Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:57

'İkili mühasibat ölkəsi'


Bakıda ərəb turistlər.
Bakıda ərəb turistlər.

Ölkədə turizmin inkişafı, qiymətlər artsa da, maaşların dəyişməməsi və vergidən kənar, «zərf»lərdə verilən əmək haqları bu gün medianın aparıcı mövzusudur...

TURİZMİN İNKİŞAFI

«Azərbaycan» qəzetində «Turizm ölkə iqtisadiyyatının dayanıqlı və rəqabətədavamlı sahəsinə çevrilib» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, müasir dünyada bir çox ölkə iqtisadiyyatının ən dinamik inkişaf edən sahələrindən biri turizmdir. Azərbaycanda da turizm sahəsi böyük imkanlara malikdir.

Yazıda qeyd edilir ki, son 3 ayda ölkəyə 557 mindən artıq turist gəlib: «Ölkədə turizmin inkişafı ilə bağlı qarşıya qoyulan əsas məqsədlər kifayət qədər genişdir və söhbət turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətədavamlı sahəsinə çevrilməsindən gedir».

Yazıda vurğulanır ki, prezident İ.Əliyevin ötən il təsdiq etdiyi «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi»nin başlıca istiqamətlərindən biri turizm sahəsi idi: «Sənəddə deyilir ki, 2025-ci ilə qədər Azərbaycan regionun ən cəlbedici turizm mərkəzlərindən birinə çevrilməlidir. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 məkanından birinə çevirməkdir».

Yazıda turizm sahəsində görülən işlərlə bağlı prezident İ.Əliyevdən də sitat gətirilir: «Bu gün Bakı parklar, göllər şəhəridir, biz gölləri təmizlədik. Biz ekoloji fəlakət mənbəyi olan Bibiheybət buxtasını təmizlədik. Biz ekoloji təhlükə mənbəyi olan Böyükşor gölünü təmizlədik və hələ ki, burada işlər davam edir. Bunlar olmasaydı, hansı turist Azərbaycana gələrdi?».

Manat
Manat

QİYMƏTLƏR ARTIR, MAAŞLAR YOX

«Novoye Vremya» qəzetində «Maaşlar daha artmır» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, rəsmi rəqəmlərə inansaq, son dövrlər iqtisadiyyat inkişaf edir. İxrac artır, idxal azalır. Ölkəyə turist axını başlayıb, qızıl-valyuta ehtiyatı artıb. Amma maaşlar artmır: «İqtisadiyyatın artımı, iqtisadi göstəricilərin yaxşılaşması vacib məqsəddir. Amma əhalinin maddi durumu yaxşılaşmasa, bu, vətəndaşların əksəriyyəti üçün maraqlı olmur».

Yazıda qeyd edilir ki, rəsmi rəqəmlərə görə, ötən il 12 faiz inflyasiya baş verib. Kənd təsərrüfatı mallarının qiyməti təkcə bu ilin birinci rübündə 12 faizdən çox yüksəlib. Ümumilikdə, ərzaq məhsullarında 15.6 faiz bahalaşma olduğu bildirilir: «Bu rəqəmlər ancaq maaş hesabına yaşayan muzdlu işçilərin həyat səviyyəsinin enməsinin birmənalı göstəriciləridir və belə insanların sayı az deyil. Bu zaman bunu da nəzərə almaq lazımdır ki, onların arxasında ailələri var və bu əhalinin, az qala, yarısı deməkdir».

Müəllif yazır ki, əgər maaşlar artmırsa, bəzi müəssisələrdə ixtisarlar aparılırsa, hökumətin nə deməyindən asılı olmayaraq, bu, böhranın davam etməsi deməkdir. Yazıda vurğulanır ki, üstəlik, son aylar qiymət artımı milli valyutanın möhkəmlənməsi fonunda baş verir.

Müəllifin fikrincə, bu da yerli bazarların inhisarın nəzarətində olmasının göstəricisidir: «Bütün bunlar son nəticədə Azərbaycanda əhalin həyat səviyyəsinin enməsinə və yoxsulluğun artmasına səbəb olacaq».

«Zərf»
«Zərf»

«BOZ MAAŞ»LAR

«Exo» qəzetində isə ««Boz maaşlar» üzündən Azərbaycan nə qədər itirir» sərlövhəli məqalə diqqət çəkir. Yazıda qeyd edilir ki, dövlət idarə və müəssisələrində vergidən kənar, «zərf»lərdə işçilərə maaşlar verilir. Mövzu ekspertlərlə müzakirə edilir.

Azərbaycan qanunvericiliyi idarə və müəssisələrdə işçilərə, vergidən kənar, «zərf»lərdə maaş verilməsini qadağan edir. Amma qəzetə danışan ekspertlərə görə, bu məsələ ilə heç də mübarizə aparılmır: ««İkili mühasibat» problemi var. Belə ki, əməkdaş maaşının cüzi hissəsini rəsmi alır. Böyük hissəsini isə ona «zərf»də ödəyirlər».

Müəllif «zərf»də alınan pulu «boz maaş» adlandırır.

Ekspert Nəriman Ağayev isə qəzetə deyib ki, ölkədə 1 milyondan çox şəxs əmək müqaviləsi olmadan çalışır. Onların aldıqları maaşlar heç bir yerdə qeydə alınmır: «Buna görə də, pensiya fondu bundan ildə bir milyard manata yaxın itirir».

Ekspertlərin fikrincə, bu sahədə vəziyyətin dəyişməsindən ötrü əmək müfəttişlərinin fəaliyyəti gücləndirilməli, hüquq-mühafizə orqanları ciddi addımlar atmalıdırlar.

XS
SM
MD
LG