Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:44

Maltalı jurnalistə Əliyevlər ailəsiylə bağlı informasiya ötürən polisə təslim olub


Daphne Caruana Galizia, arxiv fotosu
Daphne Caruana Galizia, arxiv fotosu

Maltada öldürülmüş jurnalistə informasiya ötürmüş rusiyalı Yunanıstanda polisə təslim olub, həyatı üçün qorxduğunu deyib. Söhbət jurnalist Daphne Caruana Galizia-ya xəbər ötürmüş Maria Yefimova-dan gedir.

Avropa Parlamentinin üzvləri martın 20-də bəyanat yayaraq Yunanıstan hakimiyyətini onun təhlükəsizliyini təmin etməyə çağırıb. Qadın Afinada polis məntəqəsinə gedib.

Noyabrda Avropada Yefimova-nın həbsiylə bağlı order çıxarılıb. Bundan öncə isə o, Caruana Galizia-ya Malta və Azərbaycan hökumətləri arasında mümkün qanunsuz əlaqələr barədə yazısı üçün vacib informasiya verməkdə suçlanıb.

*** Buna da bax: Maltanın baş naziri Azərbaycanla əlaqələrindən danışıb

1 MİLYON AVRO

Məlumatlara görə, Yefimova Caruana Galizia-ya deyib ki, Azərbaycanın hakim ailəsinin 1 milyon avronu Malta baş nazirinin həyat yoldaşı Michelle Muscat-ın hesabına köçürülməsinə dair sənədləri görüb.

İddialara görə, Azərbaycanın hakim Əliyevlər ailəsindən gələn pul Michelle-nin hesabına Panamadakı gizli Egrant Inc ofşor şirkəti vasitəsiylə köçürüb. Amma Joseph Muscat və arvadı ittihamları rədd edib.

Avropa Parlamenti bəyanatında Yefimova-nı “Maltada korrupsiya və çirkli pulyuma üzrə təhqiqatda vacib şahid” adlandırıb.

O, ötən il özü və ailəsi üçün qorxduğunu deyərək Maltadan qaçıb. Malta və Kipr hakimiyyəti fərqli əsaslarla onun barəsində həbs qərarı çıxarıb.

Maltadakı qərar bu ölkədə qeydiyyata alınmış Pilatus Bank-ın ittihamı əsasında çıxarılıb. Yefimova bankda çalışarkən ondan oğurluq etməkdə suçlanır. Bu bankın adı korrupsiya iddialarının əsasında durur. Yefimova isə ittihamları danaraq banka qarşı iddia qaldırıb.

Kiprdə həbs qərarı burada qeydiyyatdan keçmiş Fragrance Distribution-un oxşar mənimsəmə ittihamı əsasında çıxarılıb. Qadın Maltaya köçməzdən öncə burada çalışıb. Yefimova bu ittihamı da təkzib edir.

“EKSTRADİSİYA HƏYATINA TƏHLÜKƏ YARADIR”

Yunanıstan onu bu ölkələrdən birini ekstradisiya etməklə bağlı qərar verməlidir.

Avropa Parlamentinin Yunanıstandan olan üzvü Stelios Kouloglou deyib ki, “onun Maltaya mümkün ekstradisiyası həyatına təhlükə yaradar… Maria Yefimova barəsində həbs qərarı Malta hakimiyyətinin gülünc ittihamlarına söykənir”.

*** Buna da bax: Bloqqerin ölümünə görə 10 şübhəli saxlanıb

Kouloglou-nun deməsinə görə, Yefimova-nın Yunanıstanda yaşam izni alması üçün müraciət hazırlamasına kömək edir.

Avropa Parlamentinin Portuqaliyadan olan üzvü Ana Gomes AB ölkələrindən tələb edib ki, Yefimova-ya informasiya ötürücüsü statusu verilsin, “ciddi risk altında olduğundan ona sığınacaq, yaxud beynəlxalq qoruma verilsin”.

Caruana Galizia oktyabrda öz avtomobilinin partladılması nəticəsində həlak olub. Bu qətllə əlaqədar üç nəfərə ittiham verilsə də, hücumun əsas təşkilatçısının azadlıqda olduğu güman edilir.

XS
SM
MD
LG