Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:54

'Ruslar Bakıdadır!' və ya 'Talan həftəsi' (23-cü yazı)


XI Qırmızı Ordu əsgərləri Bakıda - 1920-ci il
XI Qırmızı Ordu əsgərləri Bakıda - 1920-ci il

Başlığa çıxarılan bu sözlər Qurban Səidin «Əli və Nino» romanındandır. Gəncədə olan Əli xan Şirvanşirə Bakıdan atla gəlib bolşeviklərin şəhəri işğalı xəbərini çatdıran İlyas bəyin dedikləridir.

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

«Bakıda əsgər qalmamışdı»

«Ruslar Bakıdadır! Gecə ruslarla dolu qatarlar Yalamadan gəldi. Şəhəri mühasirəyə aldılar və parlament təslim oldu. Qaçmağa imkan tapmayan nazirlərin hamısı həbs edildi, parlament buraxıldı. Rus fəhlələri öz yerlilərinin tərəfinə keçdi. Bakıda əsgər qalmamışdı, qoşun Ermənistanla sərhəddəki itirilmiş postda dayanmışdı. Könüllülər ordusu toplamaq istəyirəm».

Bir əfsanəydi

1920-ci il 27 aprel gecəsi Azərbaycan Cümhuriyyətinin parlamenti buraxıldı. Əslində, bolşevik ordusunun bir hissəsi ayın 26-dan Bakıda qərarlaşmışdı. İnqilab Komitəsinin ordunun aprelin 28-də Bakıya girdiyi haqqındakı məlum teleqramı da bir əfsanə, bir uydurma idi...

Yaddaşlarda: «Ümidsizlik içində qıvrılma»

Həmin gün Bakıda parlamentdə olan dilçi Əhməd Cavad Əmrə «Türk kommunistləri» adlı yazısında parlamentin son iclasını belə anladır: «Qırmızı ordunun zəfərləri haqqında xəbər alınanda, Bakıda Müsavat Məclisi, gecəli-gündüzlü, müzakirəyə davam edir, fəqət müqavimət qərarına gələ bilmirdilər. Dinləyicilər lojasından seyr etdiyim məclisin bu fasiləsiz iclası hürriyyətə, müstəqilliyə aşiq bir kiçik məmləkətin ümidsizlik içində qıvrılmasının ülvi bir lövhəsidir».

Bakı, 28 aprel 1920-ci il, sadəcə işğal

Uzun illər sovetlərdə şərəfli bir gün kimi təqdim olunan, bayram edilən bu tarixin, əslində, bircə adı vardı: İşğal! Nağı bəy Şeyxzamanlı o məşum günü- 28 Aprel səhərini kitabında belə təsvir edir: «Rus bolşeviklərin qüvvələri Bakını işğal edib milli dövlətimizi devirdi. O axşam Bakıda qaldım. Böyük küçədə yerləşən bir binanın ikinci mərtəbəsində işığı söndürülmüş qaranlıq otağın pəncərəsi önündə oturmuşdum. Böyük küçə elektriklə gündüz kimi işıqlandırılmışdı. Pəncərədən istiqlalçı yoldaşlarımın iki-iki, üç-üç ÇeKaya güllələnməyə aparıldığını aydın görürdüm. Bu gecə həyatımın ən sıxıntılı anı idi. Gözümə yuxu getmirdi. Dərin fikirlər içində fasiləsiz siqaret çəkirəm. Səhər açılır. Küçədə qəzet satan uşaqların səsləri eşidilir: Bolşeviklərin bir saylı ilk qəzeti. Ev sahibinin uşağına bir qəzet aldırıram. Qəzetdə xalq düşmənlərinin yaxalanıb cəzalandırıldıqları, ələ keçməyənlərinsə axtarıldıqları bildirilir. Qəzetdə hər hansı bir kommunistdən xalq düşməni olan Nağı Şeyxzamanlını dərhal yerində qətlə yetirmək tələb olunur».

«Talan həftəsi»

Beləliklə, bitli-sirkəli, ac-yalavac bolşevik ordusu aprelin 28-də Bakıya daraşdı... Zəngin neft paytaxtı talan olunmağa başladı. Qılman İlkin «Bakı və bakılılar» kitabında yazır: «İnqilabın ilk günlərində şəhərdə talan başlamış və bir neçə gün davam etmişdi. Bakılılar davam edən bu talanı «Talan həftəsi» adlandırmışdılar. Aranın qarışmasından istifadə edən soyğunçular evlərə, idarələrə basqın edir, arvadların qulaqlarından, boyunlarından qızıl bər-bəzəyi güclə çıxarır, qiymətli avadanlığı aparırdılar. Bu soyğunçuların içərisində bolşeviklərə də rast gəlmək olurdu». Sovet dövründə çıxan kitabda bu son cümləni yazmaq belə cəsarət istərdi...

Murtuza Muxtarovun ölümü

Milyonçu Murtuza Muxtarov da elə «Talan həftəsi»ndə güllələndi. Yenə Qılman İlkinə üz tutaq: «Bakıda Aprel inqilabının ilk günləri idi. Bu günlərdən birində Muxtarov Vrangel (indiki Əhməd Cavad) və Persidski (indiki Murtuza Muxtarov) küçələrinin tinindəki mənzilinə (indiki «Səadət Sarayı» - red.) iki silahlı hərbçi gəlir (bolşeviklər - red.). Muxtarov qapını açıb onları görüncə, atəş açıb onlardan Anosov adlı birisini öldürür, ikinci gülləni də öz alnına çaxır...». Əslində, gələn hərbçilərin Muxtarov sarayında özlərini necə apardıqlarını indi heç kəs bilə bilməz. Möhtəşəm saraya girən Anosov hər halda ora Muxtarovun kefini xəbər almağa gəlməmişdi. Qılman İlkin ilk atəş açanın Muxtarov olduğunu yazıb və onun birdən-birə belə aqressivliyini «Talan həftəsi»nə bağlayıb: «Köhnə bakılıların dediklərinə görə, bu talanlara başçılıq edən Mikoyan ilə Sərkis (!) idi. Şəhərdəki bu özbaşınalığı Muxtarov eşidir və görürdü. Muxtarovların ailə həkimi olan Fingilişteynin dediyinə görə, onsuz da son hadisələrdən əsəbləri pozulmuş Muxtarov evinə soxulmuş bolşeviklərə əsəbi vəziyyətdə atəş açmışdır».

Bax belə. Demək, müəllifin yumşaldaraq «Bu soyğunçuların içərisində bolşeviklərə də rast gəlmək olurdu» cümləsini belə anlamaq gərəkdir: «Bu soyğunçuların içərisində bəzən aranın qarışmasından yararlanan yerlilərə də rast gəlmək olurdu».

Qırmızı Ordu Bakıda - 1920-ci il
Qırmızı Ordu Bakıda - 1920-ci il

Şəhərdə vəziyyət

Başqa bir yazarın - Manaf Süleymanovun «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» kitabında işğaldan həmən sonrakı vəziyyət daha aydın canlandırılıb: «Şəhərdə dövlətlilər arasına neçə gün əvvəl çaxnaşma düşmüşdü. Dəmiryol vağzalında, bina qarşısındakı meydanda, perronlarda adam əlindən tərpənmək olmurdu. Dəniz qırağında da körpülərdə eyni vəziyyət idi». Maraqlı bir nüans. Kitabın başqa bir bölümündə Manaf Süleymanov, əslində, bu çaxnaşmanın 1920-ci il Novruz bayramından sonra başladığını yazıb: «Milyonçular - Bakının neft sahibkarları, böyük tacirlər, sərmayə sahibləri Novruz bayramı şənlikləri tamam olan kimi, dəstələrlə vəzndən yüngül, qiymətdən ağır var-yoxlarını götürüb Batuma, ya da Ənzəliyə qaçırdılar. Biletin qiyməti çox baha idi. Dəmiryol vağzalında adam əlindən tərpənmək olmurdu. Körpülərdə basabas idi. Varlılar artıq anbarlara da doluşurdular. Göyərtələrdə ayaq qoymağa yer yox idi». Demək, bayramı yola verən dövlətlilər şəhərdən baş götürüb getməyə üstünlük veriblər. Elə «Əli və Nino» romanında da əhvalat bu cür inkişaf edir. Cümhuriyyətin işğalından əvvəl Əli xanın atası İrana köçür və oğluna da onunla gəlməyi təklif edir...

«Sayıq bulunun!»

Manaf Süleymanovun kitabından: «Bolşeviklərə «Yardım alayı» dəstələrində şəhərdəki idarə və dövlətlilərin imarətlərini, bank və ticarət müəssisələrini, zəngin mağazaları qorumaq, yanğına, soyğunçuluğa yol verməmək tapşırılmışdı. «Təzəpir» məscidindəki «Yardım alayı» dəstəsində məşq edən kommunist Məhərrəm Sultanov nəql edirdi ki, komandirimiz türk kommunisti Məmməd Tahir bizi «Tacirlər» bankı, «Volqa - Kama» bankı və «Şimal bankı» yerləşən binaların dövrəsində gözətçi qoydu və dedi: «Şurası müdafiə məntəqəsi. Sayıq bulunun!». Elə bolşeviklər də, «sayıq bulundular»...

İşğal Bakısının daha bir təsviri: damı uçmuş Tağıyev teatrı

Manaf Süleymanov: «Qonşuluqdakı damı uçmuş, divarları dağılmış müsəlman teatrının xarabalığı adamın ürəyini göynədirdi. Küçələrdə də, ətrafda da qeyri-adi bir səs-küy, bir qarışıqlıq başlayırdı. Silahlı fəhlələrlə dolu maşınlar sürətlə şütüyürdü... Birdən vağzal tərəfdən parovozun və yardıma gəlmiş «III İnternasional», «Ulyantsov» zirehli qatarlarının sürəkli, qorxulu fit səsləri ucaldı... Hərb gəmilərinin fit sədaları da onlara qoşuldu».

Doktor Nərimanın «Azərbaycan inqilab komitəsi»

«Aprelin hələ 27-də, axşam qaranlığı düşəndə ultimatumu müzakirə etmiş fraksiyaların qərarını parlaman sədri elan etmişdi: «Azərbaycan parlamanı bu gündən öz fəaliyyətini dayandırır və Müsavat hökuməti bütün hakimiyyəti doktor Nəriman Nərimanovun sədrliyi altında qurulmuş Azərbaycan inqilabi komitəsinə təslim edir».

Nəriman Nərimanov
Nəriman Nərimanov

Azan səslərinin qızıllı kilsənin zəng səslərinə qarışması

«Qaranlıq tündləşirdi. Minarələrdən ucalan azan səsləri qızıllı kilsədə çalınan boğuq zəng səslərinə qarışırdı». Əslində, adı çəkilən «Qızıllı kilsə» də bir az sonra ömrünü bolşeviklərə bağışlayacaqdı.

Nərimanov Bakıda

N.Nərimanov Bakıya mayın 16-da gəlir. Tarixçi-alim Firdovsiyə Əhmədova AzadlıqRadiosuna işğaldan sonra Bakıya gələn Nərimanovun xəyal qırıqlığına uğradığını bildirir: «Bakıya gələndə onun məqsədi Şərqə nümunə olacaq bir respublika yaratmaq idi, amma burada «Talan həftəsi»ni, XI ordunun özbaşınalıqlarını, qarət-talanı görərək ilk istefa ərizəsini yazır. Nərimanov şirma (pərdə) olduğunu Bakıda anlayır».

«O, mənə dekorasiya, bayraq kimi lazımdır»

F.Əhmədova bildirir ki, Stalinin 1919-cu ildə Leninə yazdığı məktub var: «Stalin yazır ki, bizim siyasətimiz indi Şərqdə uğur qazanır. Amma Şərq aləmi üçün bizə üzdə olan, danışıqlar aparan bir kadr lazımdır. Bu, müsəlman olmalıdır. Türkiyədə sovet hökuməti adından danışığı erməni Qaraxan aparır (Qaraxanyan Çiçerinin - xarici işlər komissarının müavini idi – red.). Bu, yolverilməzdir. Ona görə də, Nərimanovun üzərində dayanır. Yazır ki, bəlkə Uzaq Şərqi yaxşı bilməsin, bəlkə orta partiya stajlı bir şəxs olsun, amma o, mənə bir dekorasiya, bir bayraq kimi lazımdır. Stalin belə yazır. Bunu Nərimanov Bakıya gələn kimi başa düşdü. Ona səlahiyyət verilmirsə, özləri idarə edirlərsə, dönə-dönə bildirir ki, məni «şirma» edə bilməzsiniz».

İkinci repressiya dalğası

F.Əhmədova daha bir maraqlı nüansa toxunur: «Sovet hakimiyyəti hər yerdə sovet ordusunun süngüsü hesabına qurulurdu. Amma heç birində, Azərbaycanda olduğu qədər, ziyalılar hakimiyyətlə əməkdaşlığa getməmişdilər... Bu, birbaşa Nərimanovun şəxsiyyəti ilə bağlı idi. Onlar Nərimanova arxalanaraq millətin inkişafı, savadsızlığın ləğvi, milli quruculuq işlərinə səmimi şəkildə qatılırdılar. Amma bu dövr uzun sürmədi. Nərimanovun vəfatından sonra ikinci repressiya dalğası başladı. Nərimanov belə bir şəraitdə fəaliyyət göstərdi və 1925-ci il martın 19-da dünyasını dəyişdi».

Daha bir şahid - İqor Mehmandarov

Tarixin yaddaşında cümhuriyyətin hərb naziri Səməd bəy Mehmandarovun oğlu İqorun (Pirin-red.) da xatirəsi qalıb. Manaf Süleymanovun kitabından: «12 yaşım vardı. Atam aprelin 27-də parlaman iclasından qayıdıb özümüzlə aparmaq üçün anamın hazırladığı çamadanları gördükdə dedi ki, bunları boşalt, heç yerə gedəsi deyilik. Anam: «Nə danışırsan? Necə gedəsi deyilik? Bilmirsən ki, səni güllələyəcəklər?». Atam cavab verdi ki, «Parlamanın son iclası qurtaranda «Hümmət» fraksiyası lideri Əliheydər Qarayev mənə yaxınlaşıb əmin etdi ki, «Səməd bəy, getmə, qal! Heç yerə getmə. Söz verirəm ki, başınızdan bir dənə də tük əskik olmayacaq. Qal, bizimlə işlə...». Anam dilləndi: «Ola bilər ki, sənə heç nə eləməzlər, amma oğlunun taleyi, gələcəyi, mənim vəziyyətim?». Atam qəti səslə: «Heç yerə getməyəcəyik»- dedi. Anam mızıldadı: «Axı qatar Biləcəridə gözləyir...». Atam: «Bizsiz də gedərlər. Vətəndən ayrılmağa heç bir əsasım, haqqım yoxdur». Doğrudan da Biləcəridə Müsavat hökumətinin başçılarını Tiflisə aparacaq qatar atama görə saatyarım gözləmişdi».

Səməd bəy Mehmandarov
Səməd bəy Mehmandarov

«Atam general paltarını geydi»

İqor ertəsi günü belə xatırlayır: «Aprelin 28-i səhər. Hərgünkü təki yuxudan qalxdıq. Çay içdik, çörək yedik. Atam general libasını geydi, başladı maşını gözləməyə. Şoferdən xəbər yox idi. Telefonla zəng çaldı, cavab verən olmadı. Məni göndərdi ki, get gör, Əşrəf niyə maşını gətirmir. De, bir az tələssin, gedib nazirliyi təhvil verməliyəm». Qaraj indiki «Azneft» binasının arxasındakı birmərtəbəli binaların birində idi. Müsavat hökumətinin baş nazirliyi də indiki «Azneft» binasında yerləşirdi. Mirbabayev (Seyid Mirbabayev - Bakı milyonçusu - red.) o binanın yarısını hökumətə verib kirayə də almırdı. «Getdim gördüm ki, qarajı, o ətrafda olan mülkləri silahlı adamlar araya alıblar, heç kəsi girib-çıxmağa qoymurlar. Şofer də uzaqda dayanıb. Dedim ki, Əşrəf, atam maşını gözləyir, niyə gəlmirsən? Silahlı adamları göstərib dedi ki, «bunlar məni qaraja yaxın qoymurlar»».

«Əllərində qırmızı bayraq nümayişə çıxmışdılar»

İqor qayıdıb olanları atasına xəbər verir. Sonra çıxır küçə tərəfdəki eyvana: «Dor ağacında oraq-çəkic ulduzlu bayraq yellənən bir barkaz sahilə yaxınlaşırdı. Otağa girib gördüyümü atama xəbər verdim. O dedi: «Bilirəm, məlum məsələdir...». Anama baxıb əlavə etdi: «Gedib nazirliyi təhvil verməliyəm». Anam mənə baxdı: «Sən də geyin, atanla get, - dedi. - Bu qarışıqlıqda, allah bilir, nə baş verə bilər...». Geyindim. Düşdük küçəyə, yollandıq nazirliyə. «Qafqaz-Merkuri» körpüsünün (indiki Kukla Teatrının) qabağında adamlar əllərində qırmızı bayraq nümayişə çıxmışdılar. Atam general libasında onların yanından keçdi. Heç kəs dinmədi. Nazirliyə (Maliyyə Nazirliyi olan bina) çatanda gördük ki, tünlükdür, çoxlu silahlı adam var. Atamı uzaqdan görəndə bir neçə nəfər yaxınlaşıb hörmətlə görüşdülər. Sovet Azərbaycanının Hərbi Dəniz İşləri komissarı Çingiz İldırım qolundan yapışıb içəriyə aparanda, atam dönüb mənə dedi ki, get anana çatdır ki, hər şey qaydasındadır».

«Təcili həbs etmək...»

Amma heç nə qaydasında olmur. Az sonra elə həmin Çingiz İldırım XI ordunun xüsusi şöbə rəisi Pankratova yazıb: «Mənim teleqramlarıma və məlumatlarıma baxmayaraq, keçmiş hərbi nazir Mehmandarov hələ də azadlıqdadır... Təcili həbs etmək və tutub saxlamaq barədə tədbir görün». Mehmandarovu iyunun 4-də həbs edirlər.

Bundan sonra nələr oldu?

Bundan sonra hadisələr daha faciəvi hal aldı. Cümhuriyyət qurucuları pərən-pərən düşdü.

Fətəli xan Xoyski, Həsən bəy Ağayev Tiflisdə, Nəsib bəy Yusifbəyli elə Azərbaycandaca qətlə yetirildilər. Lahıcda gizlənən M.Ə.Rəsulzadə həbs edilib Bayıl həbsxanasına salındı. Kütləvi həbslər başladı. Tarixdə ilk dəfə təqvim dəyişdi – 28 Maydan sonra 28 Aprel gəldi…

Və bu «yanlış təqvim» 70 ildən çox yaşadı...

Can Bakıdan nələr getdi?! Həm də 40 gün ərzində!

Manaf Süleymanovun kitabında maraqlı bir fakt da yer alıb. O, iftixarla yazır: «İyirminci ilin may ayından başlayaraq, rezervuar və anbarlardakı 250 milyon pud xam neft və neft məhsullarını sistern və tankerlərlə Sovet Rusiyasına daşımağa başladılar. Təhlükə arxada qaldı. 250 milyon pud (5 milyon ton) neft və neft məhsulları 1920-ci il aprelin 29-dan iyunun ortalarına qədər, qırx gün ərzində dəniz və dəmir yolu ilə Rusiyaya göndərildi. Rusiyanın dağılıb bərbad olmuş sənayesi, nəqliyyatı və digər təsərrüfatını tədricən dirçəltməyə başladılar. Bu miqdarda neft və onun məhsullarını belə gözlənilməz sürətlə daşımağı təşkil etdiyinə görə «Azneft»in rəisi Aleksandr Pavloviç Serebrovskini «Qırmızı döyüş bayrağı» ordeni ilə təltif etdilər».

«Bakının tarixində xoşbəxt dövr»

Rəhmətlik Manaf müəllim kitabını bu sözlərlə qurtarır: «Bu yaz səhərindən (28 Aprel nəzərdə tutulur - red.) sonra Qoca Şərqin qapısı, Odlar Yurdu Sovet Azərbaycanının paytaxtı, əfsanəvi, tükənməz sərvət xəzinəsi qədim Bakının tarixində yeni - xoşbəxt bir dövr başlanır».

Görəsən, yazıçı, heç olmasa, bu sətirləri yazarkən nə dərəcədə səmimi olub?

Görəsən, Bakının tarixində ən xoşbəxt dövr olubmu?

XS
SM
MD
LG