Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:21

Azərbaycanda korrupsiya ilə mübarizə necə aparılır?


Manat
Manat

İspaniyanın İbitsa kurort adasında Azərbaycandan olan bir gəncin 1.2 milyon avroluq saatının oğurlanması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yer alan iddialar indi ölkədə ən çox müzakirə edilən mövzulardan birinə çevirilib.

Həmin gəncin məmur övladı olması haqqında iddalar Azərbaycanda korrupsiya ilə bağlı mübarizənin necə aparıldığını, eyni zamanda, gəlir və əmlak deklarasiyası kimi məsələləri yenidən gündəmə gətirib.

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Musa Quliyev (Musa Urud) "Turan" İnformasiya agentliyi-nə açıqlamasında ölkədə korrupsiya ilə mübarizə aparıldığını və müsbət nəticələrinin olduğunu hesab edir.

“... Dövlət qulluqçusu, deputat yalnız işi ilə məşğul olmalıdır”

Deputat Musa Guliyev (Musa Urud)
Deputat Musa Guliyev (Musa Urud)

Onun fikrincə, qəbul olunan dövlət proqramı, qanunvericilik sahəsində atılan addımlar və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin varlığı hər kəsə məlumdur:

“ Bütün bunlar korrupsiyanın ildən-ilə azaldığını göstərir. Eyni zamanda, dövlətin gördüyü iqtisadi tədbirlər, idarəetmənin elektronlaşması da korrupsiya, rüşvətxorluq və süründürməçiliyi azaldan addımlardandır. ASAN-Xidmətin, DOST mərkəzin yaranması, vergi ilə bağlı “bir pəncərə” sistemi, sahibkarlığa yardımla bağlı işlərin görülməsi korrupsiyanın dairəsini xeyli daraldır. Amma bu mübarizə həmişə getməlidir və ictimaiyyətə də nəticəsi elan olunmalıdır”.

Deputat bildirib ki, gəlir deklarasiyasnı həm onlar, həm də məmurlar verməlidir. Bu, pozitiv addımlardan biri olar.

İsa Qəmbər və Əli Kərimlinin qol saatları neçəyədir?
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Musa Quliyevin sözlərinə görə, 1,2 milyon avroluq saat istifadə edən şəxsin kimliyi məlum olmadan konkret fikir söyləmək çətindir:

“Bir gündə 3 nəfərin adı çəkildi, artıq ikisi təkzib etdi, məlumat yalan çıxdı. Sabah deyəcəklər ki, deputat Musa Urudun ( Musa Quliyev özünü nəzərdə tutur-red) oğludur, onda düz olmur axı. Azərbaycanda təqsirsizlik prezumpiyası var, əgər rəsmi orqanlar deyilənləri təsdiqləmirsə, heç kəsə böhtan ata bilmərik. Yaxud həmin adam hər hansı məmur övladıdrısa, ortaya çıxsın, bəlkə məmur oğlunun biznesi var və bunun vasitəsilə qazanıb, ona heç nə demək olmaz. Bəli, dövlət qulluqçusu, deputat yalnız işi ilə məşğul olmalıdır. Amma ailəsinin bizneslə məşğul olmasına heç kəs qadağa qoya bilməz. Yaxud məmur, deputat olana qədər biznesi olubsa, bunları ondan almaq olmaz. Bütün hallarda şəffaflıq getməlidir”.

“Görünür, sistem bu məsələdə həmrəydir”​

Rövşən Ağayev, 14 dekabr 2010
Rövşən Ağayev, 14 dekabr 2010

İqtisadçı Rövşən Ağayev isə gəlir və əmlak deklarasiyasının korrupsiya ilə mübarizənin önündə getməli olduğunu hesab edir.

O, təəssüflənir ki, son illərdə korrupsiya mövzusunda sahibkarlar daha çox önə çəkilir:

“Amma korrupsiya ilə mübarizədə əsas subyekt və obyekt dövlətin vəzifəli şəxsləri olmalıdır.Sahibkar daha çox vergidən yayınır, təbii ki, cəzası olmalıdır. Ancaq korrupsiya daha çox ictimai vəsaitlərin talan olunması, dağıdılması, qanunsuz istifadəsi yolu ilə vəzifəli şəxslərin sərbəst əmlak və gəlir əldə etməsidir. Düzdür, BMT-nin korrupsiya ilə bağlı hesabatlarında sahibkarlıq və biznes də subyektlərdən biri kimi göstərilir. Amma Azərbaycan hüquq-mühafizə orqanlarının siyasətində rəsmi şəxslərdən daha çox bəzi sahibkarlıq subyektlərinin korrupsiyada önə çıxdığı görünür. Bizdə bu problem çox ciddidir. Korrupsiyaya ilə mübarizədə ən effektli vasitə gəlir və əmlak bəyannaməsinin açıq olmasıdır, dünyada bundan effektiv yol yoxdur. Əgər deklarasiya olmasa, sabah vəzifəli şəxs saatın onun övladının olduğunu söyləsə, bu, heç bir hüquqi məsuliyyət doğurmayacaq. Çünki qanunvericilik sistemi işləmir. Ancaq qanunun heç olmamağındansa, qüsurlu olub işləməsi yaxşıdır. Ona görə ki, zamanla qanunvericlik təkmilləşəcək. Həm də internet dövrüdür, alternativ informasiya mənbələri xaricə çıxan maliyyə mənbələrini araşdırıb, tapacaq. Reallıq ortaya çıxanda isə qanun həmin şəxsi vurub kənara atacaq. Bu baxımdan qanunun qəbulu vacibdir. 15 ildən çoxdur vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatlarının təqdim olunması haqqında qanuni qəbul edilib. Ancaq ölkənin ən ali şəxsləri bu məsələnin üzərinə gəlmirlər. Görünür, sistem bu məsələdə həmrəydir, sistemin ən aşağı həlqəsindən yuxarıya qədər mexanizmin işləməsində maraqlı deyillər. Bu, onu göstərir ki, sitemin pis işləməsi belə məmurların maarqlarına uyğun deyil, onun üçün heç işləməməsinə çalışırlar”.

Xatırlatma

Azərbaycan qanunvericiliyinə görə, vəzifəli şəxslər öz gəlirlərini açıqlamalıdırlar.

Gəlirlərin açıqlanmasına dair ilk müddəa 16 il öncə - iyulun 21-də qəbul edilmiş “Dövlət Qulluğu Haqqında” qanunda öz əksini tapıb.

Qanunun 18-ci maddəsinin 9-cu bəndi müəyyən edir ki, dövlət qulluqçuları qulluq etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməlidirlər.

Bu qanunda həmin tələblərin yerinə yetirilməməsinin töhmət və dövlət qulluğundan çıxarılmaqla nəticələnəcəyi də təsbit edilir.

Kompleks yanaşma və bununla bağlı yeni müddəalarsa ilk dəfə 2004-cü il yanvarın 13-də qəbul edilmiş “Korrupsiyaya Qarşı Mübarizə Haqqında” Qanunda yer alıb. Sözügedən qanunun 5-ci maddəsində vəzifəli şəxslərə münasibətdə maliyyə xarakterli tələblər müəyyənləşdirilib.

Həmin maddəyə görə, vəzifəli şəxslər hər il mənbəyini, növünü və məbləğini göstərməklə öz gəlirləri, vergitutma obyekti olan əmlakları və sair barədə bilgiləri açıqlamalıdır.

Ancaq ekspertlərin fikrincə, qeyd olunan mexanizmlər işləmir.

2006-cı ildə isə “Rəqabət Məcəlləsi”nin layihəsi Milli Məclisə təqdim edilib. Həmin vaxt layihə iki oxunuşdan keçsə də, sonradan qəbul edilmədən saxlanıb.

Aradan keçən illər ərzində bəzi deputatlar bu məsələni zaman-zaman gündəmə gətirsələr də, onların həmkarlarının əksəriyyəti buna müsbət yanaşmırlar.

XS
SM
MD
LG