həmçinin AzadlıqRadiosu-nun müxbiri ilə söhbətlərində elektrik enerjisinin verilməsindəki problemlərin məcburi köçkünlərə ayrılan elektrik limitinin qanunsuz kəsilməsindən qaynaqlandığından bəhs ediblər. Onlar deyiblər ki, qəsəbələrdə icra hakiminin köçkünlərin limitindən kəsdiyi enerjini başqa mənbələrə satması barədə də xəbərlər dolaşır.

XS
SM
MD
LG