Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:47

Vəkil: 'Hacı Məmmədov xeyli sirləri özüylə apardı'


Hacı Məmmədov
Hacı Məmmədov

«Hacı Məmmədov xeyli sirləri özüylə apardı». Hüquqşünas Əyyub Kərimov belə deyir. Onun sözlərinə görə, bu hadisə bəzi suallar doğurur:

«Niyə indi? Özünü asıbsa, yəqin bu şərait ona yaradılıb ki, bundan istifadə edə bilib. Və ya mühafizəsi normal olmayıb ki, intihar edə bilib. Bəlkə müalicəsi normal olmayıb? Bəlkə onunla bağlı məsələlərə birdəfəlik son qoymaq istəyiblər? Bəlkə də başqa məsələlər var... Bunlar suallardır. Çox təəssüf ki, o danışmadı. Bildiklərinin çoxunu özüylə apardı».

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmişdi.

Dekabrın 3-də rəsmi qurumlar onun intihar etdiyi haqda açıqlama veriblər.

Vəkil: «Hər şey qaydasında idi»

H.Məmmədovun vəkili Afət Qazıyeva AzadlıqRadiosuna deyir ki, müvəkkilinin ölümü onun üçün gözlənilməz olub: «Mən belə bir addım gözləmirdəm».

Vəkil DİN-in sabiq əməkdaşının xəstə olduğunu, ağciyər xərçəngindən və vərəmdən əziyyət çəkdiyini, bununla bağlı müalicə aldığını, müalicədən şikayəti olmadığını da qeyd edir. «Hər şey qaydasında idi», – A.Qazıyeva əlavə edir.

O, Məmmədovun intiharı ətrafında dolaşan müxtəlif versiyalara münasibət bildirmək istəmir:

«Hazırda faktla bağlı istintaq gedir, nəticəsi yəqin ictimaiyyətə bəlli olacaq. Ona görə mən bununla bağlı heç nə deyə bilmərəm».

Vəkil H.Məmmədovun yaxınlarının artıq hadisəylə bağlı məlumatlandırıldığını, ancaq nəşinin ailəsinə təhvil verilmədiyini bildirir:

«Bəzi prosessual hərəkətlər, ekspertizalar keçirilir. Bu da normaldır. Yəqin birisigünə məlumat olacaq».

Vəkil: «Qəbul etdi də... Başqa yolu yoxuydu»

Yada salaq ki, MTN-in keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində 2005-ci ilin martında həbs edilən, haqqında hökm çıxarıldıqdan sonra belə bu qurumun təcridxanasında saxlanılan H.Məmmədov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra kassasiya şikayəti qaydasında Ali Məhkəməyə müraciət etmişdi. Ancaq müraciətə rədd cavabı verilmişdi. «Hacı Məmmədov bu qərarı necə qarşılamışdı» sualına vəkilin cavabı:

Əyyub Kərimov
Əyyub Kərimov

«Təbii, o gözləyirdi ki, müraciətinə yenidən baxılacaq, araşdırılacaq. Amma... Reaksiyası o oldu ki... Qəbul etdi də məhkəmənin qərarını. Başqa yolu yoxuydu onun».

A.Qazıyeva H.Məmmədovun çox sirləri özüylə aparması haqda deyilənləri də cavabsız buraxır: «Mən heç nə deyə bilmərəm bu haqda».

«Ali Məhkəmənin indiki sədri o vaxt baş prokurorun müavini idi və istintaqa nəzarət edirdi»

Hüquqşünas Ə.Kərimov H.Məmmədovun bütün sirləri açmasına, bildiklərinin çoxunu deməsinə keçmiş MTN-in mane olduğunu iddia edir:

«Bildiyiniz kimi, bir neçə il əvvəl Hacı Məmmədov danışmaq istədi və Ali Məhkəməyə əlavə kassasiya qaydasında şikayət verilmişdi. Ancaq bu imkan ona yaradılmadı. Vəkilləri vasitəsilə bildirdi ki, təzyiq altında Zakir Nəsirova qarşı ifadələr verib. Həmin ifadələrdən imtina etmək istəməsi barədə fikirlər yayılmışdı. Ali Məhkəmə onu dinləsəydi, çox yaxşı olardı. Amma görünür, haradasa maraqlara toxunan, bizim bilmədiyimiz elə məqamlar vardı ki, onu yenidən dinləməyi məsləhət görmədilər. Ali Məhkəmə risk etmədi. Axı, məhkəmədə Hacının ağzına skoç yapışdıra bilməzdilər, ya da «bunu demə, onu de» söyləyəsi deyildilər. Bir də yadda saxlayaq ki, Ali Məhkəmənin indiki sədri o vaxt baş prokurorun birinci müavini idi, istintaqa nəzarəti o həyata keçirirdi».

H.Məmmədov barəsində məhkəmə hökmü çıxarılsa da, o, uzun müddət, təxminən 10 il - Milli Təhlükəsizlik Nazirliyi ləğv olunanadək qurumun təcridxanasında saxlanılmışdı. Və bu, istisna hal idi.

«Bu, özü çox böyük qanun pozuntusu idi və Azərbaycanın hüquq tarixində olmayan hadisə idi», – Ə.Kərimov deyir: «Ömürlük azadlıqdan məhrum edilən şəxs başqa «ömürlük»lərdən fərqli olaraq, uzun müddət MTN-də nəzarət altında saxlanıldı».

MTN işində Hacı Məmmədov izi?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

«MTN təcridxanası rəssamlıq emalatxanası deyildi ki...»

H.Məmmədovun intihar xəbəri yayıldığı ilk gün sosial şəbəkələrdə belə fikir də müzakirəyə çıxarıldı. Onun ölümünə həbsxanada çəkdiyi rəsmlər də aydınlıq gətirə bilər. Məmmədov vaxtilə həbsxana və təcridxanalarda monitorinq aparan mərhum hüquq müdafiəçisi Elçin Behbudova bəzi rəsmlərini göstərmişdi. Bu rəsmlərdə şifrələr gizləndiyini demişdi. Həmin şifrələri isə açıq qalmışdı. Orda pələng və qadın, Londonda Biq Ben saatı önündə əlitapançalı kişi təsvir edilmişdi.

Altı il öncə «Xural» qəzeti yazırdı: «Hacı Məmmədovu məxsusən MTN-ə yaxın olan hüquq müdafiəçiləri ziyarət edir. Hacı Məmmədov adamların qoltuğuna yekə-yekə rəsm əsərləri verir və o rəsm əsərləri mətbuatda xüsusi şövqlə təbliğ olunur. Artıq normal həbsxanalarda olmalı Məmmədov nədən hələ də MTN-də qonaq edilir? Bu qədərmi əziz-xələfdir?».

Qəzet daha sonra belə bir ehtimalla çıxış edirdi: «Yoxsa Hacı Məmmədov elə MTN-in özünün adamıdır. Bəlkə ta… başından DİN-ə yerləşdirilmiş bir minadır. Nədən olmasın?».

Hüquqşünas E.Kərimov da həmin rəsmlərlə bağlı danışır:

«MTN təcridxanası rəssamlıq emalatxanası deyildi ki. Deməli, onları çəkməyə ona şərait yaradılırdı, Hacı Məmmədov onları Elçin Behbudova bağışlamış olsa belə, oradan çıxışına icazə verməzdilər. Deməli, onların çəkilməsində də, çıxarılmasında da, yayılmasında da müəyyən adamların maraqları vardı, kimlərəsə bu yolla mesaj ötürülürdü. Bəlkə də Hacının haradasa əlyazmaları qalır».

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin açıqlamasında deyilir ki, mərhum xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsində «ağciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində» diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi»ndən müalicə alırmış. Onun kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asdığı, üzərindən qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edən məktub tapıldığı bildirilir.

XS
SM
MD
LG