Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:29

'Beynəlxalq Bank defolt elan edildi'


Supermarket
Supermarket

Neft gəlirlərindən istifadə, Beynəlxalq Bankla bağlı yaranmış durum, ərzaq məhsullarının bahalaşması və keyfiyyətindən narahatlıq bu gün (25 may, 2017-ci il) medianın aparıcı mövzularıdır...

ƏRZAQ BAHALAŞIR, KEYFİYYƏTİ DÜŞÜR...

«Exo» qəzetində «Azərbaycanda ərzağın qiyməti bahalaşır, keyfiyyəti pisləşir» sərlövhəli məqalə oxumaq olar.

Yazıda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun düşüncələrinə yer verilir.

Müəllif yazır ki, ölkə əhalisinin gəlirlərinin yarıdan çoxu ərzaq məhsullarının alınmasına gedir. 500 manatdan bir az yuxarı maaş ərzağa və kommunal xərclərin ödənilməsinə sərf edilir.

«Ərzaq məhsullarının bahalanmasına baxmayaraq, onların keyfiyyəti pisləşir. Tezliklə durum daha da kəskinləşə və yerli bazarda keyfiyyətsiz mallar daha da çoxala bilər. Bazarda təhlükəli mallar üzə çıxır və bununla bağlı istehlakçıların şikayətləri günbəgün artır», - deyə Azad İstehlakçılar Birliyinin sədri E.Hüseynov bildirib.

E.Hüseynovun deməsinə görə, bazar təhlükəli spirtli içkilərlə doludur.

Ekspert hesab edir ki, ərzaq mallarının süni yolla bahalaşması və onların keyfiyyətinin aşağı düşməsinin qarşısını qida məhsullarının təhlükəsizliyi haqqında qanun qəbul edilməsi ilə almaq olar:

«İstənilən halda, yerli məhsul idxal məhsullarından yaxşıdır. Heç bir kənar kimyəvi tərkibi yoxdur. Həm də qida təhlükəsizliyini qorumaq üçün müstəqil ekspertiza qurumu və laboratoriyalar yaradılmalıdır. Elə bir gün yoxdur ki, keyfiyyətsiz mal ilə bağlı Birliyə şikayət olmasın».

E.Hüseynov deyib ki, vətəndaşlar daha çox bitki yağlarının, süd məhsullarının, çörəyin və suların keyfiyyətindən narazılıq edirlər.

Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

DEFOLT

«Novoye Vremya» qəzetində ««Fitch» Beynəlxalq Bankda defolt elan edib» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda «Fitch» beynəlxalq agentliyinin Azərbaycan Beynəlxalq Bankının reytinqini endirməsindən bəhs edilir. Müəllif bildirir ki, agentlik bankın uzunmüddətli reytinqini «CCC» dən «RD» (məhdud defolt) səviyyəsinə kimi endirib.

Defolt – borc öhdəlikləri üzrə ödənişlərin icra edilməsi mümkünsüzlüyü və yaxud bilərəkdən ödənişin dayandırılmasıdır. İlk dəfə «defolt» anlayışı İngiltərədə istifadə olunub. Hərfi mənada «öhdəliklərin yerinə yetirilməməsi» deməkdir.

Habelə, qısamüddətli reytinq «C» səviyyəsindən də «RD» səviyyəsinə kimi salınıb.

Hər iki reytinq RWE (yenidən baxılma) siyahısından çıxarılıb.

Yazıda bildirilir ki, bu, bankın restrukturizasiyası ilə bağlıdır. Restrukturizasiya kreditin və ya onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir:

«Restrukturizasiya ümidsiz borcların «Fitch» meyarlarına uyğun mübadiləsi deməkdir. Bu meyarlar silinmə, müddətin uzadılması və faiz dərəcələrinin aşağı salınması yolu ilə həyata keçirilə bilər».

Yazıda vurğulanır ki, Beynəlxalq Bank əsas xarici kreditorlara üç variant təklif edib. Birinci varianta görə, 2.38 milyard dollarlıq borc Azərbaycanın 5 faizlik, 12 il müddətinə yeni suveren istiqrazlarına dəyişdirilir. Üstəlik, borcda 20 faiz güzəşt edilir.

İkinci varianta əsasən, borc 3.5 faiz olmaqla 15 il müddətinə yeni suveren istiqrazlara mübadilə olunur.

Üçüncü variantda isə Beynəlxalq Bankın borcu 7 il müddətinə 3.5 faizlik istiqrazlar ilə dəyişdirilir.

«Əsrin müqaviləsi» çərçivəsində ilk neftin hasilatı
«Əsrin müqaviləsi» çərçivəsində ilk neftin hasilatı

NEFT İNSANA XİDMƏT EDİB

«Azərbaycan» qəzetində «İnsan amilinə xidmət edən kapital» sərlövhəli məqalə dərc edilib.

Müəllif vurğulayır ki, keçmiş prezident Heydər Əliyev 1994-cü ildə neft müqavilələrini imzaladıqdan bir neçə il sonra Azərbaycana böyük vəsaitlər gəlməyə başlayıb:

«Bu, ölkənin iqtisadi imkanlarını genişləndirdi və qarşısında böyük inkişaf perspektivləri açdı. Ulu öndərin siyasi və iqtisadi kursunun layiqli davamçısı prezident İlham Əliyev neft sektorunda yeni nailiyyətlərin qazanılmasını təmin etdi. Əldə olunan kapitalı Azərbaycanın sabahı naminə məqsədyönlü işlərə yönəltdi».

Yazıda bildirilir ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə verilib.

Müəllifin yazdıqlarına görə, ölkəyə gələn neft pulları ilə böyük işlər görülüb:

«Bu, böyük infrastruktur layihələri, yollar, körpülər, su kəmərləri, anbarları, məktəblər, xəstəxanalardır... Ölkədə iqtisadiyyatın və sosial həyatın elə bir sahəsi yoxdur ki, onun inkişafına neftdən əldə olunan gəlirlər sərf edilməsin. Məsələn, son illər ərzində Azərbaycanda 3 mindən çox məktəb binası təmir olunub və tikilib. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə çatır. Bunlar dövlətin yeritdiyi düzgün və uzaqgörən iqtisadi siyasətin nəticəsidir».

Müəllif hesab edir ki, Azərbaycanda neft pulları əsasən insan kapitalına yönəldilib. İndi isə qarşıda duran əsas məqsəd iqtisadiyyatı neft asılılığından qurtarmaqdır.

XS
SM
MD
LG