Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:39

Rüşvət almayan prokurorun arvadı...


Gündüz Ağayevin çəkdiyi karikatura
Gündüz Ağayevin çəkdiyi karikatura

"Prokuror yenə məyus şəkildə həyat yoldaşına baxdı, dünyaya baxışlarını anlamadığı üçün ona əsəbiləşməməyə və sakitləşməyə çalışdı.
– Nə deyirsən, millətin cibindən oğrayanlara, piştaxtada satılmalı olan şeyləri ordan yığışdırıb altdan baha qiymətə satanlara necə göz yumum?"

Yusif Hansen

Yeni prokuror

hekayə

İclas otağına daxil olan prokuroru işçiləri ayaq üstündə dayanaraq gözləyirdilər. – Əyləşin, yoldaşlar. – dedi və sürətlə addımlayaq düzbucaqlı formasında olan stolun baş hissəsində əyləşdi.

Bir yerdə çalışacaq əməkdaşları bir–bir gözdən keçirdi və çıxışına başladı:

– Bilmirəm, məndən öncə necə olub. Bilmək də istəmirəm. Bundan sonra heç bir cinayət cəzasız qalmayacaq. Kimliyindən asılı olmayaraq hər kəs cəzalanacaq. İndi isə işinizin başına dönə bilərsiz.

Prokuror cümləni bitirən kimi ayağa qalxdı və otaqdan çıxdı. Sonra prokurorluğun əməkdaşları iclas otağını tərk etməyə başladı. Öz otağına qayıdan müstəntiq Elxan yanında gedən digər müstəntiqin qulağına pıçıldayırdı:

– Deyəsən, bu prokuror qanımızı içəcək. Köpək oğlu, müstəntiq olan vaxtı da rüşvət almırmış. Nə özü yemək istəyir, nə də bizi qoyacaq.

* * *

Prokuror kimi rayona ilk təyinatını alanda sevinsə də qarşıda işinin asan olmayacağını çox yaxşı bilirdi. «Müstəntiq olmaq ayrı, prokuror olmaq ayrı.» – düşünürdü. Baş idarədən bildirmişdilər ki, bir neçə il rayonda işləyib bacarığını göstərsə, paytaxta rahatlıqla təyinat ala biləcək. Təyinatı elan olunandan 2 gün sonra rayona ailəsi ilə kirayələdiyi evə köçdü.

Rayona gəlməmişdən qulağına burda vəzifəli şəxslərin qanunu saymaması, özbaşınalıq etməsi barədə söhbətlər çatmışdı. Belə yerdə işləməyin çətinliyini anlayırdı. İndi öz kabinetində oturarkən necə iyrənc insanların arasına düşdüyünü dəqiq görürdü. Müstəntiq Elxan onu inandırmağa çalışırdı ki, kolxozun sədri – Qafar büdcədən pul oğurlamır, talonla paylanılan malları pulla satmır.

Buna da bax: Diktatordan qurtulmağın mümkünsüzlüyü

Prokuror Elxanın gözlərinin içinə baxaraq dedi:

– Qafarın kirli işlərindən xəbərdaram. Sənə isə son dəfə tapşırıram. Onun kirli işlərini sübut edəcək sübutları tap. İndi isə gedə bilərsən.

* * *

Prokuror hər axşam evə gec gedib çıxırdı. Uşaqlar artıq yatmış, həyat yoldaşı isə onun gəlməsini gözləyərdi. Qapıdan içəri girən kimi evinin xanımı onu qarşılayar, çantasını alar və yeyəcək bir şeylər gətirərdi.

Prokuror yemək stolunun arxasında əyləşmişdi. Həyat yoldaşı qabağına şorbanı gətirib qoydu və yanında əyləşdi. Şorbanı içməyə təzə başlamışdı ki, xanımı içindəki narahatlığı yenə dilə gətirməyə başladı:

– Nə qədər davam edəcək belə səfil həyat? Nəyimiz əskikdir başqalarından? Hə, nəyimizi əskikdir də. Millətin kişiləri halal, haram bilmir, ailəsini yağ, bal içində yaşadır. Sən isə düşmüsən oğruları, xainləri qovalamağa? Haramıza yaraşır axı bu?

Prokuror yenə məyus şəkildə həyat yoldaşına baxdı, dünyaya baxışlarını anlamadığı üçün ona əsəbiləşməməyə və sakitləşməyə çalışdı.

– Nə deyirsən, millətin cibindən oğrayanlara, piştaxtada satılmalı olan şeyləri ordan yığışdırıb altdan baha qiymətə satanlara necə göz yumum? Hə, necə göz yuma bilərəm. Pulsuz qida və dərmanları fırladıb pula satan vicdansızların cəzasın mən verməyim, o biri verməsin, bəs sonra?

Qadın ərinin bu sözlərinə daha da özündən çıxdı:

– Uşaqların korluq çəkir, hər ay kiçik maaşla evi dolandırırsan, nəyinə gərək sənə millətin dərdi? Hamı necə, sən də elə. Guya qədir ağacı əkəcəklər sənə?

Prokuror gülümsündü və əlindəki qaşığı qabın içinə qoydu:

– Yaxşı, Gülçöhrə, yaxşı. Gecə vaxtı nə özün əsəbiləş, nə də məni əsəbiləşdir.

Buna da bax: "Mən müharibədə ölmək istəmirəm"

* * *

Yeni prokuror rayona gələndən artıq 1 il keçmişdi və kolxozun sədri Qafarın cinayətlərini üzə çıxaran sübutları çətinlikdə də olsa toplamışdı. Rayonda söz–söhbət gəzirdi ki, Qafarın həbsinə günlər qalıb.

* * *

Gülçöhrə bazarda gəzir, ucuz şeylər tapıb almağa çalışırdı. Tanımadığı, heç qarşılaşmadığı bir qadın yaxınlaşıb kənara çəkdi onu.

– Sənə, övladlarına əlinizə düşəcək yaxşı imkanı vermək istəyirəm. Qafar ərini aradan götürməkdə yardımçı olmağın üçün sənə yüz min verməyə hazırdı. Təsəvvür edirsən, yüz min. Paytaxtda ev alarsan, övladlarına yeni həyat verərsən. Korluq görməzsiz. İşin sadəcə ərinin yeməyinə zəhər qatmaq olacaq. Zəhərin izi tapılmayacaq, adi ürək tutmasından öldüyü kimi görünəcək. Eşidirsən məni? Əgər razı olsan, sabah elə bu saatda indi dayandığın yerdə durarsan. Zəhəri və pulun bir hissəsini gətirəcəm.

Gülçöhrə yerində donub qalmışdı. Bunu ərinə gedib danışmağı qərar aldı. Lakin sonra fikrini dəyişdi. Evə qayıtdı. Növbəti gün isə bazarda həmin yerdə dayanmışdı.

* * *

Axşam saat 10 idi. Ərinin indilərdə gələcəyini bilirdi. Uşaqları yedizdirib yatmağa göndərmişdi. Zəhəri sağ cibinə qoymuş və qərarsız idi. Prokuror adəti üzrə eyni vaxtda gəldi, yuyundu və süfrədə oturdu.

Gülçöhrə mətbəxdə şorbanı qaba tökmüşdü və zəhəri içinə tökməklə bağlı tərəddüd edirdi. Uşaqlarının gələcəyi, onlara həmin pulla verə biləcək həyat barəsində düşünürdü. Sonunda zəhəri şorbaya töküb qarışdırdı və süfrəyə apardı. Qərarı versə də yenə tərəddüd edirdi. Dizləri əsirdi həyəcandan.

Buna da bax: 'Evində yatmaq istəyirsənsə, ayda 100 gətir'

Prokuror şorbaya ilk qaşığı salanda Gülçöhrə qabı götürmək istədi. – Şorba yaxşı alınmayıb. Gözlə, sənə ayrı şey hazırlayım. – dedi.

Prokuror gülümsündü və qabı aparmağa imkan vermədi. – Sənin əlindən zəhər də olsa, yeyərəm, – dedi və ilk qaşığı ağzına apardı.

Şorbanı bitirdikdən sonra çay içmədən yorğun olduğunu, yatmaq istədiyini bildirib stuldan qalxdı. Gülçöhrənin yanağından öpdü. – Sabah çətin gün olacaq, – dedi və yataq otağına getdi.

XS
SM
MD
LG