Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:52

'Narkotik evimi yıxdı, ailəmi dağıtdı'


Narkoman
Narkoman

Astara rayon sakini Səfura Əhmədovanın 77 yaşı var. Əlləri, danışanda dodaqları titrəyir. Başını yaylığın altında gizlətməyə çalışır: «Beş uşağım olub – dördü oğlan, biri isə qız. Ərimi dərd öldürdü. Zəhmət adamları olmuşuq, ərim də, mən də sovxozda işləmişik. Çətinliklə uşaqları böyütdük. Amma onların xeyrini görmədik».

O, övladlarının narkotikə qurşanmasından gec xəbər tutduğunu deyir. Deməsinə görə, əvvəlcə böyük oğlu narkotikə qurşanıb: «Onu evləndirmişdik. Sürücü işləyirdi, yaxşı qazancı var idi. Bir gün həyat yoldaşı yanımıza gəlib bildirdi ki, Lətif (adlar şərtidir) dostları ilə gəzintidən qayıdandan sonra özündə olmur. Sən demə, narkotikə qurşanıbmış. Onunla çox mübarizə apardıq. Yalvardıq, pul xərclədik, heç bir nəticə vermədi. Narkotik iynəsi vururdu. Canında zəhərlənmə getdi, dünyasını dəyişdi. İki uşağı qaldı əllərdə. Narkotik evimi yıxdı, ailəmi dağıtdı».

S.Əhmədova oğlunun gənclik şəkillərini göstərir, göz yaşlarını saxlaya bilmir. Sözünə davam edir: «Ərim o vaxtdan düşdü. Elə bilirsiz ki, narkotik bununla da bizdən əl çəkdi?! Yox. İkinci oğlum da bu bəlaya tutuldu. Cavan yaşında öldü. Ondan sonra ərim dünyasını dəyişdi. Belim qırıldı. Kiçik oğluma umudlu idim. Bir də gördüm ki, o da narkotikə aludə olub. Bir uşağı var. Ailəsi gördü ki, düzəlmir, atdı onu, getdi. Narkotikin vaxtı gələndə başı xarab olurdu. Dalaşırdı, oğurluq edirdi. Onu da tutub həbs etdilər. İndi türmədədir. Yalnız bir oğlum bu bəladan qurtara bildi. Ailəsi var, işləyir, ona hörmət edirlər. Dərd belimi büküb. Kədərli, acınacaqlı həyat yaşadım. Bu bəla haradan gəldi, bilmədim. Nəslimizdə narkoman olmayıb. Narkomanlarla dostluq etdilər, bu bəlaya yoluxdular. Böyüklərdən eşitmişdik ki, İranın qapısı açılsa, bəlalar qapılarımızı döyəcək. Narkotiklərin hamısı oradan gəlir».

E.İbrahimli
E.İbrahimli

«Hər 10 ailədən 1-i narkotikdən əziyyət çəkir»

Bu, narkotikə aludə bir ailənin hekayətidir. Astara şəhər sakini, ictimai fəal Elçin İbrahimlinin dediyinə görə, hər 10 ailədən 1-i narkotikdən əziyyət çəkir. Ən pis hal odur ki, narkomanlar arasında yeniyetmələrə, qadınlara da rast gəlinir: «Ailələr var ki, həm ata, həm ana narkotikə görə həbsxanadadırlar. Uşaqları yaxınların yanında yaşayırlar. İndi hər yerdə narkomana rast gəlmək olur. Astara İranla sərhəddə yerləşir. Narkotik, əsasən, İrandan gəlir. Narkomanlığa qarşı mübarizə gedir, ancaq effektli deyil. İndi İrandan tonlarla narkotik gətirilir. Yüz kiloqramlarla heroin tutulur. Müsadirə edilən mallar ölkəyə gətirilən narkotiklərin cüzi bir hissəsidir».

Onun sözlərinə görə, narkomanlıqla mübarizə hər zaman getməlidir, kampaniya xarakterli olmamalıdır: «Əvvəllər qeyri- hökumət təşkilatları məktəblərdə narkotiklə bağlı tədbirlər keçirərdilər. İndi bunu görmürük. Böyük bir fəlakətlə üz-üzəyik. Narkotikə qarşı cəbhə açılmalıdır. Əvvəllər ayrı-ayrı adamlar narkotikə qurşanırdılarsa, indi bütöv ailələr bu bəlaya düçar olurlar».

F.Cəfərzadə
F.Cəfərzadə

«Gənclərimiz imkansızlıqdan evlənə bilmirlər»

Astara rayonun Ərçivan kənd sakini, 78 yaşlı Fayıq Cəfərzadə narkomanlığın bir səbəbini işsizlikdə görür: «Gənc orta məktəbi bitirir, orduya gedir. Qayıdandan sonra özünə uyğun iş tapa bilmir. Gənclərimiz imkansızlıqdan, evsizlikdən evlənə bilmirlər. Nəticədə onların bəziləri narkotikə qurşanır. Nəzarət zəifdir. Hamımız bilirik ki, kasıblar narkotiki böyük kütlədə ölkəmizə gətirə bilməzlər. Bu işdə böyüklərin əli var. Təkcə iclaslarla, müşavirələrlə bu bəladan qurtarmaq olmaz».

Qeydiyyatda 2 min narkoman var

Adının çəkilməsini istəməyən bir həkim isə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə aparmaq üçün güc strukturlarında uyğun şöbələrin olduğunu deyir: «Narkotiklər, az da olsa, tutulur. Lakin narkomanlıqla mübarizə yönündə görülən işlər yaxşı deyil. Bir misal çəksinlər ki, narkomanı neçə sağaldıblar? Narkomanlığa tutulmuş adamı müalicə etməyə, ən azı, 4-5 min manat lazımdır. 10 milyon əhalisi olan respublikada, Bakını çıxmaq şərti ilə, 5 şəhərdə rayonlararası narkoloji dispanser var. Lənkəranda Rayonlararası Narkoloji Dispanseri 4-5 il bundan əvvəl yeni binaya köçürülüb. Cəmi 18 çarpayısı var. Marixuana, heroin, tiryək... çeşidlər müxtəlifdir. İndi narkotik tərkibli metadon həbindən də istifadə edirlər. Nəticədə narkomanı müalicə etmək çətinləşir».

Peşəvərdə həşiş məclisi
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Həkimin fikrincə, bu istiqamətdə görülən işlərə qəpik-quruş ayrılır.

Lənkəran Rayonlararası Narkoloji Dispanserindən verilən məlumata görə, qeydiyyatda 2 min narkoman var. Halbuki, 2014-ci ildə bu rəqəm 1807 nəfər olub.

Mütəxəssislər isə narkomanların sayının bundan bir neçə dəfə çox olduğunu deyirlər.

Narkotik hansı ölkələrdən gətirilir

Amma Lənkəran Rayonlararası Narkoloji Dispanserinin baş həkimi Vüqar Əliyev narkomanların sayının çoxluğu, narkomaniya ilə yetərincə mübarizə aparılmaması haqda iradları qəbul etmir: «Mətbuata məlumat vermişik. Ondan artıq heç nə deyə bilmərik. Nazirliyə müraciət edin».

2017-ci ildə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 210 fakt aşkarlanıb. Dövlət Gömrük Komitəsinin 2017-ci il üzrə hesabatında belə deyilir. Bu faktlar üzrə ümumilikdə 2 ton 714 kiloqram 962 qram narkotik vasitə müsadirə edildiyi bildirilir.

Hesabata görə, 184 halda narkotiklər İrandan, 5 halda Rusiyadan, 1 halda Türkiyədən, 1 halda Kanadadan (poçt göndərişləri vasitəsilə), 1 halda İngiltərədən (poçt göndərişləri vasitəsilə) gətirilərkən saxlanıb. Bundan başqa, 2 halda İrana, 1 halda Rusiyaya, 1 halda Gürcüstana aparılarkən müsadirə olunub. 8 halda tranzit yolla – İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Gürcüstan, İran-Azərbaycan-Qazaxıstan, İran-Azərbaycan-Türkiyə marşrutları üzrə sərhəddən keçirilərkən saxlanıb. Komitənin məlumatında belə deyilir.

XS
SM
MD
LG