Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:57

Ə.Abbasov E.Mahmudovun oğlunun dostu ilə müqavilə bağlamaq göstərişi verib


Əli Abbasov
Əli Abbasov

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan keçmiş Aparat rəhbəri Vidadi Zeynalov sürücüsünün adına şirkət yaradıb. Bu şirkət poçt-daşıma xidmətlərindən tutmuş, təmir-tikintiyə qədər müxtəlif işlərlə məşğul olub. Sürücü Elçin Əliyev də məhkəmədə ifadə verərkən onun adına olan şirkəti, əslində, Vidadi Zeynalovun yaratdığını bildirib.

Vidadi Zeynalov, «Aztelekom»un keçmiş rəhbəri Məhəmməd Məmmədov, «Bakı Telefon Rabitə» İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynov, onun baş mühasibi olmuş Anar Mustafayev və daha yeddi nəfərin mühakiməsi dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib.

Sürücü Elçin Əliyev şahid kimi məhkəmədə dindirilərkən deyib ki, Vidadi Zeynalov onun ailə vəziyyətini yaxşılaşdırmaq üçün adına «P.L.Z.» şirkətini açıb: «Mənə adıma belə bir şirkət açmağı təklif elədilər, mən də razılaşdım».

«BURADA NƏ VAR Kİ?!»

Prokuror sürücüdən şirkətin niyə məhz «P.L.Z.» adlandırıldığını soruşanda o, «belə məsləhət oldu» cavabını verib.

Buna da bax-Rabitəçilər işi: 'Nazir nə deyirdi, biz də onu eləyirdik'

Vidadi Zeynalov isə məlumat verib ki, şirkətin adı onun övladlarının adlarının baş hərfləridir: «Şirkət uşaqlarımın adı ilə bağlıdır. Burada nə var ki?!».

Ardınca milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun dostu Ayaz Kərimovun rəhbərlik etdiyi «Cartburg» şirkətilə bağlı şahidlər dindirilib. A.Kərimov da bu cinayət işi üzrə təqsirləndirilən qismində cəlb olunub, amma ölkəni tərk etdiyinə görə axtarışa verilib.

A.Kərimov həm də «A.K.E.Y» şirkətinin rəhbəri olub. Bu gün məhkəmədə şirkətin baş mühasibi Nigar Əlizadə ifadə verib. Deyib ki, «Cartburg» şirkəti ilə müqavilələri olub və onlara aylıq 10 min dollar pul köçürülüb: «Ofisimizdə MTN-ə aid avadanlıqlar var idi. Mənə bağlı paketdə əldən-ələ pul verilirdi, mən də şirkətimizin rəhbəri Ayaz Kərimova verirdim».

Buna da bax-Hakim: 'Gərək adamın bir sifəti olsun...'

Başqa bir şahid – «AzInTelekom»un şöbə rəisinin müavini Dilbər Şükürzadə deyib ki, «Cartburg» şirkəti ilə müqavilə nazirlikdən verilən tapşırıq əsasında bağlanılıb.

Eldar Mahmudov
Eldar Mahmudov

«TRAFİKİ YIĞIB BİZƏ VERƏCƏKLƏR»

«AzInTelekom»un digər əməkdaşı Müzəffər Rüstəmov da bildirib ki, beynəlxalq trafikdə «Rostelekom»un imkanları geniş, «Cartburg»unku isə məhdud olub: «Amma protokol qərar qəbul edilmişdi, onun əsasında «Cartburg»la müqavilə imzaladıq».

Təqsirləndirilən şəxslərdən «AzInTelekom»un sabiq rəhbəri Cəlil Cəfərov niyə «Rostelekom»un yox, «Cartburg» şirkətinin seçilməsinə aydınlıq gətirib: «Əli Abbasov məni çağırıb Ayaz Kərimovla tanış etdi və trafiklə bağlı bundan sonra «Cartburg» şirkəti ilə işləyəcəyimizi dedi. Nazir dedi ki, onlar trafiki yığıb bizə verə biləcəklər».

Buna da bax-MTN generalının sürücüsü məhkəmədə ifadə verdi

Cinayət işinin materiallarına görə, keçmiş nazirlər Eldar Mahmudovla Əli Abbasov öz aralarında razılığa gələndən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə «Cartburg» şirkəti arasında müqavilə bağlanıb.

«BİZƏ 2.5 FAİZ VERİLİRDİ»

Məhkəmədə Sabunçu Telefon Qovşağının rəisi Nəriman Salmanov da dindirilib. Deyib ki, keçirilən kotirovka və tenderlər formal xarakterli idi: ««Bakı Telefon Rabitə» İstehsalat Birliyinin rəhbərliyi tapşırıq verirdi ki, konkret onun dediyi şirkətlər qalib elan olunsun. Ayrılan puldan bizə də 2.5 faiz verilirdi. Göndərilən pullar işçilərə paylanılırdı, bəzilərinə də telefon alıb verirdik. Maaşdan əlavə 300-500 manat da mənə qalırdı».

Nəriman Salmanovun ifadəsində ziddiyyət olduğundan onun istintaqdakı ifadəsi elan edilib. Orada bildirir ki, Beytulla Hüseynov onlara əlavə olaraq ayda 1200 dollar pul verib: «Baş mühasib Anar Mustafayev tikinti materiallarının qiymətlərini şişirdirdi, amma bu, bizim səlahiyyətimiz deyildi».

Məhkəmə dekabrın 28-də davam edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksəkrütbəli şəxsləri ifadələrində büdcə vəsaiti xərclənərkən, xərcləri şişirtdiklərini etiraf ediblər. İstintaqın qənaətinə görə, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfetmə ilə dövlətə ziyan vurub.

XS
SM
MD
LG