Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:31

Rais Rəsulzadə: ‘O lövhəni əməlli-başlı düzəldib asmaq lazımdır’


Rais Rəsulzadə
Rais Rəsulzadə

Rəsulzadənin nəvələri danışdı: “Bizim hökumətimiz özü gərək Rəsulzadə ilə bağlı fikrini, münasibətini dəyişdirsin”

“O lövhəni əməlli-başlı düzəldib asmaq lazımdır. İndiki şəkildə olmaz. Məmməd Əmin Rəsulzadə kimdir, bu, yazılıb asılmalıdır ordan. Belə olmaz, axı”, - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə AzadlıqRadiosuna açıqlamasında deyir.

O, Azərbaycanda olmasa da, babasının doğulduğu evə, hazırda uşaq bağçası kimi fəaliyyət göstərən binaya vurulan barelyef ətrafında baş verənləri diqqətlə izləyir. Uzaqda olduğundan uzun-uzadı danışa bilmədiyindən fikrini qısa və konkret ifadə etməyə çalışır:

“Bütün barelyeflərdə həmin adamın fəaliyyəti, vəzifəsi yazılır. Məhəmməd Əmin Rəsulzadə ilə bağlı da belə olmaldıır. Bunu tələb etmək lazımdır”.

Son bir neçə gündə Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndində doğulduğu evin divarına iki dəfə barelyef qoyulub. Bu il yanvarın ortalarında 1990-cı illərdə vurulmuş barelyefin oğurlandığı və buna görə yenisinin asıldığı deyildi.

Həmin lövhədə yanlışlara yol verilmişdi: “Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının banisi Məmmədəmin Rəsulzadə 1884-cü ildə bu evdə doğulmuşdur”. Lövhədə həm dövlətin, həm də partiyanın adı düzgün yazılmamışdı deyə bu, sosial və ənənəvi mediada narazılıqlara yol açmışdı. Bu səbəbdən də lövhə yeniləndi.

Yenilənmiş lövhə
Yenilənmiş lövhə

Bu dəfə barelyefdə Rəsulzadənin kimliyi, siyasi xidmətləri qeyd edilməyib. Sadəcə, “Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” sözləri yazılıb. Bələdiyyə sədri Şahin Tağıyev “Onsuz da onun hansı xidmətlər etdiyini hamı bilir. Bunu bir daha sadalamağın yeri yoxdur” deyə izah edib.

“Rəsulzadəyə münasibət budur ki...”

Son günlər baş verənlər Rəsulzadəyə qarşı qərəzdirmi? Onun nəvəsi Rais Rəsulzadə bu mövqe ilə razılaşmır:

“Hansısa narkoman o lövhəni çıxarıb, sonra da misi aparıb satıb. O, Rəsulzadəyə münasibət deyil. Rəsulzadəyə münasibət budur ki, onunla bağlı məlumatları savadlı şəkildə yazıb ordan asmalıdırlar, vəssalam. Amma elə adamların əlinə düşüb ki, iki sözü yaza bilmir, Rəsulzadə neynəsin ona?”

“Bizim hökumətimiz özü gərək Rəsulzadə ilə bağlı fikrini, münasibətini dəyişdirsin”

Rəsulzadənin qız nəticəsi Rəna Əliyeva isə baş verənləri qıraqdan izlədiyini söyləyir:

“Mən qıraqdan baxıram, görüm axırı nə olacaq. Əlbəttə, çox pis haldır. Ona tamam başqa münasibət olmalı idi. Baş verənlər məni çox incitdi. Siz bilən incitməz? Çox pis təsir etdi. Birinci dəfə dedilər ki, oğurlanıb. Onu necə bağlamışdılar ki, oğurlanıb? Gərək yaxşı bağlanaydı ki, oğrurlanmayaydı. Sonra da yenisini asanda üstündə mütləq məlumat verilməli idi. Açıq-aydın hamısı... Nə deyim”.

Bu qərəzdir, ya savadsızlığın nəticəsidir? Rəna Əliyeva bu haqda heç nə söyləyə bilməyəcəyini deyir.

“Bizim hökumətimiz özü gərək Rəsulzadə ilə bağlı fikrini, münasibətini dəyişdirsin”, – deyə az sonra fikrinə əlavə edir: “Bu, tarixi insandır. Hər hansı yazıçı, musiqiçi ilə bağlı barelyef vurulanda mütləq haqqında məlumat yazılır. Rəsulzadə də Azərbaycan üçün nəsə edib. Bu ölkənin adını deyib, Azərbaycana müstəqillik istəyib, müstəqilliyin adını deyib. Başqa şeylər qalsın qıraqda, heç olmasa ona görə, onun xatirinə, adının yanında məlumat yazılmalı idi. O yəni bəstəkar, yazıçı qədər yoxdur? Bu, mənə çox pis təsir etdi”.

Xatırlatma

M.Ə.Rəsulzadə 1918-1920-ci illərdə mövcud olmuş və Rusiyanın silahlı müdaxiləsi ilə süqut edən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biridir.

2018-ci ildə ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elən edilsə də, bəzi ekspertlər və müxalifət hesab edir ki, hakimiyyətdə Rəsulzadəyə ögey münasibət var. Onlar son illər Bakı Dövlət Universitetindən və başqa bəzi yerlərdən M.Ə.Rəsulzadənin büstlərinin götürülməsini buna misal göstərirlər.

Müxalifətin fikrincə, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) bir çox aparıcı simalarının kommunist keçmişi Rəsulzadəyə layiqli qiymətə imkan vermir. Hərçənd, YAP rəsmiləri belə fikirləri qəbul etmirlər.

M.Ə.Rəsulzadə Azərbaycanın işğalından sonra mühacirətə üz tutub. O, 1955-ci ildə Türkiyədə dünyadan köçüb.

1991-ci ildə Azərbaycanın təkrar müstəqillik qazanması ilə ölkənin bir sıra yerlərində ona heykəl və büstlər qoyulmuşdu.

XS
SM
MD
LG