Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:35

Darigha Nazarbaeva spiker seçildi


Darigha Nazarbaeva
Darigha Nazarbaeva

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbaev-in qızı Darigha Nazarbaeva parlamentin yuxarı palatasının – Senatının spikeri seçilib.

55 yaşlı Nazarbaeva martın 20-də senat üzvləri tərəfindən yekdilliklə bu vəzifəyə seçilib.

Darigha Nazarbaeva uzun illər atasının mümkün varisi hesab olunurdu. O, 2016-cı ilin sentyabrından senatın beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik komitəsinin sədridir, ondan öncə isə baş nazirini müavini olub.

***

Toqaev Nazarbaev-lə bağlı təklif verdi

Martın 20-də Qasym-Zhomart Toqaev Qazaxıstanın müvəqqəti prezidenti kimi and içib. 30 ilədək prezident vəzifəsində olmuş Nursultan Nazarbaev dünən istefa versə də, onun ölkəyə nəzarəti saxlayacağı gözlənir.

Moskvada təhsil almış 65 yaşlı Toqaev keçmiş baş nazir, xarici işlər naziri və Qazaxıstan senatının spikeri olub. O, azından 2020-ci ilədək prezident vəzifəsini icra edəcək. Gələn il bu ölkədə prezident seçkisi keçirilməlidir.

Qasym-Zhomart Toqaev
Qasym-Zhomart Toqaev

Parlamentin hər iki palatası qarşısında and içən Toqaev deyib ki, Nazarbaev-in “hörmətli fikirləri” hökumətin “strateji qərarlarında” əsas rol oynayacaq. O, ölkə paytaxtı Astanaya onun adının verilməsini təklif edib.

Böyük müasirimiz – Qazaxıstan Respublikasının ilk prezidenti Nursultan Abishevich Nazarbaev-in adını bu cür əbədiləşdirmək lazımdır: paytaxtımız prezidentimiz Nursultanın adını daşımalıdır”, – deyən Toqaev Nazarbaev-in “ölkənin ömürlük atası kimi” qalacağını deyib.

Parlament elə bu gün paytaxtın Nursultan adlandırılmasını təsdiqləyib.

“QAZAXISTANI ONA ETİBAR ETMƏK OLAR”

Toqaev həmçinin təklif edib ki, paytaxtda Nazarbaev-in şərəfinə abidə ucaldılsın, hər bir şəhərdə bütün mərkəzi küçələrə onun adı verilsin.

Nursultan Nazarbaev
Nursultan Nazarbaev

Toqaev-i müvəqqəti prezident elan edən Nazarbaev deyib ki, “Qazaxıstanı idarə etməkdə ona etibar etmək olar”.

Toqaev həmçinin BMT-nin Cenevrədə təmsilçisi olub, qazax, rus, ingilis, Çin dillərində təmiz danışır.

Dövlət Departamenti martın 19-da inamını bildirib ki, Nazarbaev-in istefasından sonra da Qazaxıstanla “güclü” münasibət davam edəcək.

Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini-nin sözçüsü Nazarbaev-in “modernizasiya islahatları, konstitusiya islahatları” apardığını, həm regional, həm də qlobal səviyyədə əməkdaşlığın irəliləməsində vacib rol oynadığını deyib.

“Qazaxıstan Konstitusiyasına uyğun olaraq hamar keçid gözləyirik”, – sözçü Maja Kocijancic deyib.

Prezidentin mətbuat xidmətinin bildirməsinə görə, Nazarbaev istefa qərarını Rusiya Prezidenti Vladimir Putin-lə telefon söhbətində müzakirə edib və iki lider “gələcəkdə davamlı kontaktlar saxlamağa razılaşıblar”.

İnsan haqları fəalları və tənqidçilər Nazarbaev-in narazıları daima susdurduğunu, vəzifə müddətini qeyri-demokratik seçkilər və referendumlar yoluyla uzatdığını deyirlər.

XS
SM
MD
LG