Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:38

'50 min manat ver, ömürlük şikəst qal'


Pərvanə Osmanova
Pərvanə Osmanova

«3 ildə 50 min manatdan çox xərcimiz çıxıb. Nəyimiz vardısa satmışıq, nəticəsiz müalicələrə, həkimlərə xərclədiyimiz pulları sanki havaya sovurmuşuq. Daha doğrusu, sanki 50 min manatı 1-ci qrup əlilə çevrilmək üçün xərcləmişik. Yoldaşım ömürlük əlilə çevrilib. Köməksiz hərəkət edə bilmir. Onu əlil arabasında gəzdiririk».

Balakən rayonu Qazma kənd sakini Faiq Osmanov deyir, 3 il ərzində həkimlərin qoyduqları səhv diaqnozlar və apardıqları səhv müalicələr həyat yoldaşı Pərvanə Osmanovanı 1-ci qrup əlilə çevirib.

DEYİBLƏR, «BAŞQA XƏSTƏXANAYA APARIN»

Gənc yaşlarında olan Pərvanə Osmanova 3 il öncəyədək Qazma kəndindəki 1 saylı orta məktəbdə ingilis dili müəlliməsi işləyirmiş. Qəfil komaya düşməsi Osmanovlar ailəsindəki düzəni əməlli-başlı pozub. Belə ki, Pərvanə komadan ayılsa da bəlli olub ki, nitq və görmə qabiliyyətini, aşağı ətrafları fəaliyyətini itirib.

Pərvanə bir müddət Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunub. Faiq Osmanov deyir, xəstəxana həkimləri tərəfindən «soğan qabığı kimi soyulduqdan» sonra deyiblər ki, xəstəni də götürüb başqa xəstəxanaya müraciət etsinlər, bəlkə şəfa tapar:

«Orda Pərvanəyə beyin soyuqlaması diaqnozu qoyulmuşdu. Bu diaqnozla xeyli müalicə getdi. Bahalı dərmanlar, həkimlərə gündəlik «zəhməthaqqı»... Özünüz də bilirsiz ki, xəstəxanalarımızda xəstənin alnındakı təri silən tibb bacısı da buna görə xalatının cibini açır ki, pul qoyasan. Pərvanəni Mirqasımov adına Klinik Xəstəxanasına götürdük. Burda da boş-boş müayinələrə xeyli pul getdi, dedilər, «tapa bilmirik bu hansı xəstəlikdir»».

Pərvanə Osmanova
Pərvanə Osmanova

XƏSTƏXANALAR İMTİNA EDİB

Ölkə xəstəxanalarında bir il səhv müalicələr alandan sonra Pərvanəni Rusiyaya aparıblar. Orada Azərbaycan xəstəxanalarında qoyulmuş diaqnozlardan fərqli diaqnozlar qoyulub və bildirilib ki, 1 il ərzində aparılan səhv müalicələr xəstənin durumunu o qədər ağırlaşdırıb ki, müalicələrin də kömək edəcəyi sual altındadır. Osmanovlar Bakıya qayıdıb, bu dəfə özəl klinikalardan birində növbəti dəfə beyin MRT müayinəsi aparılıb. Sonra yenə Rusiya və Türkiyəyə aparılıb. Bu dəfə də əvvəlki səbəbi bildiriblər – səhv müalicələr xəstənin vəziyyətini ağırlaşdırdığından xəstəxanalar müalicədən imtina ediblər:

«Nəhayət, Almaniyadan gələn həkim onun həmin ölkədə müayinə və müalicə olunmasını tövsiyə etdi. Bizimsə heç nəyimiz qalmayıb. Həm yoldaşımı əlil arabasında idarə edirəm, həm də biri 1-ci, digəri 5-ci sinifdə oxuyan uşaqları saxlayıram. Uşaqlardan biri astma-bronxitdən əziyyət çəkir. Üstəlik, öhdəmdə 1-ci qrup əlil atam da var. Əvvəla iş tapa bilmirəm, hətta iş tapsam da, bütün qayğılar tək mənim üstümdə olduğundan o işə necə gedib-gələcəyimi də bilmirəm. Pərvanənin müalicəsini davam etdirməyə pula ehtiyacımız var».

«KOMİSSİYAYA MÜRACİƏT ETSİNLƏR»

Faiq Osmanovun deməsinə görə, Pərvanənin iş yoldaşları onun müalicəsindən ötrü Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyevə müraciət ediblər. S.Mehbalıyev şəxsən özü Pərvanəyə yardım məqsədilə 100 manat göndərib, bununla da yardım söhbəti qapadılıb.

Səhiyyə Nazirliyindən bildiriblər ki, 3 il ərzində aparılmış səhv diaqnoz və müalicələrlə bağlı Osmanovlar ailəsindən quruma heç vaxt şikayət daxil olmayıb. Əgər daxil olsaydı, qurum mütləq araşdırardı. Xaricdə müalicəyə gəlincə, ölkə daxilində müalicəsi mümkün olmayan xəstələrin xaricə göndərilməsi üçün Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından ibarət komissiya fəaliyyət göstərir. Osmanovlar ailəsi vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Səhiyyə Nazirliyinin komissiyasına müraciət etsələr, məsələ araşdırılar. Nazirlikdən belə deyirlər.

XS
SM
MD
LG