Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:50

2-ci Nardaran işi: ''Bandotdel' bizə 10 gün 'qonaqlıq' verdi'


Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımov
Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımov

“Gec-tez, hər bir məmləkətdə haqq-ədalət bərpa olunacaq. Burada haqqı müdafiə edənlərin məhkəməsi gedir. Bizdən zərrə qədər narahat olmayın. Azərbaycan xalqına, ac-yalavac insanlara, dəyərlərin itməsinə görə narahat olun. Şükür Allaha, biz yaxşıyıq. Biz bu məhkəmədə öz günahsızlığımızı sübut edəcəyik, siz də buna şahid olacaqsınız”.

Bu sözləri Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımov dilə gətirib. O, özünün, eləcə də mühakimə olunan daha 11 nəfərin (Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirəli Əliyev) məhkəməsində danışıb. Adları çəkilən şəxslər Nardaran hadisələrindən sonra həbs olunan dindarlardır və onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Buna da bax:​ '2016-cı il işgəncənin leqallaşdırılması ili də adlana bilər'

“Qeydiyyata alınmayan təşkilatın fəaliyyəti qadağan deyil”

Dekabrın 30-da məhkəmənin hazırlıq iclasında Elçin Qasımov və Seyfəddin Şirvanovun vəkili Fariz Namazlı müdafiə etdiyi şəxslər haqqında cinayət işinə xitam verilməsindən ötrü vəsatət qaldırıblar. İşin məhkəmə baxışına çıxarılmasına etirazını bildirən vəkillər bu adamların əməlində cinayət tərkibi görmədiklərini vurğulayıblar: “İstintaq orqanı onları cinayətkar dəstə kimi qələmə verib, ancaq bu, düzgün deyil. Müsəlman Birliyi Hərəkatı qeyri-hökumət təşkilatıdır. Birliyin qeydiyyata alınması üçün təsis sənədləri iki dəfə Ədliyyə Nazirliyinə də təqdim olunub. Ancaq nazirlik əsassız cavabla birliyi dövlət qeydiyyatına almaqdan imtina edib. Sonra da Taleh Bağırov həbs edildiyindən, sənədləri Ədliyyə Nazirliyinə təqdim etmək mümkün olmadı. Qeydiyyata alınmayan təşkilatın fəaliyyəti qadağan deyil. Buna görə “qanunsuz təşkilat” fikrini səsləndirmək absurddur”.

Vəkil Fariz Namazlı daha bir vəsatətində müdafiə etdiyi şəxslərin ev dustaqlığına buraxılmasını istəyib.

Buna da bax: 'Bundan sonra paqonlular sizi əyməyə çalışacaqlar'

“DİN adamların təqsirsizlik prezumpsiyası hüququnu pozub”

Fariz Namazlı eyni zamanda, hüquqlarını müdafiə etdiyi şəxslərin məhkəmə salonundakı şüşə kabinədən çıxarılıb, vəkillərinin yanında əyləşməsinə icazə verilməsini istəyib. Vəkil bunu müdafiənin qurulması, zəruri məsləhətləşmələrə ehtiyac baxımından əsaslandırıb.

Hakim Mayıl Bayramov bu vəsatətə özünəməxsus reaksiya verib: “Olmaz ki, siz gedib içəridə təqsirləndirilən şəxslərin yanında oturasınız?!”.

Fariz Namazlının daha bir vəsatətində əlavə şahidlərin, o cümlədən Taleh Bağırovla hal şahidlərinin bu məhkəmədə dindirilməsi istənib.

Buna da bax:​ "Nardaran məsələsinə yanaşma siyasi motivli idi"

Daxili İşlər Nazirliyinin (DİN-nin) təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası hüququnu da pozduğunu vurğulayan vəkil bu barədə ayrıca qərar çıxarılmasını vacib sayıb: “Dekabrın 15-də DİN-in mətbuat katibi bəyanat yayaraq, Müsəlman Birliyi Hərəkatını “cinayətkar dəstə” adlandırıb. Yazılıb ki, onlar ağır cinayət törədiblər və cəzalarını alacaqlar. Hökm olmadan belə fikir səsləndirmək təqsirsizlik prezumpsiyası hüququnun pozuntusudur və bu pozuntunun tanınmasını istəyirik. Xahiş edirik, Sadiq Gözəlov barəsində də xüsusi qərar çıxarılsın”.

Təqsirləndirilən Elgün Axundovun vəkili Gürsel Atakişiyev istintaqda yol verilmiş qanun pozuntularından danışıb.

İsa İbrahimovun vəkili Azər Nağıyev müvəkkilinin Nardaran hadisələri zamanı, ümumiyyətlə, Azərbaycanda olmadığına diqqət çəkib.

Buna da bax: Nardaran işi: Məşədi də Taleh Bağırovun əleyhinə ifadə verib

“Biz insanların bərabər yaşamasını, Konstitusiyanın işləməsini istəyirik”

“Allah bizə vicdan, həqiqətləri, zülmü olduğu kimi görmək qabiliyyəti veribsə, bizi bununla imtahana çəkir. Biz həqiqətləri insanlara çatdırmalıyıq. Biz bunların haqsız əməllərinə, korrupsiyaya, rüşvətə etiraz edirik. Bizim istəyimiz Konstitusiyanın işlək olmasıdır, insanların bərabər yaşamasıdır. Biz həbsdə olduğumuz bu bir il ərzində haqq görmədik. Keçən il Nardaran hadisəsindən sonra “Günəşli” yatağı partladı, devalvasiya oldu, prokuror o gün Taleh Bağırzadəyə (rəsmi soyadı Bağırovdur – red.) ömürlük cəza istəyəndən sonra Səngəçalda qaz partladı. Allah bunları istədikləri yerdən vurur. Allah bunları o cür cəzalandrır”, - təqsirləndirilən Ramil Əliyevin fikirləridir.

Təqsirləndirilənlərdən İsa İbrahimov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalmalarından danışıb: “Bandotdel” bizə on gün “qonaqlıq” verdi. Allah elədiklərini qabaqlarına çıxaracaq. Mən Nardaran hadisələri olanda Kərbəlada idim. Elədiklərinə görə hamısı lənətə gələcək, hamısını MTN-çilər kimi Kürdəxanı gözləyir”.

Buna da bax:​ Nardaran işi: 'Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə gətirilmir'

Vəkillərin qaldırdığı vəsatətlərdən yalnız hal şahidlərinin dindirilməsi qəbul olunub. Hakim deyib ki, əsas şahidlərin dindirilməsi başa çatandan sonra həmin şahidlər dindirilə bilər.

Məhkəmə yanvarın 13-nə təyin edilib.

Xatırlatma

Elçin Qasımov ötən il noyabrın 5-də tutulub. O, öncə İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra haqqında cinayət işi başlanıb. Elçin Qasımov və onunla birlikdə hakim önünə çıxarılanlar terrorçuluğa çağırış, hakimiyyət nümayəndəsinin tələblərinə tabe olmama, kütləvi iğtişaşların təşkili, silah-sursat saxlama və başqa əməllərdə suçlanırlar.

Buna da bax: Ağır yaralı Nardaran dustağı azadlığa buraxılıb [yenilənib]

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov 2015-ci ilin noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və onunla birlikdə mühakimə olunan 17 nəfərin məhkəməsi davam edir. Prokuror Taleh Bağırova ömürlük həbs cəzası istəyib.

XS
SM
MD
LG