Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:28

'Medianı su içmək kimi asanca susdurmaq'-Media icmalı


Mehman Əliyev
Mehman Əliyev

İlham Əliyevin prezidentlik dövrünün dəyərləndirilməsi, mənzil bazarındakı durum və «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi bu gün (29 avqust 2017-ci il) medianın aparıcı mövzularındandır...

«VİCDANLI İNSAN ÜÇÜN ƏN ŞƏRƏFLİ YER ...»

Ayna.az saytında «Kölə olmaq istəyirik» sərlövhəli yazı oxumaq olar.

Hazırda mühacirətdə yaşayan Rauf Mirqədirovun müəllifi olduğu bu yazıda «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsindən bəhs edilir. Yazıda oxuyuruq:

«Mehman Əliyevin həbsini eşidəndə, vaxtilə köləliyə qarşı çıxışlarına görə eyni taleyi yaşamış bir ABŞ yazıçısının dediyi sözlər yadıma düşdü: «Köləliyin dəstəkləndiyi və rəsmiləşdirildiyi bir dövlətdə vicdanlı insan üçün ən şərəfli yer həbsxanadır»».

Müəllif sual edir: Nə üçün son illərdə həbsxanalar vicdanı olan vətəndaşlardan ötrü ən şərəfli yerə çevrilib?:

«Əslində, bu sualı cavabını tapmaq və ya kimdənsə eşitmək üçün səsləndirmirəm. Məqsədim qarşılaşdığımız faciənin nə qədər böyük olduğunu hiss etdirməkdir. Axı Azərbaycan xalqı adlanan toplum tədricən mənəvi kölələr cəmiyyətinə çevrilir».

Yazıda AzadlıqRadiosu ilə bağlı atılmış bir sıra maneə xarakterli addımlara toxunulur. Müəllif AzadlıqRadiosunun FM tezliyindən çıxarılmasını və azadlıq.org saytına girişin bloklanmasını hökumətin «uğuru» sayır:

«Bundan sonra azadlığımızın digər media simvollarını – «Azadlıq», «Ayna» və «Zerkalo» qəzetlərini, yolverilməz kompromislərə getdiyinə görə haqlı olaraq tənqid olunan ANS-i məhv etmək su içmək kimi asan idi...».

Mənzil
Mənzil

MƏNZİL BAZARI: KİRAYƏ EVLƏRƏ MARAQ VAR, MƏNZİL ALQI-SATQISINA YOX

«Yeni Müsavat» qəzetində «Mənzil bazarında canlanma: Tələbələr və turistlər tələbatı artırıb» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda bildirilir ki, son günlər mənzil bazarında canlanma yaranıb. Bir tərəfdən, turistlərin ölkəyə gəlməsi, digər tərəfdən, yeni tədris ilinin başlaması ilə əlaqədar tələbələrin paytaxta üz tutması kirayə evlərin qiymətlərinə də təsir edib

Ekspertlər isə qəzetə deyiblər ki, hazırda kirayə mənzillərə tələbat o qədər də yüksək deyil:

«Amma tədris ilinin başlaması ərəfəsində qiymətlərdə müəyyən dəyişikliklər olacaq, kirayə bazarında bahalaşma ola bilər. Bu gözləniləndir».

Ekspertlər vurğulayıblar ki, əvvəllər daha çox rayondan gəlib tikintidə çalışanlar kirayə mənzillərə tələbat yaradırdılar. İndi tikinti işləri xeyli azalıb. Amma onlar yeni tələbləri də gözardı etmirlər:

«Ölkəyə gələn xarici turistlər üçün də Azərbaycanın kirayə bazarı cəlbedici ola bilər. Bəzi xarici şirkətlər var ki, onlar əksər ölkələrdə, o cümlədən də Azərbaycanda evlərin kirayə verilməsini təşkil edirlər. Həm turistlərin sayının artması, həm də tələbələrin tədris prosesinə qoşulması kirayə bazarında tələbatı artıracaq».

Müəllif vurğulayır ki, hazırda Bakının metro stansiyalarına yaxın ərazilərində ikiotaqlı, normal təmirli və əşyalı evin kirayə haqqı 350-400, bir qədər kənarda 300 manatdır.

Müəllif hesab edir ki, yaxın vaxtlarda kirayə bazarında qiymətlər 20-25 faiz bahalaşa bilər. Mənzil alqı-satqısı sahəsində isə durğunluq davam edəcək…

İlham Əliyev
İlham Əliyev

«QIZIL ONİLLİK»- İLHAM ƏLİYEVİN PREZİDENTLİK DÖVRÜ

«Azərbaycan» qəzetində «Qızıl onillik» sərlövhəli məqalədə İlham Əliyevin prezidentliyi dövründə ölkənin inkişafı dəyərləndirilir.

Müəllif yazır ki, Azərbaycan 2003-cü ildən başlayaraq dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. Bu dinamik inkişaf ölkəni bir sıra sosial-iqtisadi göstəricilərə görə, MDB və Şərqi Avropa dövlətləri sırasında ön plana çıxarıb:

«Son 10 ildə özünün yeni iqtisadi modelini formalaşdıran Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqət mərkəzinə düşdü. Çünki bu illər ərzində müharibə şəraitində olan Azərbaycanın dövlət büdcəsi, valyuta ehtiyatları dəfələrlə artdı. Əgər 2007-ci ildə dövlət büdcəsinin gəlirləri 5 milyard 770 milyon 900 min manat idisə, 2017-ci ildə büdcə gəlirləri 15 milyard 955 milyon manata yüksəldi. 10 il öncə ölkənin valyuta ehtiyatları 3.7 milyard dollar idisə, bu gün bu rəqəm 40.6 milyard dollar təşkil edir».

Yazıda bildirilir ki, bu illər digər MDB ölkələri ilə müqayisədə Azərbaycana daha çox investisiya yatırılıb:

«Qürurla deyə bilərik ki, prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətinə çevirib. Hazırda Azərbaycan daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır».

XS
SM
MD
LG