Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:43

Fuad Ağayev: "Saytlarımızı bloklayıblar"


Onlardan biri Beynəlxalq Universitetin hazırda mühacirətdə olan keçmiş rektoruna məxsusdur

"Əvvəl “euroasianews.org”, “Avropanın səsi” və “euroasianews.blog” saytlarını blokladılar. Mən də “euroasiainfo.com” saytını açdım. O da bir gün işlədi, bu gün onu da blokladılar".

"DÖRD SAYTIMIZ BLOKLANIB"

İsveçrədə yaşayan Fuad Ağayev AzadlıqRadiosu-na danışıb ki, "Euroasianews" media qrupunun rəhbəridir. Bu ilin aprelindən başlayaraq media qrupuna aid saytlar Azərbaycan hökuməti tərəfindən bloklanmaqdadır:

“İlk bloklanma bu il aprelin 5-də – Milli Şuranın mitinqinə 4 gün qalmış baş verdi. “euroasianews.org” vasitəsilə əsasən Milli Şuranın mitinqləri ilə bağlı məlumatlar yayırdım. Azərbaycan tərəfi həmin gün saytı blokladı. İyulun 7-də isə Beynəlxalq Universitetin keçmiş rektoru, hazırda mühacirətdə olan Elşad Abdullayevə məxsus "Avropanın səsi" və mənim “euroasianews.blog” saytlarımız bloklandı. Bizim internet şülizlərimizi də bloklayıblar ki, yeni proqram açıb saytları blokdan çıxaran saytlardan daxil ola bilməyək. Məcbur olub iyulun 7-də “euroasianews.blog” saytının domenini dəyişib “evroasiainfo.com” etdik. Bir gün keçməmiş onu da blokladılar".

"BLOKLAMAQ YOX, TƏNQİDDƏN NƏTİCƏ ÇIXARMAQ LAZIMDIR"

Fuad Ağayev deyir, Azərbaycanın İnformasiya və Texnologiya Nazirliyinə zəng vurub:

"Telefonu açdılar, salamlaşdıq, özümü təqdim edən kimi telefon əlaqəsini kəsdilər. Qurumun elektron poçtuna da məktub yazmışam, cavab verməyiblər. Bütün aidiyyəti qurumlara müraciət etmişəm. Bu addım Azərbaycan hökuməti tərəfindən söz azadlığına basqıdır. Hökuməti tənqid edirik, tənqiddən nəticə çıxarsın, daha saytları niyə bloklayır ki..."

Şikayətçi deyir ki, bir neçə aydan sonra Elşad Abdullayevin həm Azərbaycan Beynəlxalq Universiteti, həm də qardaşı Mahir Abdullayevlə bağlı Avropa Məhkəməsinə təqdim etdiyi işlərə baxılacaq. “Hesab edirik ki, saytların bloklanması həm də buna görədir. Son bir ayda həm mənə, həm də Elşad Abdullayevə çoxlu hədələr gəlir. Saytların bloklanması da bu təzyiqlərin bir növüdür", – F.Ağayev söyləyir.

NAZİRLİK: "XƏBƏRİMİZ YOXDUR"

İnformasiya və Texnologiya Nazirliyindən "Qaynar xətt"ə bildirilib ki, qurum qeyd olunan saytların bloklanmasından xəbərsizdir. Qurumdan bildirilib ki, qeyd olunan saytların bloklanması ilə bağlı hər hansı məktub və zəng daxil olmayıb.

Nazirlik sayt sahibinə məsələni Delta Telekom-la aydınlaşdırmağı tövsiyə edir.

XATIRLATMA

Martın sonundan AzadlıqRadiosu daxil olmaqla, ölkədə bir neçə müstəqil sayta giriş əngəllənib. Rabitə Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxdı ki, Baş Prokurorluğun müraciətilə belə bir addım atılıb.

Mayın 12-də isə Səbail rayon Məhkəməsinin qərarıyla bir neçə müstəqil sayt bloklanıb.

Söhbət AzadlıqRadiosunun azadliq.org, «Azadlıq» qəzetinin azadliq.info, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi.

Buna da bax: Bloklanan sayta girmək olarmı?

Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Bu ilin iyununda criminal.az saytının rəhbəri Anar Məmmədov da "Qaynar xətt"ə həmin saytın bloklanmasından şikayət etmişdi. O, bloklanmanı bir əsgər ölümü ilə bağlı hazırladığı foto və videoyazılarla əlaqələndirmişdi. Sayt hələ də qapalıdır.

XS
SM
MD
LG