Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:49

Şikayətçi: "Adam sınığa görə də həkimə getməyə qorxur" 


arxiv
arxiv

Azyaşlı övladı həkim masasında ölən ata ağxalatlılara cəza tələb edir

“Kaş ki, borca xərcə girib, ev-eşiyimizi satıb başqa ölkəyə aparardıq uşağı... Kaş ki, uşağımız bu cəlladların əlində ölməyəydi. Vəziyyət o həddə çatıb ki, adam sınığa görə də həkimə müraciət etməyə qorxur. Uşağımızın ölümünə səbəb olanların cəzalandırılmasını istəyirik”.

Qəbələ rayonu, Qaradeyin kənd sakini Qoşqar Mehralıyev 9 yaşlı oğlu Seymurun ölümünün səbəblərinin araşdırılmasını tələb edir.

Bir müddət əvvəl balaca Seymur yıxılaraq qolunu qırıb. Valideynləri onu sınıqçıya aparıblar. Lakin müsbət nəticə almayanda bu il iyulun 10-da Ağdaş Mərkəzi rayon Xəstəxanasına müraciət ediblər. Burada xəsarət alan uşağa sağ said sümüyünün sınığı diaqnozu qoyulub. Elə həmin gün xəsarətli uşaq əməliyyata hazırlanıb, lakin əməliyyat masasına götürülərkən ölüb. Valideynlərin iddiasına görə, uşağa yüksək dozada narkoz verilməsi ölümə səbəb olub.

“HƏKİMLƏRİN HEÇ BİR GÜNAHI YOXDUR”

Ağdaş rayon xəstəxanasından “Qaynar xətt”ə bildirilib ki, xəstəni qəbul edərkən sınıq hadisəsinin üstündən 28 gün keçibmiş: “Vaxtında həkim əvəzinə sınıqçılara müraciət ediblər, uşağın vəziyyətini ağırlaşdırıb son anda xəstəxanaya gətiriblər. Həkimlər müayinə edəndə məlum olub ki, müalicə kökündən səhv aparılıb. Əməliyyata ehtiyac vardı. Valideynlərə də bu barədə bildirdik, onlar da razılaşdılar. Uşağı əməliyyat masasına hazırlayanda öldü. Bu hadisədə həkimlərin heç bir günahı yoxdur”.

Valideynləri qəzəbləndirən də odur ki, həkimlər əvvəlcə ölümün günahını onların özündə "axtarmaq" istəyiblər. Ata davam edir:

“Mənim uşağımın qolunda qanqrena olmayıb ki, o səbəbdən ölsün. Uşağın ürəyi dayanıb. Səbəb də narkozun normadan artıq verilməsidir. Bunu oradakı həkimlər də təsdiqlədilər. Ürəyin sınmış qolla nə əlaqəsi var? Narkoz veriləndən bir neçə dəqiqə sonra uşağın ürəyi dayanıb, başa düşürsüz? Ürəyi... Narkoz verildi, aparılırdı ki, əməliyyat olunsun, ürəyi dayandı. Bunu nazir də oxusun, uşağımın ürəyi da-yan-dı. Bu ürək dayanmasının da sınıqla heç bir bağlılığı yoxdur, söhbət narkoz və ürəkdən gedir”.

“NARKOZ VERƏN HƏKİMLƏ DANIŞIN”

Xəstəxananın cərrahı İdris Əliyev “Qaynar xətt”ə bildirib ki, uşağa narkoz verildikdən sonra ürək dayanması baş verib, bütün cəhdlərə baxmayaraq, onu ölümün əlindən ala bilməyiblər. Ölümə səbəb keyitmə üçün vurulan preparatlardan biri olub: “Mən cərraham və bu prosesdə iştirak etmirəm. Uşağa narkoz verən həkimlə danışın”.

Uşağa narkoz vermiş həkim Nizaməddin Məsimov ekspertizanın nəticəsini gözləməyi məsləhət görüb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluqdan “Qaynar xətt”ə bildirilib ki, məhkəmə-tibbi ekspertizasının rəyi prokurorluğa daxil olmadığı üçün ölümün hansı səbəbdən baş verməsi barədə danışmaq tezdir.

XS
SM
MD
LG