Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:43

Keçmiş səfir: 'İlqar Məmmədov nə qədər haqlı idi...'


Arif Məmmədov
Arif Məmmədov

Keçmiş səfir Arif Məmmədov deputat Astan Şahverdiyevin Rusiyada işləməyə gedənləri «cəmiyyətin tör-töküntüləri» adlandırmasına cavab verib.

Diplomatın fikrincə, bu, bir deputatın yox, bütünlükdə hakimiyyətin öz vətəndaşlarına verdiyi qiymətdir: «Bu, bütünlükdə, öz ailəsini və yaxınlarını dolandıra bilmək üçün ölkəni tərk etməyə məcbur olan insanlara hakimiyyətin münasibətidir»,-deyə o bildirir.

Diplomat qeyd edib ki, hazırda 3 milyona yaxın Azərbaycan vətəndaşı ailəsini daha yaxşı dolandırmaqdan ötrü dünyanın ən müxtəlif ölkələrinə səpələnib.

Buna da bax-Deputat: 'Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb'

A.Məmmədov danışığını belə bilməyən deputatlara spiker Oqtay Əsədovun müsahibə vermələrini qadağan etməsini onun bütün fəaliyyəti boyu ən düzgün göstərişi adlandırıb: «Görün, Prezident Administrasiyası deputat siyahısı hazırlayanda nələr baş verir... İlqar Məmmədov Milli Məclisi «sirk» adlandırmaqda nə qədər haqlı idi. Mən isə əlavə edirəm ki, bu, təkcə sirk deyil, bütün xalq adına təhqir və rüsvayçılıqdır».

Arif Məmmədov 2013-cü ildən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanındakı səfiri olub. Buna qədər isə Azərbaycanın Brüsseldəki və Avropa Birliyi yanındakı daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb. 2015-ci ildə hakimiyyəti sərt tənqid etdikdən sonra vəzifədən geri çağırılaraq diplomat statusundan məhrum edilib. Avropada mühacirət həyatı yaşayır.

Ötən həftə Cəbrayıl rayonundan olan köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiya keçirilib. Bu zaman polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.

Həmin qəsəbə sakinlərinin rəsmilərlə görüşündən qayıdan deputat AzadlıqRadiosuna müsahibəsində onların ünvanına ağır ifadələr işlədib. Aksiyanı içkili, nəşəli, azğın insanların əməli kimi dəyərləndirən deputat Rusiyaya işləməyə gedənləri də «cəmiyyətin tör-töküntüsü» adlandırıb.

XS
SM
MD
LG