Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:36

Valyuta ehtiyatları: Prezident 'artırmalıyıq' deyir, amma...


Neft Fondu.
Neft Fondu.

Hökumətin son iclasında ölkənin valyuta ehtiyatı ilə bağlı prezident İlham Əliyevin fikirləri diqqət oyadır. Prezident Azərbaycanın öz valyuta ehtiyatlarını qoruya bildiyini söyləyir:

“2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun vəsaitini qorumaq idi. Biz buna nail ola bilmişik. Mən indi dünyada gedən proseslərə xalqımızın diqqətini bir daha yönəltmək istəyirəm. Demək olar ki, neftlə zəngin olan bütün ölkələrin valyuta gəlirləri böyük dərəcədə aşağı düşüb. Neft fondları, suveren fondlar, digər fondlar, pensiya fondları, bunların müxtəlif adları var. Bu fondlarda yığılan vəsait kəskin şəkildə aşağı düşüb. Azərbaycanda isə biz, demək olar ki, Neft Fondunun gəlirlərini qoruya bildik. Neft Fondunun gəlirləri cəmi 4 faiz aşağı düşüb”.

Buna da bax:​ Azərbaycanın 22 tona yaxın qızıl-valyuta ehtiyatı var

Böhrandan çıxmağın ən asan yolu?

Prezidentin digər diqqət çəkən fikri böhrana qarşı valyuta ehtiyatlarından istifadə ilə bağlıdır: “Əlbəttə, böhrandan çıxmaq üçün ən asan yol valyuta ehtiyatlarını xərcləməkdir və biz bunu bəzi yerlərdə görürük. Ancaq biz gələcəyi düşünürük. Biz uzunmüddətli strategiyamızı qururuq. Biz illər boyu valyuta ehtiyatlarımızı qorumuşuq, yığmışıq, ölkə üçün lazım olan infrastruktura, sosial layihələrə yönəltmişik və bu gün də qoruyuruq, artırırıq və artırmalıyıq”.

Neft Fondunun builki büdcəsi İlham Əliyevin həmin fikriylə uzlaşmır. Fondun 2017-ci il büdcəsindən Mərkəzi Banka (AMB-yə) makroiqtisadi sabitliyi təmin etmək üçün 7.5 milyard manat ayrılması nəzərdə tutulur.

Buna da bax: 'Analoqsuz inkişaf'dan 'qənaət ili'nə…

Azərbaycanın öz valyuta ehtiyatlarını qoruduğunu da əminliklə söyləmək mümkün deyil. Elə AMB-nin ehtiyatlarını gözdən keçirmək yetər. Baş bankın valyuta ehtiyatı dekabr ayında psixoloji həddi keçib və 3 milyard 974.4 milyon dollara enib. Nəticədə AMB-nin ehtiyatı 9 illik minimumu yeniləyib. Baş bank ötən il 1 milyard 42.3 milyon dollar itirib.

Neft Fondu vəsaitlərinin sağa-sola xərcləndiyi bir vaxtda Azərbaycanın öz valyuta ehtiyatlarını necə artıra biləcəyi sual doğurur. Prezident bütün hallarda “artırmalıyıq” deyirsə, həmin sual, təbii ki, daha da aktuallaşır.

“AMB-yə pul ayrılması fondun aktivlərini 30 milyard dollaradək azalda bilər”

Buna da bax:​ 'Bu templə Neft Fondu yaxın bir neçə ilə tükənəcək'

İqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, AMB-yə pul ayırması fondun aktivlərini 30 milyard dollaradək azalda bilər. Ekspert neft gəlirlərinə münasibətdə yığım və xərcləmələrə dair qərarların uzunmüddətli dövr üçün nəzərdə tutulan fiskal qaydalarla tənzimlənməsinin önəminə diqqət çəkir: “Çünki yalnız fiskal qaydaların tətbiqi neft gəlirlərinin istifadəsini siyasi proseslərdən kənarda saxlayır və vəsaitlərin izafi xərclənməsinə yönəlmiş siyasi təzyiqlərin qarşısını almağa kömək edir. Eyni zamanda belə qaydaların mövcudluğu iqtisadi böhran dövründə özəlliklə maliyyə sektorunun etibarlılığına təminat verir”.

Buna da bax:​ İşıq, qaz pulu maaşa uyğundurmu?

Bu ilin dövlət büdcəsi haqqında qanunun tətbiqinə dair prezident fərmanı fond vəsaitlərindən istifadənin limitləri barədə qaydaların hazırlanmasını nəzərdə tutur. Fərmana görə, Maliyyə Sabitliyi Şurası fonddan dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsi və maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə yeni qaydalara dair təkliflərini hazırlayıb 6 ay müddətində prezidentə təqdim etməlidir. Bu qaydalar qəbul edilərsə, ardınca Maliyyə Nazirliyi, AMB ilə koordinasiyalı iş şəraitində, aylıq və rüblük bölgü əsasında dövlət büdcəsinə nəzərdə tutulan transferti gerçəkləşdirəcək və bu zaman köçürmənin yuxarı həddi aşılmayacaq.

XS
SM
MD
LG