Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:51

L.İsmayılzadə: 'Əminliklə deyirəm, Taleh Bağırov 14 gündür acdır...'


T.Bağırov
T.Bağırov

«Penitensiar Xidmət əminliklə iddia edir ki, Taleh Bağırov aclıq eləmir. Mən də əminliklə bildirirəm ki, Taleh Bağırov artıq 14 gündür aclıq edir. Bunu da onlar kimi, özümdən demirəm. Qobustan həbsxanasının rəisinin otağında Taleh Bağırovun özünün söylədiklərinə əsaslanıb deyirəm...», – «Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadənin sözləridir.

L.İsmayılzadə AzadlıqRadiosuna danışır ki, fevralın 12-də günortadan sonra həyat yoldaşıyla görüşə bilib. Onun sözlərinə görə, bu, məhbusun ailə üzvləri ilə adi görüşlərindən olmayıb. Qobustan həbsxanasının rəisi Aftandil Ağayevin otağında baş tutub və L.İsmayılzadənin bildirdiyinə görə, gərgin keçib:

«15 gün idi heç bir xəbər ala bilmirdik. Rəis bizi qəbul elədi və təbii ki, təzyiqlərlə bağlı deyilənləri inkar etdi. Soruşduq ki, axı bu adam niyə evə zəng eləməməlidir? O bilir ki, anası ağır xəstədir, bu günlərdə əməliyyat olunub. Belə bir vəziyyətdə yaxınlarını niyə narahat etsin? Dedi ki, guya, özü telefon zənglərindən imtina edib. Az sonra Taleh Bağırovun özünü gətirdilər. O isə elə rəisin yanında bildirdi ki, yalandır, ona telefonla danışmağa imkan verilmir. Hətta belə bir cümlə işlətdi ki, «mən 1-2 dəqiqə də olsa, ailəmlə danışmaq istəyərəm, siz imkan vermirsiz». Dedi ki, «qollarımın qanqren həddinə çatdırılması da sizlik deyilsə, bəs kimlikdir?». Vəkillə görüşə isə özü çıxmadığını təsdiqlədi. Bildirdi ki, daha bir vəkilinin bir bəhanə ilə fəaliyyətinin dayandırılmasını istəmir, ona görə görüşə çıxmayıb. Əgər zəngə icazə verməyib, vəkillə görüşə icazə verirlərsə, deməli, nəsə planları var».

Həyat yoldaşı deyir ki, T.Bağırov elə rəisin yanında həm özünə, həm də Qobustan həbsxanasındakı digər Nardaran məhbuslarına qarşı təzyiqlərə etiraz olaraq, aclığa başladığını və aksiyanı davam etdirdiyini bildirib: «Mən soruşdum ki, aclıq etməyin doğrudurmu? Dedi, bəli, 12 gündür ki, aclıq edirəm, özünə edilən əziyyətlərə, xüsusən Cabbar Cabbarova verilən işgəncələrə görə. Rəis də qayıtdı ki, «Cabbar ayrıca fərddir, narazılığı varsa, özü şikayət eləsin». Taleh Bağırov cavabında dedi ki, «o adamla biz birlikdə həbs edilmişik. Günahsız məhkum edilən bir adama qarşı zülmə etiraz eləmək mənim borcumdur»».

L.İsmayılzadənin sözlərinə görə, həbsxana rəisinin otağında görüş ümumilikdə 15 dəqiqə çəkib, onun beş dəqiqəsində T.Bağırov iştirak edib: «Taleh gördü ki, rəis olanları inkar edir, əsəbiləşdi, durub çıxıb getdi...».

Penitensiar Xidmət isə həm T.Bağırov və digər Nardaran məhbuslarına işgəncə verilməsi, həm də ilahiyyatçının aclıq aksiyası keçirməsi barədə deyilənləri təkzib edir.

«Mən əminliklə deyirəm, o məhkum aclıq eləmir, eləməyib də. Aclıq aksiyası elə-belə olmur, axı. Bunun üçün müəssisə rəhbərliyinə ərizə ilə müraciət olunur, səbəbi öyrənilir. Aclıq edən məhkum digərlərindən ayrı saxlanılır, həkim nəzarəti altında olur», – Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov iki gün öncə AzadlıqRadiosuna bildirib.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov 20 il həbs cəzasına məhkum edilib.

C.Cabbarov da Nardaran məhbuslarındandır. O, 2015-ci il noyabrın 26-da T.Bağırov və digərləri ilə birlikdə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 19 il azadlıqdan məhrum edilib. Qobustan həbsxanasında saxlanan C.Cabbarovun səhhətində ciddi problemlərin olduğu bildirilir.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG