Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

'Neft müqavilələri niyə gizli müzakirə olunmalıdır?' -Mətbuat icmalı


«Əsrin müqaviləsi» çərçivəsində ilk neftin hasilatı
«Əsrin müqaviləsi» çərçivəsində ilk neftin hasilatı

Regionlarda sosial layihələrin icrası, dizel yanacağının bahalaşacağı ilə bağlı müzakirələr və «Azəri-Çıraq-Günəşli» yataqlar bloku üzrə müqavilənin uzadılması bu gün medianın (8 sentyabr 2017-ci il) aparıcı mövzularındandır...

«XALQ BİLMƏLİDİR...»

Azadliq.info saytında «Yerli və xarici korrupsionerləri sonacan ifşa etmək lazımdır» sərlövhəli yazı oxumaq olar. Yazının müəllifi hazırda ABŞ-da yaşayan Qorxmaz Əsgərovdur.

Q.Əsgərov hesab edir ki, Qərb mətbuatında 2.9 milyardlıq çirkli pulla bağlı araşdırma fonunda prezident İlham Əliyevin «bir neçə günə «Azəri-Çıraq-Günəşli» yataqları üzrə kontraktları imzalayacağıq» deməsi diqqət çəkici amildir. Onun fikrincə, bu məsələ araşdırma tələb edir:

«İlk növbədə, «yaxın günlərdə» imzalanacaq neft kontraktlarının müddətinin uzadılması məsələsini Azərbaycanda AÇIQ İCTİMAİ MÜZAKİRƏYƏ çıxarmaq lazımdır. Hansı şərtlərlə uzadırlar müqaviləni? Şərtlər dəyişib ya eyni qalıb? Adətən yeni ölkələr müstəqilliklərinin ilk illərində çox zəif olduqlarına görə xarici şirkətlərə nəhəng güzəştlər edirlər. Sonrakı neft müqavilələrində neft sahibi olan ölkələrin şərtləri sərtləşir, xarici şirkətlərin qazancı azaldılır. Azərbaycanın müqavilələri ilə bağlı nə baş verir?».

Müəllif hesab edir ki, 1994-də risk faktoruna görə xarici şirkətlər «Əsrin Müqaviləsi»ndə öz qazanc faizlərini artırmışdılar:

«Bu illər ərzində o risk faktorunu azaldıblar, ya artırıblar? Ümumiyyətlə, Azərbaycanın yeganə əhəmiyyətli qazanc mənbəyi olan neft müqavilələri (özü də ölkənin ən iri neft yataqları üzrə) niyə gizli müzakirə olunmalıdır?».

Bu yataq üzrə saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

Layihə iştirakçıları BP (35.78 faiz), «Chevron» (11.27 faiz), «ExxonMobil» (8 faiz ), ONGC (2.72 faiz ) və SOCAR (11.65 faiz) şirkətləridir.

Yataqda habelə «Inpex Corp», «ITOCHU Oil», «Statoil» və TPAO şirkətlərinin də payı var. 2001-ci ildən indiyə kimi bu yataqdan Azərbaycan 130 milyard dollara yaxın gəlir götürüb.

Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi

DİZEL YANACAĞI DA BAHALAŞIR?

«Exo» qəzetində «Azərbaycanda dizel yanacağının bahalaşa bilməsi məsələsini şərh etdilər» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda bildirilir ki, bu günlərdə ölkəyə idxal edilən Aİ-98 markalı benzin bahalaşıb. Bir litrinin qiyməti 1 manat 20 qəpikdən 1 manat 30 qəpiyə qaldırılıb.

Müəllif vurğulayır ki, bir müddət öncə bu marka benzinin satışı dayandırılıb. Buna səbəb kimi isə xaricdə bu benzinin istehsalının azalması göstərilib.

Müəllif xatırladır ki, bu il iyulun 15-də ölkədə Aİ-92 markalı benzinin də qiymətləri bahalaşıb. Son bahalaşmaya qədər litri 70 qəpik olan bu benzinin qiyməti 90 qəpiyə qaldırılıb.

Yazıda vurğulanır ki, indi əhalini yeni şayiələr narahat etməyə başlayıb. Bəzi ekspertlər güman edir ki, dizel yanacağı da bahalaşacaq, bu da bir sıra malların qiymətlərinə təsir göstərəcək.

Müəllif yazır ki, hələ Tarif Şurasına dizel yanacağının bahalaşmasına zərurət olması haqda dövlət qurumlarından hər hansı müraciət daxil olmayıb:

«Amma məlumdur ki, Tarif Şurası qəfil qərar qəbul etməsi ilə məşhurdur. Odur ki, bu məsələ bu gün gündəlikdə deyil, sabah isə hər şey mümkündür...».

İqtisadçı-ekspert Seyfəl Əliyev də mövzu ilə bağlı qəzetə bunları deyib:

«Son dəfə bu yanacağın qiyməti Azərbaycanda 2013-cü ildə bahalaşdırılıb. Nəticədə qiymət 60 qəpiyə kimi qaldırılıb. Düşünürəm ki, yaxın perspektivdə qiymət ən azı 10 qəpik bahalaşacaq...».

Hacıqabulda magistral yol
Hacıqabulda magistral yol

SOSİAL LAYİHƏLƏRİN UĞURLU İCRASI

«Azərbaycan» qəzetində isə «Regionlarda sosial layihələr uğurla icra edilir» sərlövhəli yazı dərc edilib. Yazıda regionların inkişafına dair dövlət proqramları çərçivəsində görülən işlərdən bəhs edilir.

Müəllifə görə, inkişaf edən dünya dövlətlərinin təcrübəsi də sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaqdan ötrü regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir:

«Prezident İlham Əliyevin son 14 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanır».

Yazıda vurğulanır ki, ölkə regionlarının inkişafı ilə bağlı 2004-cü ildən bu yana icra edilən dövlət proqramları qeyri-neft sektorunun uğurlu inkişafını təmin edib. Regionlarda sahibkarlıq fəaliyyəti genişlənib, yeni müəssisə və iş yerləri açılıb, əhalinin rifah halı daha da yaxşılaşıb.

Müəllif hesab edir ki, regionlarda infrastrukturun yenilənməsi təkcə əhalinin rifahını, sahibkarlığı yüksəltmir, ölkənin milli təhlükəsizliyini də gücləndirir. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun inkişafı davam etməkdədir:

«Mürəkkəb xarici iqtisadi mühit, o cümlədən dünya enerji bazarında qeyri-sabitlik, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyasına baxmayaraq, qeyri-neft sektorunda artımın əldə olunması təqdirəlayiq haldır».

XS
SM
MD
LG