Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:35

Azərbaycan tarixçiləri Bağırov cinayətlərinə necə haqq qazandırır...


Mircəfər Bağırov haqda kitab yazmış Adıgözəl Məmmədov və Teyyub Qurban.
Mircəfər Bağırov haqda kitab yazmış Adıgözəl Məmmədov və Teyyub Qurban.

Elnur Musayev Bədəl

Azərbaycan tarixçilərinin Bağırov cinayətlərinə haqq qazandırma canfəşanlığı [Araşdırma]

Qəzəbli bir şey haqqında “qəzəbsiz” yazmaq darıxdırıcı bir şeydir (V.İ.Lenin)

1918-ci ilə qədər Azərbaycanda vahid dövlət olmayıb. 1918-ci ildən 1920-ci ilədək onun rəhbərləri altı aydan bir dəyişdirilib, 1920-ci ildən 1934-cü ilədək, o vaxtkı sistemə görə KP MK-nin birinci katibi vəzifəsində respublikamızı öz millətimizdən olan adam, azərbaycanlı rəhbərlik etməyib. Respublikamıza rəhbərlik edənlər o vaxt həmişə kənardan gələnlər və cürbəcür millətlərin nümayəndələri, o cümlədən ermənilər olublar.

Belə bir dövrdə, 1920-ci ildə N.Nərimanov kimi ictimai-siyasi xadim, Azərbaycanın maraqlarını öz şəxsi maraqlarından həmişə üstün tutan tarixi bir şəxsiyyət meydana çıxmış və AXKS-nin sədri olmuşdur. Rusiyanın Azərbaycandakı siyasətinin əsl mahiyyətini başa düşən və ona qarşı etiraz edən N.Nərimanovu respublikadan uzaqlaşdırmaq üçün 1922-ci ildə yaradılmış ZRFİ-da ittifaq soveti, 1923-cü il yanvarın 2-də isə iki il SSRİ MİK sədrlərindən biri vəzifəsinə seçmişdilər. 1925-ci ildə qəflətən dünyasını dəyişmişdir.

Azərbaycanda isə Stalin qvardiyasından olan M.C.Bağırov 1921-ci ilin əvvəllərində AzFK-nın (ÇK-nın) sədri təyin edildi. Sonrakı dövrlərdə, 1934-cü ildən 1953-cü ilə qədər M.C.Bağırov ölkəyə rəhbərlik etmişdir. N.Nərimanovun qəfil ölümü və sonralar tarix səhnəsinə M.C.Bağırovun çıxması Azərbaycan xalqının ən böyük faciəsi olmuş vəbununlada digər sonrakı baş verəcək faciələrin bünövrəsi qoyulmuşdur.

Bu kiçik çalışmanın həcmini nəzərə alaraq bir başa mövzuya keçirəm. Beləliklə, M.C.Bağırov kimdir? M.C.Bağırov – XX əsrin ən böyük terrorçularından biri; XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda formalaşmış ən güclü intllektual potensialı darmadağın edən; öz şəxsi ambisiyalarını millətin maraqlarından qat-qat üstün tutması səbəbindən Azərbaycanı dərin siyasi, mənəvi-əxlaqi böhrana aparan “milli lider”lərdən biri…

Tarixçi Teyyub Qurbanın Mircəfər Bağırov haqda yazdığı kitab.
Tarixçi Teyyub Qurbanın Mircəfər Bağırov haqda yazdığı kitab.

Hörmətli Teyyub Qurban debatların birində deyir ki, “Bağırovun yerində başqası olsaydı, repressiyanın qarşısını ala bilərdi? 37-ci illə bağlı yazıçıların övladları atalarının söhbətini eləyirlər, amma sənədlərlə tanış deyillər”.

Bilirsiniz, belə şeyləri oxuyanda məni gülmək tutur.

Məgər "xalqlar atası" cavan Müşfiqi tanıyırdımı? Görkəmli Azərbaycan şairi Məhəmməd Hadini ədəbiyyat tarixindən silmək istəyirdilər (1950-ci illər). Stalin M.Hadini tanıyırdımı?

Stalin "Düz adamsansa ingilis dilini niyə öyrənmisən?" kimi nadan bir ittihamla tutulub "xalq düşməni" damğası vurularaq həbsxanalar küncündə "qeyb olub" məzarıda tapılmayan, anası ölüm ayağında "məzarsız oğul" deyə fəryad qopar gənc və istedadlı caz ustası Pərviz Rüstəmbəyovu tanıyırdımı?

M.C.Bağırov haqqında çox fakt bilmək, çoxlu arxiv sənədlərilə tanış olmaq hələ doğru nəticə çıxarmaq imkanı yaratmaz. Çox fakt bilmək, arxiv sənədləri ilə tanış olmaq şərt deyil, şərt insanları inandırmaq üçün fikirləri doğru-düzgün əsaslandırmağı bacarmaqdır. Fakt isə odur ki, M.C.Bağırovun hakimiyyəti dövründə 70 min (bəzi mənbələrdə bu rəqəm daha çox göstərilir-E) insan qətlə yetirilib. Bunların 28 mini də ziyalılardı, vəssalam.

Dünyanın quru hissəsinin altıda birini özündə birləşdirən hakimiyyətdə bir adam kütləvi represiyanın məsuliyyətini öz üzərinə götürə bilməzdi, hələ otuzuncu illərin əvvəllərindən şüurlara, beyinlərə yeriyən köləlik əqidəsi M.C.Bağırov kimilərinin qanına hopmasaydı. Azərbaycanda baş verən kütləvi repressiyaların əsas səbəblərindən biri kölə əqidəsi, qul mütiliyi və yaltaqlığın nəticəsi idi. Spartak da kölə olub, amma onun adı tarixdə qəhrəman kimi qalıb və qalacaq; kölə ayrı, köləlik əqidəsi ayrı. M.C.Bağırov Stalinin və Beriyanın şəxsi tapşırıqlarını yerinə yetirən əyalət köləsi idi.

Bəzi hörmətli tarixçilərimiz müsahibələrində deyirlər ki, bizdə yanlış təsəvvür var ki, Azərbaycan repressiya qurbanlarının sayı çoxdur. Say məsələsində Azərbaycan SSRİ məkanında 6-cı yerdə idi.

Buna da bax: Adıgözəl Məmmədov: «Azərbaycanda avtoritar rejim yox, avtoritar məmurlar var!»

Adığözəl Məmmədov "Avtoritar rejimlər və psixoloji portretlər" və “Kremldəki türk agenti Beriya “kitabında yazır: "Məhkəmə proseslərində Bağırovu daha çox represiyaların təşkilində ittiham edirdilər. Məgər bu bir represiyalar bir başa Moskvanın göstərişinə uyğun aparılmırdımı? Xruşşov Ukraynada, Arutyunov Ermənistanda, o cümlədən bütün SSRİ məkanındakı rəhbərlər bu göstərişləri həyata keçirmirdilərmi?"

Görün bizim hörmətli tarixçilərimiz hansı faktlarla M.C.Bağırova bəraət qazandırırlar.

Bütün Sovet rəhbərləri hakimiyyətə sahib olmamışdan qabaq, 1937-ci ilə qədər artıq terrorçu kimi formalaşmışdılar. Xruşşov hələ 1937-ci ilə qədər konsentrasiya düşərgələrində qətlə yetirilən milyonlarla insanın ölümünü təşkil etmişdi.

Əvvəla, bütün rəhbərlər hakimiyyətə sahib olmamışdan qabaq, 1937-ci ilə qədər artıq terrorçu kimi formalaşmışdılar. Xruşşov hələ 1937-ci ilə qədər konsentrasiya düşərgələrində qətlə yetirilən milyonlarla insanın ölümünü təşkil etmişdi. Xalqa qarşı bu rəzil cinayətləri törədən Xruşşovun sonralar rus hökumətinin rəhbəri olması da təsadüfi sayılmamalıdır .

İkincisi, növbəti siyasi represiyalar dalğasını 1953-cü il martın 5-də Stalinin ölümü saxladı.

Üçüncüsü, bəyəm represiyalar deyiləndə söhbət təkcə qətlə yetirilən insanlardanmı gedir? 1930-cu, 40-cı və eləcə də 50-ci illərin əvvəllərində iki yüz mindən çox azərbaycanlı sürgün olunub. 1989-cu ilin rəsmi statistikasına görə Qazaxıstanda yüz min nəfərdən çox azərbaycanlı yaşayır, onların əksəriyyəti 30-cu illərdə Xəzərin o tayındakı çöllərdən sürgün edilmiş "xalq düşmənlərinin" övladlarıdır. Təxminən bir o qədər adam 1953-cü ildən sonra Azərbaycana qayıtmışdır. Bəs Özbəkistanda, Qırğızıstanda, Sibirdə nə qədər azərbaycanlı yaşayır?

Dəqiq rəqəm yoxdur. Dağıstandan,Gürcüstandan, Ermənistandan sürgün olunan azərbaycanlıları da bu siyahıya salsaq, görərik ki, represiya qurbanlarımız daha çoxdur. Qısaca deyim: saysız-hesabsız! Ən cüzi hesablamalara görə, 30-40-cı illərdə azı 300 min azərbaycanlı cəza tədbirlərinin acısını-ağrısını dadmışdır.

Təsəvvür edirsinizmi bu dəhşətli hadisələri? Bağırovun bu xalqa vurduğu yaralar heç vaxt sağalmayıb. Bağırovun əməllərini, şəxsiyyətə pərəstişin nəticələrini ancaq ölümdən sonra bəraət alanlarla ölçmək olmaz, biz gərək onların hər cür dəhşətli əzab-əziyyətlərə və təhqirlərə məruz qalmış, amma həyat eşqini, ümidini bir an belə itirməyib sağ qalmış övladları, qohum -qardaşları barədə düşünək. Bəs respublikamız onların taleyi ilə maraqlanırmı və yaxud maraqlandımı?

Hörmətli tarixçilərimiz oxuculara "xalq məhkəmələri" haqqında məlumat vermirlər. "Xalq məhkəməsi" nədir? Üç kişidən ibarət ("troyka"lar-E ) gizli və tam yetkin bir "məhkəmə heyəti". Bu "troyka"ların işlərində yalnız ölüm və sürgün vərəqələri toplanır. Dəmir şkaflarda jurnala yazılmış işləri də mühafizə edirlər. Sibirdə minlərcə düşərgə və milyonlarca kölə vardır. Bu kölə düşərgələrinə rəsmi dildə əmək düşərgələri deyilir.

Rus çarları vaxtında nə Lenin, nə də Stalin Sibirdə kölə halında yaşamayıblar. Onlar kitab yazır və ya ovçuluqla məşğul olurdular. Hətta Stalin Yenisey çayı sahillərində eşqbazlıq da edirdi.

Stalin tərəfindən Sibirə sürgün edilənlər isə əksinə. Stalin bir plan hazırlamışdı. Bu cür adam yeyən plan təsdiq etdirərək, Sibir meşələrində və mədənlərində işlədirlər. Şimalda yol və kanallar düzəldildi. Bu planı həyata keçirmək üçün də vətəndaşları kütləvi surətdə həbs etmək lazımdı. Stalinin başçılıq etdiyi ölkənin kommunizmə heç bir aidiyyatı yox idi, bu faşist ölkəsi və faşist qanunları idi.

Dəmir yollarından və məskun məntəqələrindən yüz kilometrlərlə uzaqlarda olan Sovet əmək düşərgələrini mühafizə etməyə belə lüzum yox idi. Hər tərəf buz, qar və meşə. Düzdü tarixi sənədlər sübut edir ki, bu ərazilərdə üsyanlar olub, hətta Moskvada bu xəbərləri təlaşla qarşılayıblar. Ancaq bu üsyanlar amansızlıqla yatırıldıqdan sonra yeni kölələri ciddi nəzarət altında saxlayırdılar. Sibirdə nə qədər azərbaycanlı qətlə yetirilib? Statistik göstərici varmı? Bunları kimin ayağına yazaq? Bunu bəyəm faşizm adlandırmaq olmaz? Gəlin müqayisə edək.

Faşistlər yəhudiləri güllə ilə öldürürdülər, amma sonralar gülləyə qənaət etmək lazım gəldi. Ona görə əsir düşərgələrində qazdan istifadə etdilər. Guya yəhudilərin varlığı alman iqtisadiyyatına və mədəniyyətinə zərər vururdu. Açıq aşkar deyirdilər ki, övladlarınıza nifrət aşılayın, çünki Hitler yəhidilərə nifrət edir.

Əgər bu müharibədə almanlar məğlub olsa yəhudilər almanlara mərhəmət göstərməyəcəklər, ona görə də bu müharibədə mərhəmət olmamalıdır. Əgər fürer deyirsə yəhudi məsələsini köklü həll etmək lazımdır deməli onun əlində əsas var.

Buna da bax: Cəmil Həsənli: '30-cu illərdə nə qədər ağır işgəncə versələr də, şalvar soyundurmayıblar'

Düşərgələrdə yəhudilərin 2 həffə, keçişlərin bir ay, digərlərinin 3 ay yaşamaq hüququ var idi. Bunu SS təyin edirdi. İşə yaralılar və qaz kameralarına göndərilənlər ayrılırdı. Yeni əsirləri qarşılamaq üçün bu məhv qaçılmaz idi. Yüzlərlə adamı kameralarda böyrü üstə bir yerdə uzandırırdılar, gecə vaxtı ayaqyoluna getmək üçün kimisə ayaqlamalı idin, kimin səsi çıxsa nəzarətçilər həmin adamı döyürdülər. Hərbi əsirlər bir tikə çörək və qara suda marqarınli sıyıq verilirdi.

Vaqonların ağzınadək doldurulan yük qatarları "xalq düşmənlərini" və onların ailələrini bir ucdan ölkənin bu başından o başına-Sibirin və Qazaxıstanın şaxtalı və tufanlı, heç vaxt insan ayağı dəyməyən yerlərinə daşıyırdı. Bu, onların çəkəcəkləri müsibətin yalnız əvvəli idi. Nə qədər adam təhqirə, hərarətə dözməyərək özünü öldürdü. (1944-cü ildə 37713 nəfər balkar Qafqazdan sürgün olunmuşdur. Bir ildən sonra cəmisi 32819 min nəfər sağ qalmışdı. Beləliklə, bir ilə beş minə qədəri həlak olmuşdu. Balkarları o vaxt sürgündə aclıqdan azərbaycanlılar qurtardı- E.M).

1937-ci ildə və 1944-cü ildə azərbaycanlıların, Krım tatarlarının, çeçenlərin, inquşların, qaraçayların, balkarların, Qafqaz türklərinin kütləvi repressiyası zamanı onları Orta Asiya və Qazaxıstana sürgün eləyəndə yük vaqonlarında ayaqyolu düzəltmək yada düşməyib.

Sürgünə göndərilənlərə "çörəyi çox götürün" deyə məsləhət verirdilər. Stansiyalarda tualetdən istifadə etmək olmaz, pəncərədən kənar şəxslərlə danışmaq qadağan idi, çiy su içmək məsləhət görülmür, gündə bir dəfə çay qoymaq üçün qaynanmış su veriləcəkdi. Stansiyalarda hər vaqondan yalnız bir nəfər düşüb ərzaq ala bilər, o adamı da sürgün olunanalar özləri seçirdilər.

1937-ci ildə və 1944-cü ildə azərbaycanlıların, Krım tatarlarının, çeçenlərin, inquşların, qaraçayların, balkarların, Qafqaz türklərinin kütləvi repressiyası zamanı onları Orta Asiya və Qazaxıstana sürgün eləyəndə yük vaqonlarında ayaqyolu düzəltmək yada düşməyib. İslam dininin sərt qanunları ilə tərbiyə olunmuş, həmişə kişidən gizlənmiş bu qadınlar bu uzaq yolda nələr çəkiblər. Sidik kisəsinin partlaması nəticəsində ölənlər olub.

Bəs bu bədbəxtlərin hansı hüquqları vardı? Gündə 10 saat, əkin-biçin dövründə isə 14-16 saat işləməkdən savayı ayrı nə hüquqları olardı?! Eynən yəhudilərin taleyi kimi. İlk günlər heç pasportları da yox idi- əllərindən almışdılar. Vaxtından qabaq həbsxanadan buraxılan və sürgünə göndərilən siyasi məhbuslara isəelə bir pasport verirdilər ki, bu pasportla onlar nəinki Qafqaza və Ukraynaya, eləcə də ölkənin üç yüzə qədər şəhərinə gedə bilməzlər. 1947-ci ildə sürgündəkilərə pasport verməyə başladılar. Hansı pasportda belə bir qeyd yazılsaydı: "С правом проживания в пределах Каз.ССР". Bu o demək idi ki, sürgün olunanların vətənə ixtiyarı yoxdur.

Laslo BeladiTamaş Kraus "Stalin" əsərində yazırlar: “1917- 1933-cü illərdə milyonlarla kitab, qəzet, jurnal və sənədlər kitabxanaların fondlarından çıxarılıb məhv edilmişdi. Bunun əsas səbəbi o idi ki, ya onların müəllifləri məhv edilmişdi, yaxud da onlar inqilabın Stalin versiyasını təkzib ediblər”. Otuzuncu illərdə Azərbaycan mədəniyyətinə vurulan "baltanın yarası"nı tarix unuda bilərmi? Bu vəhşilik idi. Nə qədər qiymətli əlyazması, nə qədər mədəniyyət arxivi yandırıldı...

Buna da bax: 37-ci illərdə Azərbaycan yazıçıları bir-birlərini satır, vəzifəyə gedirdilər...

Bəzən tez-tez belə fikirlərlə rastlaşırıq ki, Bağırovun məhkəməsindən bəhs edən kitablarda bu arqumentlərə, faktlara rast gəlinmir.

Represiyaların əsl miqyası XX(1956-cı il fevralın 25-də) qurultayda Xruşovun "məxfi" məruzəsi ilə tanış olduqdan sonra dərk olundu. Bu insanların düşüncə və ürəyində əsl inqilabi çevrilişə səbəb oldu, çünkiStalin dövründə sistem elə idi ki, hətta repressiya olunanlar da onu allah sayırdılar. İnsanlar qəti əmin idilər ki, bu ölkə Stalinsiz yaşaya bilməz. Represiyaların əsl miqyası beynəlxalq kommunizm hərəkatında ciddi böhrana gətirib çıxartdı.

Sovet Azərbaycanının rəhbəri Mircəfər Bağırov və sovet DTX rəhbəri Lavrenti Beriya
Sovet Azərbaycanının rəhbəri Mircəfər Bağırov və sovet DTX rəhbəri Lavrenti Beriya

M.C.Bağırovun Azərbaycan xalqı qarşısında heç bir xidməti olmayıb. Əksinə, M.C.Bağırov Stalinin və Beriyanın şəxsi tapşırıqlarını yerinə yetirmək üçün canfəşanlıq göstərdiyinə görə mükafatlandırılmışdır. M.C.Bağırov 1937-ci ilin represiyalarına görə tarix qarşısında məsuliyyət daşıyır. M.C.Bağırovun cinayətlərini unutmağa bizim əsla mənəvi haqqımız yoxdur. Yüz minlərlə insanın faciəsində günahkar olan bir terrorçunun hansı müsbət keyfiyyətləri ola bilər?

T.Qurbanın "Düşmənlərindən güclü şəxsiyyət" kitabının ön sözün müəllifi şair Qabildir. Bu həmin şair Qabildir ki, bir vaxtlar Nemət Pənahlını Nemət balamız deyib milli mübarizə simvoluna çevirmişdi. Bədbəxt şair!

T.Qurban kitabın 42-ci, 77-ci səhifələrində yazır: "...Gün gələcək nəvə Mir Cəfər baba Mir Cəfərin intiqamını millətimizin bədxahlarından alacaqdır!

M.C.Bağırovun xilaskarı olduğu Mir Mövsüm Ağanın dünyaya gəlməsindən 120 il ötdü".

...M.C.Bağırov çətin zamanda Ağanın cəddini köməyə çağırmışdır və Orconikidzenin Sisianov "atında" əyləşdirdiyi erməni Ruben Bakıdan baş götürüb qaçmışdır. M.C.Bağırovun həbs olunmasl barədə Yejovun qərarı yazılanda Azərbaycan rəhbəri yenə də cəddini köməyə çağırmışdır" Bu nə məntiqdir?

Böyük tarixçimiz Z. Bünyadov "Dinlər, təriqətlər, məzhəblər" kitabında yazır ki, Seyyid ərəb dilində ağa deməkdir. Məhəmməd peyğəmbərin nəvəsi Hüseynin nəslindən olan müsəlmanların ünvanı kimi göstərilir.

Şəxsiyyətinə böyük hörmət bəslədiyim Güntay Gəncalp "Səfəvilər" kitabında yazır: "..."Mir" və "zadə" sözlərinin birləşərək oluşdurduqları "mirzə" seyid soyundan olma mənasındadır. "Mir", yəni seyid, yəni peyğəmbər soyundan!

...Peyğəmbərin oğlu olmazkən soyunu ona bağlayan bir sürü adam ortaya çıxdı Səfəvilərdən günümüzə."

Görkəmli yazıçımız Ə.Haqverdiyev, böyük ədibimiz N. Nərimanov da öz əsərlərində seyidlərin, ocaq və pirlərin meydana çıxması tarixini kifayət qədər real cizgilərlə əks etdirmiş, onların fəaliyyətini inandırıcı surətdə ifşa etmişlər.

Yuxarıda da qeyd eydiyim kimi peyğəmbərin oğlu olmayıbsa bu seyidlər, mirlər, fokus göstərənlər Məhəmməd peyğəmbərin nəslindən necə olurlar? Qızı Fatiməni əmisi oğlu imam Əliyə verib. Nəslin ata ilə keçdiyini nəzərə alsaq, deməli, Z.Bünyadov da yazdığı kimi Məhəmməd övladı hesab etdiyimiz seyidlər əslində Əlinin nəslinə mənsubdurlar. Tutaq ki, Əli ilə Məhəmməd əmioğludursa, bunun elə bir əhəmiyyəti yoxdur. Ancaq bunlar ki, hər ikisi ərəbdir. Deməli, neçə əsr keçsə də, onlara enən nəsli üzrə ata xətti ilə seyidliyi alan şəxs ərəb olmalıdır, halbuki bizdə seyidlik iddiasında olanların əksəriyyəti, İrandan da olsa azərbaycanlı, bir qismi isə farslardır. Ocaq və pirlərin əsasını da seyidlər qoymuşdular. G. Gəncalp haqlı olaraq qeyd edir ki, İslamın özündı "mollalıq" və ya "ruhaniyyət" deyə bir qurum yoxdur. Ümumiyyətlə, niyə XXI əsrdə Azərbaycan ziyalısı dini təbliğ edir?

Kitabın 46-47 səhifələrində T.Qurban M.C.Bağırov və mərhum rəssamımız Mikayıl Abdullayevin M.C.Bağırova olan xoş münasibətlərindən söhbət açır.

Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan M.Abdullayev şəxsi keyfiyyətlərinə görə qorxaq insan olub.

Böyük Vətən müharibəsi illərində Əzim Əzimzadənin sevimli tələbəsi M.Abdullayevə çağırış vərəqi gəldi. Ə.Əzimzadə bütün respublikada, nüfuzlu, sayılıb-seçilən sənətkarıydı. Sözü katibin yanında da keçə bilərdi. Düzdür, öz hörmətindən istifadə edərək, oğlanlarının, heç olmasa birinin müharibədən saxlanılması üçün M.C.Bağırovun yanına getməmişdi. Amma tələbəsi M.Abdullayevin müharibəyə getmək məsələsində nüfuzundan istifadə etdi. Ona görə katibə ağız açdı. M.C. Bağırov rəssamın sözünü yerə salmadı. Onun göstərişiylə M. Abdullayev müharibəyə aparılmadı.

M.Abdullayevin də M.C.Bağırova ömrünün sonuna qədər borclu olmasının əsas səbəbi budur.

Kitabın 53-cü səhifəsində yazır: "M.C.Bağırov dövründə seyid mənşəli dahi insan- Mir Əsədulla Mirələsgər oğlu Mirqasımov Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti seçilmişdir. Azərbaycanın seyid rəhbərinin kadr siyasəti həmişə göz qabağında olmuş və bütün xalqın ürəyindən xəbər vermişdir"

Azərbaycan Elmlər Akademiyasının yaradıcısı və ilk prezidenti Mirəsədulla Mirqasımov.
Azərbaycan Elmlər Akademiyasının yaradıcısı və ilk prezidenti Mirəsədulla Mirqasımov.

Məsələ burasındadır ki, M.Ə.Mirqasımov sıradan biri deyildi. O, 1919-cu il Bakıda yaradılmış universitetinin tibb fakültəsinin təşkilində yaxından iştirak etmişdir. Universitetin bu zaman 44 nəfərdən ibarət professor-müəllim heyəti var idi. Bunların yalnız 9-u azərbaycanlı idi. Onlardan biri də M.Ə.Mirqasımov idi.

Azərbaycanda urologiya elminin inkişafı da onun adı ilə bağlıdır. Bundan başqa öd daşları xəstəliyinin, qarın yatalağından sonra əmələ gələn peritonitlərin cərrahi müalicəsinə və s. aid əsərləri böyük elmi əhəmiyyət kəsb edir. Göründüyü kimi M.Ə.Mirqasımov respublikamızda tibb elminin əsasını qoyanlardan biridir.

M.C.Bağırov Flarmoniyada keçirilən iclasında M.Ə.Mirqasımovun qarşısına KP-a üzv olmaq haqqında şərt qoyub. M.Ə.Mirqasımov isə bu tələbi rədd edib nəticə olaraq prezident vəzifəsindən azad olunub. Atalarına qarşı edilən bu pisliyi unutmayan M.Ə.Mirqasımovun beş oğlu - Mir Mustafa, Mir Ələsgər, Fərid, Rüfət və rejissor oğlu heç biri KP-a üzv olmadılar.

Buna da bax: "Rəsulzadəni Mircəfər Bağırovla eyni cərgəyə qoymayın!"

Kitabın 172-173-cü səhifələrində müəllif M.C.Bağırovla təmasda olmuş qocaman şair və jurnalist Cavad Cavadlının "Təzadlar" qəzetinin 2005-ci il 1 fevral tarixli sayında qələmə alınmış məqaləsinə istinadən yazır : "..Alman faşitlərinin SSRİ-yə hücum etdiyi günləri yaxşı xatırlayıram. Kütləvi səfərbərlik elan edilmişdi. 18 yaşından 50 yaşına qədər olanlar, o cümlədən qızlar döyüşən cəbhəyə göndərilməli idi. Müsəlman əxlaqı ilə tərbiyə alan Azərbaycan əhalisində müharibədən daha çox vahimə yaradan Azərbaycan qızlarının cəbhəyə göndərilməsi idi. Tezliklə xəbər yayıldı ki, şəhər mühiti görmüş tibb bacılarından başqa bütün qızlar əsgəri xidmətdən azad edilib! M.C.Bağırov bu razılığı Stalindən almışdı. Məgər bu xalqa xidmət deyildi.

Bu məlumatı hörmətli Adıgözəl Məmmədov da təsdiq edir. A.Məmmədov “Mir Cəfər Bağırov - Tam məxfi” kitabında yazır: “1943-cü ilin yazında Azərbaycanda müharibəyə hərbi çağırış keçirilirdi. Lakin bu çağırış əvvəlkilərdən fərqlənirdi. Belə ki, bu dövrdə müəyyən yaş həddi çərçivəsində qadınları da hərbi mükəlləfiyyətə salınmış və onların döyüş bölgələrinə göndərilməsi nəzərdə tutulurdu. Respublikada böyük narazılıq yaranmışdı. Bu məsələlərin çıxış yolunu o, yalnız Stalinlə görüşdə görürdü. Çünki bu əmri birbaşa Stalin vermişdi. Hərbi vəziyyətdə komandirin verdiyi əmrdən çıxmaq sadəcə olaraq, Hərbi Tribunal demək idi. M.C.Bağırov başqa respublikaların rəhbərlərindən fərqli olaraq bu çağırışa cəsarətlə öz etirazını bildirərək bu sözləri demişdir: "Azərbaycan kişisinin alnında namus qırışığı var. Biz qadınları məcburi hərbi çağırışçı edə bilmərik". Stalin Bağırov hikkəsi qarşısında güzəştə getməyə məcbur olur. Bağırovun bu iradəliyi və cəsarəti tariximizin silinməz səhifəsidir".

Bilirsiniz, Azərbaycan qadınının, Azərbaycan anasının M.C.Bağırov qədər təhqir edən, söyən, işgəncə verən, alçaldan, hər mənada məhv edən ikinci bir düşməni olmayıb.

Azərbaycan xalqı müharibədə iştirak etmiş respublikanın, xalqımızın on minlərlə, yüz minlərlə oğul və qızları cəbhədə olmuş, döyüşlərdə qəhrəmanlıq göstərmiş, çoxları həlak olmuş, geriyə qayıtmamışlar.

Azərbaycan tarixi kitablarında yazılıb ki, “Respublikada müharibənin ilk həftəsində 40 min nəfərdən çox oğlan və qız cəbhəyə - faşistlərə qarşı müharibəyə getmək üçün hərbi komissatlıqlara ərizə verdilər. Avqust ayına kimi burada 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı. 1941-ci ilin sonunda bu dəstələrdə 187 min nəfərə qədər döyüşçü vardı, onların 30 min nəfərdən çoxu qadın idi...

İyunun 26-da fəhlə və qulluqçuların üçün iş günü 11 saata qaldırıldı, məzuniyyətlər ləğv edildi. Əmək intizamı möhkəmləndirildi. İşdən özbaşına çıxıb getmək üstə azadlıqdan 5 ildən 8 ilə qədər məhrum edilmək cəzası müəyyən olundu.

Orduya səfərbər olunanların yerinə qadınlar, yeniyetmələr gətirildi. Onlardan 43 min nəfərdən çox ixtisaslı fəhlələr hazırlandı. Mütəxəssisələrdə plan tapşırıqlarını 200, 300 faiz yerinə yetirmək uğrunda "cəbhəçi", "komsomolçu" briqadalar təşkil edildi”.

Unutmaq lazım deyil ki, o illər SSRİ-də neft və neft məhsullarının 80 faizi Azərbaycanda istehsal olunurdu.

Şəfiqə Məmmədovanın “Anaların fəryadı” adlı kitabı Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq, aparılmış araşdırmalar nəticəsində 20-50-ci illərdə azərbaycanlı qadınlara qarşı repressiyaların arxiv sənədləri öyrənilib təhlil olunub və bioqrafik şəkildə oxuculara təqdim olunub. Oxucular orda yazılan hər hansı biblioqrafik məlumatla razılaşmasalar həmin məlumatları arxiv sənədləri ilə özləri yoxlaya bilərlər. Oxuyun, dəhşətə gələcəksiniz.

Ədəbiyyatda xatirə ədəbiyyatı deyilən bir janr var. Xatirə (memuar) ədəbiyyatı müəllifin gördüyü, yaşadığı, şahidi olduğu, faktik hadisələrin qələmə alındığı, tərcümeyi-halla sıx bağlı əsərlərdir. Tarixən məşhur, ömrü boyu elm, mədəniyyət, ədəbiyyat, sənət , siyasət, müharibə, icad sahəsində tanınmış xarakter simaların öz həyatları haqqında yazdığı əsərlər bu ədəbiyyata aiddir.

Sultan bəy Sultanovun qızı Bəyim xanım xatirələrində deyir ki, "Gecə hamımızı gətirdilər Bayıl həbsxanasına. Biz həbsxanada eşitdik ki, M.Ə.Rəsulzadənin ailəsi də buradadır. Sonra bizə dedilər ki, 700 azərbaycanlı qadını bu gecə sürgün edəcəklər. Səhərə yaxın bizi yük vaqonlarına doldurub Bakıdan çıxartdılar.

1948-ci ildə anam icazə ilə Bakıya gəlib, Bağırovun qəbuluna yazılıb onunla görüşür. Ailəmizin Bakıya qayıtması haqqında icazə istəyir. Bağırov anama deyir ki, Sultan bəyin nəslinin bir daha Azərbaycan torpağına ayaq qoymağına icazə verilməyəcək”

Yazıçı Seyid Hüseynin xanımı, şairə və repressiya qurbanı Ümmügülsüm Sadıqzadə 1899-1944.
Yazıçı Seyid Hüseynin xanımı, şairə və repressiya qurbanı Ümmügülsüm Sadıqzadə 1899-1944.

Seyid Hüseynin həyat yoldaşı Ümgülsüm xanım xatirələrində yazır: “12 noyabr 1937. İki gündür burdayam. Bu iki gündə keçirdiyim həyat mənə yuxu kimi gəlir. Kamerada elə qarışıqlıqdır ki, belə bir şeyi mən ömrümdə təsəvvürümə gətirməmişdim. Bütün yorğan-döşəklər yerə sərilib. Axşamdan bəri 36 adamın istifadə etdiyi ağzına qədər dolu çirkab vedrəsinin və onunla yanaşı qoyulmuş natəmiz su-çay vedrəmizin ağzı açıqdır. Nə bu murdarlığı və üfunəti, nə də bu qədər adamın balaca, hərtərəfli bağlı otaqda bütün gün ərzində aldıqları nəfəsdən kəsif havanı təmizləyəcək bir şey yoxdur. Burada heç bir iş adi qayda üzrə getmir. Hər şey fövqəladə bir şəkildədir. Axşam yatanda soyunmayan məhbuslar yenidən geyinmə işindən azaddırlar. Eləcə yerimizdən qalxırıq...Kamerada çay içmək və xörək yemək üçün cəmi on səkkiz qab vardır. Qablar həbsxananındır. Otuz altı arvad bu qablarda həm xörək yeyir, həm də çay içir”.

Sultan Məcid Əfəndiyevin həyat yoldaşı Zivər xanım xatirələrində yazır: “Dustaqxana qadınlarla dolmuşdu. Onlar mənim kimi ərinə görə tutulmuş vəzifəli yoldaşların, raykom katiblərinin, icraiyyə komitələri sədrlərinin, hərbiçilərin arvadları idilər.

Sultan Məcid Əfəndiyevin həyat yoldaşı Zivər xanım xatirələrində yazır:

“Dustaqxana qadınlarla dolmuşdu. Onlar mənim kimi ərinə görə tutulmuş vəzifəli yoldaşların, raykom katiblərinin, icraiyyə komitələri sədrlərinin, hərbiçilərin arvadları idilər. Mənim olduğum kamerada Azərbaycanın ilk kommunist qadınlarından Frida Şlemova-Axundova, Xavər Qarayeva, Ceyran Bayramova, müəllimə Məryəm xanım Bayraməlibəyova, M.Qədirlinin arvadı Mələk xanım, şair Mikayıl Müşfiqin arvadı Dilbər xanım və başqa 30 nəfərdən artıq qadın vardı. Hər birinin öz dərdi, öz kədəri vardı. Körpə uşaqlarından, qoca ata-anasından ayrı düşmüşdülər. Bütün günü ağlaşırdıq. Hərdən Məryəm xanım bizə çox sevdiyi L.N.Tolstoyun "Hərb və sülh" romanı haqqında danışıb, dərdimizi dağıtmağa çalışırdı. Çox iradəli qadın idi.

Həbsxanada Dilbər xanımın başına hava gəldi. M.Ə.Rəsulzadənin qoca anasını, bacısını, xalasını da Bayıl həbsanasına salmışdılar. Əldən düşmüş bu qarının əlindən tutub tualetə aparırdılar.

İlk azərbaycanlı pianoçu qadın, repressiya qurbanı Xədicə xanım Qayıbova 1893 –1938.
İlk azərbaycanlı pianoçu qadın, repressiya qurbanı Xədicə xanım Qayıbova 1893 –1938.

Xədicə xanım Qayıbova özü ilə çərkəzi paltar, uzunboğaz çəkmə, ipək corab, hətta balaca bir xalça da gətirmişdi. Elə bil dünya vecinə deyildi. Hər gün o basırıqda özünə sığal verirdi. Deyirdi: "Mən incəsənət adamıyam, musiqiçiyəm, mənim gərək əllərim, üzüm xarab olmasın. Çox qəm eləməyin, sürgünə göndərsələr də bu çərkəzi paltarı, çəkməni geyinib bax beləcə rəqs edəcəyəm, durub oynayırdı. Onun bu hərəkəti bizə gülünc, yüngüllük kimi görünürdü. Bu, ilk baxışda belə idi. Mən belə vaxtda onun gözlərinin içinə baxırdım. Onlar necə də qəmli idi. O gülər gözlər fəryad qoparırdı. Haqsızlığa, zorakılığa qarşı beləcə üsyan edirdi. Onun musiqili dünyası, arzuları dağılmışdı. Xədicə xanım şərə, böhtana, ədalətsizliyə beləcə nifrət edərək, gülə-gülə, oxuya-oxuya sürgünə getdi. Orada bu işıqlı dünyadan köçdü”.

Buna da bax: E. İsmayılov: «Bağırov 1937-ci ildə plenumda deyir: «Bu faktı mənə kim çatdırdı? Səməd Vurğun...» [Video]

Buna oxşar fikirləri tarixçi M.Mirzəyev də təsdiq edir. M.Mirzəyev yazır ki, Xədicə Qayıbova evinə gələn istintaqçılara deyir ki, mən ağır yük qaldıra bilmərəm, pianoçuyam. Özünüz götürün.

Diqqət yetirin Zivər xanım deyir ki, Xədicə xanım sürgünə getdi. Ancaq Xədicə xanımın sürgün həyatı haqqında məlumat yoxdur.

M.Mirzəyev iddia edir ki, “X.Qayıbovanın istintaqını Bağırov şəxsən özü yekunlaşdırıb, sevdiyi qadını - X.Qayıbovanı kamerada Bağırov şəxsən özü güllələyib. X.Qayıbova 1938-ci il oktyabrın 19-da qətlə yetirilib. O, Xədicəni bir neçə il sonra başqa qadının timsalında tapdı. Sonralar akademik olacaq Ələşrəf Əlizadənin həyat yoldaşı Qəmər xanımın simasında. Maraqlıdır ki, M.Mirzəyev Qəmər xanımla Mir Cəfər Bağırov arasında vasitəçilik, araçılıq edən konkret şəxsin adını çəkir. Bu Bağırovun şəxsi həkimi Karl Borisoviç Kronskidir. Dəlicəsinə sevdiyi qadınlar onu həmişə məyus edib. O öldürdüyü qadınıarın kabusundan qorxurmuş”. Əgər M.Mirzəyevin iddialarına əsasən belə nəticə çıxarmaq olar ki, M.C.Bağırov sadist və seksual manyak olub.

Şəxsən M.C.Bağırovun özünün xoşuna gəlməyən insanları güllələməsi faktını hər iki ziyalımız təsdiq edir. Məsələn, Kitabının 69-cu səhifəsində T. Qurban yazır: “DTK-nın banditizmə qarşı şöbəsinin rəisi məşhur çekist, polkovnik Ələkbər Abdullayev danışırdı ki, M.C.Bağırov mənim kabinetimdə Tevanı danışdırdıqdan sonra güllələdi" "Mənə köhnə çekistlərdən Məmmədəli Novruz söyləyirdi ki, 1920-ci ildə Az.ÇEKA-nın sədri M.C.Bağırov Şuşaya gələrkən Androniki qaçırtdığına görə Arturov Saşanı tutdurub Şuşa türməsində şəxsən özü güllələmişdi".

Səbahəddin Eloğlu bu hadisələrlə bağlı fərqli yazır: "A.Mikoyanın, S.Şaumyanın Zəngəzur siyasətinin həyata keçirilməsinə başlandı. Mikoyanın Zəngəzur siyasəti Zəngəzurda azərbaycanlıları "əritməkdən" ibarət idi. Bu vaxt minlərlə adamları yenidən Gorusun həbsxanalarına doldurdular. Onlara ağır işgəncələr verdikdən sonra "inqilab", "yeni cəmiyyət" düşmənləri, varlılar, mülkədarlar və s. adlar qoyaraq özlərinə qəbir qazıtdırıb gecələr saxta hökmlər oxuyaraq güllələyib cinayətin izini itirdilər.

İnqilabi çevrilişdən xeyli sonra M.C.Bağırov Azərbaycan xalqının taleyini NKVD-də işləyən daşnak casuslarına tapşırdı.

Daşnaklar Bağırovun kəmhövsələ olduğunu çoxdan bilirdilər.

Bağırov yerindən qalxaraq zaldakıların hamısını həbs etmək göstərişi verir. Rus əsgərləri camaatı həbs edib Muradxanlı kəndindən bir qədər aralıdakı Dəvədərə deyilən yerə gətirirlər və burada hamısını vəhşicəsinə qırırlar.

Daşnak casuslar ağır bir cinayət törədirlər. Bağırovun köməkçisi İsmayılovu (diqqət edin, konkret şəxs adı çəkir-E.B.M) öldürüb qanını Əlyanlı camaatının üstünə tökürlər. İclas vaxtı qara xəbəri Bağırova çatdırırlar. Bağırov yerindən qalxaraq zaldakıların hamısını həbs etmək göstərişi verir. Rus əsgərləri camaatı həbs edib Muradxanlı kəndindən bir qədər aralıdakı Dəvədərə deyilən yerə gətirirlər və burada hamısını vəhşicəsinə qırırlar".

Qeyd edim ki, Zəngəzurda 1921-ci ilin yayına qədər sovet Ermənistanının orqanları, qurumları deyil, daşnak qüvvələri hökm sürürdü. 1920-ci ilin noyabrında Zəngəzur bolşeviklərin deyil, onların əleyhinə olan qüvvələrin idarəsində idi.

Buna da bax: Kremldəki türk casusu kim olub?

Adıgözəl Məmmədovun "Kremldəki türk agenti" kitabı.
Adıgözəl Məmmədovun "Kremldəki türk agenti" kitabı.

A.Məmmədov “M.C.Bağırov. Tam məxfi” kitabında yazır: “1927-ci ildə Əliheydər Qarayevin təhriki ilə Mərkəzi Nəzarət Komissiyasının rəhbəri Serqo Orconokidze Bağırovu "Narimanovşinada" günahlandırıb AzDSİ-nin sədri vəzifəsindən azad etmişdi (T.Qurban bu məsələni Mirzoyanın adıyla bağlayaraq bunu Bağırova qarşı terror aktı kimi qələmə verir-E.B.M) Beriyanın Stalinə ünvanladığı məktubla 1929-cu ildə Bağırovu yenidən AzDSİ-nin rəisi təyin etdirdi. Artıq Beriya-Bağırov birliyi Orconokidze-Qarayev-Əfəndiyev-Musabəyov birliyi ilə üz-üzə gəlmişdi.

1927-ci ildə M.Bağırovu Ə.Qarayevin L.Mirzoyanın təşəbbüsü ilə işdən götürüldükdən sonra Novruz Rzayev AzDSİ-nin rəisi təyin edilmişdi. 18 aydan sonra Bağırov yenidən öz vəzifəsinə Beriyanın köməyi ilə qayıdır. Lakin N.Rzayev hakimiyyətdə olduğu müddətdə Bağırovun dostu müsavatçı Əlibəy Zizinskini artıq güllələmişdi.

Bağırov "Mən kommunistliyimdən əvvəl Azərbaycanımın balasıyan" -deyərək N.Rzayevi həbs etdirir. Sonradan cinayəti məhkəmədə sübut olunaraq güllələnir. Məhkəmə materiallarına görə guya N.Rzayevi M.C.Bağırov özü kamerada güllələmişdi.

Bu cür güllələnməni guya M.C.Bağırov Məmməd Cuvarlinskiyə qarşı da etmişdi, ancaq bunların heç biri həqiqətə uyğun deyildir. Ona görə ki, 1956-cı ildə M.C.Bağırova qarşı ittiham irəli sürmək üçün Moskvadan gələn KQB-nin nümayəndələri onların ölüm aktlarını götürmüş və bu şəxslərin ölüm aktları olmadığına görə məhkəmədə guya M.C.Bağırov tərəfindən güllələndiyi iddiasını irəli sürmüşlər.

... Bağırov həmin komandiri - Yevgeni Xruşşovu (müəllif qeyd edir ki, bəzi fikirlərə görə bu N.S.Xruşşovun qardaşı olmuşdur, ancaq bunu təsdiq edən sənəd əldə etmək özünə müyəssər olmayıb- Elnur B. M.) çağırtdıraraq onu sorğu-sual edir. Komandir isə onun verdiyi əmrləri yerinə yetirmədiklərinə görə onların (azərbaycanlıların-E. B. M.) güllələdiyini bildirir. M.C.Bağırov: axı onlar rus dilini bilmirlər dedikdə, komandir bu heyvanlara mən rus dilini öyrətməli deyiləm ki, cavabını verər - verməz bütün azərbaycanlıların gözü qarşısında öz "mauzer" tapancası ilə düz alnının ortasından vurur. Sonra isə Stalinə hesabat verir".

Burada iki məqama diqqət yetirmək lazımdır. Deməli, M.C.Bağırov qətlə yetirdiyi rus zabitinə görə Stalinə hesabat verir. Belə anlaşılır ki, Bağırov erməniləri şəxsən özü gülləyib və kiməsə hesabat verməyi özünə borc bilməyib. Ancaq azərbaycanlılara gəldikdə isə müəllif A.Məmmədov bunu məhkəmə tərəfindən qondarma ittiham kimi qeyd edir.

İkinci məqama diqqət yetirin. A.Məmmədov "Avtoritar rejimlər və psixoloji portretlər" kitabında yazır: "Bir faktı da nəzərdən qaçırmaq lazım deyil ki, M.C.Bağırovun istintaq materiallarının böyük hissəsi hələ də məxfi qrifi ilə Moskva arxivlərində saxlanılır. Ona görə Azərbaycan tədqiqatçılarına təqdim olunan tərcümeyi hal elə formada tərtib olunub ki, bu forma M.Bağırovun istintaqında ona qarşı irəli sürülən qondarma ittihamları əsaslandırmaq üçün zəmin yaratsın və tərcümeyi halda onun ziddiyyətli şəxsiyyət obrazı formalaşsın"

A.Məmmədov "Mir Cəfər Bağırov. Tam məxfi" kitabında yazır: "1953-cü ildə Beriyanın həbsi zamanı onun şəxsi arxivindən Müsavat hökumətinə qulluq edən şəxslərin siyahısı tapılmışdı. Həmin siyahıda Beriyanın da adı vardır. Bu siyahının üzərində Bağırovun dərkənarı vardır. "Bağırov otdal". Beləliklə Bağırov Beriyanı Müsavat əks kəşfiyyatının casusu kimi göstərən sənədləri Azərbaycan SSRİ daxili işlər nazirliyinin arxivdən çıxarıb ona göndərmişdi.

Bu hal onların hər ikisinin bir-birlərindən ehtiyat etməyə və həmçinin bir-birlərinə arxa durmağa vadar edirdi”.

Deməli, müəllif Bağırov və Beriyanın məhkəmələrindəki ittihamları qondarma hesab edir, ancaq qondarma ittihamı fakt kimi qəbul edərək, özüdə bilmədən faktları təhrif edir, və terrorçulara bəraət qazandırır, düzdür o kitabının bir yerində qeyd edir ki, Bağırovun siyasi səhvlərinə haqq qazandırmaq olmaz, ancaq bununla bərabər Bağırova bəraət qazandırır.

Beriyaya qarşı irəli sürülən əsas ittihama görə, 1919-cu ildə, vətəndaş müharibəsi zamanı, o, müsavat kəşfiyyatının agenti olub, guya Bakıda Britaniya xüsusi xidmət orqanı ilə gizli əlaqələr yaradıb, britaniyalılar da onu bolşevik təşkilatına yeridiblər.

Sual olunur. Əgər Bağırov və Beriyanın məhkəməsi qondarmadırsa onda niyə həmin məhkəmələrdə irəli sürülən ittihamlardan Beriyanın, Bağırovun lehinə istifadə olunur?

Fakt odur ki, Beriya bioqrafiyasında olan bu faktı gizlətmirdi, müsavat əks-kəşfiyyatında bolşeviklərin tapşırığı ilə işlədiyini iddia edirdi, hər halda bu fakt hamıya məlum idi - Dzerjinskidən tutmuş Stalinə qədər.

1953-cü ilin 18 dekabrında L.P.Beriyanın mühakiməsi başlandı. Beş gün çəkən bu məhkəmədən sonra o, öz cəzasını aldı. Məhkəmənin gedişi zamanı Beriyanın zorladığı qadınların siyahısı oxunarkən Gürcüstan nümayəndəsi yerindən qalxmış və təlaşla demişdir ki, amandır, bu siyahını oxumayın, deyəsən, bizim bütün rəhbər işçilərin qadınlarının adı bu siyahıda var. Belə məlumatlar isə qondarma ittiham sayılır?

Arxiv sənədləri sübut edir ki, Azərbaycan xalqının "atası" M.C.Bağırov nəinki adamların həbs olunması haqqında sərəncamlar, göstərişlər verirdi, həmçinin istintaqlarda da iştirak edir, özü şəxsən onu maraqlandıran məhbusları dindirirdi.

Qayıdaq yuxarıda yazılanlara. Vasili Maksimov xatirələrində yazır:

"Arxiv sənədləri sübut edir ki, Azərbaycan xalqının "atası" M.C.Bağırov nəinki adamların həbs olunması haqqında sərəncamlar, göstərişlər verirdi, həmçinin istintaqlarda da iştirak edir, özü şəxsən onu maraqlandıran məhbusları dindirirdi.

M.C.Bağırovun və əlaltılarının istintaqlarda iştirakı haqqında şahidlər də bildirirdilər. Onlardan iki nəfərini indi də xatırlayıram. Musatov Qavrilov.

Qavrilov öz karyerasına baş serjantlıqdan başlamış, bu çirkin işlərdə məhbuslardan söz qoparan mahir bilici kimi ad qazanmışdı. Buna görə də tezliklə leytenant rütbəsinə qalxdı, öz cəlladlıq xidmətinə görə dəfələrlə orden və medallarla, ən təəccüblüsü və heyrətləndiricisi Lenin ordeni ilə təltif edildi. O sonralar həbs ediləndə artıq podpolkovnik idi. O, M.C.Bağırovun məhkəməsində bildirdi ki,Bağırovla birlikdə istintaq aparırdı. XDİK-də 100 nömrəli otaq vardı. Bağırov Mərkəzi Komitədən bura gələrək sanki şahların divanxanalarındakı taxtına oxşar hündürləşdirilmiş kresloda oturub əlində şallaq məhbusun gətirilməsini əmr edirmiş.

Buna da bax: Sovet quruluşundan üz çevirmiş Düdənginskini satqın adlandırmaq doğrudurmu...

Bu dindirmə həmişə faciə ilə qurtarırmış.

Qavrilov Ayna Sultanova ilə əlaqədar söyləyirdi:

Sovet Azərbaycanı Maarif komissarı, siyasətçi və ictimai xadim Ayna Sultanova.
Sovet Azərbaycanı Maarif komissarı, siyasətçi və ictimai xadim Ayna Sultanova.

-Onu otağa gətirdilər, soyundurdular. Dörd nəfər "igid" əlində burulmuş yaş mələfə otağın künclərində öz yerini tutdu. Bağırov sorğuya başladı. Məhbus cavab verdi.

Cavab "yüksək rütbəli müstəntiqi" qane etmədikdə cəza tədbiri işə düşdü. Bağırovun işarəsi ilə küncdə dayanmış "igidlərdən" biri möhkəm burulmuş, ağır, yaş mələfə ilə Aynanı vurdu. Yazıq qadın zərbəyə tab gətirməyib o biri küncə tərəf səndələdi. Orada ona ikinci zərbə dəydi. Beləliklə, o, top kimi küncdən-küncə diyirləndi.

Bu işgəncə "beşinci küncü tap" adlanırdı.

Bağırovun və Qavrilovun iştirakı ilə aparılan həmin istintaq Sultanova üçün acınacaqlı oldu. O qədər döydülər ki, az qala dəli olmaq dərəcəsinə çatdı, özünü divarlara çırpdı, sonra durub, dizi üstdə oturdu, əllərini yuxarı qaldırıb Stalinin adını dönə-dönə çəkərək qışqırdı. Yazıq qadın bilmək olmurdu "yer üzünün allahını" mərhəmətə çağırır, yoxsa onu lənətləyirdi".

Bu məlumatı Ayna Sultanovanın oğlu Vladlenlə görüşən hörmətli tarixçimiz N.Yaqublu da təsdiq edir. Ümumiyyətlə bu məlumatı təkzib etmək mümkün deyil. Çünki T. Qurbanın və hamımızın sevimlisi S.Gəncəli də bu məlumatı təsdiq edir. A.Sultanova haqqında mətbuatda ilk məlumatı da məhz S.Gəncəli verib.

Hər halda Dövlət Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri Bağırovun şəxsi nəzarəti altında işləyirdi.

Burda oxucuların diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. Hələ 1936-cı ildə M.C.Bağırov, N.Yejova yazdığı gizli məktubunda Əliheydər Qarayevi ittiham edərək yazırdı ki, o, vaxtı ilə Tiflisdə "Hümmət" təşkilatında olmasını gizlətmiş və "Yaxın keçmişdən" adlı kitab yazmışdır. Ona görə də o, həbs olunmalıdır.

İnstitutun kollektivi və partiya təşkilatı Ə.Qarayevin müdafiəsinə qalxmışdısa da bir xeyri olmadı.

Sovet Azərbaycanı siyasətçisi, xalq deputatı və repressiya qurbanı Əliheydər Qarayev 1896-1938.
Sovet Azərbaycanı siyasətçisi, xalq deputatı və repressiya qurbanı Əliheydər Qarayev 1896-1938.

Qarayevin təqibi əslində hələ 1929-cu ildən başlanmışdı. Amma o zaman bu, mümkün olan iş deyildi. 32-ci ildə də aralarında vəziyyət çox gərgin olub. 37-ci ilin yanvarından isə bu, açıq-aydın görünürdü.

Məhz bunun nəticəsi idi ki, hələ 1927-ci ildə Azərbaycan K (b) MK-nın katibi Ə.Qarayev Bağırovu respublikadan uzaqlaşdırmaq üçün onu Zaqafqaziya Su Təsərrüfatı İdarəsinə rəis göndərdi. M.C.Bağırov bu vəzifəyə Azərbaycanın ilk qadın peşəkar rəssamı Qeysər Kaşıyeva-Seyidbəylinin həyat yoldaşı Zülfüqar Seyidbəylinin yerinə təyin edilmişdi. Onların övladları Ləmiyyə xanım xatirələrində deyir: “Hərbi prokurora, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət etdi. İlk cavab bu oldu ki, 7 yanvar 1938-ci ildə güllələnənlər arasında belə bir adam olub. Əgər belədirsə onda sənədlər tapılmalıdır. Çox keçmədi ki, iş tapıldı. Atam ölümündən sonra bəraət qazandı. Amma bizi bir məsələ narahat etdi. Axı, ölümündən sonra bəraət almış adam üçün ölüm haqqında şəhadətnamə verilirdi. Bəs onda elə isə atam haqqında nə üçün belə bir şəhadətnamə verilməmişdi? Mənə atamın ölüm tarixini yenə 38-ci ilin yanvar ayını xatırladılar. Ancaq bir fərq vardı. Bu dəfə 6 yanvar qeyd edilirdi. Sonra komitə sədrinin göstərişi ilə mənə verilən şəhadətnamədə atamın ölüm tarixi 18 oktyabr 1942-ci il, ölüm hökmünün yeri isə Azərbaycan göstərildi”

M. Ə. Rəsulzadə Bağırov haqda yazırdı: "...Belə düşünürəm ki, Zaqafqaziyanın bütün çayları belə onun Azərbaycan oğullarının qanına bulaşmış əllərini yumağa kifayət etməz"

Deyək ki, Bağırovun ən acığı gəldiyi adamlardan biri də Ə.Qarayev idi. Bəs Z.Seyidbəyli?

Hər halda M.Ə.Rəsulzadə Bağırovun cinayətləri haqqında yazanda 1937-ci illəri nəzərdə tutmurdu. O, mühacirətdə olarkən "Yeni Qafqaziyə" qəzetində 1927-ci ildə çap etdirdiyi bir məqaləsində M.C.Bağırov barədə yazırdı: "...Belə düşünürəm ki, Zaqafqaziyanın bütün çayları belə onun Azərbaycan oğullarının qanına bulaşmış əllərini yumağa kifayət etməz"

T.Qurbanın dediklərindən belə çıxır ki, M.C.Bağırov həmişə müsavatçıları himayə etmiş, müdafiə etmiş və hətta onları ölümün pəncəsindən xilas etmişdir.

O vaxt Azərbaycan qadınlarını təhqir edən, alçaldan istintaq protokollarında MarkaryanBaqdasaryan imzası var idi. M.Ə.Rəsulzadənin ailəsinin istintaq protokollarında da bu iki erməninin imzası var. Ancaq təəssüflər olsun ki, bu imzalar haqda N.Yaqublunun “M.Ə.Rəsulzadə. Ensiklopediyası” kitabında məlumat yoxdur.

Rəsulzadənin həyat yoldaşı Ummul Banu xanım cinayətkarlar və fahişələrlə bir yerdə qarışıq zindana salınmışdır.

Kitabın 113-cü səhifəsində Bahadur Eyvazovun qardaşı Ədil Eyvazovun "Əfsanəvi rektor" kitabından parçaları oxuculara təqdim edir: "Xurşid xanım Azərbaycanın ilk qadın musiqişünasıdır. O, M.Ə.Rəsulzadənin ən yaxın silahdaşlarından biri olan Həsən bəy Ağayevin qızıdır. 1918-20-ci illərdə AXC-nin parlamenti sədrinin müavini olmuş H.Ağayevin qızına Azərbaycan KP MK katibi M.C.Bağırov 1943-cü ildə əməkdar incəsənət xadimi fəxri adı verilməsinə imza atmışdır. Müsavatçı qızı Konservatoriyanın elm və tədris üzrə prorektoru vəzifəsində fəaliyyət göstərmişdir. 1953-cü ilin dekabr ayının 3-də 47 yaşında vəfat etmişdir". Ə.Eyvazovun "Əfsanəvi rektor" kitabında M.C.Bağırov və B.Eyvazov arasındakı səmimi münasibətləri təsvir edən məqamlar da vardır. 114-cü səhifədə yazır: "M.C.Bağırov qısa müddət Tibb institutunda aparılan işlərdən razı qaldığını bildirmiş, Moskvadan alınmış şikayət məktubuna gəldikdə isə... Bahadur bəyə demişdir ki, daha bitərəf qala bilməzsən, partiyaya qəbul olunmaq üçün sənədlərini raykoma təqdim et".

Deməli, kitabda ümumi yazılanlardan belə çıxır ki, M.C.Bağırovun müsavatçılara böyük rəğbəti olub, onları qoruyub, ölümün pəncəsindən xilas edib və hətta bu işdə ermənilərlə də ölüm-qalım savaşı aparıb. Xub!

Qeyd edim ki, Xurşid xanım Üzeyir Hacıbəyov haqqında ilk monoqrafiyanı müəllifidir. Onun əri Əhməd bəy Pepinov 30-cu illərin repressiyasına məruz qalmışdı. Bu yaxınlarda Xurşid xanımın nəvəsi Gülnarə Abdullayevə müsahibə verərkən bildirmişdir ki, Ə.Pepinovu M.C.Bağırov otağında şəxsən özü öldürmüşdü. Və bəzi “alimlərimiz” bu məlumatı yalan olmasını faktlarla guya sübut etdilər.

Bağırov Əhməd bəy Pepinovu şəxsən özü güllələmişdi. İki qardaşı- aqronom Məmməd, şərqşünas-tarixçisi Zəki isə sürgünə göndərilmişdi.

Keçmiş hərbi prokuror V. Maksimov öz xatirələrində yazırdı ki, görkəmli alim və nəzəriyyəçi olan Ə. Pepinov hələ 30-cu illərin əvvəllərində tutulmuşdu. Onun bacısı Moskvaya gedib Əhməd bəyin dostu S. Orconikidzeyə əhvalatı danışmışdı. S. Orconikidzenin köməyi ilə Əhməd bəy həbsdən azad olmuş, ancaq yaşamaq üçün Ulyanovsk şəhərinə göndərilmişdi. M.C.Bağırov Azərbaycan K (b) MK-nın katibi təyin olunanda Əhməd bəylə Bağırov arasında mübahisə olmuşdu. 37-ci ildə Bağırovun tələbi ilə Əhməd bəy Bakıya gətirilmiş, ona çox işgəncə verilmişdi. Onu M.C.Bağırovun özü də dindirmişdi. Lakin o, möhkəm dayanmış, heç kəsin adını verməmiş, mübahisə etmiş, fikirlərini marksizm-leninizm nöqteyi-nəzəri ilə sübut etməyə çalışmışdı.

M.C.Bağırov onu şəxsən özü güllələmişdi. İki qardaşı- aqronom Məmməd, şərqşünas-tarixçisi Zəki isə sürgünə göndərilmişdi.

Ə. Pepinova bəraət verilən sənədi Sabir Gəncəli onun qızı Sevda Əhmədovnaya təqdim edib.

Əhməd bəyin yoldaşı Xurşid xanım ondan ayrılmalı olmuşdu. Sevgisinə axıra qədər sadiq qalmağı bacarmayan Xurşid xanım B. Eyvazova bir şərtlə ərə gedir. Həyatda sağ qalsın..

Kitabın 194-cü səhifəsind yazır: "Bəli M.C.Bağırov "Sovet hakimiyyəti orqanları tərəfindən məsuliyyətə alınmış şəxslərin" övladlarının taleyinə biganə qalmamış, onların ali təhsil almaları üçün əlindən gələni etmişdir. Bunu Hüseyn Cavidin qızıTuran xanımın timsalında görmək olar. O, bir müddət Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor vəzifəsində çalışmış, sonra Nizami adına Ədəbiyyat muzeyində kiçik elmi işçi olmuşdur. Turan xanım 1950-ci ildə Azərbaycan Dövlət Teatr institutunu fərqlənmə diplomu ilə bitirmiş, M.C.Bağırovun tövsiyyəsi ilə ali məktəbdə müəllim işləmişdir"

Buna da bax: Üzeyir bəy Niyazini repressiyalardan necə qorumuşdu [Yeni araşdırma]

Bəs niyə H.Cavidin qızı Turan xanım xatirələrində Ü. Hacıbəyov və N.Nərimanov haqqında danışır, ancaq Bağırov haqqında danışmır.

Fakt odur ki, 1919-cu il noyabrın 22-də dünyaya gələn H.Cavidin oğlu Ərtoğrul, 14 noyabr 1943-cü ildə 24 yaşında ikən vəfat edəndə tabutunun yanında onu dəfn edərkən 2 kişi olub. Son günlərində tək arzusu anası və Turanı görmək olmuşdu, amma görə bilmədi. Müharibə vaxtı olduğu üçün tabut tapılmırdı, yerli əhali (Naxçıvan əhalisi - E.B.M) döşəmə tavanı söküb tabut düzəltdirtmişdilər. Ərtoğrulun tabutunun aparanda Puşkin yolu ilə körpüyə çıxdıqdan sonra kişilərin çoxu Sovet hökumətinin qəzəbindən çəkinib geri qayıblar, tabutun yanında onu dəfn edərkən 2 kişi olub. Ərtoğrulu qadınlar dəfn edib. H.Cavidlə bağlı bir maraqlı məlumatı da oxucuların diqqətinə çatdırım.

Arabir sürgün yerlərinə keçmiş cinayətkarlar, canilər, quldurlar da gəlib çıxırdı. Onların heç kəsə ehtiyacı yox idi. Türmədə də pis yaşamırdılar, türmədə də quldurluq eləyirdilər, "siyasi məhbus"ların bir parça çörəyini də əllərindən alırmışlar. Quldurlar həbsxanada Hüseyn Cavidlə də belə rəftar eləyirmişlər.

Repressiya qurbanı azərbaycan şairi Əhməd Cavad (1892 - 1937)
Repressiya qurbanı azərbaycan şairi Əhməd Cavad (1892 - 1937)

Kitabın 191-192-ci yazır: "1924-cü ildə Əhməd Cavadı "güllələnəcək adamların siyahısından" silən M.C.Bağırov sonralar da gənclik dostuna həyan olmuşdur". Belə şeyləri oxuyanda məətəl qalıram. T.Qurban N.Nərimanovun elədiklərini hamısını M.C.Bağırovun adına çıxır. N.Nərimanov minlərlə ziyalını ölümün pəncəsindən xilas edib. N.Nərimanov haqqında danışanda həmişə mənim ürəyim ağrıyır.

Bəs həqiqət necədir. 1923-cü ildə Ə.Cavadı həbs etdilər. Hətta adı güllələnlər siyahısına düşdü. Ə.Cavadın həyat yoldaşı Şükriyyə Niyazi balasını yanına salıb N.Nərimanovun yanına getdi. N.Nərimanov ana-balanı çox mehriban qarşıladı, ürək-dirək verib dedi: - Darıxmayın, hər şey aydınlaşar.

Doğrudan da çox keçmədi ki, Ə.Cavadı azad etdilər. Bax, o zaman şair ölümün pəncəsindən azad ola bildi. Sonrakı hadisələr haqqında isə onu deyə bilərəm ki, oğlu Niyazi və həyat yoldaşı Şükriyyə M.C.Bağırova ərizə yazıb Ə.Cavadın taleyini sordular. Amma heç bir cavab çıxmadı..

1955-ci ildə SSRİ Ali Məhkəməsi hərbi kollegiyasının qərarı ilə Ə.Cavad bəraət aldı. Şükriyyə xanım isə Aktyubinski həbs düşərgəsində səkkiz illik sürgün həyatı çəkdi. 1945-ci ilin avqust ayında sürgün müddəti qurtardı. Həmin günlərdə Niyazi də cəbhədən qayıdırdı...

Kitabin 367-ci səhifədə müəllif yazır: “M.C.Bağırovun tövsiyyəsi ilə Moskvaya ali təhsil almağa Azərbaycandan göndərilənlər arasında bu istedadlı ədəbiyyatşünas- Əziz Şərif də vardır". Mən Teyyub Qurbana Azərbaycanın Stefan Sveyqi olan Ə.Şərifin "Keçmiş günlərdən" və S.Sveyqin "Dünənin dünyası" əsərini paralel oxumağı tövsiyyə edirəm.

Məlumat üçün deyim ki, Ə.Şərif Gürcüstan Sosial-Demokrat (menşeviklər) Partiyası Komitəsinin üzvü kimi Ə.Qarayevin göstərişi ilə həbs edilərək Bakıya gətirilmişdi. Məsələ haqqında N.Nərimanova məruzə edilmiş və onun göstərişi ilə Ə.Şərif azad edilmişdir. O, xatirələrində N.Nərimanovu "böyük, çox böyük bir sima" adlandırır.

Bəziləri M.C.Bağırova haqq qazandırmaq üçün belə bir bəraət irəli sürürlər ki, guya M.C.Bağırov H.Sultanovu və başqalarını Gəncə qiyamına görə öldürtdürüb. Ona qalsa İ.V.Stalinin anası öləndə dəfni təşkil edən hökumət komissiyasının sədri A.Sultanovanın qardaşı Qəzənfər Musabəyov olmuşdu.

Ə.Qarayev məsələsinə gəldikdə isə bəli Ə.Qarayev müsbət şəxsiyyət olmayıb, N.Nərimanovla ciddi fikir ayrılıqları olub. Azərbaycanın müstəqilliyinə qarşı çıxıb. Bir çox hallarda N.Nərimanova qarşı xəyanətkar addımlar da atıb, ancaq N.Nərimanov Ə.Qarayevi cəzalandırmayıb. Ruhulla Axundov da həmçinin. N.Nərimanov Stalinə erməni Sarkisi tənqid etdiyi halda R.Axundov Sarkisi müdafiə edirdi. Nərimanovun tənqid etdiyi Sarkis və Mikoyan isə Moskvaya işləməyə keçirilmişdi.

Buna da bax: "Bicliyi oldu əyan ölkəyə Əhməd Cavadın..."

Ə.Qarayevin və başqalarının represiya qurbanı olmasının əsas səbəbi vaxtında N.Nərimanovla həmrəy olmamaları, ona qarşı etdikləri xəyanətin nəticəsi idi.

A.Məmmədov “Mir Cəfər Bağırov. Tam məxfi” kitabında yazır: “1942-ci ilin yazında Mikoyan məharətlə Stalinin qarşısında məruzə ilə çıxış edir. Azərbaycanlıların türk olduğunu qeyd edərək, Almaniyada mövcud olan Azərbaycan leqionlarını əsas götürüb və cənub sərhədlərində türklərin yerləşməsini gələcəkdə Bakı neftini itirmək təhlükəsinə şərait yaratdığını göstərirdi. Nəticədə Azərbaycanda azərbaycanlıların "deportasiya" məsələsini siyasi büroya ("Siyasi Büro" anlamı 1917-ci ilin oktyabr ayında, üsyana siyasi rəhbərlik orqanı yaratmaq zərurətindən meydana çıxmışdır. Lakin sabit bir qurum kimi Siyasi Büro yalnız 1919-cu ilin martında seçilmişdir-E.B.M) çıxarılır. Beriyadan başqa siyasi Büronun bütün üzvləri bu deportasiyaya razılıq verirlər. Beriya çıxışında "bu işi" Bağırovun razılığı olmadan həll etmək olmaz deyərək Siyasi Büronun iclasında ümumi fikrə gəlməyə şərait yaratmır. İclasdan sonra Bağırova zəng edərək bir neçə tədbirləri həyata keçirməyi məsləhət görür.

...Beriyanın köməkliyi ilə 1942-ci ildə azərbaycanlıların deportasiyasının qarşısını alır. Ola bilsin ki, 1942-ci ilin sonunda Türkiyənin Almaniya ilə münasibətlərinin korlanması da deportasiya məsələsini 1947-ci ilə qədər gündəlikdən çıxartdı”.

Əvvəla SSRİ-nin müharibədə uduzma ehtimalı var idi. Bu da orduda pozuculuğa, nizam-intizamsızlığa gətirib çıxara bilərdi.

T.Qurban, A.Məmmədov, tarix elmləri doktoru, professor İsrafil İsmayılov və bir çox alimlərimiz iddia edirlər ki, məhz Bağırov,1941-45-ci illər müharibəsi dövründə azərbaycanlıları Qazaxıstana və Orta Asiyaya sürgün olunmaq kimi real təhlükədən xilas etdi.

Hörmətli tarixçimiz C.Həsənli müsahibə verərkən bu haqda deyir: "Televiziyalarımızda fantaziyanın heç bir hüdudu yoxdur. İstənilən aparıcı istənilən cəfəngiyatı cəmiyyətə həqiqət kimi sırıya bilər. Bu günlərdə səhv etmirəmsə Xəzər televiziyasında bir aparıcı tarixi hekayələr danışa-danışa Bakıya səyahət edirdi. Bu hekayələrin biri azərbaycanlıların köçürülməsi və guya M.C.Bağırovun Moskvaya gedərək bu köçürmənin qarşısını alması barədə idi. Aparıcı deyirdi ki, Bağırov çox az adamlardan idi ki, Stalinin yanına öz şəxsi silahı ilə girə bilirdi. Və əlavə etdi ki, guya o, Stalini azərbaycanlıların köçürülməsi fikrindən daşındıra bilməsəydi onu vurmaq qərarına gəlmişdi. Bunlar hamısı nağıldır. Adamların tarixi təfəkkürünü belə mənasız nağıllarla korlamaq olmaz. Gəlin əvvəl başlayaq bu köçürmə məsələsindən. Xalqımız arasında belə bir əfsanə dolaşır ki, guya Böyük Vətən Müharibəsi illərində Stalin azərbaycanlıları köçürmək istəyib və Bağırov da bunun qarşısını alıb.

Bəla burasındadır ki, bu əfsanə artıq tarixçilər arasında da yayılmaqdadır və son illərdə bir sıra tarixi ədəbiyyata da sirayət etmişdir. XX əsr tarixinə az-çox bələd olduğumdan tam məsuliyyətlə deyirəm ki, belə bir şey yoxdur. Bunu iddia edən, yazan, bu nağılı danışan adamlar ancaq rəvayətlərə istinad edirlər. Ayrı-ayrı respublikalarda yaşayan müxtəlif əhali qrupları öz doğma yurdlarından deportasiya edilsələr də, nə Azərbaycanın, nə də digər bir müttəfiq respublikanın köçürülməsi məsələsi heç vaxt müzakirə mövzusu olmayıb. Çünki müttəfiq respublikalar SSRİ-nin təsisçiləri hesab edilirdilər və ittifaq dövləti formal da olsa onların birliyindən ibarət idi. Azərbaycan və Rusiya arxivlərində heç vaxt bu köçürməyə işarə olunan bir məktuba, sənədə, arayışa, dövlət rəhbərləri arasında VÇ xətti ilə telefon danışığına, sıfırlı yazışmalara rast gəlmədim. Kiminsə rast gəldiyinə də əmin deyiləm".

A.Məmmədov “Mir Cəfər Bağırov. Tam məxfi” kitabında yazır: “1945-ci il 28 noyabrda Moskvadan o vaxtlar Sovet İttifaqı mərkəzi komitəsinin katibi Malenkovdan M.C.Bağırovun adına məktub gəlir.

Ermənistan Kommunist Partiyası MK-nın I katibi Arutinovun siyasi büroya müraciətindən sonra Malenkov Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi barədə M.C.Bağırova müraciət edir. Bağırov yazılı surətdə cavab verir və cavabında Zaqafqaziyanın xəritəsini də ora əlavə edir. Xəritə üzərində qeydlər və yazılı şərhlər verilir. Xəritədə 1921-ci ildə ermənilərə verilmiş Zəngəzur mahalı, Göyçə diyarı, Göyçə gölü, Gürcüstana verilmiş Borçalı, Dağıstandakı Qasımkənd və Dərbənd göstərilir və bu cür şərh verilir ki, biz beynəlmiləlçiliyin tərəfdarıyıq, əgər ədalətli olsaq, bu torpaqlar Azərbaycan Respublikasına qaytarılmalıdır. Malenkov Stalinə Bağırovun cavabını çatdırdıqda, Stalin bu işdən vaz keçir və məsələyə oradaca nöqtə qoyulur”.

Əslində, Bağırovun şərti ermənilərə böyük güzəşt olardı, çünki Azərbaycana birləşdirilməsi təklif edilən torpaqlar 1920-ci ildə onun öz razılığı ilə Ermənistana verilmiş ərazilərin yalnız bir hissəsi idi. Lakin bu şərt Ermənistan bir yana qalsın, heç mərkəzi də təmin edə bilməzdi. Bu, Zəngəzurun yenidən Azərbaycana qaytarılması ilə Türkiyə və Sovet imperiyasının türk xalqları arasında yaradılmış "erməni ərazisinin" ləğvi demək olardı. Əksinə, Moskva şərq və qərb türk dünyası arasında yaratdığı "sanitar kordon"u daha da möhkəmləndirmək tədbirləri gördü. Bu haqda “Azərbaycan tarixi” kitablarında yazılıb.

Unutmaq lazım deyil kİ, bolşeviklər inqilablar dalğası üzərində hakimiyyətə gəlmişdilər. Onlar elə bilirdilər ki, əhalidə sinfi düşüncəni oyatmışlar. Amma əslində inqilab milli düşüncəni oyatdı. Bolşeviklərin fikrincə, inqilabın ortalığa qoyduğu əsas siyasi məsələ sinfi mübarizə və sinfi həmrəylik idi. Amma onlar hakimiyyətə gələrkən gördülər ki, əhalini narahat edən əsas məsələ milli həmrəylik və bu zəmində öz hüquqları uğrundq apardıqları mübarizədir. Bolşeviklər hakimiyyətə gələrkən elə fikirləşirdilər ki, əhalidə proletarlaşmaq meylləri olacaqdır. Lakin həyat göstərdi ki, əhali daha çox millətləşməyə meyllidir. Bolşeviklər hakimiyyətə gələrkən proletariat diktaturasını həyata keçirmək istəyirdilər. Lakin həyat yerli əhalinin hakimiyyəti problemini ortalığa qoydu.

Stalini yerli xalqların millətçiliyi narahat edirdi. Lakin onun fikrincə, bunların arasında ən ağırı və çətini Cənubi Qafqazdakı hadisələr idi. O, Tiflisdəki çıxışlarının birində etiraf edirdi ki, sovet hakimiyyəti şəraitində Cənubi Qafqazda rast gəldiyi müxtəlif millətlərə mənsub fəhlələr arasında qarşıdurma onu sarsıdır. O belə fikir irəli sürürdü ki, inqilabi dövrdə, yəni 1905-1917-ci illərdə Cənubi Qafqaz xalqları arasında tam milli həmrəylik var idi. Stalin, sözsüz ki, o dövrü ideallaşdırırdı. Cənubi Qafqazda mövcud olan milli qarşıdurmanı o, burjua respublikalarının qoyduqları miras kimi qiymətləndirirdi. Əslində bu, 1918-1920-ci illərin mirası deyildi.

37-ci ildə Bağırov olmasaydı bunun qarşısını ala bilərdimi deyənlər gərək bu suala da cavab versinlər ki, Stalin Qarabağı ermənilərə vermək istəsəydi Bağırov bunun qarşısını ala bilərdimi?

Fakt odur ki, 1948-1953-cü illərdə heç bir könüllülük prinsipi nəzərə alınmadan Ermənistan SSR-dən 100 mindən çox azərbaycanlı zorla Azərbaycan SSR-yə keçməyə məcbur edildi, hələ mən yeni şəraitə, isti, quru iqlimə, məişət təminatsızlığına uyğunlaşa bilməyib aclıq və xəstəlikdən həlak olanları demirəm....

İkincisi, əgər hər şey Bağırovun iradəsindən asılı idisə onda sual olunur. 1947-ci ilin dekabrın 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərara niyə etiraz etmədi.

Stalin Rus imperiyasının maraqlarından çıxış etsə də millətlərarası münasibətlərin mürəkkəbliyinə yol verməməyə çalışırdı. Unutmaq lazım deyil ki, Sovet İttifaqının asanlıqla dağılmasının köklü səbəblərindən biri də millətlərarası münasibətlərin mürəkkəbliyinin düzgün qiymətləndirilməməsi olmuşdur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Tədqiqatçı Elnur Musayev Bədəl.
Tədqiqatçı Elnur Musayev Bədəl.

Elnur Musayev Bədəl

XS
SM
MD
LG